Gecə öyküsü... - Rüstəm Kamal yazır

 

Qızının "ay bava" deyib gözünün suyu ilə üzünü islatmasından əmim başa düşdü ki, ilin-günün bu vaxtında, iki uşaq da yanında onun kəndə gəlişi xeyirliyə deyil. Axşama kimi dözdü, heç nə soruşmadı. Arvad əmimi ot tayasının yanına çəkib dedi ki, bəs bilməzsənmi, qız əri ilə dalaşıb...

Əmim  bu xəbərə tavrını qudasının ünvanına söyüşlə bildirdi. Qudası öz qaynı idi, Sumqayıtda yaşayırdılar.  Qərara alındı ki, məsələyə aydınlıq gətirmək üçün elə günü sabahdan Sumqayıta yola düşsün.

Arvad axşamdan yoluna kotlet qızartdı. Köynəyini ütüləyib stulun başından asdı.

Onsuz da yuxusu qaçmışdı. Kürəkənini və qudalarını sorğu-suala tuturdu. Və hər dəfə də mütləq haqlı çıxırdı. "Ayə, nətər olur, 30 ildir sənin bu qara bacının zıppıltısına dözürəm, sən balamı yola aparmırsan?".

Şaqqıltıya arvad qalxdı, əsnəyə-əsnəyə: "A kişi, tulaçezməzdən hara gedirsən? Qoysan səhərin gözü açıla? - dedi və bir də onu dedi ki, heç xoruzlar da banlamayıb" . Əmim dedi: "Xoruza nə veribsən, nə banlaya, a bitini yeyənin qızı?". Arvad səhər-səhər mübahisənin mənasız olduğunu anladı, həm də səsə uşaqlar qalxmasın deyə susdu.

Sumkasını götürüb qapıdan çıxanda doqqazın fanarını yandırdı, işığın qəfil zühurunu gözləməyən qaranlıq qara çəpərin dalına çəkildi. Arvad dalınca səsləndi: "Dava eləmə, xoşluqla başa sal. Qardaşıma da de ki, a qurumsaq, bə bacını haraya qoydun?

Əmim nə qədər yeyin-yeyin getsə də, Dəyirman dərəsindən əsən meh onu gəlib ötdü və köhnə məktəbin uçuq divarları arasında gözdən itdi.

Yol bomboş idi. Birinci Şıxlı tərəfdən bircə dənə maşın göründü, o da mürgülü faralarının işığı ilə əmimin üst-başını yalayıb keçdi və gecənin qaramatında əridi. Meşənin yazağzı soyuğu, yolun altındakı üzüm bağında çaqqalların, tülkülərin vaqqıltısı, qəbiristanlığın vahiməli yaxınlığı içinə anlaşılmaz üşütmə salmışdı. Səbrsizlik etdiyinə görə özünü danladı.

Birdən hiss etdi ki, ayağına nəsə yumşaq bir şey sürtünür. Bu qorxulu təmasdan əti ürpəndi. İlan-koramal olduğunu düşünüb cəld kənara sıçradı. Yolun o üzünə keçdi və dönüb geri baxdı. Bu, pişik idi. İki həftə öncə üç balası ilə torbaya salıb azdırdığı pişik.

Onda arvad demişdi ki, "a kişi, qan-qarğışdılar. Güllər cijin yun əyirəndə pişik ətəyinin üstündə yatırdı. Pişik özü qalxıb gedənə kimi rəhmətlik onu narahat etmirdi. Allahın heyvanı sənə neyləyib? Nolsun ki, doğub törəyir...". Arvad bu əməlin suç olduğunu desə də, içkili vaxtında pişikləri torbaya salıb "QAZ-53"ün kuzovuna atmışdı. Xalası oğlu şofer Astandan xahiş etmişdi ki, Ceyrançölə qoyun fermalarına gedəndə bunları da yol qırağındakı kafelərin, restoranların birində açıb buraxsın: "Yenə oralarda yeməyə bir şey taparlar...".

Otların arasından yenə zəif pişik miyoltusu gəldi. Əmim "piş-piş" deyib çağırdı. Pişiyin balası idi. "Bıy, başınız batsın, ödümü partlatmışdınız. Bə o biri balaların hanı?" - dedi. Əmim neçə ilin həsrətlisi kimi sevinirdi, sanki biraz da ürəklənmişdi.

Yolun ortasında çömbəldi, sumkasını açdı və kotletlərin ikisini pişiklərin qabağına qoydu. Pişikləri sığallaya-sığallaya dedi ki, "yəqin acsınız?".

Əmim pişiyin balasını qucağına aldı və dedi: "Gəl gedək evimizə, qorxma, anan da dalımızca gəlir...".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!