Karuseldəki at - Aygün BÜNYADZADƏ

 

Şəhərin mərkəzində, evcik şəkilli köhnə karuseldə qoca bir köhlən at yaşayırdı. Artıq neçə il idi ki, o, hər gün səhərdən axşamadək, şən-şən gülən uşaqları böyük həvəslə gəzdirər, gecələr isə, elə dayandığı yerdəcə, öz doğma evciyində yatıb, yorğunluğunu alardı. Beləcə, illər hiss olunmadan ötüb keçirdi.

Bir gün hər şeydən bezən köhlən, qaçmaq qərarına gəldi. "Gör neçə ildir ki, elə durduğum yerdə fırlanıram? Mənim taylarım yarışlarda qalib gəlir, müharibələrdə hünər göstərirlər. Mən isə bütün vaxtı kürəyimdə uşaqları gəzdirməkdən başqa heç nə etmirəm. Yox, nə olur-olsun, buradan qaçacağam! Axı, necə olsa, atam, özü də köhlən at! Başqa yerdə insanlara daha çox xeyrim dəyə bilər! Uşaqlar isə... onsuz da böyüyüb hər şeyi yaddan çıxarırlar, arada boş-boş fırlanmaq mənə qalır".

Qoca Köhlən qaçmaq üçün fürsət axtarmağa başladı.

Bu gün həlledici gün idi. Sonuncu dövrəni vurduqdan sonra Köhlən evciyi ilə vidalaşıb, dünya səyahətinə çıxaraq, insanlara daha çox fayda verəcəyi yerləri tapmalı idi.

Bu da günün sonu. Karusel sonuncu dəfə fırlanmağa hazırlaşırdı ki, əlində çəlik, gözlərində eynək olan ağbirçək bir nənə ağır addımlarla ona yaxınlaşdı. Bu, çox qəribə qarı idi - vaxtaşırı karuselin yanına gəlir, orda şən-şən fırlanan uşaqlara xeyli baxdıqdan sonra çıxıb gedərdi.

Bu gün isə... xüsusi gün idi - Köhlən yol üstündə idi deyə, kefi yaman kök idi, odur ki, Qarıya tərəf baxıb gülümsəyərək, göz vurdu. Əvvəlcə duruxan Qarı, sanki ürəklənərək evciyə daxil olub, köhlənin başını tumarladı. "Maraqlıdır, görəsən, Qarı nə istəyir?" - Köhlən düşündü.

Qarı isə öz işində idi. O, yavaş-yavaş, demək olar ki, böyük əziyyətlə, Köhlənin oturacağında əyləşdi. Karusel fırlanmağa başladı.

"Qəribədir, birinci dəfədir ki, kürəyimdə qoca qarını gəzdirirəm. Görəsən, özünü necə hiss edir?". Köhlən başını çevirib Qarıya baxmaq istədi. Lakin Qarı harasa yox olmuşdu. Onun əvəzində isə oturacaqda saçlarına iki gözəl bant bağlamış, əlində 3 ədəd böyük və müxtəlif rəngli şarları olan qızcığaz əyləşmişdi. O, ara vermədən şən-şən gülür və elə hey çığırırdı: "İrəli, köhlən atım, irəli!".

Nəhayət, karusel dayandı. Köhlən yenə də başını çevirib, geri baxdı. Oturacaqdakı qızcığazın yerində yenə də həmin Qarı əyləşmişdi. Qarı böyük çətinliklə oradan düşərək, gözləri yaşarmış halda indicə əyləşdiyi atın başını tumarlayıb alnından öpdü:

- Bilirsənmi, sən bu gün məni uşaqlığıma geri qaytardın. Mən hələ lap körpə olarkən, atam əlimdən tutub bu karuselə gətirər, mən də ancaq sənin kürəyindəki oturacaqda əyləşib yellənərdim. Hərdənbir bura gəlib sənə və karuseldə yellənən körpələrə baxır, uşaqlığımı yada salır, eyni zamanda əsl xoşbəxtliyin nə olduğunun bir daha şahidi olurdum. Axı, özün də etiraf et ki, bu karuseldə fırlanan an həmin uşaqlardan xoşbəxtini, bütün yer üzündə tapmaq mümkün deyil! Bəlkə də sən əsl, canlı at olsaydın, insanlara bu qədər xeyir verə bilməzdin! Axı, heç bir körpə əsl köhlən atı sənin kimi çapa bilməz! Heç bir canlı at körpələri sənin qədər sevindirməyə qadir deyil, heç bir atı həm balacalar, həm də böyüklər bu qədər çox sevə bilməz! Nə yaxşı ki, sən varsan!

Bu sözləri söyləyən Qarı göz yaşlarını silərək, gəldiyi kimi də kövrək addımlarla çıxıb getdi.

Köhlənin də gözləri yaşarmışdı. O, bir daha öz evciyini tərk etməyəcəyinə and içərək, yenə də orada fırlanmaqda, uşaqları əyləndirib, onlara sevinc bəxş etməkdə davam edir və böyük səbirsizliklə hər gün həmin qarının yolunu gözləyirdi.

Qarı isə, nədənsə, bir daha oralarda görünmədi.

"Rəsm əsərinin müəllifi: Xalq rəssamı Sakit Məmmədov

Şirniyyat atan silahlar

Uzun müddət davam edən müharibə insanları, heyvanları, otları, ağacları, çiçəkləri, hətta silahların özlərini də bezdirmişdi.

Günlərin bir günü, silahlar bir yerə toplaşıb qərara aldılar:

- Biz bir daha, heç kəsi öldürməyəcəyik!

- Bəs, insanlar bizə əmr etsələr, onda necə? Axı, onlara, sözsüz, itaət etməliyik?! - Bapbalaca bir tapança utana-utana xəbər aldı.

- Tapança düz deyir! - Yekə bir mina ağır-ağır dilləndi. - Biz minaların işi lap çətindir, insan övladı əmr edən kimi mütləq partlayıb, onlarca adamı birdən öldürməliyik.

Silahlar fikrə getdilər. Nəhayət, yekun qərar qəbul edildi.

Səhəri gün isə... Bütün dünyada görünməmiş qeyri-adi bir hadisə baş verdi.

Səhər açılan kimi döyüş meydanında hamı təəccübdən donub qaldı. Bilirsiniz niyə? Çünki bu gün çox qəribə işlər baş verirdi: tapançalardan düşmən tərəfə güllə əvəzinə müxtəlif rəngli konfetlər, avtomat silahlardan cürbəcür karamellər, qara və ağ rəngli şokoladlar, tanklardan, toplardan və qırıcı təyyarələrdən isə müxtəlif böyüklükdə pirojna və tortlar atılırdı. Minalar partladıqda isə əsl möcüzə baş verirdi. Minanın gücündən və növündən asılı olaraq, həmin yerdən yuxarıya paraşütlə bir neçə mərtəbəli dondurma-tortlar uçur, sonra yavaş-yavaş yerə enirdilər.

Həmin gün bütün dünyada müharibələr dayandı. Şirniyyatlar elə iştahaçan, qarşı tərəflərin isə həm döyüşən əsgərləri, həm də dinc əhalisi elə ac idilər ki, özlərini saxlaya bilməyib yeməyə girişdilər. Onlara baxıb əvvəlcə komandir və generallar, daha sonra isə dövlət başçıları da silahların atdığı şirniyyatı yeməyə başladılar. Müharibə xeyli vaxt dayandı. Həmin müddətdə isə döyüşən tərəflər belə qərara gəldilər ki, müharibə etməkdənsə, barışıb bir-birinə qonaq getmək və ləzzətli şirniyyatlar yemək daha sərfəlidir. Beləcə, tərəflər ömürlük barışdılar.

Nədir, deyirsiniz ki, bu əhvalatı yalandan uydurmuşam? Onda, dünyada ən qədim dillərdən biri olan silah dilini öyrənib, özünüz onlardan xəbər alın, sizi inandırıram ki, canlı-cansız hər hansı bir məxluqu məhv edən və gördüyü işdən həzz alan bircə silah belə tapa bilməzsiniz. Bütün hər şey yalnız insanlardan asılıdır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!