On dörd gün karantində... - Bahar BƏRDƏLİ - hekayə

 

İstanbulda təyyarədən enən kimi onları dövrəyə aldılar. Lap filmlərdə olduğu kimi, əvvəlcə polislər, sonra ağ paltarda, iri şüşə gözlükdə, maska və əlcəkdə tibb işçiləri, ambulanslar... Demək, Türkiyə də karantinə keçmişdi. Nə tez?! O da dəstəyə qoşuldu. Burdan çıxmaq, meşədə qəflətən qarşına çıxan ac pələngin pəncəsindən qurtarmaq kimi bir şey idi.

...Onları hansısa bir klinikanın zirzəmisinə yerləşdirmişdilər. Hər kəsə də bir cüt əlcək, bir maska vermişdilər. Sıra ilə düzülmüş tibbi çarpayılar da sanki ağ maska geyinmişdi. Görünür, buranı əvvəlcədən hazırlamışdılar. Hərə öz çarpayısında məlul-müşgül oturmuşdu. Kimi əlcəklə, kimi maska ilə oynayır, kimi də maskasını taxıb üstündən bərəlmiş gözləri ilə ətrafını seyr eləyirdi. Bu qorxulu, heyrət dolu baxışlardan başa düşmək olardı ki, burda hər kəs bir-birinə real xəstə kimi baxır. Aralarında zənci, rus da vardı. Yəqin ki, iş adamları idilər. Amma vəzifəlilər-məmurlar da yox deyildi. Davranışlarından hiss olunurdu ki, buranı özləri üçün həqarət hesab edirlər! Bü cür münasibətdən, təbii ki, məmnun deyildilər. Sanki onlar doğurdan da ölümcül virusa yoluxmuşdular, şəhərə çıxsalar bütün insanları, insanlığı, cəmiyyəti məhv edəcəkdilər! Lakin bir iş də vardı ki, bunlar hamısı olmasa da, burda kimsə, ya kimlərsə virusa yoluxa bilərdi. Əgər virus deyilən o şoqərib hava-damcı yoluynan insanlara keçirdisə, demək, bunlar da bir canlı kimi yəqin ki, o hava ilə nəfəs alıblar, daha su ilə, ya torpaqla yox ki...

...Malik əlcəklərini, maskasını geyinib küncdəki çarpayısında yeməkdən küsmüş uşaqlar kimi büzüşüb oturmuşdu. Həm yorulmuşdu, susuz idi. Həm də qorxmuşdu, birdən virusa yoluxsa... İngiltərədən gəlirdi. Orda yeni mülk almışdı. Məmurların çoxu ordan ev, obyekt alıb. O da axına qoşulmuşdu. Kimdən əskik idi? Vəzifəsi, pulu-parası... Niyə də olmasın?! İndi də yaman yerdə axşamlamışdı... On dörd gün burda karantində qalacaqdı... Necə dözəcəkdi?.. Elə bil onu qəflətən, gözlənilmədən yaxalamış, haqsız olaraq suçlayıb on dörd il iş kəsmişdilər. Budur, otur burda, "Srokunu" çək, deyirlər.

Telefonunu cibindən çıxartdı, evə məlumat vermək istəyirdi. Ona xeyli zəng, mesaj gəlmişdi. Bir-bir açıb oxumağa başladı. Birinci mesaj Bakıdan, arvadının həkimindən idi. Gecə arvadının halı ağırlaşmış, "Təcili yardım"la gətirib xəstəxanaya yerləşdirmişdilər. Səhər müayinə zamanı onda xərcəng aşkarlanmışdı. İndi ona kimyaterapiya lazım idı. Ancaq xəstəyə deyə bilmirdilər. Onun - ərinin deməsini, başa salmasını gözləyirdilər. Belə... Uzun müddətdi özünü narahat hiss edən arvadının xəstəliyi, demək, xərçəngin əlamətləri imiş... Bu xəstəlik də illərdi elə qrip kimi, virus kimi yayılmaqdadı... Görəsən bunun qarşısı nə vaxt, necə alınacaq? Doğurdanmı bunun müalicəsi tapılmayacaq?.. Özü də ən həssas, kövrək insanları çəkib aparır... Öküz xislətli adamların bu xəstəliyə tutulduğunu eşidib, görmüsünüzmü? Yəqin ki yox! Elə burdan yola çıxıb onun dərmanını tapmaq gərəkdi...

İkinci mesaj qızından idi. Moskvadan yazmışdı. Rusiya da karantinə keçib. Bütün işçilər evinə gedib. O isə ofisdə qalıb. Evə getməyə imkan olmayıb. Həm də yaman qorxur... Birdən virusa yoluxsa burda neyləyəcək?! Atasından kömək gözləyirdi...

Üçüncü mesaj oğlundan idi. Milandan yazırdı. Dostları ilə gəzməkdən qayıdarkən polisə tabe olmadıqlarına görə həbs olunmuşdular. İndi o da atasından kömək gözləyirdi... Burda qalmaqdan qorxur. Şərait dözülməzdi... - deyir. Oh, fərsiz oğul!..

Kişi yerindən dəli kimi qalxdı. Qapının ağzına gəldi. Çöldən, yuxarıdan polislərin qarışıq səsləri eşidilirdi. İki-üç dəfə "polis"  - deyə səsləndi. Sonra qışqırdı. Səsi zirzəminin künc-bucağına dəyib qayıtdı. Elə bil onları quyunun dibinə salmışdılar. Səs yuxarıya getmirdi. Bir az gözləyib geriyə qayıtdı. Yatağına uzandı. Qarnını sancı doğruyurmuş kimi qalxdı, qıvrılıb oturdu. Həyatında ilk dəfə idi ki, heç kimə, heç nəyə gücü çatmırdı. Onun səsi, sözü eşidilmirdi!

- İlahi, özün kömək ol! - İlk dəfə yaradanı yad eləyib ürəkdən kömək istədi. Sonra da fikirləşdi ki, görəsən axırıncı dəfə yaradanın adını nə vaxt, harda, hansı şəraitdə çəkib? Xatırlaya bilmədi.

Oturduğu yerdə yatmışdı deyəsən. Səsə ayıldı. Özünü çox əzgin, yorğun hiss edirdi. Elə bil ağırlaşmışdı. Nəm, rütubətli yerdə nə qədər dözə biləcəkdi? Qızdırması vardı. Yəqin ki, otağın havasından idi. Durmaq istədi. Taqəti yox idi. Ətrafdakılar ona təəccüblə, heyrətlə, qorxu ilə baxırdılar.

Bir azdan ağ paltarlı, maskalı həkimlər otağa axışdı. Onu götürüb başqa bir tək çarpayılıq otaqda yerləşdirib getdilər. Kişi yay kimi gərildi. Nəsə demək, qışqırmaq, vəziyyətini başa salmaq istədi. Səsi çıxmadı. Dərindən nəfəs alıb sakitləşməyə çalışdı. Bacarmırdı. Bərkdən hönkürüb ağlamaq istəyirdi. Tibb işçiləri ona yemək, su gətirdi. Bir sakitləşdirici iynə vurdular. Maraqlı idi ki, onunla işarə ilə, əllə danışırdılar. Onu karmı hesab edirdilər? Nə baş verir? Daxilən çıldırmışdı. O, niyə danışa bilmirdi?..

...- Qızdırması çox yüksəkdi! - Xanım həkimin incə, zərif, lakin təlaşlı səsinə yuxudan oyandı. Həkimdən nə baş verdiyini soruşmaq istəyirdi. O, virusa yoluxubmu? Yox, ola bilməzdi! Sadəcə, yorğundu. Daxilən gərgindi.... Ailə problemləri var. Bura nəmdi. Heç vaxt yemədiyi yeməkləri yeyib, düşmədiyi qapalı şəraitdə yaşayıb... Amma... yenə danışa bilmədi. Yenə iynə vurub getdilər.

Kişiyə göz açmağa imkan vermirdilər. Onu dava-dərman, iynə atəşinə tutmuşdular. Özünə gələn kimi başının üstünü kəsdirir, iynələyib, otağı dərmanlayıb gedirdilər...

...Dili ağzında şişmişdi. Tərpədə bilmirdi. Elə bil onu, anası demiş, udar vurmuşdu! Bütün bədəni donmuşdu, işləmirdi. Sinəsi göynəyirdi. Nəfəsi daralmışdı. Arada nəfəs aldıqca xırıldayırdı. Nə yaxşı ağlı üstündə idi. "- İlahi, kömək ol" - neçənci dəfə idi ki, həbsxana pəncərəsinə oxşayan nəfəslikdən ulu göylərə baxırdı. Həkimlər gözə dəymirdi. İlahi, o burdamı öləcəkdi? Əgər burda ölsə... Yəqin ki, onu Bakıya aparmayacaqdılar. Hardasa dərin bir çalada, quyuda... basdıracaqdılar... Bir ölkənin çinli məmuru olasan, on ölkədə evin-mülkün ola, maşınların, pulun-paran, qızılın-gümüşün ola... Bu ağır günlərdə rahat bir yatağın, yerin olmaya... O evlərin birində dincəlməyəsən... Anası dualarının sonunda həmişə belə deyərdi: - İlahi, mənə ölümün də xeyirlisini nəsib eylə! - Onda anasının sözlərinə gülürdü: - Ay ana, ölüm nə, xeyir nə? Öldün qurtardı də... Yox, sən demə, düşündüyü kimi deyilmiş... Gör harda ölürdü... Özü də hansı adla, hansı xəstəliklə! Doğmalarından, qohumlardan, dostlardan uzaq bir xəstəxananın küncündə. Bir stəkan çay verəni, "can"- deyəni də yox... Nəinki özü, heç ailəsindən kimsə alıb yığdığı o evlərin, mülklərin birində deyildilər... Arvadı xəstəxanada, oğlu həbsxanada, qızı ofisdə, özü də belə... Burda ölüb qalası olsa aldığı o evlərin çoxunun yerini, ölkəsini belə bilən olmayacaqdı... Arvadının ömrü bundan sonra geri saymağa başlayır... Xərçəng ondan əl çəkən deyildi... Bir az gec, bir az tez aparacaqdı... Oğul da fərsiz... qız da hünərsiz... tək nə edə bilərdi yad ölkədə?..

Qonşu otaqdan ona tanış olan xırıltılı səs gəlirdi. Şeir oxuyurdular. Yəqin ki, xəstələrdən kiminsə mobil telefonundan səslənirdi. Hə... Ustad Şəhriyarın öz səsində, qoca vaxtlarında səsləndirdiyi "Yalan dünya" şeiri idi:

Bu dünya fanidir, fani,

Bu dünyada qalan hani?

Davud oğlu Süleymani

Taxt üstündən salan dünya,

Yalan dünya...

Bu şeiri teleradiolardan dəfələrlə eşitmişdi. Amma heç vaxt bu günkü kimi dərk eləməmişdi. Görəsən biz niyə özümüzdən əvvəlkilərin dediklərini oxuyanda, eşidəndə dərk etmirik, yalnız o duruma düşəndə anlayırıq?

Atası uzun illər bir rayonda partiya işçisi olmuşdu. Ağıllı, savadlı, görüb-götürmüş köhnə kişilərdən idi. Bir həyət evləri vardı, bir də onun xidməti maşını. Vəzifədən çıxanda onu da əlindən almışdılar. Ahıl vaxtlarında hara gedirdisə piyada gedib-gəlirdi. Heç vaxt şikayətlənməzdi. Ən ağır işləri, sözləri, ölümləri belə sakitliklə qarşılayardı. Bu dünyadan da vaxtında, kiməsə əziyyət vermədən, doğmalarının arasında rahatlıqla köçüb, uçub getdi. Üç övladına - iki qızına və bir oğluna ona yalnız ali təhsil verdi. Qızların hərəsinin öz evi-eşiyi, öz həyatları vardı. O isə... hələ də Avropadan mülk almaqdadı. Müxtəlif ölkələrdə bu qədər var-dövləti niyə alıb yığmışdı?! Bunları kim idarə edəcəkdi? Fərsiz oğlumu? Lap fərsiz olmasın. Avropaya səpələnmiş mülkləri idarə eləmək nə bir-iki ömrə sığan iş deyil, nə də bir-iki adamın görəcəyi iş deyil. Lazım idimi bu? Niyə ömrünü insan kimi rahat yaşamır? Dünyaya ev almaqdan ötrü gecə-gündüz onun-bunun "qulağını" kəsmək üçünmü gəlib? Bir əli dövlətin cibində, bir əli də camaatın cibində. Biri oğurluq, o biri rüşvət... Anası hərdən deyirdi ki, bala, çox var-dövlət də düşmən kimidi. Özünə düşmən yox, ehtiyacını ödəmək üçün lazım olanı qazan. Amma o eşitmədi. Elə bil bu dünyada mal-mülk alıb ona qarovul çəkmək üçün yaşayırdi.

Sənin bəhrən yeyən kimdi?

Kiminkisən, yiyən kimdi?

Sənə doğru deyən kimdi?

Yalan dünya, yalan dünya!..

- Ruhun şad olsun, ustad, həyatı, dünyanı vaxtında dərk eləmisən. Qəlbi dolu, gözütox, evi boş olan ustad. Sənin malın-mülkün deyil, əqli dünyan - əsərlərin dünyaya səpələnib. Hər gələn nəsillə yaşayacaqsan... Bizim fərqimizə bax! - Malik sanki indi ayılmış, qəflət yuxusundan oyanmışdı. Öz-özünə alovlanır, özünü parçalamağa belə hazır idi. Doğurdan da, axı o İngiltərədə nə gəzirdi? Niyə orda aldığı mülkün puluna Bakıda, ya elə rayonların birində bir müəssisə açıb işsizlərin ixtiyarına verməyib? Bu evləri neyləyəcəkdi? Orda yaşamağa ömrü çatacaqdımı?. Ya elə Milanda aldığı mülkü neyləyirdi? İndi yeganə oğlu həbsdə, təhlükədədi. O da orda virusa yoluxa bilərdi! Ya qızı? İndi Moskvada ofisdə tək nələr çəkir! Allahım, keç mənim bu günahlarımdan! Cahilliyimdən! Acgözlüyümdən! Hələ rayonda aldığı neçə hektarlıq torpaq sahəsi var! Əkəni yox, biçəni yox. Arvadı dəfələrlə demişdi ki, bu torpağa nə ehtiyacları var? Əgər uşaqları Avropada oxuyub, orda qalıb işləyirsə, orda yerləşib, orda yaşayacaqsa bu torpağı kim əkib, becərəcək? Çəpərləyib qoymusan qalıb orda... Ver onu orda yaşayan kəndliyə... örüş yeri eləsinlər... hərəyə bir inək saxlayıb balasını südlə böyüdə bilsinlər. Nə olsun dillənən, sənə söz deyən yoxdur. Bəs sənin vicdanın, ədalətin, həqiqətin harda qaldı?

Anası torpaq məsələsində daha maraqlı çıxış eləmişdi:

- Ay bala, Sən indidən üzünü görmədiyin nəvə-nəticən, kötücən üçün mal-mülk toplama. Bilmək olmaz yığdıqların onlara qismət olacaq, ya yox. Ya da belə deyək, onlar sənin bu fədakarlığına, çalışıb-çabalamağına layiq olacaqlar, ya yox? Unutma ki, yaradan hər kəsin qismətini özü müəyyən eləyir, özü verir. Sən heç narahat olma. Bunlar üçün də bu gün səninlə qoşa addımlayan insanların qismətinə, son tikəsinə göz dikmə, əl uzatma! Belə getsə sən cərcənək ola bilərsən!

- Ay ana, o nə deməkdi elə? - nə qədər də gülmüşdü.

- Bir az fikirləş, taparsan! - Anası çox narahatlıqla danışırdı. - Bir ayağın kənddə səhralanmış torpağın üstündə, bir ayağın da Avropada. Arada qalan bədənin vəziyyəti səncə necə ola bilər? Nə qədər dözə bilər? Bunun adı nədir?

Ustad Şəhriyar hər misranı təkrar-təkrar oxumaqda idi:

Səni fərzanələr atdı,

Qapıb divanələr tutdu...

Kimlər aldı, kimlər satdı,

Satan dünya, alan dünya...

yalan dünya...

- Günaydın, əfəndim! - Tibb işçisinin boğuq səsinə xəyali mühakimələrindən ayrıldı. Yalnız gözlərini çevirə bildi. Salamlaşmaq istədi. Dərdini soruşmaq istədi... Onun üzünə baxan qız nə gördüsə güllə kimi otaqdan çıxdı:

- Doktor! Doktor! - Səs karidorda əks-səda verirdi. Az sonra bir ordu həkim onu yenə əhatəyə almışdı:

- Demek ki, virus özünü tanıtmaqda, göstermekdedir!

- Yani?

- Görmüyormusunuz, adam qaralıb, çürümekdedir!

- Demek, böylemi?

- Evet, efendim!

- Doktor, bu ki ölmemiş, diri, neçe, çürüyor?

- Bilmiyorum ki!

- Ankaradan doktor Akbaşi devet etsekmi, efendim? Amerikadan yeni gelmiş... Bilir bu hastalığı.

- Olur, olur. Onda çabuk olun! - Həkimlər sürətlə gəldikləri kimi, sürətlə də getdilər. Kişi bu dəfə əməlli-başlı "öldü" və sonra xırıldaya-xırıldaya yenidən "dirildi".

"- Yox, qürbətdə can vermərəm ölümə! Burdan çıxmaq gərəkdi! Yoxsa onu diri-diri basdıracaqdılar! İndi kimə desin dərdini, necə anlatsın vəziyyətini? Onu burdan kim çıxarda bilər?

Xeyli fikirləşdi. Onun yerinə, vəzifəsinə göz dikən müavinəmi zəng eləsin? Ya əlaltdan onun əleyhinə mətbuata material sızdıran, ona kələk gələn şərikinəmi? Ya işçilərini ona qarşı qoyan Aparat rəhbərinə? Bəlkə ona yaxın olan nazirliyə xəbər versin? Yox, altmış beş yaşın üstündədir. Xəstə olduğunu bilsələr dərhal vəzifədən çıxaracaqlar. Guya kimisə tapsa danışa biləcəkmi? Ya adi bir mesaj yazmaq gücündədimi o? Aman Allahım, insan necə də zəif məxluq imiş! Bir virusun əlində qalan dünya! Sən necə də qorxaq və acizsən!"

Gözləməkdən başqa çarəsi yox idi. Dərindən nəfəs alıb gözlərini yumdu. Deyirlər, şahları, paşaları qorxu altında saxlayan, onlara qan udduran, yeddi min yeddi yüz yetmiş yeddi dəlisi ilə meydan sulayan Koroğlu iki dəfə aciz duruma düşüb, dünyadan əlini üzüb, ölmək istəyib. Bir dəfə Keçəl Həmzə onu aldadıb, qolu-qanadı olan Qıratını əlindən alanda, özünü də dəyirmanın küncündə tək qoyanda. Heç hara, heç nəyə əli yetməyən Koroğlu "Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!" - deyərək yalnız oxumaqla özü-özünə təskinlik verib. Bir dəfə də odlu silahı ilk dəfə görəndə. Qarşı-qarşıya qılıncla mərdcəsinə döyüşən igid kolun dalından istənilən namərdin bir güllə ilə onu öldürəcəyini ağlına sığışdıra bilməyəndə... Deyilənə görə, Koroğlu əlində silahı olan adamın üstünə qışqırırmış ki, o silahnan məni vur! Kişi də yalvarırmış ki, sən nə danışırsan, o səni öldürə bilər!

- Ola bilməz. O bir qırıq dəmir parçası Koroğlunu öldürə bilməz! Sən bir hələ vur görüm!

Axırda əlacsız qalan kişi, - bax, bu inəyi vururam, ölsə cəriməsi sənlikdir, deyir. Koroğlu səbrsizliklə razılaşır. Kişi inəyə bir güllə vurur. İnəyin yerə yıxılıb çabaladığını görən Koroğlu dünyanın çox dəyişdiyini, daha onun kimi qolugüclü qəhrəmanlara ehtiyacın qalmadığını anlayır.

...Uzaqdan Ibrahim Tatlısəsin gur, özünəməxsus zil avazı süzülüb gəlirdi. Sanki onun üçün oxuyurdu:

...Gecəni yaşarım, doğmaz Günəşim,

Zamansız külləndi yanar atəşim...

...Bilinməz yollara girmiş kimiyəm,

İşıqlar altında sönmüş kimiyəm...

...Bir məchula döndü mənim həyatım...

Nərədə bitəcək mənim həyatım?..

Qarışıq səslərə gözünü açdı. Həkim briqadası yenə onu dövrəyə almışdı. İlahi, iri gözlüklərin altından ona elə baxırdılar, elə bil zoparka indiyə kimi görünməmiş canlı gətirmişdilər! Demək, onun axırı çatıb! Kimsə onu tanımır, kim olduğunu bilmir. Yəqin ki, üstündə milçək kimi, yarasa kimi, dovşan, siçovul kimi təcrübə aparacaqlar, sonra da bir dərənin dibində basdıracaqlar... Nə vaxtsa arvadı komadan ayılsa, oğlu həbsxanadan çıxsa, Bakıya gələ bilsə, qızı da ofisi tərk eləyəyib normal həyata qayıda bilsə.... onu axtarışa verəcəklər... Vəssalam!..

- Əfəndim, təcrübəli həkim pasiyentin üzünə, rənginə baxan kimi harasının xəstə olduğunu bilməlidir!

- Doktor, biz onun üzünemi, renginemi baxdıq? Burası bir karantin!

- Olsun Karantin. Görürsüz ki, bu adam tərpənə bilmir, danışa bilmir, fikirləşmədiz bunun başqa bir xəstəliyi ola bilər? Xəstəlik təkcə virusdanmı ibarətdir?

- Efendim, qüsura baxmayın, düşünemedik... Düşünmeye bele zamanımız olmadı...

- Deyin ki, qorxduq! Heç onun yanına da getmədik! Nə olub? Bu taundumu, vəbadımı? Orta əsrlərdimi? Bu qədər tibbin, tibb alətlərinin olduğu, inkişaf etdiyi zamanda yaşayırıq! Axı deyilib ki, bu adi qripin yeni növüdür. İnsan orqanizminin alışmadığı, öyrəşmədiyi yeni növü! Demək, əvvəlki müalicənin ikiqatını aparacağıq, yanaşı xəstəliklərini də müalicəsini təşkil etmək şərti ilə. Kompleks şəklində. Aydındı? İndi isə dərhal əməliyyata hazırlayın. Bu, kalb krizi keçirib. Qəfil ölümlərin doxsan beş faizini təşkil edən ürək damarlarının qan laxtası ilə tutulması. Şanslı adammış ki, sağ qalıb.

Həkimin xoş, ürəkli, arxayın danışığı Maliki xeyli sakitləşdirdi, daxilən canlandırdı. Demək, gözlədikləri həkim azərbaycanlı imiş. Bu həkimin səsi ona yaman tanış gəlirdi... Səlist, aydın, özünə-sözünə inamlı, artıq söz işlətmədən, tükənməz enerjisi, dəqiq danışığı ilə hardasa yaddaşında ilişib qalmışdı. Hə-hə... O idi! On il bundan qabaq... Hansısa rayon xəstəxanasında həkim işləyirdi. Deyildiyinə görə Tibb Unversitetini Ankarada bitirmişdi. Təmirdən sonra xəstəxananın - diaqnostik mərkəzin açılışında onlar da iştirak edirdilər. Mərkəzə dəyəri on minlərlə ölçülən yeni nəsil dioqnastik aparat hədiyyə edilmişdi. Bu cihazdan hələ şəhər xəstəxanalarının çoxunda yox idi... Amma biz nə etdik? Bakıya qayıdandan üç gün sonra xəstəxana qarşısında şərt qoyduq ki, ya cihazın pulunu yığıb versinlər, ya da özünü qaytarsınlar. Onda bu cavan həkim nazirliyə gəlmişdi. Danışırdı ki, o pulun verilməsi rayon həkimlərinin gücü xaricindədi. Bu mümkün deyil. Həm də axı bu bizə hədiyyədir... Cihazı əllərindən alsalar məsələ böyüyəcək, xəbər yuxarılara da çatacaq. "Bacarırsan, get, çatdır!", - hədəli cavabını verdilər. On gün sonra aparatı Bakıya qaytarıb özəl klinikalardan birinə satdılar! Bu azmış kimi sonra bu həkimin özünü də başçının əliylə işdən çıxartdılar. Bax, belə! İşdən çıxandan sonra, görünür, Ankaraya qayıdıb... Orda işləyib, Amerikaya təcrübəyə gedib... Hətta soyadını da dəyişib - Akbaşi... Türkiyədə məşhur adlardandı... Yəqin ki, onun sevdiyi həkimin - ustadının soyadı olub.

Kişi təzədən ölüb, ölüb... dirildi... Əgər həkim onu tanısa qətlinə fərman verəcək!... Allahım, bu nə bəladı, imtahandı, cəzadı o çəkir? İllərnən boynuna yığdığı, yüklədiyi günahların cəzasını bu on dörd gündəmi çəkməlidir?!

Yox... həkim onun kim olduğunu, hardan gəldiyini belə soruşmadı. Bu dəfə də kişi xəcalətindən ölüb... dirildi. Onun səsindəki doğmalıq, şirinlik, istilik, həyatsevərlik Malikə də sirayət eləmişdi. Daha ölüm haqqında düşünmürdü.

- Tez olun, vaxt kaybetmiyelim. Zamanımız yok. - Türk həkimi də canlanmışdı. Yanındakılara göstəriş verirdi.

***          

...Gözlərini açanda özünü göylərin yeddinci qatında hiss elədi. Böyük, geniş, yaraşıqlı pəncərədən palataya yaz günəşinin ilıq, sıcaq şüaları şəfəq səpirdı. Şəhər ondan aşağıda xəfif dumana bürünmüşdü. Əl içi kimi təmiz, aydın görünürdü. Görəsən bu xəstəxana neçə qatdan, mərtəbədən ibarət idi? Axır ki!.. Əməliyyatdan, demək ki, sağ-salamat çıxıb! Bu günlərdə o neçə dəfə ölüb, dirilib... Daha ölüm ondan çox-çox uzaqlarda qalıb! O kəfəni yarıb, cırıb, çıxıb!

...Günəş getdikcə gözlərində böyüyürdü... İşığı-şəfəqi ilə, istiliyi-hərarəti ilə...    ...Yaxşı insanlar da, doğurdan-doğruya, Günəş kimidi! Heç kimdən işığını, istisini, məhəbbətini əsirgəmir...

...Bütün bunlara rəğmən, Malikin ürəyində, vicdanınıda bir sızıltı, hüzn də vardı... Hərdən sanki o, boşluğa düşüb çıxırdı...

26-27 aprel 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!