Vəba və eşq savaşı... - Kənan Hacı yazır

 

Hardasa bir gənc aşiq havasızlıqdan boğulur, iştahı küsüb, boğazından heç nə keçmir, bir az da hərarəti var. Evdəkilər təşviş içindədir.

-Aman Allah! Bu, koronavirusun əlamətləridir. Təcili test etdirmək lazım.

Təcili tibbi yardım çağırırlar, testin cavabı neqativ çıxır. Gəncin valideynləri sevincək, bir az da çaşqın durumdadır. “Şükür, xatadan sovuşduq. Bəs bu cavan oğlanın xəstəliyi nədir?”

Valideynləri onun eşq bəlasına giriftar olduğundan xəbərsizdir. Bu aşinalıq bir özgə dərman istəməz, onun dərmanı özündədir.

İndi, dünyanın sim kimi gərildiyi bir çağda küncə qısılıb özümü Qustav Malerin instrumental lirikasına təslim etməklə ruhi müvazinətimi qorumağa çalışıram. Mənim qədər aşırı dərəcədə həssas adamların bu dönəmi keçməsi həddən artıq ağır bir prosesdir. Musiqi terapiyası gün boyu davam edir.

...Aşiqlər özləri bəlanı istərlər, çün bəla da onları istər. Florentino Arisa da Kolumbiyanın Məcnunudur. “Vəba günlərində eşq”in fədakar qəhrəmanı. Bu əsər bəlkə bu günlərdə Markesin ən çox oxunan, axtarılan romanlarından biridir. Öz eşqinə çatmaq üçün 51 il, 9 ay, 4 gün – bir ömür boyu gözləyən və o möhtəşəm eşqi yaxalayan bir aşiq sevginin simvoludur. Sabahımızdan nigaran qaldığımız günlərdə dünya elmi bəşəriyyəti təhdid edən pandemiyaya qarşı səfərbər ikən Füzuli dühasından iki misra hey beynimdə fırlanır:  

Eşq imiş hər nə var aləmdə,

elm bir qeylü-qal imiş ancaq.  

İnsan eşqin məhsuludur, insan eşq ilə gəlir dünyaya. İnsan yoxdursa, elm də yoxdur. Peyğəmbərimiz də belə buyururdu: “Alim öldü, aləm öldü”. Alim kimdir? İnsan. Kainatın əşrəfi. Sevgi insanın başlanğıcıdır. Elm isə insan zəkasının keçdiyi yolun tarixidir. Ruhumuzu xilas etmək üçün eşqin dərgahına üz tutmağımız gərəkir. Florentina Arisanın yenilməz iradəsi, məğlubedilməz ruhu zamana belə meydan oxumağı bacardı. O, vüslətə yetişməkdən ötrü yarım əsr döyüşdü! Vəba günlərinin unudulmaz vaqeəsi Markesin sehrkar qələmilə bir eşq iksirinə çevrilir.

Florentina Arisa Fermina Dasanı gördüyü gündən rahatlığı pozulur, eşq atəşində qovrulmağa başlayır, iş o həddə çatır ki, halsızlıq, ürəkbulanma, qusma onu haldan salır. Anası qorxuya düşür, oğlunun vəziyyəti artıq eşq pərişanlığına deyil, vəba xəstəliyinin simptomlarına bənzəyirdi. Həkim isə onu müayinə etdikdən sonra bunu müəyyən etdi: eşqin və vəbanın simptomları eynidir. Vəba insanın orqanizmində, eşq isə ruhunda həmişəlik zədə buraxır. Fermina Dasanın atası mənfəətcil adam idi, o, qızını kasıb bir teleqrafçıya verməzdi. Onun üçün eşqin heç bir önəmi yox idi. Şəhərdə vəbanın kökünün kəsilməsində böyük rol oynamış doktor Xuvenal Urbino elə həmin vəba günlərində Fermina Dasanın könlünü yox, eşqini oğurlayır. Demək, təkcə vəbanı deyil, eşqi də zərərsizləşdirir. Florentina Arisa yenidən eşqinə sahib çıxmaq üçün 51 il, 9 ay, 4 gün gözləməli olmuşdu. İnadkar tutuquşu onun bu fövqəladə arzusunu gerçəkləşdirmişdi. Doktor məhz bu sözəbaxmaz tutuquşunu tutmaqdan ötrü nərdivana dırmaşmışdı. İşə baxın, doktorun hüzr məclisində Florentina Arisa çox asanlıqla əlini uzadıb quşu tutur və öz yuvasına salır. Burda tutuquşu taleyi simvolizə edir. Fermina Dasa ömrünü doktor Urbinoya sərf etsə də, onun alın yazısında Florentina Arisanın pozulmaz imzası vardı.

O zamanlar dənizin dibində batmış qaleon və onun içindəki xəzinə haqqında çox danışırdılar. Florentina Arisa o xəzinəni mütləq tapacağanına and içmişdi və bunu Fermina Dasa üçün edəcəkdi. Bundan sonrakı ömrünü o xəzinənin axtarışına sərf edəcəkdi.

Vəba kütləvi şəkildə insanların həyatına son qoyurdu. Florentina Arisanın məktubları isə sevənləri bir-birinə qovuşdururdu. Epidemiyalar sevgi hissinin qarşısında çox acizdir. Vəba və eşq savaşında eşq mütləq qalibdir. Markes bu həqiqətə inanaraq yazırdı: “Bu dünyada heç nə eşqdən güclü deyil”.

Vəba insanların payızıdır, insanlığın yarpaq tökümüdür. Eşq isə insan ömrünün yaz fəslidir. Koronavirus günlərində dünya sanki qabığını dəyişir, qlobal dünya arıtq əyləci basıb, postqlobalizasiya dönəmi başlayır, bəşəriyyətin tamamilə yeni bir mərhələyə qədəm qoyduğuna şahidlik edirik. Dünya kitab bazarında Markesin ölümsüz əsəri – “Vəba günlərində eşq” ən çox satılan kitablar sırasındadır. İnsanlar evlərinə sığınır, özüylə baş-başa qalır, hər kəs özünə yaşadığı ömrün hesabatını verir. Əcəllə üz-üzə qalanda hər kəs özünə “mən bu ömrü necə yaşadım?” sualını verir. “Dünya bizim evimizdir” deyirdi şair. Şəhərlər, ölkələr qapılarını dünyanın üzünə bağlayır. İndi dünya çətin imtahan qarşısındadır. Hamımız bir gəminin sərnişinləriyik. Bəlkə də suların dibinə gömülmüş qaleondakı xəzinə bizim yeganə xilasımız olacaq.

Fermina Dasa atasının acgözlüyünün qurbanı olmuşdu, iradəsi xaricində vəba həkiminə təslim olmuşdu. Markes bu cümləni tez-tez romanın səhifələrinə acı bibər kimi səpələyir: “eşq deyildi bu”. Malerin musiqisi sanki bəşəriyyətə layla oxuyur. Bütün dünya sanki qorxunc bir yuxu içindədir.

Gün gəlir, bir virus bütün dünyaya meydan oxuyur. İnsanlar qoxu, dad bilmə hissini itirirlər. Həyat isə davam etməkdədir. Son günlər viziona girən “Yer üzünün sonuncu eşqi”  filmi modern bir eşq hekayəsindən bəhs edir. Şotland rejissoru David Makkenzinin 2011-ci ildə çəkdiyi bu film həm də dünya kinosunda yeni bir dönəmin başlanğıcını xəbər verirdi. Bu film yeni dünyanın ilk qaranquşlarından oldu.

Filmdə bəşəriyyətə hansı mesajlar ötürülür? Modern dünyanın faciələri həyatımıza virus şəklində daxil olur. Bu melodramın qəhrəmanları Susan və Maykldır. Susan epidemioloqdur, Maykl isə bir restoranda aşpaz işləyir. Onlar bir-birlərini sevirlər. Bu sevgi onları yaxalayar-yaxalamaz epidemiya araya girir. Öncə qoxu hissini itirirlər, sonra kar olurlar, amma aralarındakı sevgiyə xələl gəlmir, əksinə bu eşq daha da alovlanır. Maykl bir gün Susanı evdən qovur və həmin gün Susanın da qulaqları səslərə qapanır. Anlayırlar ki, bir-birindən ayrı yaşaya bilməzlər. Epidemiya isə bütün şəhəri ağuşuna alıb. Susan geri qayıdır, onların əlləri bir-birinə toxunan anda dünya qaranlığa bürünür... Gözləri də tutulur. Amma onlar bir-birinə sarılıb ehtirasla öpüşürlər. Kənardan onları görə bilən olsaydı, heç nəyin fərqinə varmazdı. Bədən və hiss arasında kommunikativ realllıq hələ də itməmişdi. Dünya qaranlığa bürünmüşdü, amma hələ dünyanın sonu deyildi. Həyat davam edirdi. O sevgililər də qalibdirlər. Eşqin qalibləri.  

Məlum qlobal fəlakət çağında psevdoelmi fərziyyələr çiçəkləyir, şamın işığı öləziyir, səhra daha da böyüyür. Bu gün sanki hamı zühur edəcək xilaskarı gözləyir. Amma bu dəfə göydən yerə deyil, yerdən göyə elçi göndərməyə ehtiyac var. Yer planeti bütün bəşəriyyətin adından tövbə ismarışını Tanrıya yetirmək üçün müqəddəs səfirini dərgaha göndərsə, düşünürəm ki, o gözəgörünməz də özündə olan mərhəmət, sevgi hissinin insanın da fitrətində olduğunu ona xatırladacaq. Mütləq xatırladacaq! “Mən səni özümə bənzər yaratdım” deyəcək. “Şeytana daş atma, içindəki şeytanı öldür” deyəcək. Şeytan eşqin qatilidir. Dünya eşq ilə Günəşin ətrafında dolanır. Bir gün yarasalar çəkilib gedəcək, yerində sevgi çiçəkləri bitəcək.

Hamımız bir gəmidəyik. Limanı olmayan bir səyahətə çıxmışıq. Bu gəmidə insanlığın bayrağı dalğalanır və dalğalanacaq. Florentina Arisanın kapitana verdiyi cavab kimi:

Bütün həyat boyu!  

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!