Ədəbiyyatla yaşadı - Məti Osmanoğlu yazır

Tofiq Hüseynoğlu haqqında

 

Professor Tofiq Hüseynoğlunu "mənim müəllimim" adlandırmaqdan həmişə fəxr və qürur duymuşam və indi haqqında vida yazısı yazarkən gözümün önündə onun müəllim portreti canlanır... 

Tofiq müəllimlə ilk tanışlığım 1976-cı ilin sentyabrında, universitetdə ikinci kursda oxuyanda olub. O vaxt ədəbi proses özünün ən hərəkətli dövrünü yaşayırdı və fakültəmizin gənc müəllimi Tofiq Hüseynov bizim qrupda "Müasir ədəbi proses" fənninin seminar məşğələlərini aparırdı. Sakit təbiəti və dinləmək mədəniyyəti ilə fərqlənən, hər bir fikrə sayğı ilə yanaşan müəllimimiz bizi tezliklə ədəbi proses anlayışının hər hansı ölkənin sərhədlərinə qapanan, məhdud coğrafiya daxilində nəşr olunan əsərlərdən ibarət lokal anlayış deyil, qlobal hadisə, ədəbiyyatşünaslığın da ciddi, eyni zamanda çətin elm olduğuna inandıra bildi. Onun geniş mütaliəsi, zəngin elmi erudisiyası, Azərbaycan ədəbiyyatında yaranan ciddi əsərləri Sovet və dünya ədəbiyyatında gedən proseslərlə əlaqələndirə bilməsi bizim üçün, sözün həqiqi mənasında, yüksək ziyalılıq nümunəsi idi. Bu ziyalılığı ömrünün sonuna qədər qoruyan Tofiq müəllimin ədəbiyyat haqqında mülahizələri inandırıcı və maraqlı idi. Müqayisəli nəzəri təhlilində milli ədəbiyyatımız daha güclü və möhtəşəm görünürdü və bizə də ədəbiyyata bu meyarlarla yanaşmağın yolunu nişan verirdi. 

Biz sonuncu kursda oxuyanda Tofiq müəllim fakültəmizdə yuxarı kurs tələbələrini cəlb edərək İsa Hüseynovun "Məhşər" romanının müzakirəsini təşkil etdi. Müəllifin özünün də iştirak elədiyi həmin müzakirə sonradan çox xatırlandı. Tofiq müəllimin "Məhşər" romanının janr xüsusiyyətlərinə və onun dünya romançılığında yerinə həsr etdiyi çıxışı isə o vaxtın ədəbiyyatşünaslığı üçün fərqli bir hadisə oldu...

Tofiq müəllim uzun müddət Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığını tədqiq etdi. Onun tədqiqatının ən maraqlı cəhəti haqqında fikir yürütdüyü hər bir faktı bütün təfərrüatları ilə dəqiqləşdirməsindədir. Yusif Vəzir Çəmənzəminlinin son dərəcə mürəkkəb həyat və yaradıcılıq yolu ilə bağlı hər bir fakt onun təhlilində dəqiq filoloji qiymətləndirməsini alıb. Mübaliğəsiz deyə bilərəm ki, 1937-ci ildə şər qurbanı olan Yusif Vəzir Çəmənzəminlini Azərbaycan oxucusuna həm də Tofiq müəllim qazandırdı.

Tofiq müəllimin elmi yanaşmasının fərqli cəhətlərindən biri də bu idi ki,  məsələn, hər hansı roman haqqında danışanda həmin romanı təcrid olunmuş ayrıca bir hadisə kimi götürmür, həmin əsərin yerini dünya ədəbiyyatında roman janrının təkamülü və tipologiyası işığına tuturdu. O, tədqiq və təhlil etdiyi bütün əsərlərə müasirlik mövqeyindən yanaşırdı.

Tofiq müəllim türk ədəbiyyatını, xüsusilə Namiq Kamal, Əbülhəqq Hamid, Tofiq Fikrət, Mahmud Əkrəm kimi böyük söz ustalarının yaradıcılığını dərindən bilirdi və türk ədəbiyyatında gedən modernləşmə proseslərini Azərbaycan ədəbiyyatı ilə əlaqələndirməyi bacarırdı. Təbiətən istiqlalçı olan Tofiq Hüseynoğlu bədii ədəbiyyatda da istiqlal ideyalarını yüksək dəyərləndirir, bu dəyərləri təbliğ və təşviq edirdi.

Tofiq müəllim bir müddət BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik elədi.

Kafedrada müxtəlif səviyyəli elmi işlər müzakirə edilirdi. Bəzən elmlə insanlıq arasında seçim etmək lazım gəlirdi və həmin seçim anları Tofiq müəllim üçün ən dramatik anlar olurdu. O, nə qədər güzəştsiz və sərt olmağa çalışsa da, sonda həmişə insanlığı seçirdi. Müzakirəsi gərgin keçən əsərlərin təkmilləşdirilməsi üçün işin ağırını insanlıq naminə öz üzərinə çəkirdi...       

Tofiq müəllim Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığına həsr etdiyi kitabını "Ədəbiyyatla yaşayıram..." adlandırmışdı. Böyük ədibimizdən iqtibas olunmuş bu ifadə Tofiq Hüseynoğlunun da həyat və yaradıcılıq yolunu, şəxsiyyətinin təyinatını dəqiq səciyyələndirir. O da ömrü boyu ədəbiyyatla yaşadı və ədəbiyyatın yaşaması üçün qiymətli irs qoyub getdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!