Pis və yaxşı... - Xeyrəddin QOCA – hekayələr

 

Qızdırmadan ölürdüm...

...Ayaq üstə dura bilmirdim. Başım fırlanırdı, ürəyim bulanırdı, öskürəkdən boğazım cırılırdı, amma səsimi çıxara bilmirdim ki, "koronavirussan" deyib, məni on dörd gün basmasınlar "karantinə!". Evdə, ailədə də qızdırmam olduğunu demək istəmirdim. Gördüm bədənim istilikdən "yanır", uşaqlardan xəlvət arvada dedim ki, bəs, özümdən şübhələnirəm. O dəqiqə amiranə şəkildə dilləndi:

- Dayan, termometr gətirib, ölçəcəm!

Dedim, ay arvad, hara qaçıram, dayanmışam da...

Tez termometri gətirdi, qoydu qolumun altına, özü də dayandı başımın üstündə ki, o yan-bu yana tərpənməyim. Beş dəqiqədən sonra əl atıb termometri götürdü, şübhəli baxışlarla düz gözlərimin içinə baxdı və "gəl, təcili yardıma zəng edək" - dedi. Sonra əlavə etdi:

- Koronavirusun əlamətlərindən biri qızdırmadır, o da səndə var.

Yalvarıcı səslə dilləndim:

- Qoy, bir az gözləyək, görək, bəlkə yaxşı oldum.

Arvad:

- Hara yaxşı olursan?! Hara yaxşı olursan?! Elə deyirdin koronavirus "quş qripi", "donuz qripi" kimi uydurmadır! Hələ özünü ağıllı hesab edib "Koronavirus" adlı bir satirik hekayə də yazıb çap etdirmişdin! Gördün? Axırda gəldi səni tapdı!

Daha qulaq asmağa halım qalmadığından izah etməyə başladım:

- Özün bilirsən, mən ildə bir dəfə qrip oluram, indi də qripəm. Başqa bir xəstəliyim-filanım yoxdur! Çalış, səsini çıxarma, aparıb basacaqlar məni "karantinə", heç kimi də yanıma buraxmayacaqlar. O gün televizorda görmədin, iki yüz nəfəri tutub aparmışdılar "karantin" klinikasına. Baş həkim müxbirə deyirdi ki, heç birində virus tapılmayıb! Müxbir də soruşmadı ki, onda bu iki yüz nəfəri niyə burada saxlayırsınız?! Məni "karantinə" aparsalar, evin zibilini gündə iki dəfə kim atacaq? Bazarlığı kim edəcək? Ac-susuz qalacaqsınız? Mən evdə olmayanda qırx ildə bir dəfə çörək almağa getdin, yıxıldın, qolunu sındırdın, sonra bir ay müalicə etdirdik! Qabaqdan da bayram gəlir... Bayram çərəzlərini kim alacaq? Nəhayət, bayramı necə keçirəcəksiniz?..

Gördüm, mən danışdıqca arvad yavaş-yavaş "yumşalır". Mən də bundan istifadə edib həyata keçirəcəyim çox işləri sadalamaqda davam etdim. Birtəhər "sülhə" gəldik. Bir həftəyə soyuqdəyməm keçdi. Daha doğrusu, "koronavirus"dan əsər-əlamət qalmadı.

Qarşıda başqa ölkəyə səfərim var. Canımı vəlvələ alıb ki, təyyarədən enən kimi məni yoxlayıb aparacaqlar "karantinə"! Çünki uçaqda sıxılıram, əzilirəm, temperaturum qalxır. Bunun bir tərəfi yaxşıdır ki, on dörd gün "karantin"də hökumətin hesabına yeyib-içəcəyəm! Evdəkilər də elə biləcəklər ki, yarım aylıq istirahətə getmişəm...

Vallah, bu koronavirus uydurmaları haqqında bir roman yazmaq olar. Görəcəksiniz, on-on beş günə bu da keçəcək, yazmaq bizə qalacaq! Amma bu pis xəstəliyin şayiələrindən yavaş-yavaş mən də qorxmağa başlamışam... Deyirlər, "qorxan gözə çöp düşər!". Dilim-ağzım qurusun, koronavirusa tutulsam, batdım! Evə, ailəyə kim baxacaq? Tərs kimi, ailədə məndən başqa kişi yoxdur!..

Cəsarət "dərmanı"...

Peşman oldum dedim ki, "spirtli içki içə bilmirəm". İçkinin "küpünə girən"in biri ağzımı açıb niyə içə bilmədiyimi, yəni səbəbini izah etməyimə imkan vermədi. Başladı əhvalat nəql eləməyə, nə başladı:

- Qardaşoğlu, keçmişdə, yəni padşahlıq zamanı məmləkətdə bir kişi gedir yeməkxanaya, yemək sifariş verir. Az sonra yeməyi gətirib qoyurlar kişinin masasına, deyirlər "nuş olsun!". Kişi bir-iki tikə yeyir, hiss edir ki, iştahı yoxdur. Xidmətçini çağırıb "mənə yüz qram içki gətir" - deyir. Xidmətçi qorxa-qorxa o tərəf-bu tərəfə boylanıb, kişinin qulağına pıçıldayır:

- Ay evin yıxılmasın, bilmirsən ki, padşah məmləkətdə spirtli içki içənin boynunu vurdurur? İçki qadağan olunub, axı!

- Sən get, su qabına boşalt gətir, elə bilərlər su içirəm...

Xidmətçi kişinin dediyinə əməl edir. Su qabında spirtli içki gətirir və "tez iç" - deyə tapşırır. Kişi "butulka"nı başına çəkir, sonra iştahla yeməyə başlayır. Bir də görür ki, küçədə qaçhaqaçdır. Yeməkxanadan çıxıb "dabanına tüpürənlərin" birindən soruşur ki, "qardaş, nə olub, nə əhvalat baş verib?". Sürətlə qaçan adam bildirir ki, "vəhşi heyvanlar meşədən çıxıb üstümüzə gəlirlər, sən də qaç, canını qurtar!". Kişi qaçıb-eləmir. Bir də görür pələngin biri düz onun üstünə gəlir. Əlbəyaxa olurlar. Uzun sözün qısası, kişi pələngi boğub öldürür.

Padşah adamın pələngə qalib gəldiyini eşidib, göstəriş verir ki, "gedin, o kişini saraya gətirin". Padşahın adamları tez kişini tapıb gətirirlər saraya. Padşah onu hörmətlə qarşılayır və soruşur:

- Kişi, yalan danışsan, boynun vurulacaq! Düzünü de görüm, necə oldu pələngi öldürdün?

Kişi qorxa-qorxa dillənir:

- Düzünü desəm, məni cəzalandırmayacaqsınız ki?

- Sən düzünü de, sonrasına mən qərar verirəm...

Kişi əhvalatı olduğu kimi danışır və əlavə edir:

- Padşah sağ olsun, mənə qüvvət və cəsarət verən, qorxunu canımdan çıxaran yüz qram içki oldu.

Vəzir əyilib kişinin qulağına pıçıldayır:

- A kişi, üç yüz qram de!

Padşah fikrə gedir. Xeyli düşünüb-daşındıqdan sonra məmləkətdə yüz qram spirtli içki içilməsinə icazə verir...

İndi deyəcəksiniz ki, "hə, nə olsun?". O olsun ki, bəzi qadağalar keçmir! Bir zamanlar bizim ölkədə də içkiyə qadağa qoyulmuşdu, nə oldu? İndi kişilər də içir, qadınlar da!..

Pis və yaxşı

Bir kənddə iki Məhəmməd adlı kişi yaşayırdı. Birinə "pis Məhəmməd" deyirdilər, o birinə "yaxşı Məhəmməd". "Pis Məhəmməd" deyilən adamın əlindən ancaq pis işlər gəlirdi. Heç kim ona salam vermirdi. Yəni onu adam yerinə də qoyan yox idi. "Yaxşı Məhəmməd"ə isə hamı hörmət edirdi. İnsanlar onunla üz-üzə gələndə sevinirdilər. Hərdən də əllərini göyə qaldırıb deyinirdilər: "İlahi, bu "yaxşı Məhəmməd"i yaratmışdın, bəs "pis Məhəmməd"i niyə yaratdın?

Əlqərəz, günlərin birində kənd əhlindən bir nəfər "yaxşı Məhəmməd"lə qarşılaşır, amma ona salam vermir. "Yaxşı Məhəmməd" kişini saxlayıb soruşur:

- A kişi, de görüm, sənə nə pislik eləmişəm ki, Allahın salamını mənə qıymırsan?

Kişi dillənir:

- Düzünü deyim? O biri Məhəmməddən o qədər pislik görmüşəm ki, vallah, səndən də şübhələnməyə başlamışam. Tərs kimi, ikinizin də adınız Məhəmməddir!

Belə yerdə deyiblər ey, "bir dana bir naxırı korlayır!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!