Hayana atıldığı bilinməyən daş - Qalib ŞƏFAHƏT

"Sandıq" romanından parça

Anuş qarı axşamdan bəri özünə yer tapa bilmirdi, sanki rahatlığı əlindən alınmışdı. Özünü çox narahat hiss edirdi. Yuxusu gözündən qaçaq düşmüşdü. Yerində səhərə kimi o yana, bu yana eşələnmişdi. Elə bil yatağına qor dolmuşdular, səhəri dirigözlü açmışdı. Beyni zoqquldayırdı. Canında küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyə başladı:

- Bu nə bəla idi mən düşdüm, elə bil bədənim qırılır. Canım sızım-sızım sızıldayır. Yerimdən durmağa belə taqətim qalmayıb.

Sinəsində çırpıntı hiss edirdi. Yerində oturub əlini sürətlə çırpınan sinəsinə sıxdı:

- Daha ürəyim də sözümə baxmaq istəmir, elə bil yerindən çırpınıb çıxacaq. - Ufuldanıb dərindən nəfəs aldı: - Ehhh, görünür, mənim də qismətim belə imiş.

Yataqda oturub başını küsülü adam kimi önə əymişdi. Əlini sifətində gəzdirib alnını ovuşdururdu. Başını yelləyib dərindən köks ötürdü:

- Həəə, demək belə! Əvvəli yaxşı gətirməyənin, axırının da yaxşı olacağını düşünmək əbəs imiş... Bu vicdansız da son vaxtlar məni lap cızığımdan çıxarır. Adamda insaf yaxşı şeydir. Bir insafın, mürvətin olsun! Heç olmasa, sən imkan verəydin, bu qoca yaşımda öldüyüm yerdə öləydim.

Qəfildən dərin xəyaldan ayrıldı. Dediyi sözdən yuxu görürmüş kimi diksinib sifətini turşutdu: 

- Yox, yox, hələ ölüb-eləməyim. Söz yox, ölməkdən-zaddan qoruxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də gərək insan kimi öləsən. Deyəsən, o da mənə qismət olmayacaq... Çalış, yaxanı Əzrayılın əlinə vermə, elə ki, yaxandan yapışdı, daha əl çəkən deyil. Heç özünü toxtamağa macal verməyəcək.

Ona elə gəlirdi ağrıdan beyni bu andaca paramparça olub üzü üstə yerə səriləcəkdi. Bədənində soyuq tər hiss edirdi. Soyuqlamış adam kimi titim-titim titrəyirdi. Əlini alnında, sifətində gəzdirdi. Sağ ovcu ilə alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurdu ki, durub bircə addım atsa, ürəyi qəflətən dayanacaq. Allah bilir, ondan sonra aqibəti necə olacaq?

Gecə ha istəmişdi yatıb gözünün acısını alsın, bəlkə yadından çıxara, yata bilməmişdi. Gözlərini yummaqdan qorxmuşdu. Bir azca gözlərinə yuxu gedən kimi ananın fəryadı, ah-naləsi qulağının içində uğuldayırdı. Elə bil, bu anda beyni deşiləcəkdi, səs iti alət kimi beyninə işləyirdi. O anlar kino lentı kimi gözünün qarşısından canlanırdı.

Divarın küncünə qısılmış ana körpə qızcıqazı köksünə basıb, başını körpəyə tərəf əyib ilan dili çıxararaq yalvarır. Heç kim ananın yalvarışına məhəl qoymur. Ana yalvardıqca içəridə olan bir neçə nəfər - içkidən keflənmiş saqqallı adamlar qəh-qəh çəkib gülürlər. Birisi səsinin tonunu qaldırıb deyir: - "Bunun murdar səsi beynimizi apardı. Səsini biryolluq batırmaq lazımdır. Daha nəyi gözləyirik?"

Anuş qarı diqqətini toplayıb sifətini turşudur:

- Bu o alçaq Vartanyanın səsidir. Elə biryolluq sənin səsin bataydı, mən də bu müsibətləri görməyəydim, - deyib deyindi.

Başqa birisi hırıldaya-hırıldaya deyir:

- Ara, gərək düşmənin fəryadından, ah-naləsindən ləzzət ala biləsən. Qoy özü üçün nə qədər çığır-bağır salır salsın. Ha, hha, ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o eybəcər səsi mənim ruhumu necə sakitləşdirir, necə ləzzət alıram. Qoy yalvarsın hələ! Görək bu yalvarıb-yaxarmaq ona nə verəcək?

Anuş qarı gözünü bir nöqtəyə zilləyib kinoya baxırmış kimi deyindi: "Bu da o itsifət Mıkırtıçyandı, - dedi. - İt oğlu elə it sifətindədir. Onun hərəkətindən, oturuşundan-duruşundan murdarlıq yağır...

Ana göynəyə-göynəyə yalvar-yaxar edir:

- Allahınız varsa, sizi and verirəm o bir olan Allaha, balamdan uzaq durun, balama toxunmayın! Məni öldürün, lap diri-diri odda yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz işgəncə verin, o körpədir, ona yazığınız gəlsin, bircə ona dəyməyin, toxunmayın!

Yazıq qızcığaz sanki ağlamaqdan da qorxurdu. Göz yaşını içində gizlətməyə çalışırdı. Anasının fəryadını, ah-naləsini eşitdikcə balaca qızcığaz kuklasını sinəsinə basıb özünü anasının köksünə sıxırdı. Sanki bununla təhlükədən qorunurmuş kimi həm özünü, həm də kuklasını gizlətməyə çalışırdı.

Zorik:

- Daha bunu heyvan kimi mələtməyə ehtiyac yoxdu, - deyib içki stolunun arxasından durur, dişlərini ağarda-ağarda anaya yaxınlaşır: - Türkə aman vermək olmaz, türkün kökünü qazımaq lazımdır - deyib ananın qucağındakı körpəni dartışdırır. Üzünü onlar tərəfə tutub dişini ağardaraq deyir:

- Gərək bu türk küçüyünü anasının gözünün qabağında diri-diri yandırasan ki, ağılları başlarına gəlsin.

Anuş qarı yenə öz-özünə deyinməyə başladı: "Axı, bu körpənin nədir günahı? O, bu yaşda nə bilir düşmənçəlik nə olan şeydir? Sizin bədnam niyyətinizdən onun nə xəbəri var?! Nə bilsin ki, kim hansı niyyətlə yaşayır. Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kimin olmalıdır? Niyə, nə üçün müharibə edirlər?" - Ufuldanıb başını yellədi: - "Uşağın öz uşaqlıq dünyası var, onu paramparça edəni Allah da bağışlamaz". Xeyli vaxt idi ki, fikrə getmişdi. Başını bir azca qaldırıb deyindi:

- Bəlkə də elə ən böyük günah mənimkidir?! - deyib sifətini turşutdu. - Kaş ki, vaxtı, vədəni geri qaytarmaq mümkün olaydı. Çox şeyi çalışardım ki, yenidən qurub-yaradım, amma təəssüf ki, çox-çox gecdir. Nə zamanı geri qaytarmaq mümkündür, nə də ki buna ömür vəfa edər.

Bir vaxtlar türklərdən eşitdiyi misal yadına düşdü. Elə düz deyirlər, dedi: "İlan zəhəri kərtənkələdən alır, amma insanın bədəninə zəhəri ilan yeridir, kərtənkələ yox". Heç nəyi gizlətmək yox, etiraf etmək lazımdır. Burda mənim də günahım çoxdur. Elə bütün erməni analarının günahı böyükdür. Vaxtında düzgün tərbiyə versəydik, təbliğatı başqa cür aparsaydıq, bəlkə də bu faciələrə heç yol açılmazdı...

Uşaq ananın köksünə qısılır, başını ananın sinəsinə sıxır. Zorik onu ananın sinəsindən qoparmağa çalışır. Uşaq başını anasının köksündə gizlədib ayağının arxası ilə Zoriki itələyib ağlaya-ağlaya: - Get, get, dəymə mənə, - deyir. Zorik tərəfə baxmamağa çalışır.

Anuş qarı yenə ofuldanıb deyinir: - "Yazıq, yazıq körpə, başını anasının köksünə sıxıb gizlənməklə elə bilir bu qaniçənin əlindən qurtula biləcək. Neyləsin məsum körpə, edə biləcəyi başqa bir etiraz əlaməti, arxalanmağa başqa bir dayağımı var? Bu məsum körpə qaniçənə qarşı başqa cür necə etiraz edə bilər? Etirazını ayağı ilə itələməklə bildirir".

Ana körpəni daha da bağrına sıxır. O, körpəni zorla ananın sinəsindən qoparır. Körpə ucadan çığırıb-bağırır. Zorik körpənin kürəyindən yapışıb əlində sallaya-sallaya ocağın yanına gətirir. Üzünü anaya tərəf çevirib dişlərini ağarda-ağarda, - "Siz türk it uşağına hələ bu da azdır" deyib uşağı yanan ocağın içərisinə atır. Körpə qız uşağının çığır-bağırtısı ananın fəryadına qarışıb beynində uğuldayırdı, onu rahat buraxmırdı.

Yatağında oturub Zorikin qarasıyca deyindi: - "Gerçəkdən bunun içərisi şeytan xisləti ilə dopdolu imiş. Bunda insanlıq adından bir şey qalmayıb".

***

Canındakı sıxıntı hələ keçməmişdi. Axşamkı yuxunun havası başını dumanlandırırdı. Dərin düşüncələr onu özündən çox uzaqlara aparıb-gətirirdi. Bir yanda bənd alıb otura bilmirdi. Gah bayıra çıxıb həyət-bacada fırlanır, gah da otağa qayıdıb beynində nəyisə ölçüb-biçirdi: "Eh! Otağa girirəm, elə bilirəm, divarlar üstümə yeriyir, bayıra çıxıram dünya başıma fırlanır. Belə də şey olar? Həyət-bacaya baxanda yağı görsə yazığı gələr. Daha əvvəlki vaxtlarım deyil, dizimin o taqəti qalmayıb, canım tutmur ki, nəsə bir işin qulpundan yapışım. Yerimdən zorla qalxıram. Heyif deyil cavanlıq, heyif deyil o günlər".

Təəssüflə başını yelləyib deyindi:

- Demək mən də qocalmışam! Hərdən oturub fikirləşəndə cavanlığım özümə xəyal kimi görünür. Arada öz-özümə deyinib dururam. Başqa kimim var, kimə deyim, ən böyük dərdimi-sərimi də, elə sevincimi də özümlə bölüşürəm... Ölsəm heç kimin xəbəri də olmaz ki, mən ölmüşəm ya diriyəm. Vallah, aylarla meyidim evin bir küncündə qalacaq. Gecələr çaqqalların ulaşmasından qulaq tutulur, səhərə kimi yatmaq da olmur. Gündüzlər həyat-bacada lal sükut baş alıb gedir. Elə bilirsən, dörd bir yanın yasa batıb. Nə çağıran var, nə səsinə hay verən var. Yayda yenə birtəhər dözmək olur. Elə ki, qış gəldi gecələr çox ölgün keçir. Elə bilirsən, bir gecən bir ilə bərabərdi. 

Vaxt var idi, buralarda bir şənlik var idi, gəl görəsən. Türk erməniyə, erməni türkə qarışmışdı. Azdan-çoxdan ruslar da olurdu, başqa millətlərdən də var idi. İndi buralarda ermənilər bayquş kimi tək qalıb, tək yaşayırlar...

Qırılmışlar, hərəsi gətirib bir qoca-qoltağı buraya atıb, cəhənnəm olublar, hərə öz kefində, damğındadı. Kim öldü, kim qaldı nəylərinə gərəkdi. Mən də ağzımı açıb bir söz deyəndə nə desələr yaxşıdı? - "Sən qocaldıqca nə çox deyinib-danışırsan, otur oturduğun yerdə, niyə bizim işimizə qarışırsan? Sənin nəyinə gərəkdir biz hara gedirik, hardan gəlirik? İndi dövran dəyişib. Gərək zamanə ilə ayaqlaşa biləsən. Qapılıb burada ömrümüzü-günümüzü çürüdəsi deyilik ki".

İki ildən çoxdur ki, üzlərini gor görmüşlərin üzlərini də görə bilmirəm. Gələndə də kefə-damağa gəlirlər. Beş-on gün dəm-dəsgah qurub, sonra hərəsi bir tərəfə əkilirlər.

Görmüsəm arvad-uşaq evində-eşiyində olar. Düşənini götürər, qaçanını teyləyər. Bunlar eləməz! Bunlarda tam başqa cürdü. Oğul gedib Fransada veyillənir, arvad da gedib oğlunun yanını kəsdirib, guya ki, oğlunu çox istəyir, ondan ayrı dura bilmir. Külümü qoyum sənin arvad başına, səninki oğuldu, başqasınınki oğul deyil?! Denən ki, canıma əziyyət vermək istəmirəm, rahatlığa qaçıram. Bunun danışdığı sözə bir bax, sən Allah! Qız da ki, Amerkadadı hardadı, heç doğru-dürüst yerini-yurdunu da bilmirəm. Bu da ki heç".

Əlini stolun oturacaq hissəsinə dirəyib ayağa durdu. Əsanı əlinə alıb dodağının altından deyinə-deyinə çölə çıxdı.

***

Maşın qalxan istiqamətdə yol dikəldikcə dərə də dərinləşirdi. Dərədən sol tərəfdə həyət evləri görünürdü. Həyatyanı məhlələrdə təzəcə puçurlamağa başlayan, bəziləri çiçəkləyib ağ duvağa bürünmüş gəlin kimi diqqəti cəlb edən meyvə ağacları gözə çarpırdı.

Dərə ilə əkin sahəsini çox sıx olan qaratikan kolları ayırırdı. Qaratikan kollarının arasından söyüd ağacları göyə boy verirdi. Yol qalxıb sağa dönən istiqamətdə nazık sısqa çay yola qoyulan körpüdən dərə uzunu axırdı. Yol sağa döndükdə, ona paralel istiqamətdə əkin yeri dəmir torla hasarlanmışdı. Hasardan yola tərəfə qaratikan kolları sıx-sıx əkilmişdi.

Hündür qaratikan kollarından ev görünməz olmuşdu.

Evə sağa dönən yoldan, məhlənin orta hissəsindən yol ayrılırdı. Həyətə göy rəngli dəmir darvaza qoyulmuşdu. Darvazanın göy rəngi artıq soluxmuşdu. Çox yerdən rəngi tökülüb pas atmışdı. Hiss olunurdu ki, çoxdan qoyulmuş darvazadır.

Evlə darvaza qapı arasındakı məsafə 150 metrə qədər olardı. Evə gedən yolda - yolun kənarına həm sağ tərəfdə, həm də sol tərəfdə alma ağacları əkilmişdi. Ağacların hündürlüyündən bilinirdi ki, ən azı 20 ilin ağaclarıdı. Evin yerləşdiyi yer söt olduğundan, iki otaqlı, qarşıda eyvanı olan ev aşağı hissədən iki mərtəbəli, yuxarı başdan bir mərtəbəli görünürdü. Yuxarıdan evin qarşısından xeyli qabağa çıxan balaca eyvanın qapısı birbaşa həyətə açılırdı. Həyətlə məhlə dəmir torla ayrılmışdı. Eyvanın çıxacağı ilə üzbəüz böyük bir alma ağacı var idi. Ağacın dibinə əldəqayırma stol bərkidilmişdi.

Məhlə ilə yolun arası hündür idi. Məhlə yoldan xeyli çökəklikdə yerləşirdi. Görünür, yol çəkiləndə əlavə daş, torpaq töküb yolu hündürləşdirmişdilər.

Əkin yerində də çoxlu ağaclar gözə çarpırdı. Çılpaq ağaclar sanki keşikçi kimi ətrafa nəzər salıb məsum, yazıq bir görkəm almışdı. Baxımsızlıq ucundan ağacların ətrafını kol-kos basıb. Bağdan çox meşəyə bənzəyirdi. Maşınla gəlib keçənlər Zorikin evi olduğuna görə o evə gözucu baxıb keçirdilər.

Həyət-bacada arada-sırada bir yaşlı qadın görünürdü. Burdan keçənlər qadını görəndə onun haqqında deyinib keçərdi:

- Bu ev də onların evidir. Görəsən, indi haralardadır? Xarabasında olmaz, əşi. O nə vaxt xarabasında tapılır ki? İndi nə bilirsən daşı hayana atılıb, - deyərdilər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!