Moskvadan gələn qonaq - Vüqar AMRAH - hekayə

 

Səhər obaşdan idi. Yaşı səksəni haqlamış Qulu kişi adəti üzrə lupaya oxşayan eynəyini taxıb, lövbərini darvaza yanındakı taxta oturacağa salmışdı. Fikirli görünürdü. Əlindəki çoxfunksional zoğal çubuğu ilə torpaqda özünə məlum olmayan həndəsi fiqurlar cızırdı. Bu gün oğlanları Moskvadan gəlməliydilər. "Dünyanın üzü qara olsun. Uşaqlar yazıq oldular. Yurd-yuvalarını atıb bir parça çörək üçün dərbədiyar düşdülər. Düz-əməlli atalıq da eliyə bilmədim, - ürəyində fikirləşərək, cızdığı fiqurun sonuna qalın nida işarəsi qoydu. - Gəlsəydilər, ot-şota kömək eləyərdilər. Mal-qara da adamı bir yandan bezdirir. Dərdi yoxdu, səri çoxdu. Yaxşı ki, Moskvaya getmirlər. Gün qalxana qədər gedim otu çalım. Uşaqlar da gəlib çatar...".

Qulunun kefi kökəlmişdi. Daşqanın qozlasında oturub zümzümə edirdi:

"Dovğa doqqazatan,

yayma yaylağatan...".

Çəkil bağlarına az qalmış qonşunun qamış atlı cüvəllağı oğlu Qulunun yanından yel kimi ötüb daşqanın qabağını kəsdi:

- Qulu dayı, ay Qulu dayı! Oğlanların gəlib ey, kənd başındadılar. Dostlarıynan oturublar. Dedilər, atam bizi gözləməsin, gec gələcəyik... - uşaq cüvəllağı da olsa, deyəsən, şirinlik umurdu.

Bayaqkı ovqat "şirinliklə" bir yerdə qeyb oldu. Qulunu fikir aldı: "Nələrdən keşməmişəm? Çilingərdən tutmuş, NKVD agentinə qədər can qoymuşam. Heç vaxt belə olmayıb. Bu kənddə qəribə "mənəmlik" yaranıb. Adamlar ata-baba ocaqlarını heç vaxt unutmurlar. Harda yaşamaqlarından asılı olmayaraq mütləq geri qayıdırlar. Həm də fərqli qayıdırlar. Bu qayıdışdakı xiffətə bir xeyli də bayağılıq qatırlar. Bəzisi yurdu bünövrəsindən kürüyüb yerində "Misir ehramı" ucaldır, digəri on metr hündürlüyündə hasar hördürür, o biri böyüklüyündən asılı olmayaraq bütün həyəti metlaxla bəzəyir, kimisi də beş-altı maşın sığası qaraj tikdirir. Bütün bunların hamısı "qeyrət" sayılır. Bu "qeyrət" uzaq-uzaq, qərib şəhərlərdəki sərgüzəştlər hesabına qazanılır. Bu "qeyrət" yalanlar, aldatmalar, qarğışlar, nifrinlər, haramlar, zinalarla silahlanıb qol-qanad açır, doğma yurda qayıdır. Uzaq-uzaq qərib şəhərlərdəki "qeyrətin" törətdiyi fəsadlar doğma yurdda heç nədən xəbəri olmayan fağır ailələri dağıdır, qohumları düşmənə çevirir, dostları müflis edir. Özü də lap adi hadisə kimi... Eybi yox, təki on metr hasar olsun, təki hər həyətdə "Misir ehramı" ucalsın, təki hər qarajdan qonaqlığa gedəsi Cip, iş dalıycan gedəsi Niva, ehtiyat yaraşığı Mersedes çıxsın! Bəs necə? Axı, kənardan baxan var... Beləcə, kəndin adamları şəxsi həyatlarını kəndin mülkiyyətinə çevirirlər. Ruhlarını, azadlıqlarını özlərinin hesab etdikləri hasarlara, imarətlərə qurban verirlər. Ehh! Burda yeganə təmiz qalan sənsən". - Qulu kişi gümüşü təbəssümünü əsirgəməyən Acınohur gölünə tərəf baxdı.

Qəm dəryasına qərq olan kişi ot biçdiyi vaxt kənd başındakı yeməkxanada dostlardan biri Qulunun sağlığına badə qaldırmışdi:

- Rauf, Rüfət, gəlin bu badəni də içək Qulu dayının sağlığına! Halal olsun o kişiyə! Əsl kişiyə, mərd kişiyə! Özüm ölüm, o kişinin qeyrətinə heyranam. Kaş onda olan qeyrətin - baş barmağı ilə şəhadət barmağının ucunu göstərdi - onda biri məndə olaydı. Vallah, dağı dağ üstünə qoyardım! A kişilər, səksən yaşın ola, belə qeyrətli olasan? Nə deyim? O kişi haqqında saatnan danışaram, - əslində, təsvir sevən yazıçılar kimi deməyə sözü yox idi, amma "sehrbaz araq" öz işini görürdü. - Görünən dağa nə bələdçi? İçək! Sağ olsun Qulu dayı, var olsun Qulu dayı!!!

Badələr cingildədi. Hər cingiltidən sonra Qulunun oğulları daha da riqqətə gəlirdilər. Hər cingiltidən sonra sentimentallıq öz alabəzək donunu geyib gözləri önündə rəqs edirdi. Yarım litrdən sonra hisslər lütlənib qəti qərara döndü: "Bu gün heç! Səhər obaşdan qalxıb atamıza kömək edəcəyik! Yox, kömək nədir, heç əlini ağdan qaraya vurmağa qoymayacağıq!".

Gecə saat üçdə yekunlaşan məclisdən sonra ayaq barmaqlarının ucunda kasıb daxmalarına girib yatdılar. Yatmazdan əvvəl analarının qulağına qətiyyətlə pıçıldadılar:

- Saat beşdə bizi mütləq oyadarsan!

Sübh tezdən arabada oturmuş oğlanlar dəmir təkərlərin çıxardığı musiqi "şedevrinin" sədaları altında "poxmeldən" şişib qazan boyda olmuş başlarını yırğalada-yırğalada çəkil bağlarına doğru gedirdilər. Qulunu qəribə hisslər çulğalayırdı: "Bular nə vaxt boya-başa çatdılar, nə vaxt ailə sahibi oldular? Sonsuz olmaq yaman pis şeydir. Dərd-səri çox olsa da, övlad yaxşıdır" - Qulunun lupaya oxşayan eynəyi, sanki qəlbini, ruhunu göstərirdi. Başqa vaxt nə qədər fikirləşsə də övladlarının necə böyüdüyünü xatırlaya bilmirdi. İndi isə hər xırda detal gözü önündən kino lenti kimi keçirdi. - "Başım dost-tanışa, qonaq-qərəvəyə qarışdı, uşaqlara fikir verəmmədim, özləri özbaşına böyüdülər. Sən deyən, əziyyət də vermədilər. Nə betər xəstəlikləri olmadı, nə də düz-əməlli xərcə salmadılar. Heç kimin toyuğuna kiş də demədilər. Qeyrətli, tərbiyəli çıxdılar".

Nəhayət, çəkil bağlarına çatdılar. Otun yarısı biçilmişdi, çevrilməyini gözləyirdi. Qulu kişi dəryazını, xart daşını götürüb dərhal işə başladı. Oğlanlar isə bir düjün pivə götürüb sahə kənarındakı qocaman Pir palıdın kölgəsində özlərinə yer etdilər:

- Rauf, adama bir-bir pivə aç, özümüzə gələk, sonra başlayaq, - gözlərinin altı tuluqlanmış Rüfət dilləndi.

- Həə, pis olmaz. Andıra qalmışın əvvəli yağ kimi gedir, səhərisi it zulmudur.

Birinci pivələr "yanan yerlərinə" dəymədi.

- Oxxay! Birini də aç görüm, - gözü azca işıqlanan Rüfət dilləndi. - Hələ gəyirməmişəm, deməli, yenə lazımdır.

- Off! Pivəynən düzələnə oxşamır. Pazı-paznan çıxardarlar. Dədəmizdən ayıbdır, yoxsa... - Rauf oğrun-oğrun atasına baxdı. Kişi öz işindəydi. Ot çalır, yorulanda biçilmişləri çevirirdi.

Bu minvalla Qulu ot çalır, oğlanlar da "poxmellə" mübarizə aparırdılar. Bir pivə... Qulu kişi fikirləşdi ki, uşaqlar Moskvadan gəlib, qonaqdılar. İki pivə... Fikirləşdi ki, axşam gec yatıblar. Üç pivə... Fikirləşdi ki, "poxmel" andıra qalmış yaman pis şeydir. Dörd pivə... Kişi asqırdı. Beş pivə... Öskürdü. Yox!!! Xeyri olmadı. Uşaqlar yerlərindən qalxmadılar. Artıq gün qüruba doğru əyilmişdi. Qulu kişi hirsini-hikkəsini boğub çaldığı otu daşqaya yığdı. Özünü saxlaya bilmədi:

- Gəlin, qoduxlar! Minin daşqaya!

Oğlanlar yırğalana-yırğalana daşqaya mindilər. Həmişə sözəbaxan eşşəyin bu dəfə tərsliyi tutmuşdu. Qulu nə illah elədisə, eşşək yerindən tərpənmədi ki tərpənmədi.

- Hoşa, hoşaa! - oğullarının "qeyrətindən" qəzəblənən Qulu kişi zoğal çubuğunu eşşəyin kürəyinə çəkdi. - Get daa, lənətə gələsən, sən də Moskvadan gəlmisən?!

Çəkil bağlarından geri qayıdırdılar. Getdikcə özlərindən dəfələrlə nəhəng görünən kölgələrini seyr edən Qulu dəhşətə gəlirdi. Adətən, günəşin qürubunda belə olur. Bu qürub isə həmişəki qürublara oxşamırdı...

İki gün sonra səhər obaşdan darvaza döyüldü. Qapıda kəndin sayılan bənnasını görən Qulu kişi çaş-baş qaldı. Sual dolu baxışları ilə bənnaya baxdı.

- Oğlanların pulunu verib, Qulu dayı. Dedilər, biz Moskvaya gedirik, qayıdanda çəpərin yerində ağ daşdan tikilmiş hasar olsun.

Qulu kişi sual dolu baxışlarını yalvarışa çevirib, səmaya dikdi: "Ay Allah, nola hündürlüyünü deməyələr...".

Aprel, 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!