Abırlı maşın - Xeyrəddin QOCA - hekayə

 

Bir dəfə evdə mənə dedilər ki, "artıq yaşlı adamsan, həmişə ucuz maşın sürmüsən, get, özünə abırlı maşın al". Çox fikirləşdim ki, "abırlı maşın" deyəndə nə cür maşın nəzərdə tutulur? Ondan-bundan soruşdum, dedilər "a kişi, zaman dəyişib ey, indi göyərti satanın da "Cip"i var! Get, o böyük maşınlar var ey, onlardan birini al, desinlər "kişinin maşını var!". Mən də gördüm evdəkilərlə çöldəkilərin fikirləri eynidir, getdim kreditə, bir az borc-xərc eləyib yekə bir maşın aldım. Qorxa-qorxa sürməyə başladım. Niyə qorxurdum? Ürəyimdə fikirləşirdim ki, "Allah eləməsin, birdən maşının altında adam-zad qalar, görmərəm!". Çünki maşın bir az hündür olduğundan mənə elə gəlirdi ki, xalqa yuxarıdan aşağı baxıram! Bu da mənim xarakterimə, yaşayış tərzimə uyğun gəlməyən bir şeydir... Bir də maşını döndərəndə yaman çətinlik çəkirdim, qabağını, arxasını çətin görürdüm.

Bir dəfə küləkli gündə maşınımın yanında bir taksi dayandı, içərisindən sərnişin düşəndə qapısı maşınımın qabaq "farası"nın şüşəsinə dəyib sındırdı. Servisə gedib 400 manata təzə şüşə almalı oldum. O əhvalatdan sonra lap çox qorxmağa başladım. Fikirləşdim ki, qəzaya düşsəm, nə olacaq? O olacaqdı ki, təmirə on-on beş min manat xərcləməli olacaqdım! Benzini də çox işlədirdi, pul çatdırmaq mümkün deyildi. Məni tanıyanlar da tez-tez deyirdilər ki, "neynirsən belə bahalı maşını? Sat, getsin! Bir-iki il keçsə, dəyərdən düşəcək, alan da olmayacaq...". Bir sözlə, maşın getdikcə gözümdən düşürdü. Nəhayət, "abırlı maşın"dan canımı qurtarmaq qərarına gəldim və yarı qiymətinə satdım. Amma kreditini ödəməkdə çox çətinlik çəkdim. Hələ borclarımı demirəm.

Doğrusu, "dağ maşınını" alanda ad-san üçün almamışdım, almışdım ki, qəza-qədər olanda ölməyim. Nə isə... Getdim balaca, gözəl, rahat bir maşın aldım. Əsl "şəhər maşını"dır, heç məni incitmir, rahatdır. Sürəti də yüksəkdir, benzini də az işlədir. Bütün bunları bir dostuma danışdım.  Bu təzə, balaca maşının satdığım bahalı, "abırlı maşın"dan min qat yaxşı olduğunu söylədim. O, bığaltı gülümsəyib nə desə yaxşıdır?

- Haqlısan! Bu maşın yaxşıdır. Qəza olanda çox çətinliyə düşmürsən...

- Necə yəni?

- "Cip"də qəzaya düşsən, qolun-qıçın sınacaq, sümüklərin qırılacaq, aylarla xəstəxanada yatmalı olacaqsan! Bütün pulun-paran da həkimlərə gedəcək. Uzun söhbətdir! Allah göstərməsin!

Mən də onun dediklərinə diqqətlə qulaq asıram. Axırda görün, nə dedi?

- Amma bu maşın qəzaya düşsə, birdəfəlik olacaqsan! Daha aylarla xəstəxanalarda yatmağa ehtiyac olmayacaq! Xərc-xəsarətə də düşməyəcəksən! "Cip"lə balaca maşının fərqi ondadır!..

Onun dedikləri məni yaman narahat edir. İstəyirəm gedim, təzədən o yekə maşından alım. Nə olacaq, olacaq!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!