Daxma... Yağış...və... Ümid... - Telman Bayramoğlu - hekayə

 

...Yenə təbiətin üzü tutulub. Dünəndən qaşqabağı heç açılmır; küsülü kimi görünürdü.Göydəki buludların rəngi gün ərzində qaralıb üşüyürmüş kimi bir-birini bərk qucaqlayıb yerə boylanırdı. Dünyanın dərdi uşaqların vecinə deyildi, xəzəllərin yerə xalça kimi döşəndiyi həyətdə sarı heyvanı cır-cındıra büküb növbə ilə təpikləyib çığırışırdılar. Onlardan yaşca balaca qızcığaz da cingiltili səsi ilə qardaşlarına qoşulub baş barmağının corabın ucundan göründüyü ayağını top deyilən heyvaya vurmaqdan zövq alırdı.

Uzaqlarda bir anlığa görünüb buludların arasında yox olan şimşəyə baxan nənə onları evə çağırdı. Bir-birinin ardınca eşidilən göy gurultusu məcburən də olsa uşaqları sevimli oyundan ayrılmağa vadar etdi. Qapı ağzındaca corablarını soyunub şən əhvalda evə girəndə gurultuların səsi çoxaldı. Anası tərə batmış nimdaş köynəklərini çıxarıb yenisini geyindirəndə dodaqaltı deyintisindən də qalmadı.

- Günümüzə bax, bunların tayları məktəbdə dərsə gedir, mənimkilər də top qovur.

- Atam gəlsin, gedək də. - Balaca qızcığaz dil-boğaza qoymadı.

Nənə isti sobanın ətrafında bardaş qurub yerdəki kiçik və rəngbərəng daşları əllərində atıb-tutan nəvələrinə baxdı.

- Ağıllı balam, dur balaca qazanı sandığın üstünə qoy. Yağış yağacaq indi.

Nəvələrinin içində hamısından yaşca böyük uşaq başını qaldırıb ətrafa baxdı, ufuldayıb: - Ay nənə, göy guruldayan kimi yağış yağmır ha, - deyib könülsüz halda oyundan ayrıldı, divarın yanına qoyulmuş yöndəmsiz stolun örtüyünü qaldırdı. Nənəsinə baxıb

- Bunu qoyum, yoxsa... - dedi.

Dəmir çarpayıda saçını darayan anası ona gözucu nəzər saldı.

- Yox, böyüyü apar, birdən səhərə qədər yağar yağış.

- Ay nənə, atam gələndə...

Bir anlığa evə sakitlik çökdü. Balacalar əl saxlayıb analarına baxdı. O isə dəmir çarpayıda oturmuş nənənin saçlarını qaydaya salırdı. Göy gurultusundan sonra qəfil çöldə qəribə xışıltı eşidildi və dəqiqələr sonra bu səs şıdırğı yağışın xəbərçisinə çevrildi.

Bunu gözləyirmiş kimi çarpayının qarşısını kəsdiyi taxta pəncərənin çatlamış şüşələrinin arasından su damcıları içəri axdı. Balacalar stolun altına cumdular. Bir-birinə toxunub oraya üst-üstə yığılmış qab-qacağı daxmanın tavanından axan su damcılarının altına qoydular.

- Burdan yağır, bura qoy...

- İndi də burdan düşdü yağış...

- Böyük qazanı gətir...

Uşaqların səsi yağışın damcılarını üstələyirdi.

- Sakit olun... - Anası acıqlandı onlara.

Ani səssizlikdən sonra uşaqlar yenə çığırışdı. Hətta əlindəki stəkanı damcının altında düz saxlaya bilməyən uşaq, bir neçə dəfədən sonra yağışın düşdüyü yeri tapa bildi. Anası mehribanlıqla dilləndi.

- Yerə qoy, əlində saxlama, yorularsan.

Qız onun yanında dayandı.

- Stəkan balacadır axı...

Böyük qardaş güldü.

- Buna bax da, ağlına gəlmədi yekə ləyən qoyasan.

- Bura ləyən sığır?.. - Uşaq etiraz etdi. - Görmürsən əldə tutmasam, yükün böyrünə düşəcək.

Anası diqqətlə baxdı. Damcı yük dedikləri yorğan-döşəyin üstünə çəkilmiş ağ örtüyün kənarlarını isladırdı. Ora nə qazan qoymaq olurdu, nə də ləyən.

Otaqda damcı səsləri bir-birinə qarışdı; şıdırğı yağışın damcıları içəridə düşdüyü qablarda qəribə səs çıxarıb musiqi ahəngi yaradırdı. Hətta anası darağı nənəsinin başına sancıb qabların yerə düzülməsinə özü nəzarət etdi. Gah yükün üstündə, gah çörək qoyulmuş ləyənə düşən hər bir damcı içəridə qarğaşa yaradır, sevinc və həyəcan dolu səslərlə müşayiət olunurdu. Balaca qız aşsüzəni stolun altından çəkib anasına baxdı.

- Bunu hara qoyum?

Anidən səssizlik yarandı. Sonra böyük qardaşı aşsüzəni dartıb sobanın üstündə saxladı.

- Bunu əlində saxla, sobanın üstünə su düşməsin.

Daxmanı gülüş səsi bürüdü. Hətta içəri düşən hər bir damcıdan hər dəfə üzü tutulan nənə də gülümsədi.

İstisi adamın iliyini isidən sobanın üstünə düşən damcı "cızzz" səsi çıxarıb anidən buxara çevrildi. Sonra ikinci, üçüncü damcı. Balaca qız qardaşının sözünə baxıb aşsüzəni sobanın üstündə saxlasa da, damcılar onun içindən süzülüb yanar cobanın üstünə yayılırdı. Tavandan düşən damcıların sobanın üstündə buğa çevrilməsini görən qız qəfildən aşsüzəni üstünə qoyub əlini çəkdi. Qardaşların gülüşünə fikir vermədən nimdaş, saçaqları çıxmış palazın üstündə oturub tavana baxdı. Anası qızını çağırdı.

- Ora sudur, gəl çarpayıda otur.

Daxmanın döşəməsinə sərilmiş və rəngi getmiş palazın bəzi cırıq yerlərindən pambıq yığmaq üçün istifadə edilən iri kisələrin kəsilərək sərildiyi üzə çıxsa da, evdə soyuqluq vardı. Odun sobası döşəmədən çox, divarları və onun bərabərində olan yerləri qızdırırdı. Divarın müxtəlif yerlərindən süzülən damcılar torpaq döşəmədə üzə çıxıb göz deşirdi.

- Ay nənə, baaax... ordan su axır. - Nəvəsinin cingiltili səsindən diksinib əli ilə göstərdiyi yerə baxanda əlacsızlığını anladı, kövrəldi.

Yerə o qədər ləyən-qazan düzülmüşdü ki, balaca daxmada hərəkət etmək olmurdu. Köməyinə qardaşı çatdı. Qollarından tutub anasının yanına qaldırdı. Yağış yağan kimi bircə damcı suyun düşmədiyi dəmir çarpayı onların yeganə qorunduğu yer idi. Nənəsi yalnız yağış yağanda onların bu dəmir çarpayıya çıxmalarına icazə verirdi. Çünki balıncın altı nənəsinin onlar üçün saxladığı rəngbərəng konfet və meyvələrlə dolu olardı. Bu dəfə də adətinə xilaf çıxmadı nənəsi. Anası ilə göz-gözə gəlib əlini balıncın altına atdı.

Uşaqlar sevdikləri konfet və meyvə payını alıb içəridəki qabları saymağa başlayanda anasının nəzərləri pəncərədən görünən həyətə dikildi. Həyət qapısı buradan daha aydın göründüyündən, nənəsi evdə olmayanda uşaqlar dəmir çarpayıdan yollara baxar, gəlib- keçəni sayardılar.

- Divar da su oldu...

Anası narahatlıqla oğlunun göstərdiyi yerə baxdı.

- Biz harada yatacağıq bu gecə. Hər yerə ləyən düzülüb.

Nənəsi qəhərləndi:

- Yağışdır da... axşamatan çayın qırağından çəkilmirsiz.

Anası da ona qahmar çıxdı:

- Yağıb-yağıb bir azdan dayanacaq.

Qəfildən uşaqların yaşca böyüyü dilləndi. 

- Atam bizi aparmağa gələndə...

Nənəsi dodaqaltı deyindi.

- Bunun atasına bax.

Sonra da üzünü yana çevirdi.

- Pul xərcləməsin deyə, külfəti evdən qovur. Hələ bir gəlib mənə ev düzəldəcək...

Bacısı yenə araya girdi. Onun qırış basmış əlini silkələdi.

- Nənə... nənə, gedək evimizə.

Qardaşı sözünü yarıdan kəsdi.

- O ev atamındır. Hər kəs öz evində yaşayır.

Qız nəvəsi razılaşmadı.

- Nənəm qonaq qalacaq.

- Onsuz da hamı bu dünyada qonaqdır. - Nənə kövrəldi. - Bircə sizin yaxşı gününüzü görsəydim. - Sonra köksünü ötürdü. - Belə ata ilə çətin yaxşı gün görəsiz.

Bir anlıq səssizlikdən sonra nənə qız nəvəsinin şirin danışığından gülümsədi.

- Düşmə yerə, ayağın su olar.

Sonra çarpayıdan sallanan nəvəsini bağrına basıb yanıqlı səslə layla dedi.

- Başsız qalmış nənənin dərdi çoxdur, mənim balam. Dörd qızım uçub getdi, qaldım bu daxmada kimsəsiz. Arada yada salıb yanıma gələndə eynim açılır. Yoxsa bütün günü lal-dinməz gözüm yollara dikilir.

- Bizi gözləyirsən, nənə?

Bu dəfə uşaqların ortancılı nənəsinin qucağında özünə yer eləmək istəsə də, qız nəvəsi daha da qısıldı nənəsinə.

- Sizdən başqa məni kim yadına salır ki... Ani susqunluqdan sonra qızına baxdı.

- Ay Qənifə, fikir vermə onlara. Qulağım eşidə-eşidə mənə dedi ki, qardaş, bunun biri iki olmamış boşa getsin.

Qənifə deyə üz tutduğu qadın isə fikirli halda başını yelləyib nəzərlərini su ilə dolu qab-qazandan çəkmirdi.

- Ana, qazan doldu. Aparıb atım çölə...

Qadın fikirdən ayrılıb oğluna baxdı.

- Yox, yer sudur, ayağın batar. Görmürsən, həyət suyun içindədir.

- O zaman qoy böyük ləyənin içinə boşaldım. Sonra da anasının nə deyəcəyini gözləmədən sürüşüb çarpayıdan düşdü. İki addım atıb yükün üstündə yağış suyu ilə dolmuş balaca qazanı sandığın üstündəki iri sarı rəngli ləyənə boşaltdı.

Qız nənəsinin qucağından aşağıya dartındı.

- Qoy mən də o biri qazanı boşaldım.

Amma ana qollarını bərkidib qızının aşağı düşməsini əngəllədi. - Bunlara bir hay lazımdır, hamısı suyun içində gəzsin.

Qardaşı çarpayının üstündən başını uzadıb bağırdı.

- Əbülfət, o biri də doldu... stəkanı da boşalt ləyənə...

Bir ara uşaqlar çığırışdılar. Səs-küy qalxdı. Nənə qızına baxıb başını buladı.

- Oxşamışlara bir küy lazımdır, dəcəllik etsinlər.

Sonra da qızının daradığı saçlarını başının arxasında yumrulayıb yaylığının altında gizlətdi.

İçəridə yağış damcılarının və səs-küyün çoxaldığı bir zamanda uşaqlardan biri nənəsini arxadan qucaqladı.

- Nənə, indi bizə yetim deyəcəklər?

Gözləmədiyi sualdan diksinən nənə onu qucağına alıb başını sığalladı.

- Atası olana da yetim deyərlər heç?

Böyük qardaşı yenə dilini dinc qoymadı.

- Anam deyir ki, siz atalı yetimsiz. Adı var üstünüzdə, özü yoxdur. Sizə atalıq etmir. Salıb sizi çöllərə...

Göz-gözə gəldilər. Balacalara söz çatdırmaq olmurdu.

Qız nəvəsi nənəsinin əlini silkələdi.

- Nənə... nənə aylığını alanda atamı çağır... yaxşı?

Nənəsi əyilib nəvəsinin yanağını sığalladı.

- Qoyma atandan pul çıxsın. Aylığıma göz dikən az idi, bu da məsləhət verir mənə.

Sonra nəvəsini bağrına basıb kədərləndi.

- Ay Allah, belə balası olan ata da onları ev-eşikdən didərgin salar? Necə ürəyi gəlir, balaları bu yağışda uçuq daxmada dizə qədər suyun içində qalmasına.

Böyük nəvəsi, sanki onlara təsəlli verirdi.

- Ay nənə, həmişə yağış yağmır ki...  

- Keçənlərdə Astanı çağırdım ki, gəl bax, gör aylığım bəs edərmi daxmanın üstünü örtməyə. - Nənəsi dərdli halda dilləndi.

Qəfildən uşaqların səsi kəsildi. Hamı onun nə deyəcəyini gözləyirdi.

Nəfəsi təngiyən böyük nəvəsi çənəsinin altını kəsdirib üzünə baxdı.

- Ağız güdür ey bunlar... Sonra da qızına baxdı. - Dedi üç ay aylığını yığsan, bəs edər. Zəhmət haqqı da nə istəsən verərsən.

Uşaqlar sevincək olub çığırışdlar.

- Nənə, deynən pulsuz düzəltsin damın üstünü.

- Deyirdin yaxşı adamdır, indi səndən pul istəyir?

- Hər kəs bu dünyada özü üçün yaşayır. Kimsə başqası üçün əlini ağdan qaraya vurmur. Yalan dünyadır.

Fidariz arxadan nənəsinin çiyninə toxundu. - Astan dayı deyir ki, əlləş-vuruş, axırda da evim kiməsə qalacaq. Ölüb gedəcəm, kimsə məni yada salmayacaq.

Nəvələrinin eşitməyəcəyi səslə qızına pıçıldadı:

- Deyəndə gəl bu işi gör, qayıdıb nə desə yaxşıdır. Qənifəni mənə vermədin ki, evin-eşiyin qaydasında olsun.

Qənifə gülümsəyib anasının əllərini ovuşdurdu.

- Ay ana, qismətdən qaçmaq olmazmış.

Nənəsi üzünü turşutdu.

- Qismət deyə-deyə olub-bitənə boyun bükdün. Sevmədiyin adamdan neynirdin bunları doğub?

Uşaqların yağış damcıları ilə əylənməsi başlarını elə qarışdırdı ki, söhbətə belə fikir vermirdilər.

- Ömrün boyu arzula-arzula, nə vaxtsa qismətim gəlib məni tapacaq.

Azacıq susub qızını dümsüklədi:

- Kənddə, yan-yörədə dərdindən ölənləri bəyənmədin, indi yetimləri yığıb gətirmisən ki, kişimin görüm kefi nə vaxt istəyər, bacıları nə vaxt razı olsa gəlib məni aparacaq. Qarşına çıxana dəyər verməlisən, sahib çıxmalısan. Qismət sənin əlindədir. Bunu edirəm, bunu istəyirəm, sonra da istədiyini edəssən. Kimsəyə ehtiyacın olmayacaq, yalvarmayacaqsan. İnsan bəzən sevmədiyinin də yanında yaşamağa, xoşbəxt görünməyə məcburdur. Həyat budur...

Sonra da döşəmədə hələ də dolub daşan qabları sarı ləyənə tökən böyük nəvəsinə mehribanlıqla səsləndi:

- Çıx yuxarı, soyuqlayarsan.

Çarpayıdan aşağı əyilən o biri nəvələrinə baxdı. Uşaq isə bir gözü nənəsində qabları boşaldır, sanki o birilərinə vacib iş gördüyünü göstərməyə çalışırdı.

- Sizin əyin-başınız təzələnməlidir. - Bayaqdan ovcunda saxladığı kağızı qızının əlinə dürtdü.

- Nənə, anaya da şirinquş verdin?

Uşaqlar bir anlığa dönüb baxdılar.

- Bu qızın gözündən heç nə yayınmır eyyy...

Nəvəsi kövrəldi.

- Mən hər gün Allaha yalvarıram, atam gəlsin.

- Nahaq yerə.

Qardaşı mızıldandı.

Boşalmış qablara tökülən damcılar əvvəl-əvvəl qəribə, bir də cingiltili səs çıxarır, bir müddət sonra itib-batır, uşaqlar kimi bir-birilə oynayırdı.

- Düz deyirəm də. Xəbərçi qızın yalvarışı Allaha çatmır.

Bacısı kövrəldi.

- Sənin elədiklərini nənəmə deyirəm.

- Bu da günah sayılır. -Yandan dillənən balaca qardaşı ona etiraz etdi.

Dəmir qablara damcılayan damlaların səsi daxmanı başına götürdü. Bacısının sakitcə ağlaması bir yandan o biri səslərə qoşuldu.

- Astan dayı bir konfet verib bacımı danışdırır. Atan nə dedi, anan neylədi? Bu da hamısını onun ovcuna qoyur.

Fidarizin də dili açıldı.

- Astan dayının arvadı deyir ki, bir konfetə evdə olanları danışan uşaq gör böyüyəndə nələr danışar.

Qızı ağlamaq tutdu. Ucadan, yanıqlı səslə hönkürdü. Uşaqlar susub ortalıqdan yox oldular. İçini çəkən qızın səsi yağış damcıları ilə yarıqaranlıq daxmada kədərli ab-hava yaratdı.

Nənəsi nə deyəcəyini bilmirdi.

- Təkləməyin nəvəmi. - Sonra onu qucaqladı.

- Sən onlara baxma. Paxıllığnı çəkirlər.

Qırışmış əlinin arxası ilə qız nəvəsinin üzünü silib ortalığa deyindi.

- Astanın yaxşı sözü var: adam sevənlərin yox, ürəyini yaralayanların yanında olanda pis günə tez öyrəşir.

Əbülfət yükün arxasından boylanıb bacısına söz atdı:

- Ağla ağla, hələ balacasan, səsin belə çıxır. Böyüyəndə sən də anam kimi səsini çıxarmağa utanacaqsan, için-için ağlayacaqsan.

- Bəs deyilmi sizinki? - Nənəsinin acıqlı səsindən uşaqlar sandığın arxasında gizləndilər.

Qənifə fikirli halda ötəri pəncərəyə baxıb başını buladı.

- Yenə şeir yazırmı görəsən? Qəzetdə çıxan kimi gətirib burda oxuyardı. Sonra da deyərdi ki, bir şey anladınmı? Gülüşərdik qızlarla. Sonra da dərindən ah çəkib dodaqaltı mızıldanardı:

- Həyat bizi sevindirəndə yox, üzəndə gözəl olur.

Hər dəfə getməyə hazırlaşanda isə deyirdi:

- Ürəyimizdə açılan yaralar bizi əhatə edənlərin mərhəmətini göstərir.

- Onun da uşağı yox. Hara getdilər, xeyri olmadı. - Nənə kədərli halda dilləndi. - Boşanmaq söhbəti ortaya düşəndə dedi, günah məndədir, qısır mənəm. Arvada yalvarıram ki, məni yiyəsiz qoymasın. Onsuz da öləndə tək yatacam qəbirdə, barı nəfəsim gedib-gələnə kimi kimsəsiz qalmayım bu damın altında.

Ortalığın sakitləşdiyinə əmin olan kimi oğlanlar nənəsinin qucağına sığınmış Cəmiləni gözdən salmağa can atdılar.

Bacısı isə yaşlı kirpiklərini qaldırıb təbəssümlə onlara baxdı, sanki yanıq verirdi.

- Ay nənə, uşaqlar nə deyir, nə danışır gətirib ovcuna qoyur. Ona görə onu cox istəyirsən.

- Allah kimsəni başqalarına möhtac etməsin. Siz oynayırsız, mən evdəyəm. Ayaqlarım da tutulub, gəzə bilmirəm. Qulağı batmış kimi dörd divarın arasındayam.

- O günü Astan dayımın sözünü dedim, dalaşdın mənlə. Dedin kişinin ağzı bərk olar.

Baxışlarında acıq vardı qardaşının. Anası maraqla ona, sonra da nənəsinə baxdı.

- Kim nə deyir, hamısı sənin ovcunda. Xəbərcinin biri...

Sonra dilini çıxarıb bacısına göstərdi. Sanki onu daha da cırnatmaq istəyirdi. Anası ilə göz-gözə gəlib sözü dəyişdi.

- O günü deyirdi, atan sizə çörək verdi, sevgi vermədi.

Uşaqların yaşca böyüyü bir anlıq susub bir gözü nənəsində dilini sürüdü.

- Çörəyi də saya-saya verir, burnunuzdan gətirir, - deyib sözünü bitirdi.

Anasının bayaqdan bəri gülümsər çöhrəsinə, sanki kədər qondu. Başını aşağı salmağı ilə gözlərinin yaşarması bir oldu. Nənəsi onun əlindən tutdu.

- Astan acığından deyir.

Vaxtilə pambıq tarlasında işləyən zaman qızının qonşu kənddən olan kişilər tərəfindən qaçırılması bəlkə də ömrünün ən kədərli günü idi. İmkanı və kimsəsi olmadığından qızını çəkib gətirə bilmədi. İstəksiz, sevgisiz qurulan ailədə isə qızı xoş gün görmürdü.

...Nənə bilirdi ki, istəsə də nəvələri buradan bir addım atmaz. Zor-xoş, fərqi yoxdur. Yeznəsinin yenə arvadına acığı tutub. Dava-dalaş, sonda da qızı uşaqları yığıb yanına gəlib. Gedəsi başqa yeri yox. Dərdini kimə desin? Evi başına uçur, o biri yandan da qocalıq təqaüdü ilə özü çətinliklə dolanır, uşaqlara kim baxar? Yenə yeznəsinin xasiyyəti ağır olsa da onlara çörək verir. Məcburdur. Uşaqları küçəyə atası deyil ki. Bir ay çoxdan bitmişdi. Həmişəki kimi nədənsə gecikirdi. Günün çoxunu həyətdə keçirib, kəndin yeganə yoluna baxardı. Nəvələri də bəzən həyətdəki ot tayasının üstünə çıxıb atalarını gözləyərdi. Hətta gündə neçə dəfə kənd yolunda görünən maşının xəbərini ona çatdırıb sevinərdilər.

- Atam gəldi, atam gəldi...

Uşaqların sevincinə qoşulan qızının bir azdan üzündəki kədəri görüb heyifsilənərdi. Kənd həyatı onlara maraqlı gəlirdi. Toyuq-cücənin yemlənməsi, qara pişiyin balalarını əmizdirməsi... nəvələri üçün əsl əyləncə və tapıntı idi. Yalnız qızının üzündəki kədər çəkilmirdi. Yağışın yağması nənənin fikrini qətiləşdirdi. "Səhər obaşdan uşaqları qonşunun balaca yük maşınına yığıb aparacaq şəhərə. Onsuz da qızında evin açarı vardı".

Yağış kəsmirdi, sanki ananın intizarını bir az da uzadırdı.

Həyətdəki ayaq izlərinə yığışan damcılar sahibinin onlar üçün yeni iz açmasını gözləyirdi. Çünki ayaq izlərində bir-birilə yola getməyən damlalar sonda həyət boyu qızının palçığı tapdalayan alçaqdabanlı ayaqqabısının arxasınca yuyürürdülər. Güclü yağışdan sonra ayaq izləri görünməz oldu, su həyətdə limhalim olmuş, ayaqqabıyla gəzmək fikrindən daşındırmışdı qızını. Balaca nəvəsi corabsız ayağının baş barmağını evin qapısının ağzından sel kimi axan suya toxundurub çığırır, səs-küyü həyəti başına götürürdü.

"Bu gün də gəlmədi, bəs mən yetimlərə axşam nə yedirəcəm" fikri o qədər doğma olmuşdu ki, bir an belə başından qovmurdu. Qızlarını ərə versə də, böyüyünün bəxti gətirmədi. Davalı adama qismət oldu. İşləyirdi, amma bacılarının fikri ona əsas idi. Hər gün onların halını xəbər almamış evinə gəlməyən yeznəsi arvadının da bacıları kimi olmasını yerli-yersiz tələb edirdi. Bişirdiyi yeməyə irad bildirib, hətta süfrəyə qoyulan çörək dilimlərini sayan yeznəsinin xasiyyəti xoşuna gəlmirdi. Hətta uşaqlarına belə peçenyeləri sayla verib - bu günlük bəsinizdir, qalanı da sabaha qalsın, - deyib bəzən onları gecələr yatağına ac göndərməyini qəbul etmirdi.

Evin tavanından süzülən yağış sularıının bir az da çoxalması ürəyindən keçirdiyi fikirləri qətiləşdirirdi. Əlacı olsaydı, maşını olan qonşusunu çağırıb nəvələrini evlərinə yola salardı. Uşaqların sevincinə səbəb olmuş, qayğısız halda əyləndiyi yağış sularının bir azdan onların xəstəliyinə rəvac verəcəyini bilirdi. Həyatı boyu, damcılarının ahənginə öyrəşdiyi yağışın bu dəfə onun düşüncələrinə necə ağırlıq gətirdiyinin fərqindəydi. "Öz evlərində çörəyin dilimlərini sayla yeyirlər, burda heç onlara dilim də verə bilmirəm".

Qızının kədərli üzündə isə qorxu və narahatlıq duyub onun baxdığı səmtə göz gəzdirdi. Kəndin palçıqlı yollarında güc-bəla ilə şütüyən, arabir atılıb-düşən maşının onların evinə tərəf gəlməsi fikirlərini qarışdırdı.

Ürəyi atlandı.Yeznəsi olsaydı, onun günahlarını bağışlayardı. Hətta qızının umu-küsüsünü vecinə almadan onu yarıxoş, yarızarafat evinə göndərərdi.

Bir az da gözlədi. Maşın onun həyət qapısı ağzında dayandı. Əvvəl kimsə düşmədi. İstədi özü getsin. Doluxsundu. Balacalar həyətdəki lim suya baxmayıb maşına tərəf yüyürəşəndə özü də onların dalınca getdi. Bəlkə də həyatında bu qədər sevindiyini xatırlamırdı. Yağış damcıları azalmışdı. Ləyən-qazan yarıyacan dolmuşdu. Qalırdı səhəri gözləmək və damcıların sonuncusunu qazan qarışıq həyətə atmaq. Rahat nəfəs aldı. Uşaqları yağış damcılarının olmadığı yerdə yatızdırmaq ağrısından canının qurtardığına görə yeznəsinə minnətdar idi...

...Heyif ki, ağzını açıb belə salamlaşmadan çıxıb getmişdi.

İndi damcılar seyrək-seyrək düşürdü ləyənin içinə. Səsi də onun fikirlərini yarıda qoyurdu. "Ömür boyu insanların başına nə qədər yağış damcısı düşür. Kimisi yağışın yağmasından zövq alır, belə havada pəncərədən baxıb tamaşa edir, kimisə də yağışın ona yaşatdığı dərd-sərdən necə və hansı yolla qurtulmağı fikirləşir, yollar axtarır. Kaş təbiətə yağan yağış özü ilə bir az da sevgi, məhəbbət gətirəydi insanlara. Bəlkə də o zaman göz yaşından çox, məhəbbət olardı dünyada...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!