Generalın xarabat mistikası - Rüstəm Kamal yazır

Rüstəm KAMAL

 

İsmayıl bəy Qutqaşınlı - Azərbaycan mədəniyyətinin və mənəviyyatının böyük və sirli obrazlarından biri.

41 yaşında general-mayor rütbəsinə yüksəlmişdi Varşavada fransız dilində "Rəşid bəy və Səadət xanım" adlı hekayəsi çıxmışdı.

Məşhur Usmıyevlər nəslindən olan qumuq qızı Bikə xanımla evlənmişdi. Sevgi və sayğı içində yaşayırdılar. Uşaqları olmamışdı.

Davranışı, əxlaqı, nüfuzu ilə böyük hörmət-izzət qazanmışdı. Q.Zakir adına şeirlər ünvanlamışdı, "Qutqaşın tərlanı, səki şəhbazı" - deyə vəsf etmişdi.

Mücabələr qədrin bilir nüsabə,
Əxlaqına, ətvarına mərhəba!

1852-ci ildə hökumətdən icazə alıb, "qara üzümüzü onun qapısına sürtməyə", "özünün və arvadının üçillik, doqquz min manat məbləğində pensiyasını alır və həmin ildə arvadı ilə bərabər Məkkə səfərinə çıxır" (F.Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1966).

Bu səfər onun ruhunun sınağı idi. Uzaq, mübarək yolun çətinlikləri, təhlükələr, qorxular onu bu sınaqlardan çəkindirə bilməzdi.

Bu səfərin sxemini mifoloji təfəkkürün ən dərin arxaik layını bərpa etmək olar. Sakral və profan məkanları birləşdirən qəhrəmanın yolu kimi.

Hərbiçi olduğu üçün səfər landşaftının "partiturasını" yaxşı oxuyurdu. Çünki landsaft vacib və sirli aləm idi.

Mübarək ziyarətə çıxmış bir general üçün müqəddəs məkanların, landşaftını, təsvir etməyə, səhərlərin mənzərəsini təqdim etməyə, yazmağa nə sövq edirdi?

"Səfərnamə" təhkiyəsində elə məkan obrazları var ki, yazıçının təhtəlşüur simvollarından biridir. Görkəmli fransız dilçisi L.Blumfild yazırdı ki, "kollektiv həyatına hansısa bir hadisənin intensiv daxil olması öz ifadəsini həmin hadisəni bildirən sözlərin təkrarlanma dərəcəsində göstərir".

"Səfərnamədə" "xaraba" sözünün leksik-semantik təhlili və mətndə yayılma tezliyi, təkrarlanma dərəcəsi yazıçının tale mətninin bir məqamını oxumaq imkanı verir.

Bildiyimiz kimi, xarabat Şərq poeziyasının sevimli xronotoplarından biridir. Xarabat mifoloji mətnlərdə ruhların yaşadığı və məskunlaşdığı məkandır. Orta əsrlərdə aşağı, sosial statuslu insanların yığışdığı yerdir. Aşiqlərin, rindlərin üz tutduğu, şairlərin, ariflərin vəsf etdiyi yerdir. Şeyx Mahmud Şəbüstəri deyirdi: "Xarabati olmaq özündən qurtuluşdur".

İ.B.Qutqaşınlının məkan qavrayışı üç gerçəkliyin təqdimatını və təsvirini mümkün edir. Seyr olunan məkan obyektlərinin gerçəkliyi; ikincisi, ətraf mühitlə bağlı düşüncələr, üçüncüsü, müəyyən məkanlarda İsmayıl bəyin davranışı.

Hardan keçirdisə, sanki yalnız xarabalıq və abadlıq diqqətini çəkirdi. Xaraba tənəzzülün və xaosun, abadanlıq kosmosun, huzurun simvoludur. Xaraba obrazı yazıçının ruhi-psixi durumuna uyğun gəlirdi.

Mətndə xarabalıq-abadanlıq qarşıdurmasının növbələşməsi məkan qavrayışını müəyyənləşdirir. Burada  ölüm və həyat iç-içədir. Xaraba və abadanlıq məkanın pozitiv və neqativ funksiyasını ifadə edir.

Xaraba elə bir məkandır ki, burada keçmişlə indiki zamanın sərhədi itir. İnsan xarabalığa mehrini sala bilmir, xarabalığa bağlana bilməz. O, Şəmkir xarabasından keçir, Msqetdə "xaraba şəhərin küçələrinə və qalalarına tamaşa edir", Tiflisdən keçəndə "yolun kənarı ilə abadan gürcü kəndləri görünür";

"Qori şəhəri bir kiçik qəsəbədir - kənarında olan təpədə bir xaraba qalası ilə".

Görünür, xarabalıqlar ona "şəhərin ruhunu" dərk etməyə imkan verirdi. "Gəncə bir qədim şəhərdir (xarabalarından bəyan olur). Görünür ki, bir vaxt çox gur şəhər imiş. İndi bir qədər xarabadır. Əhval böyüklüyündən iki asar qalıbdır: biri Şah Abbas təmir etdirən meydan (kənarında özü əkdirən çinar ağacları) və biri Osmanlılar tikdirən qala (hansı ki, indii xarab olub)".

İskəndərun şəhəri haqqında yazırdı: "Qədimdən məşhur imiş və bir para xarabaları var";

"Neçə xırda qalaçalar və Apalonya və Qeysəriyyə şəhərinin xarabaların gördük. Qeysəriyyədə hənuz böyük xaraba imarətlər gözükür…"

"Tarsus bir iyi şəhərdir… Sağ tərəfdən kənara çox xaraba şəhərlər görünür. Ol cümlədən Ponpipolis şəhərinin xarabası və sütunları aşkar görünür".

Xarabalıqlar və bağçalar şəhər məkanın obrazını bütövləşdirir. Xaraba qalmış memarlıq abidələri təbiətlə harmonik vəhdətdədir, yəni ölümlə həyatın birliyidir. Bağçalar içində xarabanın təsviri peyzajı, landşaftı sirli və müəmmalı edir: "Və bağçalar arasında xırda qəryələr vardır. Və çox yerdə xaraba məscid və günbəzddirlər, qədimdən qalmış vardır".

Xaraba obrazı insanlara  münasibətini ifadə edirdi, onların əməllərinə qiymət verirdi. "Bunun kənarında məlun padşah Yezidin xaraba olmuş imarəti təpə olmuş və şəhərin murdar ilə dolmuş yeri durur və bir tərəfi də şəhərin bağçalarıdır. Şimdi dəxi ol xarabə murdarlıqdır".

İsmayılbəy Qutqaşınlı üçün xaraba yerlər, tikililər sirli, mistik obyektlərdir, yoxluğun, heçliyin ruhunu ifadə etdiyinə görə "obyektiv sirrdir". (Hegel)

Xaraba zamanın daşlaşmış obrazı olub, bu dünyanın və insan ömrünün faniliyinə bir işarədir. Fənalıq duyğusu əsərin ovqat süjetini təşkil edir. Mədinədə düşünürdü ki, "insanın sərafətliləri ilə özünü bu fəna əsrdən kənar edib, bəlkə ruh (u) rahat olub, nicat tapa. Yoxsa özümüz fəna və işlərimiz fənadır".

Bəlkə də xarabalıqları seyr etdikcə, gəzib-dolaşdıqca özü də həmin məkanla qaynayıb qarışırdı, bu məkanda özünün itdiyini hiss edirdi?

Bəlkə də "xaraba" içinin yaşam fəlsəfəsinə, səyahətin obrazına uyğun gəlirdi? 

Ona görə də metafizik obraz kimi yadda qalıbdır.

 "Səfərnamədə" xarabalıq ölüm mövzusunu yaxından hiss etdirir, ölümün simvoludur. Xarabanı seyr edən insan psixoloji-mistik  mənada ölüm məkanına daxil olur.

 "Xaraba" sözünün mistik məna enerjisi sonda onun taleyinin proeksiyasına çevrilir. "İsmayıl bəyin Şamaxı şəhərinin gözəl bir yerində böyük bir evi vardır ki, bu gün belə xərabəsi mövcuddur" (S.Mümtaz).

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!