Ədəbi düşüncələr - ELÇİN

Bir daha "Ədəbi düşüncələr" haqqında

 

«Ədəbi düşüncələr»in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.

Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə – esseciklərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən yanaşmalara, münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu, təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.

Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə və müəlliflərə münasibətin – dinamik bir şeydir, dəyişir, başqalaşır.

Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.

Koronavirusla bağlı uzunmüddətli «Evdə qal» kampaniyasından istifadə edərək, mən yenə (neçənci dəfə?!) səliqəsiz, qatmaqarışıq arxivimi səliqə-sahmana salmaq istədim və bu zaman yenidən yadımdan çıxmış cürbəcür yazılar, o cümlədən də ədəbiyyatla bağlı qeydlər ortaya çıxdı.

Oxuduğum kitablar, əsərlər haqqında qısaca qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən mənim vərdişim idi (elə indi də davam edir) və bunlar mənim bilavasitə təəssüratlarımdır, özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.

Mən bunların haçansa çap olunacağını düşünməzdim. Əslində, bunlar yazıçının qeydləri yox, oxucunun qeydləridir. Bu qeydlərin də bəziləri gənclik illərində, bəziləri aradan keçən onilliklərdə yazılıb və onların başlıqlarını isə mən sonradan – çapa hazırlayanda yazmışam. Bunu da deyim ki, «Ədəbi düşüncələr» tam şəkildə, yəni bu yeni əlavələrlə birlikdə Azərbaycan Tərcümə Mərkəzində nəşrə hazırlanır. Birinci nəşrdən isə artıq 18 il keçib və o zaman «Ədəbi düşüncələr» oxucuların, mətbuatın diqqətini cəlb etdi, bir çox məqalələr yazıldı, müzakirələr keçirildi.

Həmin birinci nəşrin tarixçəsi isə belə oldu ki, «Ədəbi düşüncələr»i mətbuatda oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur teatr xadimimiz və rejissorumuz) mənimlə söhbət əsnasında: « - Mütləq kitab kimi hazırlamaq lazımdır» - dedi və kitab nəşr olunandan sonra o özü də bu kitabı mükəmməl bir səriştə ilə rus dilinə tərcümə etdi – Vaqif çox mütaliəli, geniş dünyagörüşlü bir sənətkar idi. Tərcümə etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə dedi.

«Ədəbi düşüncələr» Vaqifin tərcüməsində Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən «Literaturnaya qazeta»da) çap edildi, kitab kimi nəşr olundu və aradan keçən bu illər ərzində isə  başqa dillərə də çevrildi.

… O ki qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz qaldı. 

8 iyul 2020. Bilgəh.

 Ə D Ə B İ  D Ü Ş Ü N C Ə L Ə R

TEATR MÖCÜZƏSİ

«Romeo və Cülyetta»nın əvvəlində Dayə ilə Sinyora Kapulettinin söhbəti əsnasında məlum olur ki, iki həftədən sonra Cülyettanın 14 yaşı tamam olacaq.

Və teatr möcüzədir.

Əgər möcüzə olmasaydı, 70 yaşlı Sara Bernar hələ 14 yaşı tamam olmamış Cülyetta rolunu oynaya və tamaşaçını bu qızın, həqiqətən, bu yaşda olduğuna inandıra bilməzdi.

DON KİXOT FACİƏSİ

Planetləri bir-birindən milyardlarla işıq ili uzaq olan kainatda bu uzaqlıqların fərqinə vardıqca, Don Kixotun faciəsi çox cılızlaşır, görünməz olur.

Don Kixotun faciəsi ancaq Yer kürəsini ifadə edir və yalnız insanların faciəsidir.

QORKİ VƏ BABEL

Sovet İttifaqı dağılıb və indi rus ədəbi prosesi bir-birinə zidd iki qütbə ayrılıb: yalançı «demokratlar» və heç nə başa düşməyən və heç nə də qəbul etməyən «konservatorlar».

«Demokratlar» hər vəchlə Maksim Qorkini kiçildir, İsaak Babeli isə şişirdirlər.

Babel istedadlı hekayəçidir, pis dramaturq deyil, ancaq böyük rus ədəbiyyatında onlarca, bəlkə də, yüzlərlə Babel kimi yazıçılar var.

«Konservatorlar» üçün İsaak Babel bir heçdir və onlar hər vəchlə Maksim Qorkini şişirdirlər, halbuki Qorkinin belə bir şişirtməyə heç bir ehtiyacı yoxdur və o, rus ədəbiyyatının böyük nümayəndələrindən biridir.

Maraqlısı isə odur ki, Babel xatirələrindən birində («Başlanğıc», orijinalda «Naçalo») yazır ki, Qorki ilə ilk görüşə gedərkən həyəcandan «mənim ürəyim çırpınırdı və dayanırdı» (orijinalda: «serdüe moe kolotilosğ i ostanavlivalosğ») və xüsusi qeyd edir ki, həmin görüş onun yazıçı taleyini həll edib.

Ancaq nə yalançı «demokratlar», nə də inadkar «konservatorlar» Babelin Qorkiyə belə bir münasibətinin fərqində deyillər və olsun ki, ya bunu heç bilmirlər, ya da bilərəkdən üstündən keçirlər.

«MEDEYA»

Dünən Azdramada «Medeya»ya baxdım. Anuyu hazırlayıblar.

Amalya* əvvəldən axıra qədər çox ürəklə oynadı, sonradan bildim ki, özü də 39 dərəcə qızdırma ilə xəstə imiş.

Yaxşı tamaşadır, bəlkə, bir şey yazdım.**

Medeyanın taleyi dünya dramaturgiyasının əbədi mövzularından birinə çevrilib və dramaturgiya tarixində Evripiddən Kornelə, ondan da Anuya qədər (hələ bu aralarda yazmış başqa müəllifləri demirəm) uzun bir yol keçib, ancaq bu yolda «yorulmayıb», təngnəfəs olmayıb, çünki Medeya taleyinin özü də, onun ətrafındakıların xisləti də bəşəri hiss-həyəcanlardan, bəşəri dəyər və naqisliklərdən ibarətdir – sevgi və nifrət, vəfa və vəfasızlıq, mərdlik və xainlik, sevinc və kədər, bayram və matəm, sədaqət və xəyanət və s. və i.a.

Anuyun «Medeya»sı xislətin daxilindəki təzadlar və ehtiraslar faciəsidir. Məncə, onu antik faciələrlə doğmalaşdıran da elə budur.

Çılğın ehtirasları göstərmək bacarığı buradakı pafosu doğruldur və nəinki doğruldur, o pafos səni ələ alır, çünki süni yox, təbiidir, bu dərəcədə ehtiras, çılğınlıq elə bu cür də danışmalıdır.

Anuy Medeyasının içindəki nifrət intəhasız, sonsuzdur və bu nifrətin bədii-emosional qüdrətinin təsiri ondan doğur ki, o, ilk növbədə, özünə nifrət edir. Onun intihar eşqini közərdən də bu böyük nifrətdir.

Bu nifrətinin məğzində, yalnız özünə – cinayətkar, qatil Medeyaya yox, yalnız Yazon xəyanətinə də yox, ümumiyyətlə, həyata nifrət durur.

_________________

*Amalya Pənahova

**O məqalə yazıldı: Təzadların faciəsi, «Ulduz», 1982, № 9.

HACI MURAD QALA DÜZÜNDƏ

Səhər tezdən Şəkidən çıxdıq və axşamçağı gəlib evə çatmışıq.

Aydın* elə hey bizi qonaq aparmaq istəyirdi və nəhayət ki, yığışıb, uşaqlarla birlikdə gözəl Kiş kəndində Aydıngilə qonaq getmişdik, iki gecə qalıb qayıtdıq.

İndi Müstafanın** tərcüməsində «Hacı Murad»ı təzədən vərəqləyirəm.

Kiş kəndi ilə dağların yamacında qayalara pərçim olunmuş Kiş qalasının arasında «Qala düzü» deyilən bir çöllük var və deyilənə görə, Hacı Muradı orada öldürüb, başını orada kəsiblər.

Tolstoy son nəfəsində Hacı Muradın gözlərinin qabağından keçənləri elə təsvir edib, elə bil, bütün bunlar onun özünün gözlərinin qabağından keçib: «pəhləvan cüssəli» Əbununsal xan da, qoca və zəif Vorontsov da, Hacı Muradın düşməni Şeyx Şamil də, Hacının oğlu Yusif, arvadı Səfiyyət də ölüm ayağında Hacı Muradla birlikdə onun, yəni Tolstoyun da gözlərinin qabağından ötüb və elə bil, Hacıyla bərabər Tolstoyun da başını kəsiblər.

Bu təsvirə fikir verin:

«O tərpənmirdi, lakin hələ hiss edirdi. Birinci olaraq yüyürüb gələn Hacı Ağa ağır xəncərini Hacı Muradın başına endirdikdən sonra, ona elə gəldi ki, başını çəkiclə döyürlər, lakin bunu kimin etdiyini, nə üçün etdiyini anlaya bilmədi. Bu onun idrakının son işartısı, şüurunun bədəndə olan axırıncı əlaqəsi idi. Bundan sonra o artıq heç bir şey hiss etmirdi. Düşmənləri isə Hacı Muradla heç bir əlaqəsi olmayan cəsədi ayaqları altında tapdalayır, xəncərlə doğram-doğram edirdilər. Hacı Ağa ayağını cəsədin üstünə qoyub, iki zərbə ilə başı bədəndən ayırdı və məstini batırmamağa çalışaraq, başı ehtiyatla kənara yuvartlatdı. Boynundan al qan, başdan isə qara qan fışqıraraq, yaşıl otların üstünə axdı».  

Bu, həmin Hacı Ağa Mehdilinskidir ki, Tolstoyun yazdığı kimi, «bir zamanlar Hacı Muradla dost idi».

Hacı Muradın başı otları beləcə bulaşdıra-bulaşdıra diyirlənir.

Doğrusunu deyim ki, Tolstoyun təsvir etdiyi bu ölüm səhnəsi Qala düzündə gəzişdiyim o anlarda mənim də gözlərimin qabağından getmirdi və mən kəndə, Aydıngilə qayıdandan sonra bütün gecəni səksəkə içində görürdüm ki, Balağa*** maşınla məni Yasnaya Polyanaya aparır ki, Hacı Muradın ölüm xəbərini Tolstoya çatdırım (!).

Səhər Balağaya dedim ki, gecə yuxuda məni Yasnaya Polyanaya aparırdın.

Balağa gülümsəyərək:

- Həri? - dedi və soruşdu: - Ora haradı elə?

Bunu da deyim ki, Mustafa «Hacı Murad»ı gözəl tərcümə edib.

________________________

*Söhbət universitetdə mənim həmkursum və ümumiyyətlə, unudulmaz dostum, tənqidçi, dilşünas, rəhmətlik Aydın Məmmədovdan gedir.

**M.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş ilk azərbaycanlı, görkəmli tərcüməçi və naşir Mustafa Əfəndiyev İlyas Əfəndiyevin özündən kiçik qardaşı, yəni mənim əmimdir. «Hacı Murad»dan başqa, «1001 gecə» nağıllarını, R.Kiplinqin «Mauqli», L.Kerrolun «Alisa möcüzələr diyarında» kimi məşhur əsərlərini, A.Çexovun hekayələrini, M.Qorkinin «Günəşin övladları» pyesini və s. tərcümə edib. «Hacı Murad»dan sitat da onun tərcüməsindəndir.

*** Mən 1975-ci ildən etibarən Yazıçılar İttifaqının katibi işləyəndə rəhmətlik Balağa da unudulmaz sürücü dostum idi.

İLYA ERENBURQ VƏ NAZİM HİKMƏT

Ömrünün yarıdan çoxunu xarici ölkələrdə (Fransa, İspaniya və b.) yaşamış, böyük beynəlxalq ədəbi, mədəni, siyasi əlaqələri olan, yüksək intellektə sahib İlya Erenburq İkinci Dünya müharibəsi zamanı cəbhədən reportajlar, məqalələr yazan və Stalinin də qiymətləndirdiyi ən məşhur sovet yazıçısıdır.

Mən onun «Fırtına» romanını (Birinci dərəcəli Stalin mükafatı almışdı) oxumuşdum və bu roman heç xoşuma gəlməmişdi. Hekayələrini də oxumuşam, bir sözlə, o, «mənim yazıçım» deyil, ancaq bu günlərdə xatirələrini – «İnsanlar, illər, həyat» – get-gedə artan bir maraqla oxudum və mən çox təəssüf edirəm ki, bizdə bu tipli tək-tük xatirə yazılıb, sovet dövrü haqqında isə heç nə yoxdur.

Bir dəfə Mirzə müəllim* Mir Cəfər Bağırovdan danışanda dedim ki, mütləq xatirələrinizi yazın, gülümsəyib: «- Sağlıq olsun» - dedi. Yazsa (həqiqəti yazsa!), onun xatirələri maraqlı olar, Sovet qatmaqarışıqlığının  içindən keçən bir adamdır, hətta deyilənə görə, Stalin onu qəbul edib və guya Mirzə müəllimi Cənubi Azərbaycan Demokratik Respublikasına prezident hazırlayırmışlar – ola da bilər.

Bəlkə də kimsə gizlincə nəsə yazıb, ya da yazır və gələcəkdə çap olunacaq? Bilmirəm.

Süleyman Rüstəm mənə deyir ki, xatirələrini yazır. O da indi çap olunmağını düşünməyib, həqiqəti yazsa, yaxşı olar və yəqin ki, haçansa çap olunar.

Erenburqun xatirələri monumental bir yazıdır. Həm təhkiyəsinə, arxitektonikasına, həm də faktların zənginlyinə görə bu xatirələr usta qələmlə yazılıb və mənim şübhəm yoxdu ki, Erenburq hələ çox şeyi də ürək eləyib yazmayıb.

Erenburq kommunist yazıçı hesab olunur, ancaq xatirələrdən belə hiss etdim ki, o, ilk növbədə, yəhudi (sionist yox, yaxşı mənada milli təəssübkeş) və yalnız bundan sonra kommunistdir.

Belə başa düşürəm ki, Erenburqla Nazim Hikmət dost olublar, hər halda məhrəm münasibətləri olub və xatirələrin 6-cı  kitabında Nazimi çox səmimi bir hörmət və rəğbətlə, simpatiya ilə xatırlayır.

Xatirələrdəki cəmi doqquz səhifədə mən canlı Nazimi gördüm və onun düşüncələri və düşüncələrindəki təbəddülat, onun mülahizələri elə detallarla, yazıçı müşahidələri ilə qələmə alınıb ki, Erenburqun özünün romanında və hekayələrində məhz bu cür detallar, müşahidələr çatışmır.

Onun publisistikası bədii yaradıcılığından xeyli dərəcədə yüksəkdədir.

O yazır ki, Nazim ürəyində nə vardısa, birbaşa deyirdi və bəzən sadəlövh adam təsiri bağışlayırdı, ancaq bu elə bir sadəlövhlük, sadədillik idi ki, əslində, onu müdrik edirdi.

Xatirələrdəki bu kiçik «xasiyyətnaməni» isə olduğu kimi tərcümə edirəm: «Nazimin həyatı boranlı-tufanlı və çətin bir həyat idi, ancaq o, hicranın bütün növlərini yaşasa da, ayrılığın bütün adlarını bilsə də, heç vaxt  mənən sınmağın acısını dadmamışdı: ömrünün sonuna kimi ideyalarına, zövqünə, gənclik hiss-həyəcanlarına sadiq qalmışdı».

Əsas isə budur ki, bu doqquz səhifəlik yazı bu sözləri doğruldur və təsdiq edir.

Mənim Erenburqun xatirələrində gördüyüm, hiss etdiyim Nazim Hikmət Sovet İttifaqında və ümumiyyətlə, kommunizm dünyasında gördüklərinin yaxşısına ürəkdən sevinən, pisini isə qəbul etməyən, hətta buna nifrət bəsləyən və sevincini də, nifrətini də gizlətməyən kommunist idi.

Ancaq o, Erenburqun özü kimi yalnız üzdə kommunist yox, ya rus yazıçı müasirləri Aleksandr Fadeyev kimi fanatik kommunist, Vsevolod Koçetov kimi aqressiv kommunist, ya da Konstantin Fedin kimi «bitərəf kommunist» yox, cəsur və – yəqin ki, yazacağım bu söz birləşməsi qəribə səslənəcək – romantik (!) kommunist idi.

(Fadeyevin adını çəkdim və yeri düşmüşkən, deyim ki, Erenburq xatirələrinin 5-ci kitabında yazır: «Deyirlər ki, Fadyeyev ona görə az yazır ki, çox içir. Folkner ondan da çox içir, ancaq onlarla roman yazıb.» Xoşuma gələn bir yeri də qeyd etmək istəyirəm. Litvinov** Erenburqa deyirmiş: «Stalin Qərbi tanımır… Əgər bizim rəqiblərimiz padşahlar, ya da şeyxlər olsaydı, Stalin onalı çoxdan aldatmışdı!..» )

Erenburq xatirələrinin sonunda Falk, Rivera, Konçalovski, Pasternak, Leje, Nezval, Jolio kimi artıq vəfat etmiş dostlarının arasında Nazimin də adını çəkir və yazır ki, «mənim həyatımın meşəsində necə bir seyrəlmə getdiyini hiss edirəm».

Nazimin Rəfilinin ölümünə yazdığı şeirdəki «nəslimin yarpaq tökümü başladı» misrası yadıma düşdü.

Nazim səhər oyanıb, qapıdakı poçt qutusundan qəzetləri götürməyə gedib və arakəsmədə oturaraq vəfat edib.

________________________

*Mirzə İbrahimov. Yəqin ki, bu qeydlər 80-ci illərin birinci yarısından yazılıb. O zaman Mirzə müəllim Yazıçılar İttifaqının sədri idi.

**M.M.Litvinov SSRİ Xarici işlər naziri idi.

İSTEDAD VƏ KONYUNKTURA

Bu başabəla «perestroyka»nın bir cəhəti yaxşıdır ki, SSRİ tarixində, yəqin ki, heç vaxt çap oluna bilməyəcək əsərlər indi çap olunur.

Düzdür, indi də başqa bir konyunktura yaranıb: Leonid Brejnevin «durğunluq dövrü»nü tənqid etmək, lağa qoymaq, istedadsızlığı 1937-38-ci illər repressiyası mövzusunun arxasında gizlətmək və bu yollarla mətbuat səhifələrini «fəth etmək».

Necə ki, bir neçə il bundan əvvəlki konyunktura «kommunizm quruculuğu» mövzusunun arxasında gizlənib, mükafatlar alırdı və belə müəlliflər «görkəmli yazıçı» vəzifəsinə təyin olunurdu.

Varlam Şalamov «Kolıma hekayələri»ndə 1937-38 repressiyaları zamanı insanların başına gətirilmiş müsibətlər haqqında mətbuatı doldurmuş konyunktur yazılardan tamam fərqli olaraq, həmin faciələri, həmin amansızlığı əsl yazıçı qələmi ilə göstərir.

Mən bu yazıçıdan indiyədək heç nə oxumamışdım və o mənim üçün əməlli-başlı bir kəşf oldu.

Şalamov repressiyalar zamanı dəfələrlə həbs edilərək, ömrünün çox hissəsini sovet konslagerlərində keçirmiş, faciəli bir tale yaşamış insandır, ancaq bu hekayələr onun xatirələri deyil və elə bil ki, onlar bütün bu məşəqqəti kənardan izləmiş, kənardan dərk edərək ümumiləşdirməyi bacarmış, yəni şəxsi təcrübəni bəşəri fəlakətə çevirə bilmiş bir qələm sahibinin yazdıqlarıdır.

Onun «Qancıq Tamara», «Tatar mollası və təmiz hava», «Donuz oğrusu Vaska Denisov» kimi hekayələri, mənə görə, böyük rus ədəbiyyatında Tolstoyun «Sevastopol hekayələri», Turgenevin «Ovçunun qeydləri», Şoloxovun «Don hekayələri» sırasındadır.

Ancaq Şalamovun Lev Tolstoy yaradıcılığına neqativ münasibətini də oxudum və onun belə bir münasibətinin səbəblərini izah etməsi, mülahizələri mənə xeyli dərəcədə bəsit, buna görə də mənasız göründü.

 LÜSYEN BERJERE KİMDİR?

Fransın tetralogiyasını axır ki, oxuyub qurtardım.

Bunlar, yəqin, ilk fransız romanlarıdır ki, çətinliklə, yəni həvəssiz oxudum, hətta «Jan-Kristof»* da bunlardan xeyli asan oxunurdu.

O adət ki, məndə var – oxumağa başladığımı yarımçıq qoya bilmirəm – mənə baha başa gəlir.

Lüsyen Berjere** əlbəttə, intellektualdır, buna söz yox, oxuyursan və görürsən ki, bu personaj, bəli, dərin zəka sahibidir, onun fikirləri, düşüncələri, mülahizələri, konsepsiyaları sanballıdır, ancaq mən axı, hansısa bir professorun intellekti haqqında məruzəsini oxumuram, roman oxuyuram.

Lüsyen isə canlı bədii obraz deyil, hər halda mən onu belə görmədim.

Məndə elə bir təəssürat var ki, gözəl Kislovodskda*** neçə günümü sərf elədiyim bu romanlar az bir vaxtdan sonra yadımdan çıxacaq.

Bəlkə yanılıram?

Sağlıq olsun.

___________________________

*Romen Rollanın romanı.

**Söhbət Anatol Fransın «Müasir hadisələr» silsilə romanlarından gedir.

***1960-cı illərin yay aylarında biz Şuşaya və Kislovodska gedirdik və görünür, bu qeydlər də o vaxt yazılıb. Fransın o romanları isə doğrudan da, demək olar ki, tamam yadımdan çıxıb, ancaq aradan «az bir vaxt» yox, onilliklər keçib.

İLYAS ƏFƏNDİYEVLƏ MÜKALİMƏ

  Günorta işdən çıxanda atamgilə dəydim. Turgenevin kitabı stolunun üstündə idi.

  - Turgenevi təzədən oxuyursan? - soruşdum.

  - Yox, vərəqləyirəm - dedi.

- Sən niyə Turgenevi bəyənmirsən?

  - Niyə bəyənmirəm? - dedim.

 - Ancaq Turgenev Tolstoy deyil də.

- Əlbəttə, - dedi.

- Turgenev Tolstoy deyil. Ancaq Tolstoy da Turgenev deyil.

BELƏ PATRİOTLUĞA EHTİYAC VAR?

Fridlenderin «Rus realizminin poetikası» («Poetika ruskoqo realizma») monoqrafiyası belə bir fikri isbat etmək naminə yazılıb ki, XIX əsr rus realizminin bünövrəsini əvvəlki dövrün sentimetalizmi və romantizmi, eləcə də «çoxəsrli rus realizm ənənələri» qoyub.

Monoqrafiyanı oxuduqca fikirləşirsən ki, Rusiyada XVIII əsrdə Qərbin, ilk növbədə də Fransanın təsiri ilə yaranmış sentimentalizm və romantizm (Fridlender klassizmin adını çəkmir) ortaya hansı böyük əsər çıxarıb ki, XIX əsr rus realizminin (Qoqolun, Dostoyevskinin, Lev Tolstoyun!) bünövrəsində dayansın? Ən məşhur əsər Karamzinin «Bədbəxt Liza»sı deyilmi? Yaxud Derjavin və Fonvizin, ya Sumarokov və Trediakov nə yazıblar ki, adlarını çəkdiyim yazıçıların yaradıcılığı üçün bünövrə olsun?

O ki qaldı, «çoxəsrli rus realizmi ənənələrinə», bu hansı ənənələrdir? Rus ədəbiyyatşünaslarının yazdığı kimi, əgər Lomonosov XVIII əsrdə hələ yalnız rus ədəbi dilini yaratmaqla məşğul idisə, hansı realizm ənənələrindən danışmaq olar?

Mən monoqrafiyanı diqqətlə oxudum, ancaq bu və bu tipli başqa sualların heç birinə cavab tapmadım.

Bir də ki, axı, sənin Tolstoy kimi nəhəngin varsa, Puşkinin, Qoqolun, Lermontovun, Dostoyevskin, Turgenevin varsa, «Oblomov» kimi hələ də layiqli qiymətini almamış bir romanın yazılıbsa, ədəbiyyat psixologiyası baxımından belə bir «ədəbi qəfilliyi» (!) – dünya ədəbiyyatı tarixində şəxsən mənə möcüzə kimi görünən son dərəcə maraqlı ədəbi hadisəni – obyektivcəsinə araşdırmaq əvəzinə, nə üçün mənasız (faktsız!) ədəbi-milli patriotluqla məşğul olmaq lazımdır?

Özü də Q.F.Fridlender bu gün rus ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri sayılır və rus klassik ədəbiyyatı barədə elə kitaba rast gəlmirsən ki, orda onun adı olmasın.

BERQMAN, YOXSA FELLİNİ?

Gecə «Çiyələk talası»* yadıma düşmüşdü və fikrimdən bir sual keçdi ki, mənim üçün kim birincidi: rasional və soyuqqanlı Berqman, yoxsa qeyri-rasional və istiqanlı Fellini?

Hansı?

Berqman, yoxsa Fellini?

Nəhayət, bu müqayisədən yoruldum və birinci yerə Çaplini qoydum.

______________________

*İnqmar Berqmanın filmi.

MOLYER VƏ MİRZƏ FƏTƏLİ

Molyerin «Jorj Danden»ini tərcümə edirəm. Bunu bitirəndən sonra «Skapenin kələkləri»ni də tərcümə etmək istəyirəm.

Ədəbiyyatşünaslar Mirzə Fətəlini «Şərqin Molyeri» adlandırır.

Məncə, mübahisəli analogiyadır.

Molyer – güldürür.

Düzdür, «Hacı Qara» da – güldürür.

Ancaq «Müsyö Jordan»?

«Müsyö Jordan» – düşündürür. 

BROUDİ FACİƏSİ

Maraq üçün rayon kitabxanasına getmişdim və orada gözlənilmədən «Broudi qəsri»ni* gördüm və götürdüm ki, təzədən vərəqləyim.

Üç gündü yolüstü Tovuzda, Arifgildə** qonaq qalmışıq.

Əmir müəllimgil*** də bizimlə gəliblər və səhər-səhər gözəl bir armud ağacının altında oturub, hələ qatı açılmamış (deyəsən, bu kitabı birinci elə mən açırdım) «Broudi»ni vərəqləyəndə, Əmir müəllim də həyətə çıxdı.

Əmir müəllimdən ətrafa, həmişəki kimi, müsbət dalğalar yayılırdı. Kitabı görəndə:

- Yaxşı kitabdı? - soruşdu.

- Hə, yaxşı kitabdı - dedim.

Kitaba son söz yazmış N.Dyakonova deyir ki, «Broudi qalası» güclü və vicdanlı» romandır

Broudi ailəsinin faciəsi, əlbəttə, çox təsirli qələmə alınıb, ancaq Nensinin ölümü, bir sıra başqa səhnələr həddən artıq naturalistcəsinə yazılıb, hətta o qədər ki, dediyim həmin təsirin dərəcəsini azaldır.

N.Dyakonova da Dikkensin romanında balaca Pol Dombinin ölümünün təsviri ilə Nensinin ölümünün təsviri arasında müqayisə aparır və Kroninin naturalizmini qeyd edir.

Mənə elə gəlir ki, Kroninə Zolyanın təsiri var. Bilmirəm, belədir, ya yox? Bəlkə o, Zolyanı heç oxumayıb da…

Bir də, məncə, bədii obraz kimi Meyson**** mister Broudiyə nisbətən daha dolğun, daha canlıdır.

________________________________

*Arçibald Kroninin romanı.

**1960-cı illərin ortalarında İlyas Əfəndiyevin kiçik qardaşı hüquqşünas Arif Əfəndiyev Tovuzda raykomun 1-ci katibi vəzifəsində işləyirdi. Yayda maşınla Kislovodska yola düşəndə Bakıdan birbaşa getmirdik, Tiflisdən keçib, Hərbi Gürcü Yolu ilə Nalçikə, oradan da Kislovodska gedirdik. Bu dəfə bir neçə gün də Tovuzda qalmışdıq.

***Görkəmli riyaziyyatçı, professor Əmir Həbibzadə İlyas Əfəndiyevin yaxın dostu idi və həmin il də onlarla bərabər yola çıxmışdıq.

****Kroninin «İstehkam» romanının qəhrəmanı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!