Müqəvva - Kamran Yusifzadə - Minimal-ekspressionist hekayə

Keçmiş həyatlarında faciəvi hadisələri görən hər bir qaçqına və Vətən uğrunda həlak olmuş hər bir qardaşıma və bacıma həsr edirəm

 

Ağrı. Kəskin ağrı. Təngnəfəsəm. Ağrı. Kəskin ağrı...

Bihuş vəziyyətdə ağrı haradan gəldiyini anlaya bilmirəm. Başımı qaldırmaq istəyəndə hiss etdim ki, boynum, sanki donub, tərpənmir. Onda var gücümlə dartındım. Başım dövrə vurdu. İndi isə gözlərimi açıb Səmaya baxmaq istəyirəm. Amma bunun mümkün olmadığını, nədənsə, tez başa düşdüm. Müqavimət də göstərə bilmədim - gözlərimin əvəzinə dünyanın zülmətini ehtiva edən iki qara deşik vardır. Deməli, mən nə günəşi, nə də pambıq buludları seyr edə bilməyəcəm.

Bədənim xaça mismarlanıb. Ona görə də qeyri-ixtiyari hərəkət edəndə, mismarların cismimdə oynadıqlarını hiss edirəm. Və bu, dözülməzdi.

Ağlamaq istədim - bilmədim. Axı gözlər əvəzinə olan sonsuz diblərdən necə kədər yaşları tökülə bilərdi?..

Qışqırmaq istədim - bilmədim. Axı ağzım ancaq əyilib və donmuş vəziyyətdə eybəcər səslər çıxara bilir.

Sonra yada düşdü - axı mən müqəvvayam - mən samandan düzəldilmişəm. Mən nə qışqırmağı, nə də ağlamağı bacarmıram.

Onda özümü dartdım. Mismarların içimnən çıxmağını hiss edirdim. Yıxıldım.

İsti külək əsdi - özü ilə qarın altında qalmış yaşıl otların qoxusunu və ətrafda yerləşən meyitlərin iyini gətirdi.

Ayaqlarım yoxdu ki, gəzə bilim - hoppana-hoppana hərəkət etməyə məcburam. Amma özümü əlil hiss etmirəm - mən həmişə quşları qorxutmaq üçün bir vasitə idim. Mənim mahiyyətim - çirkin olmaqdı. Mənim qismətim - cansız olmaqdı. Mən - müqəvvayam.

Hətta sükutda belə, uşaq və qadın harayı eşidirəm. Bəlkə də, oyanmamışdan qabaq o səslər həmişəlik qulağıma hopub... Bəlkə burada şənlik var idi. Bəlkə hamı əl-ələ tutub tonqalın ətrafında yallı oynayırdılar. Sonra gülümsəyərək özlərini vəhşi oda verdilər?.. Başımda səslənən haray onların sevincli qurtuluş səsləridi?   

Nə vaxtsa buralarda insan yaratdığı gözəllik hökm sürürdü - indi isə bura o qədər acınacaqlı vəziyyətdədir ki, təbiət məni - cansız məxluqu diriltdi?..

İndi onlar da müqəvvadılar. Hətta meyitlərin sağ qalan bədən üzvləri onların adamlıqdan çıxdığına dəlalət edirdi.

Ətrafda cənazələrin yerləşməsini duyurdum. Nədənsə, başımda yerləşdiyim məkanda olan hadisələri anbaan görürdüm. İnsanlar doğrudan da, tonqalın başında oynayırdılar. Tempsiz. Rəqsə heç bənzəmirdi. Bu, güman etdiyim kimi,  vəhşi rəqsidir. Özlərini alovlandırırdılar.

Mən kimə qorxu hissləri aşılamalıyam? İnsanlara? Yoxsa...

Məni sevdilər? Özlərini məni atmaq əvəzinə atdılar...

Ağrı. Kəskin ağrı. Təngnəfəsəm. Ağrı. Kəskin ağrı.

Ağlımda eybəcər meyiti gördüm - amma, nədənsə, başı yox idi. Ağ köynəklə qəhvəyi pencək geyinmişdi. Başının əvəzinə olan çiyin səviyyəsində deşikdən qan su kimi axırdı. Bütün bədəni əsdi. Sanki ayağa qalxmaq istədi. Mən qorxdum - mən uzaqlaşdım.

Qarın üstündə minlərlə ayaq izləri var. Yeganə xatirə qaldı. 

Yaxınlıqdan səngiməyən uşaq bağırtısı gəldi.

Ürəyim yoxdu - amma, nədənsə, əzaba kəfənə bürünmüş kimi mən - müqəvva - xoş hisslərə yaxın qəribə hisslər keçirdim. Mən tənha deyiləmmi?..

O səsə doğru hoppanmağa başladım. Bəlkə sonsuz anların axırı gələcək?  Yol üstə yiyələrini həmişəlik itirmiş balaca uşaq ayaqqabılarını görürdüm. Onların üstündən keçərək yolumu davam edirdim.

Mənə elə gəlir ki, qorxu - bir alətdi - və indi kimsə o alətin simlərini bərk dartır. İnsan zülmünü əks etdirən bayatı çalınır başımda.

Ağrı. Kəskin ağrı. Təngnəfəsəm. Ağrı. Kəskin ağrı...

Qızıl bayraqların əvəzinə üçrəngli bayrağı elə qürurla gəzdirirdilər ki, mən də - hələ cansız müqəvva olanda sevinməyə başlayırdım. Heç kəs anlamırdı. Lakin mən ağzımı büzüşdürürdüm - mən gülürdüm. Bilmirəm niyə...

İndi bayraqda qırmızı rəngdən başqa, bütün rənglər tükənib. Mavi səma da zülmətə qovuşub, yaşıl ağaclar da birdə heç vaxt çiçəkləməyəcək.

Səsə yaxınlaşıram. Çatdım. O uşağı başımda bir xəyal kimi gördüm. Ayaqları və əlləri yox idi. Kəsilmiş vəziyyətdə arada dururdu. Körpənin üzü ağlamaqdan göyərirdi - bir azdan bağrı partlayacaq. Kömək edə bilmirəm.

Nə əlim var - çağanı sinəmə basım.

Nə gözüm var - yaş töküm.

Allahdan, əgər məni eşidirsə, uşağın ölməyini arzulayıram.

Onun nə anası var, nə bacısı var ki, onu götürüb sinələrinə basıb sakitləşdirsin.

Mən isə - müqəvva - cansız məxluq - boş məkanlarda əbədi sürünməyə məhkumam...

Tezliklə qar həm qanı, həm də üçaylıq çağanın ağzından gələn köpüyü özünə hopduracaq. Tezliklə uşağın hərarətli nəfəsi ilə istilənmiş qar kəfən əvəzi olacaq. Səni niyə boruya soxub aşağı atmadılar? Axı niyə səni yaşamağa məhkum etdilər?.. Sən niyə ananla və bacınla rəqsə qoşulmadın. Bəlkə oynaya bilmirsən? Bəlkə Səma ilə Yaşıl düzənlikləri özləyirsən? Bəlkə onları qaytarmaq istəyirsən?

Onda mən hoppanaraq gedim, bayrağın Səma rəngini və Yaşıl ağaclar rəngini qaytarım. Yolda mənim üstümə qala uçsa, bayrağı yuxarı, saman əllərim ilə ataram. Mən yox olsam, qoy öldürülmüş azad insanların rəmzi qalsın. Daşın altında qalmasın.

Ağrı. Kəskin ağrı. Təngnəfəsəm. Ağrı. Kəskin ağrı.

Ecazkarlıq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!