Açar... - Natəvan DƏMİRÇİOĞLU - Romandan parça

 

Şəhərin səhər tezdəni - alatoranı bir başqa aləm olur. Küçəyə çıxsan sakitlik, seyrəklik canına rahatlıq gətirir, dinclik bütün varlığına yayılır. Elə bilirsən şəhər sənə məxsusdur. Hamı harasa qeyb olub, burada sahib sənsən və hər şey sənə aiddir. Paytaxtın gecələri də doğma və mübhəm olur. Gündüzün insan tünlüyündən və maşın selindən bezib yorulan yollar gecə dincliyində dincəlir, rahatlanmış əsəblərilə səni ağuşuna alıb aparır.

Kənddə isə səhərin açılmasını duymaq, görmək, eşitmək bir sirdir. Əvvəl xoruzlar banlayır və itlər hürüşür. Sonra uzaqdan qurbağaların qurultusu aramsız səslənərək, çayın azalıb, durulmuş sularının şırıltısına qarışır, sehrli bir ahəng yaradır. Hava azca işıqlaşana doğru gedir, dünya süd ağı rəng alanda quşların duası başlayır. Bu, duadı, nəğmədi, civildəşmədi, aramsız və coşqulu musiqidi - hər nədirsə, dünyanın əvəzsiz gözəlliklərindən biridir. Quşların avazından səhər bir az da nurlanır, yarpaqlar birər-birər görünəcək qədər hava aydınlaşır və yarpaqların qısa, gerçək duası - pıçıltısı başlayır. Bu dəm ancaq duyanların, qananların, hiss edənlərin bilmək istədiyi bir hikmətlə yarpaqlar xəfifcə titrəşir, Tanrıya və dünyaya əl yelləyir. Bunun ardınca mal-qaranın, qoyun-quzunun oyanışı başlayır. Yalnız kənd mühitinin özünəməxsus ahəngi dünyanın o üzündən bu üzünə, dirili sabahlara yol başlayır... Adama elə gəlir ki, bütün bunlardan sonra insanlar dünyaya hakim kəsilir. "Yaranmışların ən şərəflisi, canlıların ən alisi" deyə özünü öyən insanın bu sırada yeri sonuncudur. Bəlkə də hər şey yenidən başlananda sonuncu əvvəlinci olur... Bax, bu da bilinməz hikmətlərdən biridir.

Çavuş Eldar təbiəti - doğal dünyanı candan-qandan sevsə də təbiətin belə hikmətlərini bu dərinlikdə dərk etmirdi. Dünyanın və təbiətin harmoniyasını görmək, duymaq onun üçün çətin idi. O hələ adi həqiqəti dərk etməyə çalışırdı. Niyə Tapdıq komandir kimi düşünə bilmir? "Nədən o, hər şeyi əvəlcədən ölçüb-biçə bilir, mənsə yox?.. Mən onu tanıyandan bir dəfə də səhv etməyib. Ön cəbhədə - səngərdə səhv ölümə bərabərdir", - deyir komandir.

Yenə komandirlə aralarında olan dialoqu xatırladı:

- Cənab komandir!

- Bəli.

...Sükut.

- Eşidirəm... - onu gözləmədən: - Buyur - deyib əlavə etdi və bütün bunları deyəndə bir dəfə də əsgərin üzünə baxmadı.

O, çəkinə-çəkinə:

- Axırıncı atışmanı unuda bilmirəm. Biz düşmənin arxasına keçəndə... siz... siz orada - içəridə niyə barmaqlarınızı saydınız, sonra biz bayıra atıldıq?

Sükut...

- Mən barmaqlarımı saymadım, gülləni saydım. - Pauza. - Sən onu bilmədin? Gərək sən onu biləydin axı!

Əsgər dinmədi. Zabit yalnız indi onun üzünə baxıb soruşdu:

- Bir maqazində neçə güllə olur?

- On - əsgər həmən dilləndi.

- Güllə qurtaranda neynirsən?

- Maqazini dəyişirsən.

- Maqazin nə qədər müddətə dəyişilir?

- Bir neçə saniyəyə.

- Həmin vaxtda biz neynədik?

- Bayıra hoppandıq.

Komandir dərindən nəfəs aldı:

- Mövqelərimizi dəyişdik... Aydındır?

- ...

- Aydın olmadı? Bax, biz keçdik düşmənin arxa cinahına, onlar iki nəfər idi, birini həmən vurduq, ona üç güllə sıxdım. Sağ qalan bizi gördü. Atəş açdı, ikinci, üçüncü atəşi də açdı. Biz mövqe tapıb yerləşdik və tərpənmədik. O bizim dayandığımız istiqamətə doğru irəlilədi və mən orada azacıq hərəkət yaratdım ki, yenə atəş açsın. O, irəliləyə-irəliləyə dördüncü, beşinci gülləni atdı. Sənin şərfini açıb sol tərəfə tolazladım. Bilirdim ki, oranı atəşə tutacaq, elə də oldu. Beş güllə boşaltdı həmin istiqamətə. Üst-üstə neçə güllə edir? On güllə! Demək, maqazinin gülləsi qurtardı! Neyləyəcəkdi?

- Onu dəyişəcəkdi.

- Biz həmin vaxtdan yararlandıq, mövqeyi dəyişdik. Beləliklə, o, bizi itirdi. Biz onu öldürə də bilərdik. Amma həmin anda bizə onu öldürməkdənsə sağ-salamat geri dönmək lazım idi və biz elə etdik. Bu qədər sadə. Razı qaldın?

- Əlbəttə! - qızardı, hətta bir az utandı.

- Özgə deyəcəyin var?

- Xeyr.

- Onda get dincəl...

***

Sevinirdi ki, çərşənbələr başlayana və əri gələnə qədər evləri tamam künc-bucaqdan təmizlədi, çil-çırağı söküb yudu, paxlava bişirdi, uşağın saçını bərbərə yeni dəbdə düzəltdirdi, bircə pərdələri dəyişdirməyi çatdıra bilmədi, pəncərənin şüşələrini isə yay gələndə siləcəkdi, yoxsa ki, hər Novruzda pəncərələri təmizləyəndə xəstə olurdu. "Bircə pərdələri də dəyişə bilsəydim əla olardı. Amma bir yandan onun qalması məsləhətdir. Tapdığa deyərəm, pərdələri açmaqda mənə kömək edər. Qonşu psixoloq deyir ki, kişiləri ev işlərinə cəlb edə bilsəniz, bu, sizin uğurunuzdur. O kömək fiziki cəhətdən, bəlkə də, elə böyük bir mahiyyət daşımasın, amma bir sıra məqamlar üçün çox gərəklidir: münasibətləri yaxınlaşdırır, evdə ümumi dostlaşma-yardımlaşma aurası yaradır, uşaqlara psixoloji cəhətdən müsbət təsir göstərir, onların da ailə işlərinə qoşulması zərurətini uşağın şüurunun altyapısına yükləyir və üstəlik, ev işlərinə cəlb olunan kişilərdə kobud hərəkətlər, digər qaba davranışlar xeyli nizamlanır. Ağlabatandır" - deyə düşündü.

Fərəhliydi, təmizlədiklərinə bir də gözüdolusu baxır, çərşənbə bazarlığını planlaşdırmaq istəyirdi. Tərs kimi telekanallardan birinin nərmənazik aparıcısı elan elədi: "Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 102 dəfə pozublar. Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulduqdan sonra, əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb". Elə bil ürəyi ayağının altına düşdü. "Aman, Tanrım, cəbhədə vəziyyət gərgin olsa Tapdıq gəlməyəcək". İndi hər yerdə xəbərlər gedirdi, düyməni basıb kanalı dəyişdi. Eyni xəbər yenidən başqa kanalın oğlan diktorunun səsində kabus kimi otağa doldu. Əllərini ovuşdurur, üşüyürmüş kimi ovuclarını cütləyib ağzına tutur, gah da dərindən nəfəs alıb nəfəsini ovuclarına üfürürdü, bilmirdi necə aram tapsın. Hər dəfə bu tipli xəbərlər həyatını yonub aparırdı. Bəlkə çoxları üçün bu xəbərlər hərdən təkrarlanan adi, rəsmi xəbər idi, amma kimlərinsə bu xəbər taleyinin xəbərinə çevrilirdi. Gəlin bunu bilirdi. Ona görə tez bütün qara fikirləri özündən uzaqlaşdırmağa çalışdı. Hər iki əlləri ilə qulaqlarının nazik, ət hissəsindən çəkib, barmaqlarının uclarını divara vurdu: "Kiş-kişlər olsun. Allah qorusun" (bu vərdişini tərgidə bilmirdi). Əl telefonunu götürdü. "Aman Tanrım, zəng eləsəm hirslənəcək. Bəs mən neynim?! Gözləməkdən başqa çarəm yox. İlk fürsətdə özü zəng edəcək. Bilir ki, vəziyyət gərgin olan kimi, "Xəbərlər"dən eşidib, narahat oluruq".

Zəng gəlmədi. Daha əli heç bir işə yatmırdı. Heç nə eləmədi. Yemək bişirməyə də həvəsi yox idi. Uşağa xoşladığı kartof püresi hazırladı, əlüstü qaymaq, göyərti və alma şirəsi verdi, bir az oynayandan sonra yatızdırdı. Gecəyə qədər gözlədi. Televizorun səsini almışdı, ekranda eləcə görüntülər bir-birini əvəz edirdi, səsini qaldırmadan düyməni sıxıb ekranı da söndürdü. Telefonda internetə girib yeni xəbər olub-olmadığına baxmaq istədi. Saytlar eyni xəbəri nöqtə-vergülünə toxunmadan, olduğu kimi paylaşmışdı. "Ölün elə, biriniz bir əlaqə qurub xəbəri yeniləyin, son vəziyyəti yazın, ya heç olmasa, xəbərə təzə nəsə əlavə edin. Elə köçürürlər bir-birindən". Saata baxdı, 3-ün yarısı idi. "Boy, yazıq yazanlar hamısı yatıb indi, onların da mənim kimi yatağına qor dolmayıb ki?! - fikirləşdi, vanna otağına keçdi və gəlib könülsüz yatağına uzandı.

...Təzəcə durmuşdu. Yatağını sahmana saldı, daha doğrusu, sahmana salmalı bir vəziyyət yox idi. Yatağa girəndə qoşa çarpayının örtüyünü bir ucundan qaldırıb, o biri tərəfin üstünə atmışdı. Elə uzanmışdı, elə durmuşdu ki, elə bil heç burada adam yatmayıb, quş qonub, üstə atdığı tərəfi əli ilə geri qaytardı, vəssalam. Bu vaxt qapı açarla açıldı. Gəlin həmin anda cibindəki balaca narıncı dairə çərçivəsi olan güzgünü çıxardıb, qeyri-ixtiyari üz-gözünə nəzər saldı və cəld güzgünü yataq otağındakı böyük güzgülü şkafın üstünə qoydu, qaçaraq özünü ümumi qapının qabağına çatdırdı. İçəri girən əri ayaqqabılarını hətta soyunmağa macal tapmadı. O, ancaq zabit gödəkcəsinin üstündən belinə kip bağladığı qalın kəmərini və gödəkcənin düymələrini aça bilmişdi. Gəlin körpə sevinci ilə özünü onun ağuşuna atdı. Əri qollarını açıb onu köksünə sıxdı. Gəlin onun ağuşunda itib-batdı, sanki. Gəlin əllərini ərinin qalın gödəkcəsinin altından salaraq, çiyinlərindən üzüaşağı sürüşdürərək, kürəyinə doğru aşağı salladı. Zərif, kiçik əllərini onun kürəyində gəzdirdi. Kənardan baxan onları bir adam zənn eləyə bilərdi. Əri gödəkcəsinin hər iki tərəfini tutub üst-üstə gətirdi və sağ əlində qalmış kəməri qalın üst paltarının belindən dolayıb gəlinin kürəyində bağladı. İndi qucaqlaşmış şəkildə hər ikisinin belində eyni qalın zabit kəməri var idi. Onun bu jestinə gəlin uğunub getdi:

- Ay, daaa, neynədin?! - deyib təkrar ərinin köksünə sığındı, onun boynunu daha bərk qucaqladı, əllərini boynunun arxasından təkrar geri sürüşdürüb bu dəfə uzun, nazik qollarını sevdiyinin qolları ilə bərabər gödəkcənin hər iki qolundan içəri uzatdı. Onlar həqiqətən gülməli şəkildə ikisi bir gödəkcə geyinmişdi bu an. Belə dayanmaq çətin idi. Qollarını geri çəkib əllərini onun köksündə, kürəyində gəzdirdi. Əri qollarını təkrar onun belindən dolayıb arxa tərəfdən kəmərin xüsusi qayda ilə açılıb bağlanan toqqasını şaqqıltı ilə açdı və ilan kimi ona dolanmış gəlini azca özündən araladı:

- Yaxşı... istiləndim - dedi. - Soyuna-soyuna gəlinin başının arxasından tutub, özünə tərəf çəkdi və alnını dodaqlarına sıxdı, göz qapaqlarını bərk-bərk yumdu... sonra isə hər ikisi bir-birlərinin dodaqlarının köz kimi istiliyini hiss etdi...

- Aman Tanrım, bu sənsən, gəlmisən - gəlin aramsız, mahnı kimi pıçıldayırdı. - İlahi... Allahım, Sənə min şükürlər olsun! Səni mənə yetirən yollara qurban olum - gözlərinə dolan yaş, başını arxaya qanırıb, aşağıdan-yuxarı ərinin üzünə baxdığına görə gözlərinin yanlarından süzülüb qulaqlarına doğru axırdı. O da əllərinin ani hərəkəti ilə gözlərini yox, qulaqlarının yanlarını silib burnunu çəkirdi.

- Nədi, gəlməzdim?! Nədən ümidsiz idin?

- Ümidsiz deyildim. Xəbərlərə qulaq asdım. Dedilər yenə ermənilər cəbhəboyu atəşkəsi pozublar.

- Cəbhəboyu yox, cəbhənin Ağdam istiqamətində - Tərtər, Goranboy tərəfdən hücum olub.

- Saytlar da elə yazmışdı, cəbhəboyu...

- Yazanlara nə var, ee, çoxu detalları bilmir heç, indi durub desən, deyərlər ki, nə fərqi var, cəbhəboyu olsun, ya cəbhənin Ağdam istiqamətində. Gəl izah elə ki, bunların yerlə-göy qədər fərqi var.

- Eh, hamısı birdir elə. Əsas bu bəlanın qurtarmasıdı. Onu da qurtarmağa qoymurlar. Böyük dövlətlərə sərf eləmir Ermənistan-Azərbaycan müharibəsinin qurtarmağı. Yoxsa biz hücum edib torpaqlarımızı geri alar, erməniləri sərhədlərimizdən qovub çıxararıq.

- Oho, sən artıq siyasətləmi məşğulsan!?

- Siyasət yox, reallıqdan danışıram mən. Əsas reallıq odur ki, biz hücum edib torpaqlarımızı geri almaq üçün müharibəyə qalxsaq, dünya haray-həşir qaldırar ki, erməniləri qırırıq. Amma ermənilərin ara-sıra atəşkəsi pozub öldürdüklərinin heç adını tutan yoxdur.

- Narahat olma, biz bir yolunu tapacağıq. Dünyanı haqq işimizə inandırmağın da yolunu bulacağıq. İndi al bu telefonu toka tax, sönüb. Mən bir yaxşı yuyunum.

Gəlin telefonu toka taxdı və yandırdı. O, mobil telefonuna kod qoymazdı. Baxdı ki, adsız ünvandan çox sayda zəng gəlib. Bir əl-üz yuyacaq müddətinə qədər artıq çimib çıxan əri dəsmalla qurulanıb hamam xalatında bayıra çıxdı. Gəlin paltar dolabından bir dəst idman paltarı çıxarıb ona verdi və mətbəxə keçib yemək tədarük etmək istədi.

- Yeməyə tələsmə, bir stəkan çay ver -  dedi saçlarını quruda-quruda.

   Gəlin çay gətirdi. O, divanda oturmuşdu. Ona görə sinidə gətirdiyi çayı, mürəbbəni, axşam bişirdiyi paxlavadan doğrayıb gətirdiklərini divanın qabağındakı jurnal stolunun üstünə düzdü. Mizin üstündən konfet qabını da götürüb onların yanına qoydu. Uşaq hələ yatırdı. Gəlin uşaq otağına keçib ona bir nəzər saldı. Əri də elə o anda uşağı soruşdu:

- Hələ yatır? - dedi. Çaydan elə qaynar-qaynar bir qurtum alıb, - gəl otur yanımda -dedi.

- İndi gəlirəm - deyib gülümsündü. Gedib ərinin yanında oturmaq, onun boynuna sarılmaq istəsə də buna tələsmirdi...

Mobil telefon şəbəkədə ola-ola zəng gəldi. Gəlin özündən asılı olmayaraq telefona tərəf qaçdı. Əri də əlindəki stəkanda çayı bitirmədən nəlbəkiyə qoydu:

- Ver görüm - dedi.

O, telefonu şəbəkədən ayırıb ərinə verdi. Niyəsə həyəcanlanan kimi oldu. Üzünü əllərinin arasına alıb sakitcə baxırdı. Şəhadət bamaqlarını hər iki tərəfdən qulağının üzərinə tutmuşdu. Hər zəng gələndə eşidəcəyindən ehtiyat etdiyi cümləni eşitmək istəmirdi. Heç istəmirdi o cümləni eşitmək. Onu eşitməmək üçün şəhadət barmaqlarını qulaq qapaqcıklarının üzərinə sıxmaq istəyirdi, ya da barmaqlarını qulaq yuvasına salmaq və heç nə eşitməmək. Bilmirdi başqa hərbiçi xanımları, anaları, balaları da o cümlədən qorxurlarmı, yoxsa yox. Amma o, bu deyimdən çox qorxurdu. Və o cümləni dedi əri:

- Oldu, qəbul!..

Salamsız, sağolsuz deyilmiş bu cümlədən sonra əri ona da heç nə demədən gedəcəkdi. O, bunu bilirdi. Barmağını qulaqlarına bərk-bərk sıxmışdı. Kişi "telefonu yenidən şəbəkəyə tax, mən geyinənə qədər dolsun" - deyirdi. Eşitmirdi. Özü taxdı telefonu toka. Bayaq soyunduğu paltarları heç nə demədən geyinməyə başlamışdı. Gəlinin barmaqları və qulağı keyiyirdi. Əllərini yavaş-yavaş üzündən sürüşdürüb götürdü, sinəsində çarpaz tutub saxladı. Əri onunla küsülü kimi üzünü kənara tutub deyirdi:

- Sən o ənənəvi kasanı su ilə doldur, gətir... başqa variant yoxdur. Telefonum sönülü olub, on beş-iyirmi dəfə yığıblar məni. Getmək lazım. İnan ki... məndən asılı deyil.

Gəlin çiyinləri çökmüş halda mətbəxə doğru ayaqlarını sürüdü. Əri demiş, "ənənəvi kasanı" su ilə doldurub gətirdi, qapının ağzında əlində hazır tutdu. Əri soyunduğu, hələ heç asılqandan asmadığı gödəkcəni atdığı yerdən götürüb cəld geyindi, gəlin heykəl kimi durmuşdu, daha ona toxunmaq olmazdı, zabit kəmərini də belinə bağladı, dönüb getmədən əlinin tərsini onun mərmər kimi üzünə, sinəsinə sürtdü, qapının içəri tərəfindəki açarını iki dəfə burub qapını açdı və güllə kimi pilləkənləri düşdü. Gəlin ənənəvi olaraq kasadakı suyu çox səs salmasın və sıçrayıb onun üstünə düşməsin deyə, yavaşca arxasınca atdı...

İki mərtəbə düşəndən sonra lifti çağırıb liftə mindi, blokdan çıxıb binanın tinini dönəndən sonra qəfil dayandı. "Birdən o ağlıyar, pis ağlıyar. Mən heç ona "sağ ol" da demədim. Gərək nəsə deyəydim". Dayandı, geri qayıtdı, liftin düyməsini təkrar sıxdı. Lift elə birinci mərtəbədə qapısı bağlı, içi boş dayanıbmış, həmən qapıları açıldı, minib mərtəbələrində düşdü. Yerdə təzəcə tökülmüş suyun izi vardı, qapı açıq idi. Gəlin dəhlizdə əlində boş kasa sakitcə dayanmışdı. Suyu tökəndən sonra heç tərpənməmişdi.

Onu görüb:

- Nəyi unutdun? - dedi.

- Səni.

- ...

- Yaxşı, sağ ol.

- Mən heç... uşaqla görüşmədin. - Gəlin kədərli gülümsündü, dodaqlarını çarəsizcə büzdü.

- Hə... - ayaqlarına baxdı, zabit çəkmələri uzun-uzadı iplə çəkilib bərk-bərk bağlanmışdı.

- Ayaqqabılı keç. Palazları yığıb təmizləmişəm, hələ salmamışam. Döşəməni silərəm.

- Əziyyət olacaq.

- Keç-keç, əziyyət olmaz, hətta sevincək dedi.

Uşaq öz çarpayısında arxası üstə yatmışdı. Qolunun birini başından yuxarı, əyri oraq kimi qoymuşdu, əli yarıyumulu idi.

"Allaha əmanət ol, bala" - ürəyində dedi. Bilmədi uşağı necə öpsün. Ayağı ədyaldan bayıra çıxmışdı, əyilib ayağından öpdü, sonra dodaqlarını yarıyumulu əl barmaqlarına sürtdü.

Yenə  ayaq izləri qoya-qoya geri - qapıya qayıtdı, elə orada:

- Səninlə sağollaşmıram, tez qayıdacam  - dedi - bundan münasib söz tapmadı - və getdi...

02.02.2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!