ŞAFTALI AĞACINA REKVİYEM - Yaşar Bünyad - hekayə

...Yaz mənim üçün məhəlləmizdəki könhə hamamın yarıuçuq hasarından boylanan, illər boyu gah xəzrinin, gah da gilavarın döyəclədiyi, əyri-üyrü budaqlarını küçəmizə sallayan tənha şaftalı ağacının çiçəkləməsiylə başlayardı. Nə su, nə od, nə yel, nə də torpaq çərşənbəsi əsl baharın gəlişinə inandıra bilmirdi məni. Mütləq idi ki, şaftalının bütün çılpaq budaqları başdan-başa zərif bənövşəyi çiçəklərə bürünsün, yüngül ətri ətrafa yayılsın, bax onda, yazın gəldiyinə inanır, xoşbəxtlikdən özümə yer tapa bilmirdim.

Beləcə, Novruz ərəfəsində günlərlə köhnə hamamın həyətindən küçəmizə boylanan ağacın nə vaxt çiçəkləyəcəyini səbirsizcəsinə gözləyirdim. Mənə ürəkdolusu sevinmək üçün bu da bəs idi, əgər bir ayazlı yaz axşamı körpə qəlbimdə yer salmış bu ümidimi əlimdən almasaydılar...

Bəzən yaz isti keçərdi. Küləksiz, yağışsız... Bəzən isə baharın dəyişkən havalarında erkən çiçəkləmiş ağacı amansız yağışlar , dəlisov küləklər döyəcləyəndə, çılpaq budaqlarına, asfalt boyu səpələnərək ayaq altında tapdaq olmuş incə ləçəklərinə baxa bilmirdim. Özümdən ixtiyarsız kövrələrdim. Əgər külək gecənin kimsəsizliyindən yararlanıb günahsız çiçəklərlə daha qəddarcasına rəftar edərdisə, yuxularıma haram qatar, yatağıma qor dolardı...

Ağacı dördüncü mərtəbədəki eyvanımıza köçürtmək ağlıma gələndə, atam etiraz etmişdi: "Ağaca genişlik lazımdı, bu, dibçək bitkisi deyil axı? Qoy öz ömrünü yaşasın azadlıqda. Nə qədər qulluq eləsən də, darısqal eyvanda ağac duruş gətirməz, birdə ki, şaftalı ağacının ömrü qısa olur, çox qısa".

Nə qədərini deməmişdi, deyəsən, heç özü də bilmirdi...

Bu ağaca heç kəs qulluq eləmirdi, öz-özünə bitdiyi kimi, nənəm demiş, Allah ümidinə də yaşayırdı. Hamam tikiləndə hələ hasarı çəkilməmiş kimsə tinə yığılmış binə torpağına əkmişdimi, yoxsa ustalardan hansısa şaftalı yeyib çəyirdəyinimi tullamışdı - bilən yox idi. Yalqız ağac özünü divarın tininə qısıb darıxa-darıxa boy atırdı. Hər il pıtrağ kimi çiçəkləsə də, heç vaxt üstündə şaftalı deyiləsi şey görməmişdim bu neçə ildə. Allah onu elə bil gülləmək, yaraşıq üçün yaratmışdı.

Qəribəydi, məhəlləmizdə şaftalının çiçək açmasını gözləyən təkcə mən idim, deyəsən, çünki bir dəfə də olsun ona yaxınlaşan, zərif ləçəkli çiçəklərinə toxunan kimsəni görməmişdim. Sanki o yox idi, gözə görsənmirdi. Görmək istəmirdilər bəlkə?

Biri-birinə qısılan daş-beton binalara üz-gözü öyrəşmiş şəhər camaatını da qınamıram. Bəlkə də insanlara bar verməyən qısır ağac maraqlı deyildi onlara. Yəqin ki, meyvə ağaclarının budaqlarına daraşaraq barını dərməyə, silkələyib yerə tökməyə, əl çatmayan yerlərini selbələməyə öyrəşmişdi adamlar...

Bu il yaz çox gec gəldi; qış elə sərt keçmişdi ki, üç ay üst-üstə qalaqlanan qar əriyib qurtarmaq bilmirdi. Sanki Günəşin üzü başı qarlı dağlar təkin buz bağlamışdı, bu yerlərə xas olmayan sərt qışdan qorxub dağların o üzündən boylanmağa çəkinirdi, yeri-yurdu qızdıra bilməyəcəyindən ehtiyatlanırdı. Mən isə əmin idim ki, Günəş bircə anlığa boy verib odunu-alovunu saçsa, şəhərin damlarında, küçə-meydanlarında qaysaq bağlamış buzu əridib yox edəcək, hər yer isinib cana gələcək, dünya əvvəlki halına qayıdacaq.

Elə bil, içimdən pərvazlanan ün ünvanına yetdi; bayaqdan solğun, bomboz görünən Günəşin üzü güldü, ətrafı öz nuruna qərq etdi, parlaq şəfəqləri binaların soyuq pəncərələrindən şığıyıb evlərə doldu, küçəbəküçə, dalanbadalan dolandı, şəhərin rəngi-ruhu açıldı, buzları əridib selə döndərdi...

Hava işıqlanan kimi cumub asfalt döşəməli şəhərin daş və beton binaları arasında qəribsəyən tənha, yazıq görkəmli şaftalı ağacına yaxınlaşdım; havanın şaxı sınmışdı deyə, gövdəsi boyu ilıq su sızırdı üzüaşağıya. Barmağımı ən nazik budağında gəzdirdim. Təmasımı duydu elə bil. Rahatlandım, nə yaxşı ki, donmayıb.

Mən tezliklə yazın gəlişini müjdə verəcək tumurcuqların xiffətini çəkə-çəkə ondan uzaqlaşdım - arxamca küçəmizə doluşan ekskavator və traktora, fəhlələri daşıyan avtobusa əhəmiyyət vermədən.

Evə çatıb əllərimi yudum, "Harda veyillənirsən bu soyuqda?" soruşan anamın danlağına məhəl qoymadan sevincək süfrə başına keçib qəlyanaltımı elədim. Bilmədim bir saat keçmişdi, ya bir az çox, qış girəndən qıfıllanmış eyvanımızın qapısını açıb eşiyə çıxdım. Az müddətdə, üstünə "Müvəqqəti narahatlığa görə üzr istəyirik" yazılmış, cürəbəcür gül-çiçək şəkilləri yapışdırılmış iri dəmir lövhələrlə köhnə hamamın ətrafını hasarlamış, aşağı tərəfdən, yəqin ki, texnikanın rahat girib-çıxması üçün taxtadan geniş qapı qoymuşdular. Sarı yapon ekskavatoru ağzını əjdaha kimi açıb durmuşdu köhnə hamamın həyətində, fəhlələr də damını sökhasökdəydilər. Əvvəlcə heç nə başa düşmədim. Damın taxta materialları kənara yığılandan sonra ekskavator "ağzını" hamamın divarına dirəyib bircə dəfə açıb-yummağıyla toz-torpağı  ərşə qaldıranda anladım ki, köhnə hamamı yerli-dibli sökürlər. Atam deyirdi ki, son vaxtlar bərpa adıyla çoxlu qədimi binaları dağıdıb yerində guya müasirini tikirlər. Elə ki, bina hazır olur, onda bilirsən, sən demə, bu hansısa nazirin, hansısa qohumunun sarayıymış. Hərənin öz arşını var axı. Mən uşaqlığımla çörü çöpdən ayırd eləyə bilirəmsə, onlar da gözdən-könüldən uzaq, matah yeri alıcı quş kimi görürlər...

Gün uzunu texnikanın uğultusu fəhlələrin səs-küyünə qarışdı. Son daşına kimi sökülən köhnə hamamın həyəti toz altında görünməz olmuşdu. Axşamtərəfi eyvana çıxanda məhəlləyə çökmüş qəribə səssizlikdən vahimələndim. Bu, artıq izi-tozu qalmayan hamamın "üzr diləyən" çərçivəyə salınmış boş sahəsinin ölü sükutu idi. Nəzərlərim sevimli ağacımı axtardı və ...qırılmış daşların altında qalan şaftalı ağacının sınıq budaqlarını görəndə, gözlərimi yaş, boğazımı qəhər göynətdi. Fəhlələrin səhlənkarlığından, əslində, buna hökm çıxaranların bivecliyindən qollu-budaqlı ağacı insafsıscasına məhv etmələrini bağışlaya bilmirdim. Axı kimin yerini daraldırdı o məsum ağac?!

Mənim barsız şaftalı ağacım daha çiçəkləməyəcək. Bu, heç kimi narahat etməsə də, məni ağrıdırdı. İlaxır çərşənbənin yetişdiyini anamın dəmə qoyduğu plovun, bəzək vurub sobaya qoyduğu şəkərburanın ətrindən, dünəndən bişirdiyi paxlavanın, şəkər çörəyi, kətə, sucuğun süfrəmizə düzülməsindən bilmək olurdu. Çatılmış tonqallar, halay vuran cavanlar, qapı pusub qulaq falına çıxan qızlar, bəzənmiş xonçalarbaharın xoş gəlişindən xəbər verir, hamı sevinir, deyib-gülürdü. Bütün şəhər al-əlvan işıqların, şən musiqinin sehrinə düşmüşdü. Mən isə Şaxta babaya məktub yazaraq yeni ildə arzuladığı hədiyyəni gözləyən uşaq kimi möcüzə sorağındaydım. Hansı möcüzəni gözlədiyimi heç özüm də anlamırdım. Bayram süfrəsindən əyləşdiyim kimi də könülsüz durub otağıma çəkildim.  Qonşu otaqdakı televizorun gur səsi, həyətdə ağız-ağıza vermiş uşaqların hay-həşiri, atılan bayram fişənglərinin uğultusu yatmağa qoymurdu məni. Yastığımla başımı qapayıb əsəblərimi oynadan səsləri qovmağa çalışdım və nə vaxt yuxuya getməyimdən xəbərim olmadı.

Deyəsən, göstərişlərini verdikcə dayanmadan nəsə yazanlara, lap yanında farağat dayanmış bir neçə nəfər əliqovluqluya məhəl qoymadan, aralıdakı beton plitənin üstünə dırmaşıb dərsini əzbər bilən məktəbli kimi havada yellədiyim əlimi görən məmur bəy məni yaxına çağırdı, nə demək istədiyimi soruşdu. Adamları yara-yara irəliyə şığıdım, düz məmur bəyin qarşısında dayandım. Qovluqlu kişilər mənə elə baxırdılar ki?! Həyəcandan titrəyirdim. Yenidən nə istədiyimi soruşdu. Dodağım qurumuş, dilimi udmuşdum elə bil. Məmur bəyin zəhmli baxışlarından yayınmaq istədim, nədən burada olduğum yadıma düşəndə özümü ələ alıb cəsarətlə, hər kəs eşitsin deyə, gücüm çatdıqca qışqırdım: "Şaftalımı verin!.. Qaytarın ağacımı!..".

Diqqətlə məni dinləyən məmur bəy saçımı sığalladı, "hansı şaftalını?" soruşmadan gülümsədi, adətləri üzrə farağat dayanıb ağzından nə çıxacağını, hansı göstəriş verəcəyini gözləyən yanındakılara çevrilib bərkdən nəsə dedi... Amma nə dediyini nəinki yanındakılar, heç mən də eşitmədim. Bəlkə də eşitdim, ancaq başa düşmədim, çünki ilk dəfəydi yuxudan qan-tər içində ayılmışdım...

***

Eyvanın təmirindən qalma yarımçıq qırmızı boyanı, iri fırçanı tapıb götürdüm. Tələsik həyətə düşdüm. Küçə başdan-başa kimsəsizdi. Dünənki bayram ab-havası elə axşam atılan fişənglər kimi havada əriyib yox olmuşdu. Ürəkləndim. Yeni tikiliyə hasar əvəzi pərçimlənmiş lövhədəki "...üzr istəyirik"dən sonra iri hərflərlə: "Şaftalı ağacımı öldürdülər!" yazıb, şux addımlarla evə döndüm.

25-26 may 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!