Bobıl və Dostcan - Sergey Yesenin

Bacım Katyuşaya həsr olunmuş hekayə

 

Qoca Bobıl kəndin qırağında yaşayırdı. Bobılın koması və iti vardı. Düzü-dünyanı gəzib çörək qırıntılarını yığır, onları yeyib yaşayırdı. Bobıl heç vaxt itindən ayrılmırdı. İtinə məhəbbətlə Dostcan deyirdi. Bobıl kənddə gəzib pəncərələri döyür, it isə yanında dayanıb quyruğunu yellədirdi. Elə bil öz payını gözləyirdi. Adamlar Bobıla deyirdilər: "Bobıl, bəlkə iti azdırasan, özün yeməyi güclə tapırsan..." Bobılsa qəmli gözləriylə baxırdı, baxırdı, heç nə demirdi. Dostcanı çağırıb pəncərədən uzaqlaşır, çörək parçasını götürmürdü.

Qəmgin adam idi Bobıl, az danışırdı.

Qış gəlir, külək hirsli-hirsli ötür, çovğun qarı süpürür, hündür qar təpələri əmələ gətirirdi.

Bobıl qar təpələrini çomağıyla yoxlaya-yoxlaya gedir, həyətdən həyətə keçirdi, Dostcan isə yanınca qaçırdı. Arada Bobıla qısılır, qayğıkeşliklə onun üzünə baxırdı, elə bil demək istəyirdi: "Heç kimə lazım deyilik, heç kim bizi evə aparıb isitməyəcək, doyuzdurmayacaq, tək-tənhayıq". Bobıl onun üzünə baxırdı, elə bil ağlından keçənləri hiss edirdi və astadan deyirdi:

- Dostcan, heç olmasa sən getmə, mən qocanı tək qoyma.

Bobıl itiylə bir yerdə komasına qayıdırdı. Koma köhnəydi, soyuq idi. Bobıl sobanın içinə baxırdı, evin künc-bucağını axtarırdı, amma nəinki odun, heç tilişkə də yox idi. Bobıl Dostcana baxırdı, o isə dayanıb yiyəsinin nə deyəcəyini gözləyirdi.

Bobıl mehribanlıqla deyirdi:

- Dostcan, səni xizəyə qoşacağam, meşəyə gedəcəyik, çıl-çırpı, budaq yığıb gətirəcəyik, evi isidəcəyik, uzanıb qızınacağıq.

Bobıl Dostcanı xizəyə qoşub meşəyə gedirdi, odun yığıb gətirirdi, evi qızdırırdı, Dostcanı qucaqlayıb əzizləyirdi. Bobıl uzanıb fikrə gedirdi, keçmişi xatırlayırdı. Qoca Dostcan üçün yaşadıqlarından qəmli nağıl danışırdı, danışıb qurtarandan sonra qəmgin-qəmgin deyirdi:

- Dostcan, sən heç nə demirsən, bir kəlmə də danışmırsan, amma gözlərin bozdur, ağıllıdır... bilirəm, bilirəm... sən hər şeyi başa düşürsən...

Külək uğuldamaqdan yoruldu. Çovğunların arası kəsildi, damlardan damcılar düşməyə başladı. Qar yavaş-yavaş əridi.

Bobıl görürdü ki, qış qurtarır, Dostcana deyirdi:

- Yaşayarıq, Dostcan, yaz gəlir.

Qırmızı günəş parıldamağa, əriyən qarın suyu çay kimi axmağa başladı. Bobıl komanın pəncərəsindən torpağa baxdı.

Ağaclar tumurcuqlamağa başladı, havadan yaz ətri gəldi. Amma illər Bobılı aldatdı, yazın nəmişliyi qocanı yaxaladı.

Onun ayaqları sızıldamağa, öskürək sinəsini yatırtmağa, beli ağrımağa başladı, gözləri lap zəiflədi.

Qar əridi. Torpaq qurudu. Pəncərənin qabağındakı söyüd yarpaqladı. Qoca komadan az-az çıxmağa başladı. Sobanın üstündə uzanıb qalmışdı, düşə bilmirdi.

Bobıl güc verib düşməyə çalışırdı, öskürəkdən boğulurdu, qəmlənib Dostcana deyirdi:

- Dostcan, qərar verməyə tələsmişik. Deyəsən ömrümə az qalıb. Amma ölüb səni tək qoymaq istəmirəm.

Xəstə Bobıl nə ayağa dururdu, nə yataqdan çıxırdı, Dostcan isə yanından çəkilmirdi. Hiss edirdi qoca - ölümü hiss edirdi, Dostcanı qucaqlayıb ağlayırdı:

- Dostcan, səni kimin ümidinə qoyub gedirəm? Adamların hamısı yaddı bizə. Səninlə yaşayırdıq... bütün ömrümüzü yaşamışıq, amma ölüm bizi ayırır. Salamat qal, Dostcan, əzizim, ölümü hiss edirəm, nəfəsim sinəmdə soyuyur. Əlvida... tez-tez qəbrimin üstünə gəl, qoca dostunu yaddan çıxartma!..

Bobıl Dostcanın boynunu qucaqladı, sinəsinə sıxdı, titrədi və ruhu bədəndən çıxdı.

Bobılın meyiti yataqda düşüb qaldı. Dostcan yiyəsinin öldüyünü başa düşdü. Komanı o baş-bu baş dolanmağa başladı. Arada yaxınlaşıb meyidi iyləyir, yazıq-yazıq zingildəyirdi.

Kənd camaatı Bobılın yoxluğunu hiss etməyə başlayıb dedilər: görəsən o nə üçün bayıra çıxmır? Yığışıb danışdılar, başa çıxmağa gəldilər, komaya girdilər, meyidi görüb səksəndilər. Ölü Bobıl yataqda uzanıb, komadan qəbir iyi gəlir. İt yatağın yanında oturub qəmgin-qəmgin baxırdı.

Camaat meyidi götürüb yudu, geyindirdi, tabuta qoydu - it meyiddən ayrılmadı. Meyidi kilsəyə apardılar, Dostcan da onlarla getdi. İti kilsədən qovdular, it kilsəyə girə bilməz. Dostcan ora-bura vurnuxdu, kilsənin kandarına sürtündü. O, aclıqdan və soyuqdan ayaq üstündə dayana bilmirdi.

Meyiti qəbiristanlığa gətirib torpağa basdırdılar. Bobıl kimsəsiz idi, heç kim də onun üçün ağlamadı.

Dostcan qəbrin üstündə zingildədi, pəncələriylə torpağı eşdi. Dostcan torpağı qazımaq istəyirdi, girib qoca dostunun yanında uzanmaq istəyirdi. İt qəbirdən aralanmırdı, heç nə yemirdi, qüssə çəkirdi. Dostcanın gücü getdikcə tükəndi, yerindən dura bilmədi. Dostcan qəbirə baxırdı, baxırdı, dərdli-dərdli zingildəyirdi. Qəbiri qazımaq istəyirdi, amma pəncələrini qaldıra bilmirdi. Dostcanın ürəyi sıxıldı... belindən titrətmə keçdi, başını aşağı saldı, sakit-sakit köks ötürdü... və Dostcan qəbrin üstündə öldü...

Qəbrin üstündəki çiçəklər pıçıldaşmağa başladılar, quşlara dostluq haqqında nağıl pıçıldadılar. Ququ quşu uçub qəbrin yanına gəldi, ağlayan ağcaqayının budağında oturdu. Ququ quşu oturdu, qəmləndi, qəbrin üstündə qəmli-qəmli quqquldadı.

1917

Tərcümə etdi: Həmid PİRİYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!