Ay kimi adam - Təhminə Bədəlova - hekayə

İçəri girəndə üzünə vuran ev qoxusu yad gəldi nəsə. Onu heç nəyə bənzədə bilmədi. Ad da qoymaq istədi, amma çox sonralar tapdı o adı: qadınsızlıq qoxusu. Amma evə aid idi bu söz: qadınsız ev qoxusu...

Hələ dünən yoldan qayıtmışdı. Yoldan deyəndə ki, düz binanın yanından. Dünən bura kimi gəlib çıxa bilməmişdi. Özü qayıtmamışdı, yox. Qayıtmalı olmuşdu...

Dünən bu gün üçün vədələşəndə heç düşünmədən, "Yaxşı, 10-da gələrəm", - demişdi. Yalnız indi fərqinə vardı ki, bazar günü səhər saat 10-da ev camaatı bəlkə də hələ yatır, narahat edəcəm, gərək 10-a razı olmayaydım...

Hələ pilləkəndə ikən qapı açıldı. Bir dəli fikir anidən keçdi ağlından... Sonra da "yox, ola bilməz ki, məni belə gözləsin. Nəyinə lazımdır?!" - əvvəlki fikrə aman vermədi.

"Axı biz gör nə vaxtın dostuyuq", - demişdi telefonda. "Dostuq?" bütün günü bu "dostluğun" detallarını eşələyib çıxarmağa çalışmışdı yaddaşının künc-bucağından.

Məsafəli davranışdan başqa bir şey gəlməmişdi ağlına. Uzaqdan, lap uzaqdan "təbrik edirəm", - demişdi. Bir dəfə də "olsaydı əlimdə ixtiyarım..." Yox, davamını gətirməmişdi... Bəs o məktub?! Adi təbrik məktubu idi də! Bəs ordakı "Qocalara laqeyd olma bu qədər..." cümləsi?! O da yazını bəzəyən poetik bir deyimdi yoxsa?..

- Bu nədir eee... Havaya deyilmiş sözdənmi yapışacaqsan?

Havaya deyilmiş söz... Havaya deyilmiş sözlərin nə olduğunu hələ heç bilməmişdi, görməmişdi...

...Qoxu evin hər yerinə, hər əşyasına çökmüşdü... Əşyasına da, adamına da... Amma hər adamına yox. Çünki burda hər adam adına bir kimsə yox idi. Bircə kimsə var idi və onun də üstünə-başına, üzünə-gözünə çökmüşdü bu qadınsız evin qoxusu... Onun da elə bu qoxu ovladı ağlını... Bir-birinin üstünə qalaqlanan paketlər, kitablar, disklər, kağız-kuğuzlar... Hər şey elə bil bir ağızdan xorla səslənirdi: Yoxdur, heç kim yoxdur...

Dünən gələcəkdi. Gəlmişdi də. "Mağazanın yanına çatanda zəng vur, evi nişan verim", - demişdi. O da dediyi kimi etmişdi, amma telefonu cavab verməmişdi. Söndürülmüşdü. Geri qayıtmalı olmuşdu. İndi bildi ki, düz elə binanın qabağından qayıdıbmış. Kimdənsə soruşa da bilərdi, amma etməmişdi. Çoxdan çıxdığı, taleyin təzədən atdığı, doğma olduğu qədər də yad gələn küçələrlə geri qayıtmışdı.

Yolda ağlına gəldi ki, yazsın. Sonra məsuliyyət boynunda qalmasın. "Salam. Mən gəldim. Mağazanın yanında zəng etdim. Telefonunuz sönülü idi". Vəssəlam. Bir az yüngülləşdi. Amma telefon hələ də sönülü idi, mesaj çatmamışdı. "Yaxşı ki, artıq gözləmədim". Hirslənmədiyinə özü də təəccübləndi. Artıq "olacağa çarə yoxdur" - mistikası psixikasına hopmuşdu bəlkə...

Düz gecə saat 11-də çatmışdı mesaj. Elə cavab da onda gəlmişdi. "Telefonumda problem var idi. Sizə əziyyət verdiyim üçün çox üzgünəm. Əgər bu mesajı aldınızsa, zəhmət olmasa, evə zəng edin: 000 00 00". Və zəng etmişdi...

Qarşı-qarşıya oturmuşdular. Balaca otağın özündən böyük əşyaları onu daha da kiçiltdiyindəndimi, ya müxtəlif ölçülü masaların üstündəki ən müxtəlif əşyalar görmə məsafəsini daraltdığındandımı... nə vaxtsa belə bir vəziyyətə düşəcəyini ağıl eləməmişdi... necə otursun, hara baxsın...

- Plaşınızı niyə soyunmadız?

Doğrudan a, plaşla keçmişdi. Əlini uzatdı. Elə bildi ki, plaşı çıxartmağa kömək etmək istəyir. İçindən geri dartındı, amma hara, kresloda idi. Tez çıxartdı plaşı, kreslonun arxasına qoymaq istədi, amma uzanan əl artıq götürmüşdü onu. Gözləri ilə dəhlizə kimi ötürdü. Otağın küncündəki qalaq-qalaq qutular sanki aşmaq üçün himə bənd idilər. "İlahi, bunlar nədir belə?" Bu qutular bu insanın bu dünyadan çoxdaaan keçdiyinin nişanələrindən idi, onun heç kimə görünməyən tərəfi idi.

...Elə ilk bu qutulardan başladı. İlk gəldiyi gün yaddaşına həkk olunmuş o qoxunu silib həmişəlik atmağa, qadınçün qəribsəmiş mənzilə öz səliqəsini, öz rayihəsini, ətrini qatmağa bu qutulardan başladı. Sanki onlarda sirli-sehrli nəyinsə gizləndiyini bilirdi. Bu sirli adamın görünməyən tərəflərini axtarırdı elə bil... Nələr yoxdu ki, bunların içində...

- Bu, Əlcəzairdən gəlib, - üstündəki yazıya baxıb dedi.

- Hmm...

- Kim gətirib?

- Bir dostum.

- Axı heç qutunu açmamısan? - təəccüblə dedi.

- ...

- İçində nə olduğunu bilirdin?

Bu dəfə yüngülcə başını yelləyir.

- İstifadə vaxtı keçib, - üzündə təəssüf ifadəsilə dedi bu dəfə.

- At getsin...

- Bəs heç nə olduğu ilə maraqlanmamısan?

- ...

- Bunların heç birində nə olduğunu bilmirsən?

Yenə başını yellədi. Amma sevdiyi, bəlkə də sevmək istədiyi, gözəllik axtardığı gözlərdəki təəccübü görüb nəsə demək istədi:

- Mən bu dünyanın malından çoxdan küsmüşəm...

- Niyə?

- Bir şeyin ki, axırı bəllidir...

- Nə axır?

- Yoxluq...

- Bəs onda niyə yaşayırsan, ya necə yaşayırsan?

- Sadəcə, maraqlıdır: sabah nə olacaq?!

- Demək ki, tam küsməmisən... Onda səni barışdırmaq olar...

O zaman doğrudan da buna inanırdı. Bəlkə də heç biri fərqində də deyildi ki, o bunu bacarmışdı, həyatına rəng qatmışdı, sonra da narahatlıqlar...

- Belə narahat olmaq yaxşıdır, ya əvvəlki kimi sakit həyat?

- Hərəsinin özünə görə üstün və əskik cəhətləri var.

Heç vaxt dəqiq, konkret cavab ala bilməmişdi. Təkcə buna yox, heç bir sualına. Heç vaxt da baş aça bilmədi: sevinir, hirslənir, ciddi deyir, ya zarafat edir... Müəmma olaraq qaldı...

Amma bütün bunlar hələ sonra olacaqdı və bütün bunları hələ sonra biləcəkdi... İndi isə...

- Danış. Hər şeyi danış. Lap əvvəldən...

"Hansı əvvəldən? Əvvəl vardı ki?"

- Nə danışım?

Şikayət etməyi sevməzdi. Hələ ilk dəfə belə yaxın ünsiyyətdə olduğu adama heç etməzdi. Sevgidən danışdı. Sevdiyindən danışdı. Sevilməyindən danışdı. Sevə-sevə danışdı... Bircə şeydən danışmadı: təkliyindən danışmadı... Onu bilirdi zatən...

- Sevgi əzabdır ancaq.

Fərqli düşünürdülər demək.

Gəlişin səbəbi başqa idi. Amma...

- Amma buna qətiyyən aid olmayan başqa şey də var.

İndi o danışırdı. Lap əvvəldən. Hər şeyi. Danışan üçün bunları danışmaq riqqət dolu kədər idi, dinləyən üçün eşitmək şəfqət dolu həyəcan. Əslində mənzilə daxil olandan onun havasından tutmuş adamın baxışlarına, nəfəsinədək hər şey elə bundan danışırdı... Təkliyindən də elə onlar danışmışdı, özü yox...

- Əgər bunlar səni narahat etdisə, elə bil heç deməmişəm. Və bunların ümumi məsələyə heç bir dəxli yoxdur...

Hardan biləydi ki, qəlbdə illərlə gizlənmiş, qorxaq, özünü büruzə verməkdən ehtiyatlanıb könlünün künc-bucağında pünhan yer axtaran pıçıltıları dilə gətirirdi. Qəlb sahibi bilirdimi ki, söz sahibi də biləydi?!!

Həyat oyun oynayırdı: xanası bəlirsiz, daşları bəlirsiz bir oyun...

Amma nəsə deməliydi. Heç vaxt ağlı qəlbinə ağalıq edə bilməmişdi: sənət seçəndə də, ailə quranda da, dost, iş tapanda da... Qəlbi də ona heç xəyanət etməmişdi. Artıq çoxdan dost olmuşdular. İnanırdı onun etibarına. İndi bir az fərqli idi. Qəlbi qorxurdu. Aldığı zərbənin, yaşadığı itkinin acısı hələ canında idi. Amma nəsə deməliydi...

- Sizin yazdığınız məktubu saxlamışam.

- Nə məktub?

- O vaxt yazdığınız təbrik məktubunu...

İnanmadı deyəsən...

- Sapsarı saralıb. Bir-iki dəfə çıxarıb oxumuşam...

Gözləri dolmuşdu. Hələ də inanmırdı.

- Axı evli bir qadın bu məktubu necə saxlaya bilərdi?! Həm də o cür qısqanc adamın evində.

- Orda bir şey yox idi axı. Adi təbrik məktubu idi. Kitablarımın arasında saxlamışam. Amma bəlkə də bilsəydi, cırıb atardı. Çünki bir-iki dəfə siz televizorda danışanda söndürüb acıqlanmışdı ki, get işinlə məşğul ol...

Sanki son deyilənləri eşitmirdi.

- Əgər evli qadın iyirmi il bir məktubu saxlayırsa...

Xeyli susub təzədən başladı:

- Mənə bir söz de.

- Bircə söz deyəcəm...

- Hmm... de.

- Mən tək olacam. Heç kim olmayacaq...

- Heç kim yoxdur...

Qalxdı.

- Gedim.

Əlindəki salfet bürmələnmişdi. Bayaqdan heç fərqinə də varmadan əlində büküb-açırdı.

- Bunu hara atım?

- Nədir ki, o?

Ovcunu açıb salfeti göstərdi. Müsahibi əlini uzatdı. Elə bildi salfeti götürmək istəyir. Amma yox, götürmədi. Salfet hələ əlində idi. Nə baş verir? Qoxu! Nəfəsinin qoxusunu hiss etdi. Sonra üzünün istisini. Sonra kürəyində, belində əlinin təmasını... Qəribsəmişdilər. Həm bu isti üçün, həm bu nəfəs üçün, həm bu təmas üçün, həm də bir-biriləri üçün...

- İnana bilmirəm ki, neçə illərdən sonra səni qucaqlaya bilirəm... Sən sil at hamını, şərt qoymaqdan bu yaxşı deyilmi?

Bilmirdi, bu sözə heç bir cavabı yoxdu...

Xeyli susdu, cavab vermədi, verə bilmədi. Düzmü edir, səhvmi, bilmədi... Sonra:

- Səni heç belə təsəvvür etməzdim.

Bir təmas, adi bir təmas bir anın içində "siz"i "sən"ə çevirmişdi...

- Necə?

- Nə bilim... Belə. - gülümsədi.

- "İnsan göydə ay kimidir, Görünməyən tərəfi var!" - sən demə, bu misranı çox sevirmiş. Bəlkə də elə özünə aid olduğu üçün...

Artıq getməliydi... Bayaqdan qapının ağzında idi...

Anar necə yazmışdı: "O bilirdi ki, bir daha heç vaxt bu pillələrlə qalxmalı olmayacaq". O da bilirdi ki, hələ bu pillələrlə çox qalxıb enməli olacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!