Zabit - Vüqar Dəmirbəyli - hekayə

Zabit Ənvər müəllimin yeganə oğlu idi, kişi onu iki qızdan sonra tapmışdı. Hamı gözləyirdi ki, o, ərköyün bir oğlan olacaq, amma Zabit ərköyün olmadı. Hələ uşaq vaxtından oğlan çox düşüncəli görünər, nəyi haradan götürüb haraya qoymağın yerini bilərdi.

Adı Zabit olduğundan qohumlar arasında onun özünün də zabit olacağını deyənlər var idi. Zabit isə ondan nəçi olmaq istədiyini soruşanda həmişə deyərdi ki, bunun hələ vaxtı çatmayıb, vaxtı çatanda özü bunu həll edəcək.

Universitetdə dosent olan Ənvər müəllim həmişə ailədə, qonum-qonşu, dost-tanış arasında müəllim həmkarlarının uşaqlarından şikayət edərdi:

- Bilmirsən, bunları necə tərbiyə edirlər? Nə məktəbdə düz-əməlli oxuyurlar, nə özlərini bir düz-əməlli apara bilirlər. Di gəl, məktəbi qurtarmamış yerləri universitetdə hazırdı. Amma özləri nədir, avara, qudurğan, qandıqları da bir şey yox. İçlərində pyanıskası, nəşəxoru da var. Sonra da atası, anası səndən yapışır ki, mənim uşağıma qiymət yaz, özü də bilməyə-bilməyə yaxşı qiymət yaz. Çoxunun hələ ürəyindən keçir ki, onun uşağına "beş" yazasan. Qəbulda qanun-qayda yaratsaydılar, onlardan çoxunun uşağı universitetin üzünə həsrət qalardı. 

Belə şikayətlərdən sonra da kişi oğlunu tərifləyər, Zabitin başqa müəllim uşaqlarına oxşamadığını, özünü heç yaşına uyğun olmayan tərzdə təmkinli, ciddi apardığını deyərdi:

- Mən də oğul böyütmüşəm, onlar da. İndi onların övladlarına bax, mənimkinə bax. Yerlə göy qədər tafout eləyir.

Ənvər müəllim istəyirdi ki, onun da oğlu universitetdə oxusun. Amma Zabit bunu qəbul eləmədi və məktəbi qurtarmağa az qalanda dedi:

- Ömrü boyu başqa müəllim yoldaşlarından şikayət edirsən ki, uşaqlarını bilməyə-bilməyə universitetə düzəldirlər. İndi istəyirsən ki, mən də o yolu gedim?

- Yox, mən demədim ki, bilməyə-bilməyə səni düzəldim universitetdə oxu. Gəl kişi kimi imtahan ver, hamı da görsün Ənvər müəllim necə oğul böyüdüb.  

- Yox, kişi, - Zabit razılaşmadı. - Mən universitetdə oxumaq istəmirəm. AZİ-yə gedəcəm.

- Görürsən, özü bilir nə istəyir, nəyi oxumaq istəyir, - Ənvər müəllim yanında dayanıb söhbətə qulaq asan arvad-uşağa dedi. - Nə olar, get, bala! AZİ-də oxumaq istəyirsən, Allah uğuruna xeyir versin, get orda oxu.  

Arvadı da, müəllim yoldaşları da sonra kişiyə çox dedilər ki, baxsın görsün oğluna imtahanlarda necə kömək eləyə bilir, kişi bunu qəbul eləmədi ki eləmədi:

- Mən də onda olaram o biri müəllimlər kimi. Hələ mən kömək eləmək istəsəm də, Zabit özü buna razı olmaz. 

Zabit imtahanları verib Neft-Kimya İnstitutunun elektrotexnika fakültəsinə qəbul oldu. Qohum-əqrəba, qonum-qonşu, kişinin müəllim yoldaşları bunu eşidəndə dodaq büzdülər:

- Oğlun oranı qurtarıb nə olacaq, ay Ənvər müəllim? Ali təhsilli mantyor? Sənə dedik ki, özün bu işlə bir maraqlan.

- A balam, nə verib-nə ala bilmirsiniz axı? - Ənvər müəllim bu deyilənlərə bənd olmadı. - Mən sizin kimi övlad böyütməmişəm; o özü bilir nə istəyir, haranı istəyir.

İnstituta gedəndə də, oradan qayıdanda da qonşular, böyüklü-kiçikli Zabitin qabağını kəsər, onun özündən də soruşardılar:

- Zabit, institutu qurtaranda nəçi olacaqsan?  

- Elektrik, - Zabit həmişəki kimi ötkəm cavab verərdi.

- Elektrik? A-a-a... Bundan ötrü institut oxumaq lazımdu begəm? Odu a, nə qədər adam elektrik işliyir, hamısı peşə məktəbinü qurtarıb. 

Zabit isə daha cavab verməyib təmkinlə yoluna davam edərdi.

İnstitutda həftənin bir günü hərbi təlim keçərdilər, həmin günü də oğlanlar dərslərə xüsusi forma geyinib yollanardılar. Bu hərbi forma da Zabitə çox yaraşdığından, o bu paltarı geyinib küçə ilə gedəndə də, qayıdanda da qızlar yığışıb tamaşasına durar, pıçıldaşıb, xısın-xısın gülüşərdilər.

Zabit təhsilin sonlarına yaxın iki aylıq hərbi toplantı keçəndən sonra leytenant rütbəsi aldı, institutu qurtarandan sonra da Bakı Elektrik Şəbəkəsinə işə girmək üçün ərizə yazdı. Heç iki həftə keçməmiş onu həmin yerdə işə götürdülər, elektrik mühəndisi kimi. Sonra da gənc mütəxəssis kimi beşinci mikrorayonda ona birotaqlı mənzil də verdilər.

- Bax, görürsən, mən yenə də onun nə işə düzəlməsinə kömək elədim, nə də ev almasına - hamısını özü eliyib, - yenə Ənvər müəllim qürurla deyərdi.

Qısa bir vaxtda da Zabit işlədiyi yerdə hörmət qazandı, bir azdan sonra isə hamı başladı onun başına and içməyə. İndi müdirin özü də Zabit gələndə az qala ayağa dururdu. Onun təmkini, ağayanalığı hamını valeh edər, hamı onun davranışından, hərəkətindən, danışığından ləzzət alardı.

Heç bir il keçməmiş Zabiti qoydular əhaliyə xidmət şöbəsinin müdiri. Zabit  şöbədə nizam-intizam yaratdı, elektriklərlə söhbət aparıb, onlardan vicdanla işləməyi tələb etdi, xoşuna gəlməyən bir-iki cüvəllağını isə oradan uzaqlaşdırdı. İndi şəhərdə də hamı onların gördüyü işdən razı idi.

Bir dəfə Ənvər müəllimin özünün yolu həmin bu idarəyə düşdü. Elə dediyini gördü ki, Zabitin atasıdır. Hamı başladı kişinin başına fırlanmağa. Az qala idarədə nə qədər adam var idi, hamısı yığışıb gəldi ki, Zabitin atasına baxsın. Amma Zabit bunu eşitsə də, özü atasını görməyə gəlmədi.

- Gəlib, gəlib də; mən iş başındayam, - dedi qısaca.    

Ənvər müəllim də bunu sonra yenə qohum-qonşuya nağıl eləyər, oğlunun iş yerində hörmətindən, təmkinindən danışardı.

- Başqası olsaydı, indi yüyürüb gəlmişdi ki, atam gəlib. O, heç işini buraxıb gəlmədi də mənimlə görüşməyə. Amma mənə lazım olan nədi? - mənə lazım olan oğlumun bu hörmət-izzətini görməkdi. Hamı görür ki, Ənvər müəllim necə oğul böyüdüb.

Zabitlə evlənmək məsələsindən söhbət salmaq çətin idi. Amma yenə də anası oğlunu görəndə hərdənbir dolayısı ilə olsa da buna işarə edərdi. 

- Bu dava vaxtı nə evlənmək? Qoy müharibə qurtarsın, sonra baxarıq.

Zabitin anasına toy haqqında son cavabı bu oldu. Sonra da qərara aldı ki, könüllü ərizə verib cəbhəyə getsin.

Elektrik Şəbəkəsinin müdiri çox çalışdı ki, Zabiti bu fikrindən daşındırsın.

- Zabit, sənin şöbən çox mühüm şöbədir axı, - dedi gəncə. - Bir də səni cəbhəyə aparan kimdi? Adam yoxdu vuruşmağa? Səni əgər aparmaq istəsələr də, mən sənin üçün xahiş edib bron ala bilərəm...

- Yox, nə bron? Mən cəbhəyə gedirəm, - Zabit müdirinə də qısa və ötkəm cavab verdi.

Həmin günün axşamı Zabit valideynlərinin yanına gəldi. Hamı masa arxasında bərabər oturub şam yeməyini bitirəndən sonra Zabit dedi ki, sabah cəbhəyə gedir. Bunu eşidəndən sonra Ənvər müəllim yenə təmkinini saxlamağa çalışdı, amma anası dözməyib vay-şüvən elədi, bacıları da ağlaşdılar.  

- Ay Ənvər, qoyma bunu getsin Qarabağa, tək oğuldu!.. - Zabitin anası fəryad qopardı.

- Mən ona nə deyim axı? - Ənvər müəllim çiynini çəkdi. - O özü bilir neyniyir...

Valideynlərinin mənzilini tərk eləyəndə, sakitləşmək bilməyib göz yaşları selə dönən anası və bacıları ilə görüşəndən sonra Zabit atasını bir tərəfə çəkib dedi:

- Bax, kişi, səndən istədiyim tək bir şeydi: qara kağızım gəlsə ki, həlak olmuşam, gərək ağlamayasan.

- Yox, ağlamayacam. Qəhrəmanın atası ağlamaz ki! - Ənvər müəllim özünü tox tutub dedi.    

Zabitə hərbi komissarlıqda hərbi geyim verdilər, poqonlarında da iki ulduz. Beləcə, leytenant kimi avtobusla cəbhəyə yola düşdü.

Zabit cəbhəyə gedəndə 1992-ci ilin payızı idi. Batalyonlarda yaranmış ruh yüksəkliyi və əks-hücumun təşkili Qarabağda və ətrafında neçə-neçə kəndin, hətta neçə rayonun erməni qüvvələrindən azad edilməsinə səbəb olmuşdu. Artıq Kəlbəcər və Goranboy batalyonları Xankəndidən bir top atəşi məsafəsində dayanmışdılar. Başqa ölkələrin çağırışı ilə Azərbaycan tərəfi artıq hücumlarını dayandırsa da, ruh yüksəkliyi və qələbəyə inam yenə də könüllülər və çağırılmış əsgərlər içərisində geniş yayılmışdı.

Zabit könüllülərin çoxluq təşkil etdiyi Ağdam batalyonunda Ağdam-Xankəndi istiqamətində mövqe tutmuş vzvodlardan birinin komandiri təyin edilmişdi. İndi əsas məsələ vzvodda nizam-intizam yaratmaq idi. Vzvodda könüllülərdən döyüşlərdə ad çıxarmış cəsur döyüşçülər də var idi ki, onların ipini-sapını yığmaq çox çətin idi. Bunların işi axşam oldumu, bir yerə yığışıb göstərdikləri igidliklərdən dəm vurmaq idi. Ya da deyirdilər:

- Görək kim gedib bu axşam yenə erməni tərəfdən maşın gətirəcək?                                                                            

Sonra doğrudan gedirdilər də, erməni tərəfdən maşın gətirir, sonra da aparıb onu bir tərəfdə satırdılar da. Amma belə səfərdən qayıtmayanlar da olurdu. Əvvəlcə Zabit üçün çətin idi, çünki köhnə döyüşçülər onu çox da saymırdılar. Zabit qətiyyən bu olanlara dözmək fikrində deyildi, amma öz mövqeyini ortaya qoymaq üçün girəvə gözləyirdi. Köhnə döyüşçülərdən daha biri "maşın ovundan" geriyə dönməyəndən sonra Zabit vzvodu yığıb dedi:

- Bu məsələ daha qurtardı. İndən belə bir nəfər də mənim göstərişim olmadan ermənilər tərəfə keçə bilməz.    

- Bah! Noldu, sən indi bizə müharibənin nə olduğunu öyrətmək istəyirsən? Hələ bir dənə döyüşdə iştirak eləmiyibsən, amma gör nə qədər adam var burda, üç-dörd ildi səngərdən çıxmırlar...

- Düzdü, burada məndən daha təcrübəli döyüşçülər var, - Zabit cavab verdi. - Amma bu vzvodun komandiri mənəm və mənim də işim birinci növbədə burada nizam-intizam yaratmaqdı. İndən belə kim mənim dediyimə qulaq asmayıb ermənilər tərəfə keçsə, mən onu cəzalandıracam.

- Necə cəzalandıracaqsan, güllələyəcəksən bizi? - bunu da yenə köhnə döyüşçülərdən biri soruşdu.

- Mən özüm bilirəm, kimi necə cəzalandıracam, - Zabit yenə də sakit və təmkinli idi.

Zabitin səsindəki qətiyyət o birilərə də təsir elədiyindən hamı susdu.

- Nizam-intizam olmayan yerdə qələbə qazanmaq olmaz, - Zabit davam etdi. - Buna görə də bu gündən kim mənim tapşırıqlarımı yerinə yetirməsə, kim özbaşınalıq eləsə, kim qayda-qanundan kənara çıxsa, dediyim kimi, mənim tərəfimdən cəzalandırılacaq. 

Bundan sonra köhnə döyüşçülərin çoxu sakitləşsə də, vzvodda yenə də Zabiti eşitmək istəməyənlər var idi. Köhnə döyüşçülərdən biri yenə Zabit dediyinə qarşı çıxanda, gənc leytenant onu götürüb özü ilə rota komandirinin yanına apardı. Kapitan Valeh Nəbiyev özü də heç kimi saya salmayan bəzi könüllülərin əlindən zinhara gəlmişdi. Nəbiyev Politexnik institutunda yenicə dərs deməyə başlamışdı, sonra da bunu atıb cəbhəyə gəlmişdi. O, cəbhədəki vəziyyəti müzakirə etməyi, ümumiləşdirmələr aparmağı xoşlayardı.  

- Bunun adı Qarabağ müharibəsi deyil, - Nəbiyev Zabitin qaydanı pozan könüllü döyüşçü haqqında raportunu eşidəndən sonra dedi, - bunun adı Vətən müharibəsidir. Heç kim burada mənim üçün vuruşmur, hamı burada öz ata-anası, ev-eşiyi, ailəsi üçün, öz əcdadlarının qəbrini qorumaq üçün vuruşur.

Sonra Zabitin təklifi ilə bu könüllüyə belə bir cəza verdilər: üç gün mətbəxdə işləmək. 

Batalyonun, əslində, mətbəxi-zadı yox idi. Bir neçə iri asma qazan, üç-dörd yeşik qab-qacağı yerlərini dəyişdikcə bir "UAZ" maşınına yükləyib özləri ilə daşıyırdılar. Mətbəx işlərinə iki aşpaz baxırdı, ərzağa da başqa bir adam. Ərzağı batalyona kənardan gətirirdilər, bunu da ətraf rayonlardakı yerli hakimiyyət təşkil edirdi.

Beləcə, Zabit qaydanı pozanları, ona qulaq asmayanları mətbəxdə işləməyə göndərməyə başladı. Əvvəllər qab-qacağı aşpazların yanına göndərilən, batalyona təzə gələn əsgərlər yumalı olurdular. Burada belə cəza yox idi, amma Zabit bunu ilk dəfə həyata keçirəndən sonra batalyonun başqa vzvodlarında da bu cəza üsulunu tətbiq etməyə başladılar. Bir də qalırdı ayaqyolunu təmizləmək ki, bunu da əvvəllər gənc əsgərlər edirdilər. Bir azdan isə Zabit  ayaqyolunu təmizləməyi qaydanı pozan könüllülərə və çağırılan əsgərlərə daha ağır cəza kimi tətbiq etmək üçün rota komandirindən icazə aldı. Sonra da bu, bütün batalyonda yayıldı. Beləliklə bir azdan Zabit köhnə döyüşçüləri ipə-sapa yatıra bildi.

Nəbiyev batalyon komandiri təyin olunandan sonra Zabitə baş leytenant rütbəsi verərək onu öz yerinə rota komandiri təyin etdi. Nəbiyev indi də rota komandirləri ilə tez-tez məşvərət keçir, cəbhədəki vəziyyəti onlarla müzakirə edirdi.

İlin sonlarına doğru erməni tərəfində sakitlik idi, elə görünürdü ki, guya onlar tezliklə sülh danışıqlarına başlamaq niyyətindədirlər. Amma az keçmiş ermənilər Ağdam və Kəlbəcər istiqamətində hücuma keçdilər.

Zabitin rotası onun rəhbərliyi altında cəsarətlə döyüşürdü. Hər gün onlar ya neçə erməni piyadasını, ya döyüş texnikasını sıradan çıxarırdılar. Amma ümumi götürəndə Ağdam batalyonunda əvvəlki ruh yüksəkliyi yox idi. Döyüşçülər arasında müharibənin taleyinin artıq həll olunduğu haqqında dedi-qodular yenə də güclənmişdi. O biri yandan isə ticarətlə məşğul olmaq, pul qazanmaq həvəsi də batalyonda getdikcə özünü daha çox göstərirdi. Əslən ağdamlı olan döyüşçülərdən biri batalyonda səyyar satış köşkü də düzəltmişdi; siqaretdən tutmuş arağa kimi burada hər şey satırdı. Yeni batalyon komandiri döyüşçülər arasında nizam-intizamı yüksəltməyə bir daha cəhd etdi və bu köşkün də ləğv edilməsinə sərəncam verdi. Amma bundan sonra döyüşçülər siqaret, ya araq dalınca ermənilər olan tərəfə keçməyə başladılar, buna görə də az keçmiş qərara alındı ki, köşkü bərpa etsinlər. 

1993-cü ilin yanvar-fevral ayları yenə sakit keçdi. Hamı bilirdi ki, ermənilərin vəziyyəti çox ağırdır. Bütün Ermənistan əhalisi və Dağlıq Qarabağ erməniləri blokada şəraitində taxıl və yanacaq sarıdan olduqca çətinlik çəkirdilər, bir az da davam etsəydi, yəqin ki, təslim olacaqdılar. Azərbaycan tərəfin bircə, sonuncu həmləsi ilə hər şey həll olunmalı idi. Bununla belə, Azərbaycan hökuməti sonuncu həmlədən çəkindi və bir daha danışıqlar aparmağın vacib olduğunu əsas götürdü.   

Martın əvvəlində Azərbaycan tərəfin durğun vəziyyətindən və arxayınlığından istifadə edən ermənilər, yenə də Rusiyanın və İranın dəstəyinə və Qərbin havadarlığına arxalanaraq hücuma keçdilər. Kəlbəcər mühasirəyə düşdü və tez bir zamanda ermənilər tərəfindən zəbt olundu. Bu həm Azərbaycan hakimiyyətində, həm də cəbhədəki Azərbaycan döyüş qüvvələri arasında parçalanmaya gətirib çıxardı.

Aprelin əvvəlində keçirdiyi məşvərətdə Nəbiyev çox pərişan görünürdü.

- Niyə adamlarımız müharibəyə belə biganədir axı? - deyə komandir soruşdu. - Onlar qələbəyə inanmırlar? Ya onlar bizim haqlı olduğumuza inanmırlar?

- Onlar Türkiyəyə inanırlar. Türkiyəyə arxayındırlar ki, gəlib bizi erməninin, rusun əlindən qurtaracaq, - bunu deyən yaşlı bir rota komandiri idi. - Türkiyə isə...

- Türkiyə isə hələ də gözləyir, - Nəbiyev köksünü ötürdü. - Vəziyyət isə getdikcə ağırlaşır. Surət Hüseynov yenə də öz briqadasını cəbhədən çıxarmaqla hədələyir.

- Ən dəhşətlisi odur ki, Azərbaycanın özündə bu müharibə heç kimi maraqlandırmır. Çoxu çıxıb Rusiyaya gedir. Elə bil bu onların müharibəsi deyil... - bunu da deyən şuşalı bir zabit idi. - Ağdamın özündə belə dünən mənəm-mənəm deyənlərin indi hərəsi bir yana əkilib. Daha vuruşmaq istəyən yoxdur. Sabah Şuşa kimi, Ağdam da gedəndə dizlərinə döyəcəklər, amma onda gec olacaq. 

- Bizim millət bölünüb. Rusiya yönlülər bizim üçün ən böyük bəladır, - Nəbiyev təəssüflə dedi. - Sanki heç xəbərləri də yoxdur ki, onların ölkəsində müharibə gedir. Ya da Moskva nə deyir, nə göstərir, ona inanırlar. Bir də ki, harınların harın uşaqları... Bax bu biganəlik də burdan yaranır. O birilər isə deyirlər ki, biz bu harınlar və Rusiya yönlülər üçün vuruşmaq istəmirik.

Kəlbəcər erməni qüvvələri tərəfindən zəbt ediləndən sonra Ağdam üçün yaranan təhlükə getdikcə böyüyürdü. Həmin axşam bunu bir daha müzakirə edəndən, bölgədəki qüvvələr nisbətini nəzərdən keçirəndən sonra qərara alındı ki, nəyin bahasına olursa-olsun, Ağdamı saxlamaq lazımdır.

Kəlbəcər, Ağdam, Tərtər, Goranboy batalyonları yenə də cəbhənin bütün ağırlığını öz üzərlərinə götürmüşdülər. Amma cəbhə daxilində parçalanma, birliyin olmaması, döyüşçülər arasında narazılıq Azərbaycan tərəfini getdikcə zəiflədirdi.

Mayın sonunda Surət Hüseynov öz briqadasını cəbhədən çıxarıb Gəncəyə aparandan sonra vəziyyət daha da ağırlaşdı. Batalyonların bütöv vzvodları, rotaları cəbhəni tərk edir, xaos və qarışıqlıq get-gedə daha da artırdı. "Mən kimə qulluq eləyirəm?" - deyə dünənin könüllü döyüşçüləri, çağırılmış əsgərlər özbaşına mövqelərini buraxıb gedir, bununla da həmin mövqelərin ermənilərin əlinə keçməsinə bais olurdular. Xalq Cəbhəsi hökumətindən narazılıq da, ona tabe olmaq istəməyənlərin sayı da getdikcə artmaqda idi.

Zabit üçün də rotada nizam-intizam yaratmaq və onu saxlamaq getdikcə çətinləşirdi. O öz döyüşçülərini inandırmaq üçün dəridən-qabıqdan çıxır, cəbhənin buraxıb getməyin nə qədər təhlükəli olduğunu onlara başa salmağa çalışırdı. Hələ ki bu ona müyəssər olurdu; indiyə qədər Zabitin rotasından bir nəfər də olsun cəbhəni tərk etməmişdi. Amma 4 iyunda Gəncədə baş verən hadisələr onun rotasına da öz təsirini göstərdi; onun da bəzi döyüşçüləri cəbhəni tərk etdilər, o birilərin arasında isə narazılıq gücləndi.

Surət Hüseynov Gəncədə hökumət qüvvələrinin onun briqadasını tərksilah etmək cəhdinə qarşı qiyam qaldırandan sonra öz briqadası ilə Bakıya doğru hərəkətə keçəndə cəbhədəki qarışıqlıq ən yüksək nöqtəyə çatdı. Elçibəyin Bakını tərk edib getməsi xəbəri yayılandan sonra isə Azərbaycan hərbi qüvvələri az qala iflic vəziyyətinə düşdülər: onlar indi elə bil, hətta kimin üçün, nə üçün, kimin tərəfində vuruşmalı olduqlarını belə bilmirdilər. Heydər Əliyevin yenidən ölkədə hakimiyyətə qayıtmasına  çoxları ümidlə baxırdı: deyirdilər ki, o, böyük təcrübə sahibidir və tezliklə vəziyyəti düzəldəcək.   

Ağdam batalyonunun sıraları seyrəlmişdi, Zabitin rotasında qalanların sayı o birilərə nisbətən çox olsa da, onun döyüşçülərini də ruh yüksəkliyi, döyüşmək həvəsi çoxdan tərk etmişdi. İyulun əvvəllərində bütün Ağdam batalyonu, erməni tərəfin həmləsinə davam gətirməyib geriyə çəkildi. Döyüşlər artıq Ağdam şəhərinin qarşısında gedirdi, bir addım da geriyə çəkilsəydilər, düşmən şəhərin özünə həmlə edə biləcəkdi. Erməni hərbi qüvvələri Ağdamı hər tərəfdən halqaya alaraq şəhərin üzərinə od yağdırırdılar. Əhali arasında ölənlərin, yaralananların sayı getdikcə çoxalır, Azərbaycan silahlı dəstələrinin isə döyüş və müdafiə   qabiliyyəti getdikcə zəifləyirdi. Mərkəzdən isə demək olar ki, kömək yox idi: hakimiyyət uğrunda gedən mübarizə getdikcə şiddətlənir, cəbhə isə sanki daha heç kimin yadına düşmürdü. Moskva ermənilərin əliylə Azərbaycanı diz çökdürmək planını həyata keçirməyə çalışır, ermənilərdən başqa, ayrı-ayrı etnik qrupları ölkənin əleyhinə çıxış etməyə də sövq edirdi. Həm də deyirdilər ki, İran da Azərbaycanın birləşməyə meyil edəcəyindən qorxuya düşüb və nə vaxtdan bəridir ermənilərə taxılla, silahla kömək edir. Azərbaycan isə nəinki təklənmiş, hətta parçalanmaq təhlükəsi qarşısında qalmışdı.

İyulun 14-də ermənilər böyük bir qüvvə ilə Ağdamın üzərinə hücuma keçdilər. Erməni qüvvələrinin mühasirə halqası nəticəsində digər batalyonlardan ayrılmış Ağdam batalyonunun hələ sağ qalmış, qaçıb-dağılmamış hissələri şəhər uğrunda yenidən döyüşə girdilər.

Komandir Nəbiyev silahlanıb səngərə gəldi və Zabitin yanında özünə yer eləyib dedi:

- Zabit, vəziyyətimizin nə qədər ağır olduğunu bilirsən. Biz heç kimin yadına düşmürük, hamı hakimiyyət uğrunda, var-dövlət uğrunda mübarizəyə girişib. O biri batalyonlardan ermənilər bizi təcrid edib və böyük bir qüvvə ilə üzərimizə hücuma keçiblər. Xeyli rus döyüş texnikası da onların sərəncamındadır. Bizim bu hücumun qarşısını almaq imkanımız yoxdur. Amma biz sona qədər vuruşmalıyıq, ən çox ümidim isə sənin rotanadır. Az-çox burada intizam yaradıbsan, səni eşidirlər. İnanıram ki, sənin rotan axıra kimi vuruşacaq, mən də axıra kimi sizinlə qalacam. Bizim daha xilas olmaq, Ağdamı qorumaq imkanımız yoxdur. Ağdam gedəcək, özü də tezliklə. Amma əsas odur ki, onun uğrunda son nəfəsə qədər vuruşmuş adamlar olsun. Belə olanda sabah hökmən kimlərsə Ağdamı azad etmək istəyəcək.

Zabit dedi ki, öz rotasındakı döyüşçülərin axıra qədər vuruşacaqlarına heç bir şübhəsi yoxdur. Mayor Nəbiyev Zabiti qucaqladı:

- Mən belə də bilirdim, Zabit, belə də bilirdim... Hə, bir də sən daha baş leytenant deyilsən.  Sənə indicə kapitan rütbəsi verilməsi haqqında sərəncamı imzaladım. Sən rotanın komandiri olaraq qalırsan, amma indi həm də batalyon komandirinin müavinisən. Düzdü, bu sərəncamları qərargaha göndərmək imkanım yoxdur, amma bəlkə sonradan bu sərəncamları kimsə o biri sənədlərin içində tapdı.  

Zabit yenə də heç nə demədi, Nəbiyev isə onu bir də qucaqlayıb kürəyini döyəclədi.

Zabitin rotasındakı könüllülərin arasında Səkinə və Validə adlı iki qız da döyüşürdü. Vəziyyət pisləşəndən sonra onları dəfələrlə ötürmək istəmişdilərsə də, qızlar razı olmamışdılar.

Əvvəllər könüllülərin arasında qızlar çox idi; onlardan döyüşlərdə həlak olanı da oldu, yaralanıb geriyə gedəni də. Amma çoxu ara qarışandan, cəbhədə ümidsizlik yaranandan sonra geriyə döndülər. O qız döyüşçülərin içərisində çoxu namuslu qızlar idi, bəzən əsgərlərdən biri ilə aralarında gözəl məhəbbət macərası baş tutardı, bəziləri, hətta geriyə dönüb evlənər, sonra yenə cəbhəyə dönərdilər. Amma qız döyüşçülərin arasında yüngül xasiyyətli olanları da var idi. Bu sonuncular bir döyüşçü ilə yox, bir neçəsi ilə eyni vaxtda münasibət qururdular, bəziləri isə hətta kiminlə gəldi yatağa girməyə hazır idilər. Zabit də rotaya başçılıq edəndən oradakı belə bir qızı geriyə göndərməkdən başqa yol görmədi.

Əslində, heç vəchlə cəbhəni tərk edib getmək istəməyən Səkinə idi, bunun da səbəbini tək rəfiqəsi Validə bilirdi. Səkinə öz komandirinə - Zabitə məftun idi. İmkan olduqca qızlar öz aralarında xısınlaşır, Zabitin məziyyətlərini müzakirə edirdilər. Onun mərdanə davranışı, hər hərəkətinə, hər sözünə diqqət etməsi qızları heyran edirdi. Amma Səkinə həm də sevgisinin cavabsız qalmasından çox xiffət edirdi. Rəfiqəsi bunu görür, hər dəfə onu bir yolla ovutmağa çalışırdı.

- Səkinə, da bu nə qədər olar axı! Görürsən ki, o susur, sən özün ürəyini aç de də oğlana... - deyə Validə bir dəfə dözməyib qızı qınadı.

- Yox, Validə, mən bunu eləyə bilmərəm. 

- Eləyə bilmərəm nədi, özünü gərək bir dəfə məcbur edəsən...

- Yox! Yox!.. Mən buna özümü məcbur eləsəm də, Zabit bundan xoşlanmayacaq. Sən özün də bunu bilirsən axı...

- Ay qız, onsuz da heç bilinmir ki, biz bu qada-baladan, bu oddan-alovdan sağ qurtara biləcəyik, ya yox. Sən nəyin hayındasan? Da indi də Zabitə demiyib, nə vaxt deyəcəksən? Vallah, gedib özüm deyəcəm ona məsələnin nə yerdə olduğunu...

- Yox, Validə, yox, belə şey eləmə, sən Allah...

- Gedib onda kamandirə deyəcəm.

Rəfiqəsinə baxanda Validə daha cəsarətli və ötkəm qız idi, həm də açıq davranmağı xoşlayırdı. Bu davranışına görə qızı yüngül hesab edib ona söz atan əsgərlərin də cavabını lazımınca verərdi. Bəzən də ona sataşana elə söz tapıb deyərdi ki, həmin adamın dəymişi dura-dura kalı tökülərdi.

Validə həmin gün imkan tapıb özünü Nəbiyevin səyyar qərargahına saldı.

- Kamandir, səninlə qısa bir söhbətim var, olar? - qız onu tək görüb daha da ürəkləndi.

- Hə, buyur, Validə, buyur, - Nəbiyev onu həmişəki kimi gülərüzlə qarşıladı. - Hə, bilirəm, Səkinə ilə ikiniz qalıbsınız qızlardan. İstədiyiniz vaxt geriyə gedə bilərsiniz. Uşaqlardan da bir neçəsini qoşacam, sizi ötürsünlər...

- Yox ey, kamandir, ona görə gəlməmişəm. Məsələ başqa məsələdi...

- Hə, nə məsələdi, de görək onda. Amma bir az tez elə, çünki on dəqiqədən sonra məşvərət başlayacaq.   

- Kamandir, bu Səkinə var ha, sənə açığını deyim ki, onun quşu qonub...

Texniki sahənin adamı olan Nəbiyev Validənin burada sözünü kəsib, onun dediyini dərhal başqa tərəfə yozdu:

- Ay qız, o nə quşdu elə? Bu vurhavurda elə bircə quşumuz çatmırdı. Bura quşbazlıq yeri deyil, evə qayıdandan sonra istəyirsiniz lap dəvəquşu saxlayın, sizə söz deyən kimdi, amma indi bunun vaxtı deyil...

- Yox ey, kamandir, nə quşbazlıqdı salıbsan, onu demirəm... Sən nə dilbilməz adamsanmış!  

- Bəs nəyi deyirsən onda? Tez elə, sözünü de, indi məşvərət başlıyır...  

- Başlasın da, nə olar! Kamandir, sənə gərək adam hər şeyi açıq deyə, yoxsa heç nə başa düşmürsən... Sözümün canı odur ki, Səkinə Zabiti sevir...

- Sevsin də, yaxşı, mənlik nə var burda?

- Qız özü ona deyə bilmir, Zabit də özünü elə aparır ki, guya heç nə görmür. Bəlkə sən ona deyəsən, kamandir, nə olar?

- Ay qız, mən ona axı belə şeyi nə təhər deyə bilərəm? Desəm də o heç qulaq verməyəcək. Zabitin xasiyyətini özün də bilirsən...

- Kamandir, yenə gör neyniyə bilirsən... Qız yazıqdı, çox əziyyət çəkir...

- Dedim axı sənə sözümü... İndi məşvərət başlıyır, qayıt get yerinə...

Amma Validə komandirin yaxasından belə asanlıqla əl çəkən deyildi. Bundan sonra da neçə dəfə Nəbiyevin yanına gedib dediyində təkid elədi. Nəbiyev də axırda məcbur olub Zabitlə bu barədə danışacağına söz verdi.

- İşlər, deyəsən, düzəlir, Səkinə! - Validə rəfiqəsinə bunu tələsik xəbər verdi. - Görək onun sözü bundan sonra nə olacaq...

Fəqət, Nəbiyevdən sevindirici bir xəbər gəlmədi və o, Validə bir də qərargaha gələndə qıza belə dedi:

- İmkan eləyib Zabitdən soruşdum ki, istədiyi qız, gözaltısı - filan varmı. Amma nə qədər elədimsə də, bunu neçə dəfə təkrar-təkrar soruşdumsa da, sualıma cavab vermədi, hər dəfə ortaya başqa mövzu gətirdi. Yox, Validə, bağışla, mənim bu işdən heç gözüm su içmir. O adam bu cür söhbətləri qəbul eləmir, vəssalam.  

Validə bilirdi ki, Nəbiyev evlidir, arvadını və iki körpə uşağını Bakıda qoyub cəbhəyə gəlib. İstədi indi söhbəti dəyişib ailəsini soruşsun, amma kişinin bağrını qan eləmək istəmədi və sağollaşıb çıxdı. Nəbiyev də qız çıxandan sonra istər-istəməz fikirləşdi: "Görəsən, bunun özünün ürəyindəki kimdir? Yoxsa bu özü də...".

- Bu zalım oğlu lap dağdan, dəmirdən imiş ki! Ona heç nə kar eləmirmiş, - Validə Nəbiyevin yanından qayıdandan sonra Səkinəyə Zabitdən şikayət elədi. - İndi qalır bircə yol: sən gərək birbaşa özün ona deyəsən, yoxsa xeyri olmayacaq. 

Səkinə heç nə deməyib dalğın nəzərlərini yenə uzağa zillədi və yüngülcə köks ötürdü.

Həmin gün, yəni iyulun 14-də Zabitin rotasındakılar və o biri rotalardan qalanlarla bir yerdə Ağdamı yetmiş nəfər müdafiə edirdi. Düşmən Ağdamı hər tərəfdən mühasirəyə almış, yüksəklikləri ələ keçirmişdi. İndi də şəhəri və onun sonuncu müdafiəçilərini toplardan, pulemyotlardan, qrad qurğularından aramsız atəşə tuturdu. Şəhər əhalisi artıq evakuasiya edilmiş, sərgərdan itlər, pişiklər belə qaçıb gizlənmişdilər. Ermənilər isə həmləni davam etdirirdilər. Zabit qalan döyüşçülərin bütün hərəkətlərinə rəhbərlik edirdi, Nəbiyev ancaq arabir işə qarışır, Zabitin etdiklərini və göstərişlərini təqdir edirdi. Zabitin başçılığı altında onun döyüşçüləri üstlərinə gələn iki tankı, bir BTR-i vurmuş, neçə-neçə düşmən əsgərini də öldürmüşdülər. Amma özləri də çox itki vermişdilər; axşama doğru aralarında ölənlərin və yaralananların sayı artıq yarıya çatmışdı.

Cəmisi iyirmi nəfər döyüşçü qalanda onlardan bir neçəsi Zabiti və Nəbiyevi inandırmağa çalışdılar ki, təslim olmaq lazımdır. Zabit bunu qətiyyətlə rədd etdi:              

- Bir qaşıq qan nədi ki, ondan ötrü ermənilərə təslim olaq?

Nəbiyev də onun dediyinə qüvvət verdi:

- Bax, fikirləşin, - dedi. - sabah bizim övladlarımız bu döyüş haqqında eşidəndə, ondan xəbər biləndə nə düşünəcəklər? Biz indi ermənilərə təslim olsaq, buna görə bütün gələcək nəsillər utanacaq, amma axıra kimi döyüşsək, bu onlar üçün həm qürur mənbəyi olacaq, həm də nümunə. Çünki vaxt gələcək, Ağdamı da, Qarabağı da onlar azad edəcəklər.

Sonra yenə də təklif oldu ki, Səkinə ilə Validəni ötürmək lazımdır, getsinlər, bu oddan-alovdan qurtarsınlar. Amma qızlar yenə də qalmaqda israr etdilər.

Validə, arada bir az sakitçilik olanda, rəfiqəsini dilə tutub ona Zabitə çatdırmaq üçün qısa bir sevgi məktubu yazdıra bilmişdi. Sonra da özü bu məktubu zərfə qoyub, üstünə də "batalyon komandirin müavini Zabit Səlimova" yazmışdı. Validə səngərdə yanında dayanmış əsgərə bu zərfi verib dedi:

- Bunu ötürmək lazımdır Zabitə. Çox vacib, həm də məxfi məktubdur.

Zabitlə aralarında on əsgər olardı, onlar da, rota komandirinə çatdırmaq üçün məktubu bir-birinə ötürməyə başladılar.

Nəhayət, yanında səngərə yatmış əsgər məktubu Zabitə uzadıb dedi:

- Kamandir, sənə məktub göndəriblər. 

Zabit məktubu alıb açanda yenə erməni tərəfdən mövqeləri atəşə tutulmağa başladı. Elə güllələrin, mərmilərin altında səngərə sinib, tez məktubu oxudu: "Zabit, ola bilsin ki, biz bu od-alovdan sağ çıxa bilmədik. Buna görə də sözümü sənə deməyi vacib bilirəm. Bir qız kimi bunu etiraf etmək mənə nə qədər çətin olsa da, yenə istəyirəm ki, biləsən: mən səni sevirəm! Səkinə".

Səkinə əsgərlərin yenə ötür-ötürlə geri gətirdiyi cavab məktubunu oxuyanda ətrafı yenə də atılan güllələrin, partlayan mərmi və qumbaraların gurultusu başına götürmüşdü.

- Gördün, Səkinə? Dedim sənə özünə məktub yaz. Hə, nə yazır? - Validə od-alovlu qasırğanı unudub rəfiqəsindən maraqla soruşdu.

- Belə yazıb: "Sıravi döyüşçü Səkinə Qurbanovaya. Döyüşdə göstərdiyiniz fədakarlığa, şəxsi igidliyə və dözümə görə Sizə batalyon komandirinin adından minnətdarlıq elan edirəm. Batalyon komandirinin müavini kapitan Zabit Səlimov". - Səkinə birnəfəsə oxudu. 

- Ay-ay-ay! - Validə yanıqlı-yanıqlı dedi. - Bu zalım oğlu ölüm-dirim anında da bildiyini babasına vermir. Sən də adam tapdın sevməyə... 

Yenə də yaxınlıqda partlayan mərmilərin gurultusu qızı sözünü yarımçıq kəsməyə vadar etdi.

- Sizi görüm!.. - Validə bunu deyib yenə də avtomatından ermənilərin mövqeyinə tərəf atəş açdı.

Səkinə də ondan geriyə qalmadı...

14 iyuldan 15 iyula keçən gecə erməni qüvvələri Ağdamı zəbt etdilər, amma bunu onlar ancaq şəhərin müqavimət göstərən sonuncu döyüşçülərini öldürəndən sonra edə bildilər. Hətta bundan sonra da bir neçə erməni tankı və döyüşçüsü sonuncuların şəhərin girəcəyində düzdüyü minalara düşüb partladı... 

...Ənvər müəllimin həyəti həmin günü adamla dolu idi; həyət durmadan dolub-boşalır, hər tərəfdən ona oğlunun həlak olması münasibətilə başsağlığı verməyə gəlirdilər. Kişi elə bil neçə il qocalmışdı, amma yenə də özünü tox tuturdu. Yasa gələnlərin isə bəziləri öz aralarında pıçıldaşırdılar:

- Buna bax, tək oğlunu itirib, amma elə bil heç vecinə də deyil.                                                    

Ənvər müəllim isə həyətin ortasında dayanıb gəlib-gedənə oğlundan, onun xasiyyətindən və əməllərindən danışır, arada Zabitin dediklərindən, danışdıqlarından misal gətirirdi.

Bakı, 1994

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!