Əhməd Cəmilin "dava nağılı" - Rüstəm Kamal yazır

Rüstəm KAMAL

 

Böyük Vətən müharibəsi dövründə (1941-45-ci illər) yaranan poetik örnəklər Azərbaycan poeziya tarixinin maraqlı və dəyərli səhifəsidir. Sirr deyil ki, bir imperiya sınırları içində birləşdirilmiş xalqlar düşmənə - alman faşizminə qarşı həm də bir ədəbi cəbhədə vuruşurdu.

Ümumi ideoloji ritorika və müharibə mövzusunun patetikası bu poeziyanın mündəricəsini müəyyənləşdirsə də, hər bir xalqın mental - poetik düşüncə tipini, arxetipik resurslarının (arxaik motivləri, mövzuları, ifadə və təsvir vasitələrini) fərqliliyini üzə çıxartdı və yenidən bədii sözün dövriyyəsinə buraxdı. Bu müharibə həm də poeziyamız üçün mövzu - forma, ideya - məzmun baxımından da bir sınaq dövrü idi.

Görkəmli şairimiz Əhməd Cəmilin "Can nənə, bir nağıl de" şeiri,  şübhəsiz, Böyük Vətən müharibəsinə həsr olunmuş süjetli lirikamızın gözəl örnəklərindən biridir.

Bu şeirin cövhəri "xəfif bir kədərdən" (Mehdi Hüseyn) yoğrulması, arxa cəbhənin məişət romantikasının təbiiliyi, nənə-nəvə arasında dialoqun və məişətin məhrəm etnoqrafik nostalji hissləri ilə təqdimatı şeirin sadəliyini və ekspressivliyini inandırıcı etmişdir.

- Ay nənə, bir nağıl da de!

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

- Can nənə, de birini də.

- Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...

Mətnin 15 hecalı "ağır taxtalı" vəzni də şeirin "bətnindəki qoşma"nın gizli ruhu və bölgünün çevikliyi (4+4+4+3) hesabına təhkiyənin şirinliyi təmin edilmişdir.

Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı...

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!

- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

Əslində, bu dialoqda iki monoloq - uşağın sualları ilə nənənin xatirəsi qovuşur. Və bu düşüncə - xəyal qovuşağında əsgər oğlunun obrazı yenidən canlanır. Elə burdaca kiçicik bir haşiyəyə çıxmaq istərdim: 1941-45-ci illərin poeziyasında Azərbaycan əsgəri həmişə uzaq məkanda təsvir olunur. "Uzaqlıq" isə mifoloji düşüncədə məchulluğun obrazıdır. Özü də bu məkanda həmişə soyuq küləklər əsir, qar-yağış yağır. Fikrimizin təsdiqi üçün bir-iki örnək gətirmək istərdim:

Külək qarı səpələr, Bəxtiyar!

Ağ geyinib təpələr, Bəxtiyar!

Gecə qara, yol uzaq, qardaşım!

Göylər bulud, çöl düz ağ, qardaşım!  (R.Rza)

Ə.Cəmilin başqa şeirlərindən də misralar seçə bilərik. Məsələn:

Ocaq sönür, yel əsir, yağış döyür səngəri...

Yenə düşür yadıma ömrün ötən günləri.

Göründüyü kimi, bizim müharibə dövrü şeirimiz üçün qış-bahar antinomiyası səciyyəvidir. Qış ölümlə bağlıdır. Bahar isə əsgərlərin qayıdacağı günün və ümidin adıdır.

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar

Deyir: Oğlun darıxmasın, görüşərik bu bahar.

Başqa bir diqqətçəkən detal: rus müharibə poeziyasında əsgəri sevgilisi gözləyir, əsgər sevgilisindən ayrılıb cəbhəyə yollanır... Azərbaycan poeziyasında isə əsgəri ya anası, ya da nişanlısı yola salır, yaxud gözləyir. Hətta müharibə belə bizdə sevgi lirikasına şərait yaratmadı.

Bu şeirin içindən halal bir nikbinlik damarı keçir. Misraların məsamələri arasından bahar işığı boylanır. Əhməd Cəmilə xas olan incə, zərif peyzaj detalları ilə!

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram kəndə mən...

Heç darıxma, dərdin alım, atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Bu şeiri mən orta məktəbdə sevə-sevə əzbərləmişdim. Bu gün onu yenidən oxudum. Əhməd Cəmilin "dava nağılı"nı şirin bir xatirə kimi yenidən yaşadım...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!