Uğur, qovulma, sürgün və yenidən uğur Migel de Unamuno - Nicat Həşimzadə yazır

Kilsədə İsanın təsviri qarşısında dayanmış, yumruqlarını sıxmış əsəbi bir uşaq düşünün. Bu uşağın əsəbi, gərginliyi səbəbsiz deyil. Ailə daxili çəkişmələr, atasının təzyiqi, onu döyməsi Alexandroda ciddi travmalar yaradır. Uzun illər keçsə də bu travmanın təsirləri qalır. Hamımızın həyatında buna oxşar travmaları olur. Uşaq beyni daha təmiz olduğu üçün uşaqlıq illərində baş verən hadisələri hər zaman xatırlayırıq. Uşaqlıq illərimizdə yaşadığımız xoşbəxt və bədbəxt anlar daim bizi düşündürür. Xatırladıqca hər zaman kədərlənirik. Həm xoş, həm də narahat xatirələr bizi ağrıdır. Uşaqlıq çağımızda yaşadığımız qorxular, travmalar da belədir. Heç zaman yadımızdan çıxmır. Sonrakı həyatımızı da həmin xatirələrimiz, şüurumuzun dərinliyində formalaşan qorxular, düşüncələr müəyyən edir.

Migel de Unomuno təkcə İspan ədəbiyyatının yox, bütün dünya ədəbiyyatının ən maraqlı, ən oxunaqlı və ən qeyri-adi yazıçılarından biridir. Onu maraqlı edən, daim diqqət mərkəzində saxlayan səbəblərdən biri həyatıdır. 27 yaşında Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan təyin olunan Unamuno 10 il sonra universitenin rektoru vəzifəsinə təyin olunur. Ölkədəki siyasi vəziyyət yazıçını qane etmir, Monarxiya əleyhinə apardığı mübarizəyə görə Unamuno öncə universitetdən qovulur, sonra professor adını əlindən alırlar, bununla da yetinməyib yazıçını sürgünə göndərirlər. 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra ölkədə siyasi vəziyyət çox dəyişmişdi və Unamunoya davamlı siyasi təzyiqlər göstərilirdi. Məqsədim Unamunonun həyatını bura köçürmək deyil, arzu edənlər internetdən axtarıb oxuya bilərlər.

Unomunonun “Yaman adam” hekayəsini oxuyandan sonra bir neçə gün heç nə oxuya bilmədim. Suallar beynimi rahat buraxmadı. Məmləkətimizdə olan problemlərin eynisi İspaniyada da var imiş. Dostum Miri Rəsulzadənin çapa hazırladığımız kitabını oxuyanda Yusif Vəzirin Mirzə Cəlilə yazdığı məktub marağımı çəkdi. Yusif Vəzir Çəmənzəminli Mirzə Cəlilə yazır ki, öz xalqını bu qədər aşağılama. Sən Avropa ölkələrində olmamısan. Onların ictimai-sosial həyatını bilmirsən. Elə düşünmə ki, onlar hədsiz inkişaf edib, biz isə geridə qalmışıq”

Unomunonun “Yaman adam” hekayəsini oxuyarkən Yusif Vəzir Çəmənzəminliyə haqq qazandırdım. Atası üçün qızı Julia maddi böhrandan xilas olmağın yeganə yoludur. Ata əlindən gələn və gəlməyən hər şeyi edir ki, qızına varlı bir adaxlı tapsın. Ata müflis olduğunu hamıdan gizli saxlayır. Ancaq  başa düşür ki, bu vəziyyəti uzun müddət gizli saxlamaq olmaz. Bəlkə də müflis olma xəbərini gizli saxlaya biləcəyi son günlərdir. Qızı Juliya isə həyata əyləncə kimi baxır. Juliyanı bir sual narahat edir: “Atam məni satmaq istəyir, məni satıb öz maddi vəziyyətini düzəltmək istəyir”

İzdivaca qədər Julia iki oğlana könül versə də hər iki halda bir nəticəyə gəlir ki, kişilər yalançıdır, sadəcə saxta vədlər verirlər, əllərindən bir iş gəlmir. Julianın ilk eşqi uğursuzluğa düçar olandan sonra, bəxtini ikinci dəfə sınayır, ancaq bu dəfə də aldanır. Düşünür ki, onun sadəcə gözəlliyinə aşiq olurlar, özünü sevmirlər. Yazıçı Julianın gözəlliyini elə təsvir edib ki, qıza aşiq olmaq üçün sadəcə bu təsvirləri oxumaq bəs edir.

Julianın ali gözəlliyi tarixi bir şəhər olan Renada və ətrafında dillərdə dastan olmuşdu. Məmləkətin gözəllik şahzadəsi kimiydi Julia, şəhərin bu qədər xəzinələri arasında canlı, diri bir abidə idi sanki. İnsanlar deyərdilər ki, Kafedralı və Julia Yanyezi görmək üçün Renadaya gedirəm. Belə vəziyyətdə gözəl qızın gözlərində yaxınlaşan faciəni hiss etməyə bənzər ifadə oxunurdu… Gücündən xəbərdar idi, Julia. Ancaq ruhunda fəlakətlərə hamilə bir taleyin əzici yükünü hiss edirdi. İçindən, şüurunun dərinliyindən qopub gələn səs sanki ona pıçıldayırdı: Gözəlliyin səni məhv edəcək. Julia isə bu səsi eşitməmək üçün könlünü əyləndirməyə davam edirdi.

Mətndən oxuduğunuz bu hissədə bir-iki cümləni yazmağa lüzum görmədim. Fəqət yazdığım bu cümlələr hekayəyə qarşı dərin bir maraq yaratmağa bəs edir. Balzakın, Marsel Prustun təsvirlərindən sonra məni ən çox təəccübləndirən bədii təsvir ustalarından biri də haqqında danışdığım Unamuno oldu. Yazıçı elə cümlələr qurur ki, sən özünü müdafiə edə bilmirsən, cümlələrin axını, səslərin, sözlərin düzümü səni çəkib öz sehrinə salır, səni ardınca aparır. Səmimi bir söz deyim, bəlkə də inanmayacaqsınız. Mən bu hekayəni ardıcıl 3 dəfə oxumağa məcbur oldum. Ona görə yox ki, hekayədəki hadisələr, süjet məni ovsuna saldı. Ona görə ki, cümlələrin, sözlərin, bədii təsvir gücünün sehrində özümü itirdim. Məhz 3-cü dəfə oxuyan zaman çətin də olsa bu ovsundan xilas olmağı bacardım. Bəzən oxucular, hətta tənqidçilər deyirlər ki, böyük şeylərdən yazmaq lazımdır. Etiraf edək ki, sənət üçün belə anlayış yoxdur. Nədən istəyirsən yaz, necə istəyirsən yaz. Amma gözəl yaz, bədii mətnin estetikasını qoru, bacarsan yeni estetik tərz yarat. Axı heç kim sənə mane olmur. Unamuno kimi yazıçılar sübut ediblər ki, kiçik şeylərdən də maraqlı mətnlər yazmaq, oxucunu cəlb etmək olar. Bir də axı bu kiçik-böyük söhbətindən danışanda bir suala da cavab tapmağımız tələb olunur. Kiçik və böyük şeylərin arasındakı fərqi kim müəyyən edib, elə bir ölçü vahidini kim kəşf edib? Kim qərar verə bilər ki, mənim həyatımdakı hansı hadisə kiçik, hansı hadisə böyükdür? Mənim üçün faciəvi sayılan bir hadisə başqası üçün çox bəsit görünə bilər. Zatən sənətin mahiyyəti elə ondadır ki, sənət adamını ən kiçik məqam, ən bəsit hadisə belə kədərləndirə, düşündürə bilir. Bir daha təkrar edirəm, sənət üçün kiçik-böyük söhbəti yoxdur.

“Yaman adam” hekayəsində uğursuz sevgilərdən sonra Julia həqiqi sevgi axtarır. Zəngin Alexandro ilə ailə qursa da ərinin soyuqqanlı xarakteri onu bezdirir. Alexandro Julianın məhəbbət romanları oxumasına istehzayla yanaşır. Julianı sadəcə bir sual narahat edir: “Ərim məni sevirmi”

Hekayədəki hadisələri danışmaq fikrində deyiləm. Özünüz oxusanız daha maraqlı olar. Çünki bir hekayəni bir neçə adam oxuyub hər biri fərqli nəticələr çıxara bilər. Məsələn, Hüqonun “Səfillər” romanını oxuyan oxucudan biri Jan Valjan, digəri yepiskopa bənzəmək istəyə bilər. Ümumiyyətlə, maraqlı məqam odur ki, Unamunonun əsərlərində mənfi obrazlar çoxluq təşkil edir və mənfi obrazlar içində qadınlar daha çoxdur. Hətta ən müsbət obrazın belə mənfi cəhətləri var, Unamunonun əsərlərində.  Alexandro hədsiz dərəcədə eqoist insandır, sevgi hissi onun təbiətinə yaddır. O, sadəcə şəhərin ən gözəl qadınının əri olması ilə qürur duyur. İnsanlar arasında fəxrlə gəzir. İnsanlara mesaj verir: Sizin bacarmadığınızı mən bacardım, sizin əldə edə bilmədiyinizi mən qazandım.

Unamunonun əsərlərinin dərin fəlsəfi qatı var. Dünya onu həm də fəlsəfi fikirlərinə görə tanıyır. Bu dahi ispan yazarını oxuyarkən dərin suallar insanı düşündürür, narahat edir: “İnsan niyə var”, Bəşər övladının doğulmaqda, yaşamaqda məqsədi nədir”, İnsan həsrətində olduğu, arzuladığı məhəbbəti yaşamağa həqiqətən də layiqdirmi”, “Maddi dünya insanları niyə bu dərəcədə əsir alıb”.

Unamuno Karl Marksın sosial bərabərlik  ideyası ilə razılaşmırdı. Onun fikrinə görə hər şey insanın içində, mənəvi dünyasında baş verir. Əgər insan təbiətən, daxilən bütün insanlarla bərabər olmaq istəmirsə, onu zorakı yollarla buna vadar etmək olmaz. Belə olan halda dünya öz təbii ruhunu itirə bilər. Unamunonun fikrinə görə bütün hislər insana məxsusdur. Güc, hakimiyyət, pul, ehtiras, məhəbbət, nifrət, eqo – bütün bunlar insanın təməl quruluşunda var və heç bir ictimai-sosial, siyasi formasiya ilə bu təməl strukturu dağıtmaq və ya dəyişmək olmaz.

Yazarın “İki ana” hekayəsində qadın hiyləgərliyi, acgözlüyü insanı lap əsəbiləşdirir. Bu hekayədə biz iradəsiz bir kişinin necə əzablara düçar olduğunu görürük. Kişi iradəsiz olarsa mütləq qadın tələsinə düşəcək. Amma bir həqiqət var ki, iradəli kişilər də qadın hiyləsinin qurbanı olurlar. Bu hekayəni oxuyanda həm çox sarsıldım, həm də əsəb sistemim pozuldu. Raşelin saçlarından tutub Nizami küçəsi boyunca yerlə sürümək istədim. Don Juanın zəifliyi, qətiyyətsizliyi də insanı təəccübləndirir. İki qadın arasında qalan Don Juanın bütün hərəkətlərini, bütün həyatını Raşel tənzimləyir. Qəsəbədə hər kəs onu dul Raşel kimi tanıyır. Hekayədən belə başa düşdüm ki, Raşelin Don Juana bəslədiyi məhəbbət elə ananın övlad sevgisinə bənzəyir.

Bütün böyük yazıçılar əsərlərin hansısa məqamlarında bəzi təsvirləri yola verirlər. Bu hekayədə Unamuno Don Juanın ölüm hadisəsini təsvir etməyib, sadəcə yola verib. Anlamaq olar, yazıçını. Hekayənin drammatizmi o qədər güclüdür ki, belə məqamlar oxucunu çox da narahat etmir. Sanki Unamuno bu məqamda dəqiq bilir ki, oxucuya Don Juanın ölüm anının təsvirindən daha çox  hadisələrin sonluğu maraqlıdır.

İspan yazarının düşüncəsinə, yaradıcılığına Tolstoyun və Danimarka filosofu Kyerkeqorun böyük təsiri olub.  Müəllifi oxucuqca bu təsiri görmək olur. Yazarın ən maraqlı kitablarından biri  “Üç örnək hekayə və bir Ön söz”dür. Zaman gələr, bu kitab haqqında da yazaram. Ön sözdə yazılan bir cümlə diqqət çəkir:

“Yaratdıqlarımızı izah etmək üçün savaşmaq da bir ayrı faciədir”

Yazını burada bitirməsəm oxucu üçün faciə olacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!