Taykeş çarığın nağılı... - “Etno(bio)qrafik sms – yazılar” silsiləsindən - Rüstəm KAMAL yazır

 

I

Mirzalı atasının sağ ayağından kirli-tərli dolaqlı əsgər çəkməsini zorla dartıb çıxartdı və qapının ağzına tulladı. "Üç gündür ayağımdan çıxmır" - Həmid babam dedi.

Güllər cijim ləyən gətirib kişinin ayağını isti suda ovxaladı, sol ayağının dizdən yuxarı qatlanıb belinə sancaqlanmış şalvarının balağı aşağı yelləndi. Babam rus-nemes davasına iki ayağı ilə, Alı oğlu Həmid adı ilə kənddən çıxmışdı, amma bir ayağı ilə, Topal (Çolaq) Həmid ayaması ilə qayıtmışdı. Davadan qabaq kimin uğuruna çıxsaydı, deyirdilər ki, Həmidin ayağı yüngüldü. İndi isə kişi çəpərin başında, qapının ağzında görünən kimi yolu dəyişərdilər. Topal adamın uğura çıxması xeyirliyə deyildi.

- Çəkmənin o biri tayını da gətirəydin, uşaqlardan biri geyinərdi, yetimlərin ayaqları yalın qalıb, - Güllər cijim dedi.

- Qospitalda yadıma çəkməmi düşürdü? - dedi babam və bir də onu dedi ki, sabah gərək özümə çarıq tikim.

Çarıqların durur ki!.. Heç uşaqlara da qıymadım - dedi Güllər cijim və arpa anbarına tərəf yönəldi.

Babamın gözləri doldu, çarıqları sığallaya-sığallaya: "Arvad, atana rəhmət!" - dedi.

Həmid babam gündəlik geydiyi çarıqlardan əlavə, toy-bayram üçün həmişə bir-iki cüt çarıq da tikirdi. Bu, həmin çarıqlar idi. Dava qalxdı, heç ayağına geyməyə macal tapmadı.

Həmin axşam Həmid babam çəliklərini taxtın ayaq tərəfində divara söykədi, çarıqlarını isə taxtın altında cütlədi. Çarıqlar sevdalı qumrular kimi baş-başa verdilər.

II

Babam çarığını özü tikirdi. Sağ ayağını qızıl öküzün aşılanmış gönünün üstünə qoyub ölçüsünü götürürdü. Çarığı ya mumlanmış ipliklərlə, ya da göndən çəkilmiş "şırım"larla, qabaqdan dabana doğru tikirdi. Çarıq hazır olanda "Ay uşaq, bunun sevgilisini çağırın gəlsin, bir-birilə tanış olsunlar" - deyirdi. Taykeş çarığı gətirirdilər. Kişi çarıqları qoşalaşdırıb "di qoşa qarıyın" - deyirdi.

İldə iki-üç dəfə çarığın tayını dəyişməli olurdu. Orta dirəkdən, paslı mismardan asılı qalan taykeş çarığı isə mal piyi ilə yağlayırdı.

Evdə artıq adət halını almışdı: elə ki, kişi boz kilimli taxtın üstünə uzanırdı, ya da qotazlı mütəkkəyə dirsəklənib çay içirdi - gəlin dirəkdəki taykeş çarığı gətizdirirdi, ikisini də güllü corabları ilə bir yerdə taxtın altında cütləyirdi.

Həmid babam hər səhər, sabahın şirin yuxusu qara kərənlərin arasında yuva qurmuş sərçələrin gözündən töküləndə çarığını sağ ayağına geyinib çıxır, taykeş çarığı yerinə qoyurdu.

Babam tək ayaqla o qədər gəzirdi ki, çarığı yorğun düşür, gecələr yolların daş-kəsəyindən dabanı, pəncəsi zoqquldayırdı.

Yayın cırcıramalı bürküsündə yun corabların tər iyisindən nəfəsi kəsilirdi.

Payızın nəmişli alatoranlığında, Paşagilin döngəsində neçə dəfə yağış gölməçəsinə də düşmüşdü...

Yovşan dibində kürt yatmış ana bildirçini, boz yalın bir unudulmuş tülkü ləpirində, arpa sünbülünə başını qoyub yuxuya getmiş "narın gözlü, incəbelli" qarışqanı bir dəfə az qalmışdı ki, tapdalasın.

Taykeş çarıq isə bütün günü dirəkdə yellənir və bərk darıxırdı, yarasa mürgüsü ilə o biri tayının gəlməsini gözləyirdi.

III

Mayın əvvəli idi. Partkom Fərhad həyətə gəlib: "Həmid əmi, ayın 7-də raykomda olmalısan, müharibə veteranlarına medal verəcəklər", - dedi və bir də onu dedi ki, Həmid əmi, sən Allah, ayağına da düz-əməlli ayaqqabı geyin.

- Ay Fərhad, birdən-beşdən mənim ayaqqabı geyindiyimi görübsənmi? - dedi babam.

- Həmid əmi, raykomun qabağına çarıqlı - patavalı çıxacaqsan? - partkom dedi.

- A bala, çobanın çarığı olar, - dedi babam.

Kənd dükanında illərlə heç kimin üzünə baxmadığı, üstünü toz basmış, yapışqanı kənara çıxmış ayaqqabını əlacsız bəyənib aldılar. Poçtalçı Mahmud taykeş ayaqqabının altına xırdaca mismarlar vurdu.

Bu dəfə çarıqlar dirəkdə başaşağı sallandı, taxtın altında isə bir cüt ayaqqabı yetim pişik balaları kimi bir-birinə qısıldılar.

Tədbirdən kişi yorğun və əsəbi gəldi. "Bütün günü ayağımda daş gəzdirmişəm, rədd eləyin bunu", - deyib ayaqqabını çıxartdı və yenə çarığını geydi.

IV

Babəkardan qəfil qalxan topa buludlar düz-dünyanı qaraltdı, o boyda kəndi balacalaşdırdı. İldırımın zəhmindən göylər yeddi yerdən param-param oldu. Yayın quraqlığında ilan kimi qabıq qoymuş susuz dərələrdə sellər-sular bir-birinə qarışdı. "Kişi təntiyəcək, heyvanı da sel aparacaq", - deyib, əmim təpəyə tərəf qaçdı.

Yağış babamı Əzzalı dərəsində tutmuşdu. Kişi tir-tir titrəyirdi. Tez soyundurub yorğan-döşəyə saldılar. Çarığın içinə lil-palçıq dolmuşdu. "Daha bundan çarıq olmaz" - deyib çölə tulladılar.

İki gün qızdırmadan babamın gözü açılmadı. Ramiz həkim əl fənəri ilə gecələr iki dəfə xəstəni yoluxmağa gəldi və axırda kədərli səslə "kişi ikitərəfli möhkəm sətəlcəm olub" - dedi. Həkimin nə dediyini hamı anladı.

Kişinin yeddisi verilən kimi, gəlin qapı-pəncərələri açdı, yorğan-döşəyi çölə tökdü, eyvanda, orta dirəkdən asılmış taykeş çarığı Yolçu müəllimin çəpərinin dibinə, çöplüyə atdı.

Hənim gecə çarığın üstünə əl qalınlığında qırov düşdü...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!