Bir də olmaz... - Qəni Camalzadə - hekayə

 

Bəyalı müəllim evə tələssə də, söz verdiyi kimi, Şirnəli müəllimi məktəbin foyesində gözləməli oldu. İkisi də qəsəbənin qurtaracağında yaşayırdı. Eyni vaxtda torpaq sahəsi götürüb ev tikmişdilər. Əvvəllər işdən eyni vaxtda çıxar, söhbət eləyə-eləyə geri qayıdardılar. Amma axır vaxtlar qrafikləri uyğun gəlmirdi.

Günü-gündən genişlənən qəsəbənin birmərtəbəli orta məktəbində tədris iki növbədə keçirilirdi. Artıq saat beş idi, dərs otaqları boşalmışdı. Bircə Şirnəli müəllim sinifdən çıxmaq bilmirdi. Nəhayət o, yekə çantası əlində foyedə göründü. Üzrxahlıqla sağanağı iri eynəyini barmağı ilə burnunun üstünə qaldırıb üzünü Bəyalı müəllimə tutdu:

- Səni yaman gözlətdim... - dedi və ardıyca dəhlizə tökülüşən şagirdlərinə mehribanlıqla baxıb əlavə etdi. - Neynəyim, buraxılış sinfidi, hər gün bir saat, yarım saat əlavə vaxt ayırıram ki, imtahanlarda çətinlik çəkməsinlər...

Həyata baxışlarının müxtəlifliyi dostluqlarına mane ola bilmirdi. On beş il idi ki, eyni məktəbdə çalışırdılar, riyaziyyatdan dərs deyirdilər.

İnstitutu bir vaxtda qurtarmışdılar. Hətta dörd il eyni yataqxanada bir otaqda qalmışdılar. Dostluqları o vaxtdan başlamışdı, indi də davam edirdi.

Onlar məktəbdən çıxdılar. Bəyalı müəllim həmkarına sataşdı:

- Ölürsən də havayı hamballıq eləmək üçün, - dedi. - Ay zalım, enerjin çoxdu, beş-on uşaq götür hazırla, əlavə pul qazan da!..

Şirnəli müəllim, həqiqətən də özünü oda-közə vuran köhnə pedaqoqlardan idi. Böyük dərs yükü vardı.  Bütün günü məktəbdə itib-batırdı. Dərslərdən sonra məşğələlər aparırdı. Tələbkarlığı ilə qəsəbədə ad çıxarmışdı. Bəzən əndazəni aşırdı, tənbəllik edən şagirdlərə yüngül qulaqburması da verirdi.

Şirnəli müəllimdən fərqli olaraq, Bəyalı müəllim öz peşə vəzifəsinə barmaqarası baxırdı. Yarımştat dərs yükü götürmüşdü. Qalan vaxtını evdə repititorluq edir, şagirdləri ali məktəbə hazırlayır, babat pul qazanırdı.

Şirnəli müəllim dostu ilə mübahisə eləmədi, bilirdi ki, həmişəki kimi uduzacaq. Tələsik dilləndi:

- Hələ bir dayan, səninlə ayrı söhbətim var, - deyə ərklə onun sözünü kəsdi. Sonra başına gələnləri ətraflı danışdı: - Hər gün hasardan həyətimizə torba-torba zibil atırlar. Qonşulardan kimdisə mənə yaman mərdimazarlıq edir. Heç bilmirəm neynəyim? Bu işdə sənin məsləhətin mənə lazımdır.

Bəyalı müəllim heyrətdən fit çaldı:

- Paho! Bəs, indiyə qədər niyə susurdun?         

- Sənə deyəcəkdim. Gözləyirdim görüm işin axırı nə olacaq? Fikirləşirdim ki, görəsən, zibil atan usanacaqmı?! - deyə Şirnəli müəllim izah elədi. - Amma görürəm yorulub eləmir...

Bəyalı müəllim artıq seyrəlmiş sarışın saçlarını barmaqları ilə geri daraqladı, dəqiqləşdirməyə çalışdı:

- Yəqin ki, yol tərəfdən atırlar...

- Hə, əlbəttə... - Şirnəli müəllim təsdiqlədi. - Axşam hava qaralandan sonra atırlar. Hər səhər ağaclardan bir qədər uzağa yığıb yandırıram, o biri gün yenə atırlar.

Bəyalı müəllim yanakı dostuna baxdı, burnunu qırışdırdı:

- Təklifin nədir? - Soruşdu. - Sənə nə köməyim dəyə bilər?

Şirnəli müəllim fikrini əsaslandırmağa çalışdı:

- Bilirsən, dostum, sənin evin elə yerdə yerləşir ki, eyvanından yolu da, oradan keçənləri də aydın görmək olur. Qapın da düz yola açılır. Əziyyət də olsa, gərək bu zibil atanı güdəsən...

Bəyalı müəllim addımını yavaşıtdı, boynunun ardını qaşıdı:

- Neynək, güdərəm! - dedi, sonra zarafatla sözünü bitirdi. - Öz aramızdı, dost yolunda zibilə düşmək buna deyirlər də.

Dostlar gəlib mənzilbaşına çatanda payız günəşi batmışdı, ətrafa toranlıq düşmüşdü. Şirnəli müəllim Bəyalıdan ayrılanda onu işə saldığına görə dil-ağız elədi.

Şirnəli müəllim şam yeməyindən sonra iri çantasından iki-üç dəftər çıxartdı, qabağına qoydu. Arvadı çay gətirdi, oğlanları hərəsi mənzilin bir tərəfinə çəkildi. Bilirdilər ki, atalarına mane olmaq olmaz. O, işini qurtaranda saat səkkizi vururdu. Dəftərləri yığışdırdı. Əzalarının keyini açmaq üçün həyətə düşdü. Qaranlıq düşmüşdü, artıq göz-gözü görmürdü. Bayır işıqlarını yandırıb bir o başa, bir bu başa getmişdi ki, darvazanın zəngi vuruldu. Gedib qapını açdı. Darvazanın üstündə asılmış lampanın zəif işığında dostunu görüb geri çəkildi:

- Gəl içəri, orada niyə dayanmısan? - soruşdu və təklifini etdi: - Gedək, çay içək.

Bəyalı müəllim dişini ağartdı:

- Çay vaxtı deyil. Həyətinə zibil atanı tutub gətirmişəm hüzuruna, - deyə arxasında gizlənməyə çalışan bir uşağın gödəkçəsinin boynundan tutub işığa çıxartdı. - Tanış ol, zibil atan "igid" budur.

Şirnəli müəllimin koruş gözləri eynəyinin altında parıldadı. Fəhmlə soruşdu:       

- Bu uşaq Aslan kişinin ortancıl oğlu deyil?

- Özüdür ki, var. Adı Feyruzdu. Yeddinci "B"də, mənim sinfimdə oxuyur. Kiçik qardaşı da sənin "V" sinfindədir. Bu qırışmal bir bəladı, gəlib düşüb məktəbimizə. Bir yerdə oturmaqla arası yoxdur, düz divara dırmaşır, - deyə Bəyalı müəllim güldü, sonra sinəsinə döydü. - Cinayətkarı iş başında yaxalamışam. Aradan çıxmağa macal eləmədi, özümü çatdırdım.

Şirnəli müəllim adətkərdə hərəkətlə eynəyini düzəldib mehribanlıqla soruşdu:

- Firuz bala, sənə neynəmişəm ki, həyətimi zibilxanaya çevirirsən? Səbəbi nədir?

Firuz dinmədikdə Bəyalı müəllim çımxırdı:

- Ədə, səndən söz soruşurlar, axı.

Uşağın yenə susması Bəyalı müəllimi yaman hirsləndirdi:

- Şirnəli müəllim, tut bunun qolundan, qaçmasın, - dedi. - Gedim bunun atasını çağırım bura. Bu yerdə Firuzun dili açıldı. Hönkürə-hönkürə dedi:

- Qurban olum, Bəyalı müəllim, atama demə. Bilsə məni öldürəcək.

Aslan qəsəbədə tanınmış şəxslərdən idi. Qəssablıq edirdi. Kiçik bir ət mağazası vardı. Peşəsindən irəli gəlirdi, ya təbiəti belə idi, bilmək olmurdu, çox sərt adam idi, qonum-qonşu ilə tez-tez dalaşar, heç yerdən qalmaqal salardı. Pis xasiyyəti ailə içində daha bariz görünürdü. Evində lap fironluq edirdi. Böyük oğlu başıhavalı gəzirdi. Deyirdilər ki, onu Aslan döyə-döyə o günə qoyub.

Bəyalı müəllim yumşaldi:              

- Yaxşı, atanı çağırmarıq, - dedi. - Amma etdiyin qələtinin səbəbini gərək deyəsən. Hə, de, görüm.             

Uşaq dirənə-dirənə dilləndi:               

- Şirnəli müəllim mənim kiçik qaqaşıma həmişə iki yazır, qulağını dartır...                

Bəyalı müəllim özündən çıxdı:             

- Ədə, kişik qardaşın da sənin kimi avaradı da, oxumur da. Şirnəli müəllim neynəsin ona? Yaxasından medal assın? - Qeyzlə soruşdu. - Bunun hikkəsinə bir bax! Yox, səni Aslana tapşıracağıq, qoy, dərsini atan versin.           

Firuz yenə hönkürdü. Yalvarışla:                        

- Vallah, daha eləmərəm...

Şirnəli müəllimin uşağa yazığı gəldi. Tələsik Bəyalı müəllimdən xahiş elədi:

- Burax, getsin, - dedi. - Görürsən, deyir ki, daha eləmərəm.

Bəyalı müəllim tir-tir əsən uşağın yaxasını boşladı:

- Yaxşı, daha bir də belə eləmə, - ciddi tapşırdı.

Firuz canını qurtardığına inanmırmış kimi bir an duruxdu, sonra birdən götürüldü, qaranlığa qarışdıqda Bəyalı müəllim təəssüfləndi:

- Gərək atasını çağıraydıq, - dedi. - Bu ona dərs olardı.

Şirnəli müəllim gülə-gülə:

- Ay dost, bilirsən ki, Aslan hirsli adamdı, vurub uşağı şikəst eləyər. Biz də bir zibildən çıxıb başqa zibilə düşərdik...

Bəyalı müəllim sadəqəlbli dostu Şirnəlilə razılaşmalı oldu, gülümsədi. Təbəssümlə də ayrıldılar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!