LENİNİ ÖLDÜRMƏK... - Yaşar Bünyad - hekayə

 

Gecədən əsən şimal küləyi sübhə yaxın kəsdi. Kəsməyilə də qar yağmağa başladı. Qocaların dediyindən, hələ indiyəcən kəndə belə qar yağmamışdı. Aydınlıqdı qar...

                                                 ****

Cəfər traktorla məktəbin həyətinə girənəcən Pirverdi bəyin göstərişlərini həvəslə yerinə yetirən dəliqanlılar  evlərindən  kəndir, lom, bel, külüng, kumpul gətirib stadionun yanındakı bağçaya  yığışmışdı.  Keçmiş partkom  Əmirpaşa, feldşer Vəli, hesabdar  Mürvət, anbardar  Balaxanın oğlanları, üç ildənbir zondan-zona “səfər” edən cüvəllağı Şərif də burdaydı. Vəli ot göyşəyən qoca qoç kimi dodağını çeynəyir, Mürvətlə Balaxanın böyük oğlu pıçıldaşırdı. Nə baş verəcəyini anlamayan Əmirpaşa çaşqınlıqla  mızıldandı:

  - Ayə, vallahi-billahi bu, əmələ gələn şey döyül. Bir zibili çıxmasa yaxşıdı... Yetmiş il at oynadan, nemesin anasın ağladan hökuməti yıxmağmı olar, a başuva dönüm?.. Özü də kim, kim, taytağ Mirinin yetimçəsi (Taytağ Mirinin yetimçəsi Pirverdi bəy idi).

Söhbətin bu yerində kəndin sözgəzdirəni Narıngül arvad yırğalana-yırğalana gəlib çıxdı, ora baxdı, bura baxdı, sonda  üzünü Vəliyə  tutub soruşdu:

  - A Vəli, başuva dönüm, sən alim adamsan, kəllön işdiyir,  bilməmiş olmazsan daa, doğrudan, o başıxallı gədə hökməti buraxdı? Yəni eləcə verdi bu başıküllülərə? Bə, bizim yekələr  hara baxır, hay? - Sualına özü də cavab vermiş kimi mızıldadı. - İmanım haqqı, inanmaram ee, inanmaram ki, urus əlin götürə üstümüzdən. Heç Bəkidə oturannar da qoymaz... İradyo  andır da  düz-əməlli heş zad demir, dedim çıxım görüm nağayrursuz...

  Şərif  qaqqanaq çəkib:

  - Ay arvad, - dedi, - heç kim, heç zadı buraxmıb. Vozduxdu... Qarbaçovun başı xarab olub məyər? Baş qatmaq üçün  uşaq-muşağın qabağına  bir az dən atıb. Valla, həmişəki kimi yuxarıların öz quramasıdı bu... Buların başı ki qarışdı dənnəməyə,  bir də  görəssən, hooop, sovetin topu, tüfəngi başımızın üstünü  kəsdi, başladı hamını sərçə kimi bir-bir qırmağa. Keçən il necə elədi?.. Görə-görə gəlmüşüy... Mən öli, sən diri, o taytayın yetimçəsin də basdıracaq qoduğluğa. Şura hökümətidi e! İndiki zamanada adam şərrəmək nəmənədi? Ha-ha-haaa!..

Cəfər  “Belarus”la  həyətə girib, iki dəfə dövrə vurub stadionun ortasında  dayananda  Şərif  hələ də  qaqqanaq çəkib gülürdü, Narıngül arvad Şərifə sarı “külü qoyum  kişi başuva” deyirdi, Vəli də başını yelləyirdi o yana, bu yana...

  - Ayə, Şöşü, Şöşü, kəndiri keçir o keçəlin boğazına! Tez!.. Cəfər, sən də traktorun  dalın ver bura. - Pirverdi bəy ədayla, bir qəribə sevinclə Leninin iri büstü qoyulmuş postamentin qənşərini  göstərəndə Cəfər marağını boğa bilmədi:

  - A bəy, fikrün nədi, olmuya,  kişini, o söz, həə?!

   - Ayə,  evə çatanda, ağzuvu  yaxalıyarsan, kişi kimdi?!  O “kişi” dediyinin  qırmızı ordusu  babalarımızın qan bahasına qurduğu dövləti dağıdıb, anladın?  O cibindəki partbileti də bəsdi əzizlədün, cır, tulla. Bilirsən də, getdi day onun daşdeşən dövrü!.. Hə, bir də, Həşim bəyə tapşırmışam, şəklini  çəkib göndərəcək “Azadlıq” qəzetinə...

Əlini yelləyib Cəfərdən aralandı, üzünü büstə sarı çevirib bağırdı: - Əəə, Şöşü, noldi sənə, əllərün bişməcədi, bağla da o zibili!..

Şöşü  deyib çağırdığı, Şövqüydü - çayçı Qasımın oğlu. Pirverdi bəyin  təşviqatına görə,  “ən məsuliyyətli vəzifə” ona tapşırılmışdı deyə, elə əldən-ayaqdan gedirdi ki, sanki Leninin yerində dədəsi Qasımın heykəli qoyulacaqdı! Adama elə gəlirdi ki, bu dəqiqə heykəl  yox, Leninin özü Şövqünün əlinə keçsəydi, heç “uf” da demədən  boğazından  asardı. Şöşü  işini bitirəndən sonra  Pirverdi bəyin  ona  söz verdiyi  sədrliyi rayondan göndərilən  cəbhəçiyə veriləcəyini, “cavanları iş-gücdən yayındırır”  adıyla dədəsinin çayxanasını  biryolluq  bağlatdıracağını, döyüşə  gedəcəyini, orada erməniyə salyarka satdığına görə öldürüləcəyini bilsəydi, elə həmən kəndiri  indidən öz boğazına keçirərdi... Hələ bunlardan xəbərsiz idi deyə, yoğun kəndiri  həvəslə ortalayıb,  tələm-tələsik  heykələ  doladı, uclarını  cütləyib Cəfərə verdi ki, götürüb traktorun yedəyinə bağlasın. O da bağladı, könülsüz qalxıb keçdi sükanın arxasına, traktoru  işə saldı, bir dartdı, iki dartdı, gah sağ, gah sol təkəri yeri eşdi. Elə bil, kəndir tarım dartıldıqca, Cəfərin işə ürəksiz  yanaşmasından  idimi, ya da “kolxozstroy”un fəhlələri büstü yaxşı pərçimləmişdilərmi,  Lenin  tutduğu yerini tərk etmək istəmir, yamanca müqavimət göstərirdi.  Sən demə, kəndiri  Leninin boğazına deyil, beton pyedestalına bağlayıbmış.  Pirverdi  bəy Şöşüyə hirsləndi. Cəfər traktoru  azca dala sürdü, Şöşü boşalmış kəndirin halqasını  qaldırıb Leninin boğazına keçirtdi, “sür!” dedi. Traktor yerindən tərpənməyi ilə elə bil göy guruldadı, şimşək çaxdı,  bir şaraqqıltı qopdu, parça-parça olmuş büstdən bir toz-tozanaq qalxdı, gəl görəsən!

  Bu an Həşimin “FED”-inin də gözündən” yayınmadı.

  “Ə, bu nəydi? Pah atonnan!.. Allah, sən saxla... Allah, sən saxla!  Bunu da gördüy”.

Partkom Vəlinin dili tutulmuşdu, az qala. Gördüyünə inana bilmirdi. Fikirləşdi ki, bəs onda  Bakıdan gələn heykəltəraş, memar  niyə fəxrlə deyirdi ki, respublikada ilk qranit Lenindir ki, kənd məktəbinin həyətində ucalacaq?! Bu, heç alüminium da deyilmiş ki?! ...Sən öl, bu milləti hamı şeyinə  sarıyıbmış ee! İntiligentindən tutmiş  fəhləsinəcən fırıldağmiş. Maşenniklər, görürsən, pulu yeməkçün Leninin “əbədi yaşayacağından” necə istifadə ediblər?  Büstü gibsdən qayırıb, üstünə də  qranitə oxşar kraska çəkiblərmiş... Paatonnan, fərəsətə bax ee!.. Demə, Leninin büstü adi gipsdənmiş, içi də boş?! Qəfil yadına düşdü ki, on altı il qabaq bu “əvəzsiz heykəltəraşlıq nümunəsinə” sərf olunacaq qranitin  alınması üçün iyirmi beş min manat pul silinmişdi rayon büdcəsindən. Düz iyirmi beş min manat!  Kolxoz sədri gəlib-gedən qonaqlara nə qədər xərcləmişdi, onu bir ferma müdiri bilirdi, bir də Allah...

Partkom Vəli rayon rəhbərliyinin  fırıldağı barədə götür-qoy edəndə artıq Cəfərin “Belarus”u  kəndirin ucunda ilişib qalmış sosializm banisinin iri qulağını  sürütləyə-sürütləyə məktəbin həyətindən çıxmışdı.  Nəinki  “ürəklərdə yaşayan, bəşərin vicdanı, şərəfi olan partiyanın” banisinin, heç qarşısında təntənəli  surətdə oktyabryat olan, boynuna qırmızı  pioner qalstuku bağlayıb sonra da komsomola keçən Cəfərin də yatanda yuxusuna girməzdi ki, bir zaman doğma babası kimi  istədiyi, şərəfinə şeir, mahnı oxuduğu Lenini öz traktoruna qoşub kənd boyu sürüməkdən həzz alacaq.

 Cavanlar durmadan coşquyla qışqırışırdı:

  - A-zad-lıq!.. A-zad-lıq!..

  - El-çi-bəy!.. El-çi-bəy!..

  Həşimin fotoaparatı şaqqıldayırdı...

Pirverdi bəyin qardaşı oğlu  rayon qərargahından gətirdiyi  üçrəngli  bayraqla, yerlə yeksan edilmiş  Leninin postamentinə dırmandı və camaat  ilk  dəfə gördükləri  bayrağı heyrətlə alqışladı. Pirverdi bəy cavanlara tapşırdı ki, igid oğullarımız uyuyan Şəhidlər xiyabanından gətirilmiş müqəddəs bayrağı məktəb binasının giriş qapısına sancsınlar. Sancdılar. Bəzilərinin gözləri doldu. Elə bil havanın ayazı da sındı. Sovetin xofu içindən çıxmayanlar isə gizlincə ağız büzürdü.

  - Dağıl, a dünya!.. - Qafur kişi başını yellədi. Onsuz da Pirverdi bəydən zəndi-zəhləsi gedirdi deyə, istehzasını gizlədə bilmədi. - Bit vurmuş müsülmanı çuxadan-çarığdan çıxart, savad ver, yol çək, poyezə, maşına mindir, adam cərgəsinə qoy.., bu da sağolun?! Çörəyverənə şıllağ atmağı öyrənmüşüy... Bu “bəy”dən soruşan gərəydi ki, ayə, a belə-belə olmuş, o kişinin adına olan inistutda nöş oxuyurdun, həə?  Oxudun, adam oldun da, pisdi? Gərəy mollaxanaya gedib  babon kimi molla olaydın?!.

  - Gorun çattasun, a Lelin, çattasun gorun!.. Bir vaxtlar el babasıydın, qəbrüvə də məktub yazırdılar, kömək istiyirdilər, bu da axırun!? - Səməndər Qafura qahmar çıxdı.

Əlbəttə, bunları Pirverdi bəy səs-küydən eşitmirdi, eşitsəydi də ağsaqqallara baş qoşan deyildi, çünki  camaatın  xislətinə bələd idi, bilirdi ki,  kommunist rejiminin hökmünün, keqebenin zəhminin canlarından çıxması  üçün illər  lazımdı. Bəlkə, daha çox...

Bayaqdan siqareti siqaretə calayan, sovetin hər zülmünün şahidi, bədənində həm nemesin, həm sovetin damğasını gəzdirən, Bayıldan Maqadana qədər əzablı sürgün həyatı yaşamış Əbülfəz kişi dözə bilmədi:

   - Ağsaqqal kişisən, nə “baba, baba” salmısan?! O vaxtı  sənikimilər balşeviylərə girənniy eləməsəydi, qurduğumuz  hökümət də dağılmazdı, indi  biz də beş kişidən biriydik... Qınamıram, öyrənmüsüz onun-bunun  avtavasını, dəsmalın daşımağa! Tfuu!... Kasıbın hökümətidi  deyib mıxın dirədi doqqazımıza, olan-qalanımızı yığıb qalxoz  qayırdı, fərri kişilərimizi “kulak” eləyib Sibirə göndərdi, cavanlarımızı nemesə qırdırdı, - səsüvüz çıxmadı,  meçitimizi mal töləsinə çöördi, imanımızı itə yal elədi, ölüb yerə girmədüz... Ölümüzü də adətnən basdıra bilmürdüy, nə tez unutduz?.. Tfuu!.. Ürəynən  “baba”  dediyin oğraş  bilmirdi ki, havaxtsa o toydan onun da qapısında olacaq?!. Gorbagora yas tutana bir bax!.. Ə, Qafır, babanı qolçomağ, dədəni vraqnarod eliyən hökmətdi ee  dağılan, rahat ol, day qayıtmayacaq,  ürəyün nöş  töyşüyür?..  Düzələn döölsüz e, süz!..

   - O, belə dövlət  qurmamışdı, Əbilfəz. Hökmətnən işin var, hökməti yıx, söy, heykəlin nə günahı, hə?  Dilsüz-ağızsız heykəli uçurmağa nə var ki?!. Dədəmin goru haqqı, bir gün peşman olacağsuz... Guya bular, bu quru bəylər yağ-bal içində üzdürəcəy bizi?.. Ay, hay! Yumşağ qresloya öyrəşənnən sonra baxarığ  kim kimin dalını...

   - Heç kəs peşman-zad olmayacaq, Səməndər, ağzının danışığın bil!  - Əbülfəz kişi qəzəblə onun sözünü kəsdi. - Bəyəndiyin həmən  hökuməti də elə sənin əli qanlı “baban” qurmuşdu. Day, yoxdu şura hökuməti!  Pay atonnan, it əl çəkdi, motal əl çəkmədi. İnana bilmirsüz? Əşi, dağıldı e, dağıldı! Day geriyə yol yoxdu. Pisdi, yaxşıdı, özümüzünküdü...

Ağsaqqal susdu. Daha heç kəs danışmadı. Havanın şaxtasına məhəl qoymayan cavanlar, qocalar büstün boş  yerində toplaşıb məktəbin damına pərçim edilmiş, bayaqdan qürurla dalğalanan üçrəngli bayrağa baxırdı. Bu kənd indiyəcən belə fərəh görməmişdi. Yağan da qar deyildi, sanki, ağ qızılgül ləçəkləriydi, aləmi ağuşuna almışdı...

                       ***

O gündən  Cəfərin evindəki hüzur pozulmuşdu. Büstü uçurulan Lenin  gecələr yuxusundan, gündüzlər də yaxasından əl çəkmirdi Cəfərin. Ona elə gəlirdi ki, traktorunun yedəyinə bağlayıb kənd boyu sürütmə çəkdiyindən qəzəblənib onu qarabaqara izləyən, intiqam alovu ilə alışıb yanan Lenin sağdır, gözə görünməsə də,  haradasa buralarda, evinin lap işində onu pusur...

Elə ki  gecələr başını yastığa qoyur, eyni hadisə təkrar olunurdu: qeybdən peyda olan Lenin onun üstünə cumur, boğazından ikiəlli yapışıb boğmaq istəyir, ömründə bir toyuq başı üzməyən  Cəfər də əsəblərini cilovlamadan var gücü ilə onu itələyib döşəməyə sərir, yastığının altında gizlətdiyi qəməltini qapıb ona hücum çəkir,  o boyda imperiya rəhbərinin başını kəsməyə başlayırdı, özü də küt qəməltiylə. Sürtülməkdən didilən dərisindən axan isti qan çırtlayıb sifətinə, divarlara, döşəməyə  yayılırdı. İkisi də al qanın içində, xırıldaya-xırıldaya gözləri bərəlmiş, ağzı köpüklənmiş Lenin isə çapalayır, ölmək istəmir, nəsə deyir, nəsə umur,  yalvarır, imdad diləyir, bəlkə də, ona əzab verən qəməltinin küt tiyəsini lənətləyirdi.  Cəfər isə  eşitmirdi. Eşitdiyini də başa düşmürdü. Bezmişdi. Səsi çıxmasın deyə, dişini dişinə sıxıb qəzəbini boğurdu. Artıq Cəfər  nə üzərindən məsum Volodya  gülümsəyən beşguşəli ulduzlu, nə də  boynu qırmızı qalstuklu  Cəfər deyildi, yuxa ürəyi daşa dönmüşdü, bəlkə də quduzlaşmışdı, özüylə bacarmırdı, nəyin bahasına olur-olsun, bu gecə onu öldürməliydi, çünki lap ömrü boyu yuxusuz qalsa da, daha Leninin dirilməsini istəmirdi...

Yenə də hövlnak, havalı kimi dik atılıb yerindən duranda, özünü qanın yox, çıpaçıp soyuq tərin içində çapaladığını görən Cəfər, qışqırığından diksinib ayılan Tükəzə, o biri otaqdan maddım-maddım onun bu halına acıyan qızlarına nə baş verdiyini heç cürə başa sala bilmədi.

Cəld yerindən qalxıb geyindi. Artıq nə edəcəyinə əmin idi. Köhnə paltar dolabından  pencəyini  çıxardıb çiyninə atdı, odun peçinin yanından kibrit qutusunu götürdü,  asta-asta qapını açıb həyətə düşdü. Tükəz təşvişlə onun arxasınca baxırdı. “Allah, sən özün kömək ol!” - pıçıldadı, yun şalını çiyninə atıb qapının arasından boylanan uşaqlara acıqlandı, “keçin yerinizə” deyib pəncərəyə yaxınlaşdı. Cəfər, deyəsən, eşikdəki şaxtanı duyub qalın geyinmək üçün geri dönmək  istəyidi, amma fikrini dəyişdi. Təndirxananın böyründəki manqala bir-iki quru odun parçası  qoydu, üstünə kerosin töküb kibrit çəkdi. Öcaq alışdı. Pirverdi bəyin dedikləri neçə gün idi qulağında guruldayırdı: “ O “kişi” dediyinin qırmızı ordusu babalarımızın qan bahasına         qurduğu dövləti dağıdıb, anladın?  O cibindəki partbileti də bəsdi əzizlədün, cır, tulla. Bilirsən də, getdi day onun daşdeşən dövrü!” . 

Odunlar tutuşandan sonra əlini pencəyinin döş cibinə saldı. Cəmi ikicə dəfə, - raykomun bürosunda üzvlüyə qəbul olanda, bir də Bakıda, partiya qurultayında qeydiyyatdan keçəndə əlinə aldığı qırmızı biletini çıxardıb ocağa tulladı. Sanki ağır yükdən qurtulmuşdu. Ürəyi sevinir, gözləri alışıb-yanırdı. Rahatlandı. Dərindən nəfəs alıb ayazın soyuğunu ciyərinə çəkdi. Çox keçmədi, bilet büzüşə-büzüşə qırışaraq alışmağa başladı...

                                                ***

Yatağına  kirimişcə girdi. Bayaqdan yorğanın altında onu gözləyən Tükəzə də yaxın durmadı. Başını yastığa qoyan kimi qayğısız körpətək dərin yuxuya getdi...

Cəfərin partbiletində gizlənən Leninin ruhu isə qara tüstüyə dönüb şaxtanın sızağına qarışırdı...


 FED – Feliks Edmundoviç Djerzinski adına  Xarkov əmək kommunasında 1934-cü ildən istehsal olunmuş sovet fotoaparatı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!