"Buker" mükafatına namizəd: Şükufə Azər

 

Cari ilin fevral və aprel aylarında 2020-ci il üçün Beynəlxalq "Buker" mükafatının müvafiq olaraq, uzun və qısa siyahıları açıqlandı. Hər iki siyahıda çoxları üçün yeni sayıla biləcək bir ad vardı: İran yazıçısı Şükufə Azər (Shokoofeh Azar). Beynəlxalq mətbuatda dərc olunan çeşidli rəylər bu xanımın qısa siyahıdakı altı müəllif arasından "Buker"i qazanmağa yetərincə şanslı olduğunu göstərməkdədir.

Mayın 19-da mükafatın qalibi müəyyənləşməli idi, lakin koronavirus pandemiyası ucbatından laureatın elan edilməsi ilə bağlı tədbir yayın sonuna qədər təxirə salındı. Yaranan fasilə, şübhəsiz, builki "Buker"ə iddialı müəllifləri, o cümlədən, Şükufə Azəri daha yaxından tanımaq üçün bir fürsətdir. Bu qənaətlə də İran yazıçısının bir hekayəsini hörmətli "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim etməyi lazım bildim.

Qeyd edim ki, Şükufə Azər 1972-ci ildə Tehranda tanınmış yazıçı, şair və tərcüməçi Əmir Huşəng Azərin ailəsində doğulub. Uşaqlığı gözəl təbiətli Mazandaranda keçib, sonra Tehranda fars dili və ədəbiyyatı üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət "Ədəbiyyat ensiklopediyası"nın hazırlanmasında iştirak edib. 1999-cu ildən jurnalist kimi fəaliyyətə başlayıb, əsasən İranda islahatçı siyasi cinaha yaxın qəzetlərdə çalışıb.

2003-cü ildə uşaqlar üçün ilk bədii əsəri işıq üzü görüb. 2005-ci ildə avtostop (Hitchhike) üsulu ilə qədim İpək yoluyla səyahətə çıxıb, üç ay ərzində Əfqanıstan, Tacikistan, Qırğızıstan, Çin, Hindistan və Pakistanı gəzib. Səfər təəssüratları nüfuzlu "Şərq" qəzetinin iyirmi sayında hissə-hissə dərc olunub. 2009-cu ildə xeyli dərəcədə həmin səyahətin məhsulu olan "Çuxur günü" ("Ruz-e qoudal") adlı hekayələr toplusu nəşr olunub və ona yazıçı kimi şöhrət qazandırıb. 2010-cu ildə jurnalist fəaliyyətinə görə bir neçə dəfə həbs olunub, nəhayət, 2011-ci ildə ölkəsini tərk edərək Avstraliyaya köçüb. Hazırda Avstraliyanın Pert şəhərində yaşayır.

2018-ci ildə Avstraliyanın nüfuzlu "Stella" mükafatına əsas namizədlərdən biri olub. Sonrakı ildə isə "Bizim mətbəxin Tuba ağacı" ("Derəxt-e tuba-ye aşpəzxane-ye ma") adlı romanı Avstraliya İncəsənət Şurasının (Australian Council for Arts) mükafatını qazanıb. Bundan əvvəl magik realizm üslubunda yazdığı və "Buker"ə iddialı olan "Alça ağacının nurlanması" ("Eşraq-e derəxt-e qouce-səbz") romanı isə müəllifə beynəlxalq şöhrət gətirib. 

Yazıçı olmaqla yanaşı, Şükufə Azər həm də rəssamdır və Avstraliyada bir neçə sərgisi təşkil olunub.

Özünün dediyinə görə, onun şəxsiyyətini formalaşdıran və həyatını dəyişdirən üç amil olub: 1) Bakirə təbiətin qoynunda yaşamaq və təbii olmağı öyrənmək; 2) Avtostop üsulu ilə səyahət və seçim cəsarətini, öz əməllərinə görə məsuliyyət daşımağı öyrənmək; 3) Ədəbiyyat və həyatın imkanlarının sonsuz olduğunu anlamaq.

Vaxtını əsasən evindəki zəngin kitabxanada keçirən Şükufə Azər bu barədə deyir: "Mənim fikrimcə, dünyanın kiçik və böyük kitabxanaları fikir və duyğuların birləşmiş şəbəkəsi olub birlikdə əbədi bir kitabxana yaradırlar. Mən belə bir kitabxananın ortasında yaşayıram və bir gün burada da öləcəyəm"...

Məsiağa Məhəmmədi

Şükufə AZƏR

Çuxur günü

Hekayə

Birinci gün. Yazmağın qaçılmaz olduğu gün.

Yalnız yol getmək istəyirdim. Çıxıb getmək. Birinci gündən, yəni Taybaddan Herata piyada getdiyim gündən, yazmaq ehtirasına müqavimət göstərirdim. Çünki yazmaq özü-özlüyündə güvəniləsi bir şey deyil.

Amma elə bu an, yəni başımın üstündə Ayın durduğu və yeddinci ayın iyirminci gününün son saatlarını yola verdiyim bu dəmdə qərara gəldim ki, yazım. Əlbəttə, "qərar" sözü mənə münasibətdə daha yerinə düşmür. Çünki çoxdandır heç nə barədə heç bir qərar qəbul edə bilmirəm. Mən, sadəcə, ona görə yazıram ki, bu gün yazmaq qaçılmazdır.

İkinci gün. Xoş bir qarpız günü.

Buranın qarpızı həddən artıq şirin və şirəli olur. Yadıma düşdü ki, Tacikistanın əriyi və Əfqanıstanın şaftalısı da çox dadlı idi. Gecə çadırdan bir qədər aralıda bayıra çıxmaq üçün yerə çömbələndə, yanımda iri və bütöv bir qarpız gördüm. Ətrafda heç bir bostan-filan yox idi. Yatmazdan qabaq qarpızın yarısını yedim. Yuxuya gedəndə ağzım və əllərim yapışqan idi.

Üçüncü gün. Yol getməyin dünyada hər şeydən yaxşı olduğunu anladığım gün.

Bu gün səhər tezdən bir itin hürməsinə və çadırımın ətrafında otlayan, arabir də buynuzlarını ona sürtən keçilərin mələrtisinə yuxudan oyandım. Dünən on yeddi gün olmuşdu ki, heç kimlə kəlmə kəsməmişdim. Buna heç bir zərurət yaranmamışdı. Başımı çadırdan çıxaranda böyük bir əl üzümün qabağında bir piyalə süd tutdu. Başımı qaldırdım və mənim qadın olduğumu görüb təəccüblənən qoca kişiyə gülümsəyib piyaləni aldım. Jaketimi geyinib çadırımın yüz metrliyində qocanın qaladığı tonqalın yanına getdim. Yekə bir çaydan ocağın üstündə qaynamaqda idi. Ocağın kənarında, qocanın öz yanında mənim üçün qoyduğu kiçik bir daşın üstündə oturdum. Keçilər və çəpişlər otlaya-otlaya düz ayaqlarımızın yanına qədər gəlirdilər. Ənənəvi qırğız geyimində olan qoca kişi nəsə dedi, amma başa düşmədim. Gözlərinin qırağında dərin üfüqi qırışlar vardı. Qaynanmamış ilıq südü başıma çəkib ehtiram əlaməti olaraq təzim etdim və piyaləni ikiəlli ona qaytardım. Mənə əldə bükülmüş bir siqar təklif etdi. Ayaqlarımı tonqalın yanına uzadıb siqarın qatı tüstüsünü ləzzətlə ciyərimə çəkdim.

Gözlərinin qırağında üfüqi qırışlar olan qocanın üzünə baxa-baxa fikirləşdim ki, axı nəyə görə günlərin hesabını bilməliyəm? Niyə yadımda olmalıdır ki, mən neçə ay, neçə gündür Tehrandan, ya Taybaddan, ya da Düşənbədən çıxmışam? Yaxud heç əhəmiyyəti varmı ki, mən nə vaxt, hansı fəsildə Tacikistanda, Əfqanıstanda və ya Özbəkistanda olmuşam? Məhz elə bu an, qoca qırğızın üzündəki üfüqi qırışları görəndə dərindən anladım ki, saymaq - həyatda mümkün olan ən etibarsız bir işdir. Hiss edirəm ki, yeganə etibarlı şey yol getməkdir. Hərəsi yarım metrdən artıq olmayan addımlarla yol getmək. Siqar tüstüsünün burumlarına baxa-baxa düşündüm ki, görünür, mən günləri saymaqla qayıtmaq barədə fikirləşirəm. Anamın, atamın, ya da Şəhramın yanına qayıtmaq. Amma mən artıq xeyli müddətdir ki, heç kəsi düşünmürəm. Günləri saymaq mənasızdır, çünki mən özümlə yanından ötüb keçdiyim məkanlar və insanlar arasında əlaqə tapmaq istəyində deyiləm.

Çadırı yığmazdan qabaq tonqalın qırağında saçımı darayıb hördüm. Sonra ayağa durub çadırdan qarpızın qalan yarısını gətirdim və qocaya verdim. Çadırı yığa-yığa bir şeyi fikirləşirdim: bu gün dünəndən fərqlidir, çünki indi yola düşəndə yarım metrlik addımlarımı Yer kürəsinin sahəsi qarşısında görəcəm, buna baxmayaraq, yenə də şövqlə yoluma davam edəcəm. Yol getmək özü-özlüyündə mənim üçün maraqlıdır. Və üstəlik, hava da bu gün əladır. Qocadan uzaqlaşandan sonra əllərimi yana açıb ürəkdən və ucadan qışqırıram: Həəəyaaat!

Bilmirəm neçənci gün

Burada heç kəs yoxdur. Daha bilmirəm neçə gündür ki, gözümə bir adam dəymir. Yağış hər yeri isladıb. Göz işlədikcə uzanan çəmənlikdir. Bir tərəfdə dağsiçanları ciyildəyir, o biri tərəfdə başqa dağsiçanları onlara cavab verir. Səsləri qadınların çığırtısı kimidir.

Mən həmişə müəyyən, bir qədər də uzaq məsafədə yolların kənarı ilə gedirəm. Görünür, buna görə ki, özümü itirdiyim kimi özümün də itməyimdən qorxuram. Amma başqa bir məsələ də var: mənim yollardan xoşum gəlir. Yolların məni adamlara doğru apardığı məlum olsa da, onların harada bitəcəyi əsla məlum deyil. İndiyə qədər elə yollar da olub ki, məni heç bir adama doğru aparmayıb.

Üzüm şərabı ilə dovşan ətinin çox dadlı olduğunu anladığım gün

Bir neçə gün əvvəl ovladığım və yerli əhalinin qaydası ilə hisə verdiyim dovşanın əti bu gün qurtardı. Yaxşı ət alınmışdı. Ocaq qaladığım zaman bir maşının səsi dağların arasında əks-səda verdi. Xeyli vaxt idi ki, heç kəsi görmürdüm. Boz rəngli bir Cip ötüb keçdi, amma bir neçə yüz metr o yanda dayandı. Sürücü maşını daldalı verib mənim tuşumda yolda saxladı. Mən yoldan xeyli aralı idim. Maşından hərbi uniforma geymiş iki kişi düşdü. Əti təzəcə bir daşın üstündə ocağın qırağına qızmağa qoyduğumdan gözlərimi mənə doğru gəlməkdə olan adamlara dikdim. Təbəssümlə mənə yaxınlaşıb tonqalın yanında oturdular və özlərini qızdırmağa başladılar. Yağış yenicə kəsmişdi. Heç nə demirdik. Onlardan biri nisbətən cavan idi, utancaq və heyrətli baxışları vardı. Bir neçə dəqiqə qızışandan sonra ətə baxdılar və öz aralarında danışmağa başladılar. Mən hərdən ocaqdakı odunları qurdalayırdım, ya da daşın üstündəki əti o yan-bu yana çevirirdim ki, yaxşı qızsın. Bir qədər keçəndən sonra mənə nəsə deməyə başladılar. Ola bilər, qırğız dilində məndən soruşurdular ki, hansı ölkədənəm, yaxud nə üçün tək səfərə çıxmışam, ya da ərə getmişəmmi? Bəlkə də soruşurdular ki, vizan varmı? Həmişə təkrarlanan suallar. "İran, İran" deyə bilərdim, ya da onların adətincə, iki şəhadət barmağımı qarmaq kimi bir-birinə keçirib göstərə bilərdim, yəni ki, ərdəyəm. Amma heç nə demədim. Sadəcə, gülüb çiyinlərimi çəkdim və artıq qızmış əti iti cib bıçağımla doğrayaraq onlara verdim.

Gülümsəyərək böyük ət tikəsini orta yaşlı kişiyə təqdim elədiyim an düşündüm ki, yəqin, iti bıçağımı göstərməyim həm də bir növ gizli güc nümayişidir. Yəni mən özümü qorumağı bacarıram. Bu, birgə yaşamaq və sağ qalmaq istəyən adamların istifadə etdiyi üsullardan biridir. Mən isə xeyli müddətdir ki, daha insanlar arasında yaşamaq üçün hər cür cəhddən əl çəkmişəm. İndi artıq səkkiz ay olar. Bəlkə daha çox... Ya az... Bilmirəm. Mühüm də deyil.

Əti onlara verəndə çox məmnun oldular. Öz aralarında nəsə danışdılar və daha gənc olan kişi maşına tərəf yollandı. Onun yüngül və yaşıl enişdə iti addımlarla maşına doğru irəliləyən arıq və möhkəm cüssəsini süzdüm. Bir neçə dəqiqədən sonra geri qayıdanda əlində bir qırmızı şərab şüşəsi və iki plastik stəkan var idi. Şərabı stəkanlara süzəndə güldük və stəkanlarımızı havada toqquşdurduq, onlar bir səslə nəsə dedilər, yəqin ki, "sizin sağlığınıza!" kimi bir şey. Elə o anda anladım ki, dovşan ətinin üzüm şərabı ilə necə qeyri-adi tamı var. Sağ əlimin baş barmağını öz adətimiz üzrə yuxarı qaldırdım, yəni əladır, çox əla! Şərabı içəndə hərəmiz bir tərəfə baxırdıq, gah yaşıl çəmənə, gah yola, gah da ocağın üstündə pıqqapıqla qaynayan çaydana. Hiss etdim ki, onlar üzümə baxmaqdan çəkinirlər. Gedəndə hələ yarısı qalmış şərab butulkasını mənə uzatdılar. Məmnun oldum. Butulkanı aldım və onlar məndən çox aralanmamış cavan kişiyə tərəf qaçıb Zəncan istehsalı olan cib bıçağımı ona hədiyyə verdim. Bir anda bu qərara gəldim. Daha bıçağa ehtiyacım yox idi. Daxili bir güvənliyim vardı.

Çuxur günü

İndi çuxurun içindəyəm. Bu gün getdiyim yerdə qəfildən yanımda bir çuxur gördüm. Çuxurun bəlli bir məqsədlə qazıldığı məlum idi. Amma məlum deyildi ki, nə məqsədlə. Burdan yola qədər min metrdən çox məsafə var və əslində, kiçik bir hissəsini çıxmaq şərti ilə, buradan yol görünmür. Çuxurun ətrafını ot basıb. Ot və lalələr. Yay çoxdan girib. Bunu qarışqaların böyük yuvalarından və yoldakı yabanı əriklərdən anladım. Çuxurun yanından ötüb keçdim. Bu neçə ay ərzində sadəcə yanından ötüb keçdiyim çoxlu digər şeylər kimi. Amma o çuxurun qaranlığında nəsə vardı ki, məni saxladı. Ondan təqribən on-iyirmi addım uzaqlaşmışdım ki, qəfildən üzümü çevirib geri qayıtdım. Qayıtdım və o qədər də dərin olmayan o çuxurun başında dayandım. Bilmirəm neçə dəqiqə. Amma dayandım və eləcə ona baxdım...

Bütün çuxurlar kimi bir çuxur idi. Boş idi. Bilinirdi ki, qazıldığı vaxtdan bəri azı bir neçə dəfə yağış yağıb. Amma hələ də qıraqlarında bel izi görünürdü. Nəyə görə kimsə bu ucqar yerdə çuxur qazmalı, sonra da onu atıb getməli idi? Kürəyimdəki çantanı çıxarıb yerə qoydum və onun içinə girdim. Belimdən bir qədər yuxarı idi dərinliyi. İçərisində addımladım. Mənim adi addımımla üç addım yarım idi. Sonra sağ ayağımın dabanını sol ayağımın ucuna qoydum, daha sonra sol ayağımın dabanını sağ ayağımın ucuna qoydum və beləcə saydım. Düz mənim yeddi ayağım uzunluğunda idi. Enini də ölçdüm. Bir addım idi, yəni iki ayaq yarım. Bu cür səbrlə çuxuru ölçəndə, anladım ki, insan heç vaxt saymaqdan əl çəkmir. Hətta günləri saymasa belə, axırı saymağa bir şey tapır. Gülmək tutdu məni.

Çadırımı çuxurdan bir neçə metr aralıda qurdum. Artıq axşam düşmüşdü, mən kartof kababı yeyirdim, amma o çuxur bir an da fikrimdən çıxmırdı. Bir kartofu götürüb iyləyə-iyləyə getdim çuxurun qırağında dayandım. Başımı qaldırıb göyə baxdım. Səma irili-xırdalı ulduzlarla dolu idi. Ətrafımda çadırın qabağındakı balaca tonqalın dövrəsindən başqa hər yer zülmətə qərq olmuşdu. Kartofun qabığını soyub duzladım və indi gecə vaxtı qapqara olan çuxura baxa-baxa onu yedim. Sonra duzlu barmaqlarımı sordum. Mən duzun dadını çox sevirəm.

Çadıra gedib yataq kisəsini, şərab şüşəsini, qələm və dəftərçəmi götürdüm və gəldim çuxurun içinə. Uzandım. Çuxurun səthi quru və isti idi. Yataq kisəsini açıb içinə girdim. Arxası üstə uzanıb əllərimi başımın altına qoydum. Vəcdə gəldim. Ona görə də əllərimi ağzımın ətrafında yumurlayıb qışqırdım:

- Həəəyaaat!

Səsim ətrafa yayıldı və geri qayıtmadı.

Başımın üstündəki səma ulduzlarla dolu idi.

Bilmirəm çuxurun neçənci günü

Bu gün bilmirəm neçənci gündür ki, mən hələ də bu çuxurun içində yatmışam. O tüstü qoxusu verən duzlu kartofdan sonra bir neçə qurtum şərabdan başqa heç nə yeyib-içməmişəm. Hava hələ də günəşlidir. Bu gün bir dəfə yataq kisəmdən çıxıb çuxurda addımladım. Hələ də, gülməli də olsa, həmən ölçüdədir. Üç addım yarım uzunu, bir addım eni. Bir az kənara baxdım. Əllərimi qoydum çuxurun qırağına, çənəmi söykədim əllərimə və kənara baxdım. Bir dağsiçanı mənim bir neçə addımlığıma gəldi, iki ayağı üstə durub bir neçə an mənə baxdı. Mən də ona baxdım. Hətta gözümü də qırpmadım. Siçan bir neçə saniyədən sonra üzünü başqa səmtə çevirdi və getdi. Sakitliyin vızıltısından başqa bir səs yox idi. Yerdən butulkanı götürdüm və dayanıb çuxurdan qırağa baxa-baxa qalan şərabı da başıma çəkdim. Mədəm yaman göynədi. Butulkanı yuxarı qaldırıb var gücümlə kənara, çadırın olduğu istiqamətə tulladım. Butulka çadıra dəyib aşağı diyirləndi və otların arasında yox oldu. Çadırım, nə qədər gülməli də olsa, hələ yerindədir. Amma ocağın üstünə qoyduğum yastı çaydanın bir tərəfi külün üstünə düşüb. Külək çadırın girişindəki örtüyü yuxarı atıb. Hava istidir. Yabanı çiçəklərin ətri gəlir. O qədər çölü seyr edirəm ki, axırda səbrim tükənir. Səbrim tükənəndə yenidən uzanıram yerimə. Çuxurun içərisi rütubətli və sərindir. Ac-susuzam və mədəm hələ də göynəyir.

Günəş üçün yaxşı bir gün

Bu gün günəş bütün gücü ilə parlayır. Nə deyirdilər? Deyirdilər ki, Günəş hər saniyədə bir neçə min ton enerji partladır? Və bu enerji Yer kürəsinə çatana qədər bir neçə min işıq ili yol keçir ki, mən beləcə burada, bu guşədə uzanıb deyim: Ah, nə xoş hərarətdir? Bilmirəm. Beynim yaxşı işləmir. Təkcə onu bilirəm ki, onun üzümün dərisində hiss etdiyim hərarəti mənə rahatlıq gətirir. Bir tarakan yataq kisəmin aşağısından üzümə doğru yuxarı qalxır. Yataq kisəsinin zəncirbəndini açmışam, amma hələ də çuxurun dibində uzanmışam. Mədəm göynəyir, ağzım qupqurudur. Dodaqlarımın dərisi parça-parça olub. Elə indicə bir çaqqal çuxurun qırağından başını içəri uzatdı. İylədi. Sonra məni gördü. Bir neçə anlığa eləcə bir-birimizə zilləndik. Yəqin, çox arıqlamış olaram.

Qırğız qızcığazın günü

Dedi:

- Salam.

Başımı yavaşca yataq kisəsindən çıxarıb təəccüblə ona baxdım. Dedim:

- Salaaam.

4-5 yaşlı bir qız uşağı. Çox qəşəngdir. Qıyıq gözləri və balaca çiyinlərinə tökülmüş yumşaq saçları var. Çuxurun qırağında çömbəltmə oturub və əlləri ilə ayaqlarının böyründə yerdə nə isə çəkə-çəkə soruşur:

- Niyə burda yatmısan?

Danışmağa halım yoxdur. Amma cavab verirəm:

- Çünki həvəsim yoxdur.

Deyir:

- Nəyə həvəsin yoxdur?

Deyirəm:

- Bilmirəm. Heç nəyə həvəsim yoxdur.

Birdən yerindən qalxıb tullanır çuxurun içinə. Bədənim ağrıyır. Son gücümü toplayıb yataq kisəsindən çıxıram. Başım hərlənir. Çuxurun hündürlüyü onun boyundan iki dəfə artıqdır. Çuxurun dibində dayanıb yuxarı baxır. Çuxurun yuxarısından bir neçə keçi və çəpiş boylanır. Qızcığaz deyir:

- Bu mənimkidir.

Bir ala çəpişi göstərir.

Qızcığaz əllərini mənə doğru uzadır, yəni qucaqla məni. Əynində narıncı-yaşıl köynək var. Axı bu uşaq burada necə peyda olub? Əyilib çətinliklə onu qucaqlayıram və anlayıram ki, düşündüyümdən daha çox zəifləmişəm.

Qız qucağımdadır. Özünə qucağımda yaxşı yer eləyib. Üzünü otlağa tutub. Mən də üzümü o tərəfə çevirirəm. Otlaq göz işlədikcə qoyun, keçi və yarımvəhşi atla doludur. Atlar o tərəf-bu tərəfə yortur və qaçırlar.

Qız incə və soyuq barmaqlarını dodaqlarıma çəkib deyir:

- Dodaqların quruyub.

- Aha, - deyirəm.

Yenidən soruşur: "Sən niyə bura girmisən?"

Yenidən cavab verirəm: "Ona görə ki, həvəsim yoxdur".

Deyir: "Nəyə həvəsin yoxdur?".

Deyirəm: "Bilmirəm... Heç nəyə həvəsim yoxdur".

Deyir: "Bezmirsən?".

Deyirəm: "Yox".

Onun enerji dolu uşaq səsini daha çox eşitmək istəyirəm, ona görə soruşuram: "Nədən bezmirəm?".

Deyir: "Bu çuxurun içində qalmaqdan".

Deyirəm: "Yox, elə də fərq eləmir".

Qucağımda yerini rahatlayıb qarnının üstünə qoyduğu əllərinə baxır. Qızcığazın əynində qırğız milli libası var. Başına da üstü pulcuqlu balaca qırmızımtıl papaq qoyub. Ala çəpiş bizə yaxınlaşır. Qızı çuxurun qırağında oturduram. Elə oturduram ki, üzü mənədir və ayaqları çuxura sallanır. Başımdakı sancağı açıram və qızın dağınıq saçlarını yığıram. Bu işi görəndə qız baxışlarını gözlərimə zilləyir. Qolumu onun kiçik bədəninə dolayıb mən də onun gözlərinə baxıram. Badamı qəhvəyi gözləri həyat eşqi ilə doludur. Bir az sonra qız sol tərəfində dayanan çəpişinə baxıb deyir: "Mən gedirəm". Yerindən qalxır və bir də dönüb mənə baxmadan çəpişinin dalınca artıq xeyli uzaqda olan sürüyə doğru qaçır.

Daha taqətim yoxdur. Gözlərim qaralır. Yorğunam. Yatmaq istəyirəm. Yerimdə uzanıram. Üşüyürəm. Yataq kisəmin zəncirbəndini sona qədər çəkirəm. Gözlərimi yumuram. Amma dərhal da açıram. Bu qızcığaz kim idi?.. Biz ki, bir-birimizin dilini qətiyyən başa düşmürdük...

Deyəsən, artıq başım işləmir...

Yuxum gəlir... Üşüyürəm... Daha mədəm göynəmir. Susuz da deyiləm. Heç nəyə həvəsim yoxdur... Hətta qız barədə düşünməyə də. Xüsusən qız barədə düşünməyə.

Bilmirəm nəyin neçənci günü

Bu gün yağış yağıb. Bilmirəm neçə gün keçib... Hətta bilmirəm nədən neçə gün keçib. Mən yataq kisəmin içində çuxurda düşüb qalmışam. İri yağış damlalarının səsi yataq kisəsinin qalın parçası altında eşidilir. İri yağış damlalarının səsinə qulaq asıram və qələmim bu sətirləri yaza-yaza, sanki məni yuxu aparır...

Yağışın səsi gözəl olsa da, torpağın ətri bambaşqadır. Bütün çuxuru dolduran torpaq ətri məni məst eləyir...

Fars dilindən tərcümə etdi: Məsiağa Məhəmmədi

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!