UÇURUM - Fidan Nizaməddinqızı - esse

2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

Uçurumlar sevənin qanadları olmalı.

Yüksək dağlarda buzlar içində könüllü yaşamaqdır fəlsəfə...(Nitsşe)

Bu həyatda hər kəsin sığındığı bir ailəsi, yuvası var. Əsrlərlə xəstəliklər yaşanılmaqdadır, bu bəlaları yaşayan insanlar isə dəyişir. Qəribəsi budur ki, heç bir əsrin nümayəndəsi bu dəyişikliyi hiss etmədən ömür axını kimi yaşayır. Bütün əsrlərdə müharibələr, xəstəliklər, yaxud təbii fəlakətlər baş vermişdir. Bu bir taledir... hamı kimi biz də ya yaşamalıyıq, ya da ölməliyik...

Hər birimiz istər yaşadığımız həyatda, istərsə də torpaqda öz çəkimiz və ölçümüzlə yer tuturuq. Ruhumuz isə ucsuz bucaqsız asimanda arzuların, xəyalların ümidləri ilə yaşayır.

 Bu gün cəmiyyətdə  arzuolunmaz bərabərlik yaşanılır: “Ölüm qorxusu”  hamı eyni cür qorxur – olüm kimi.  Tez-tez  düşündüyüm bir məsələ vardı: görəsən insan ölüm anında kimi düşünür? Nəyi xatırlayır? Bu kimi yüzlərlə sual vermişdim özümə. Bu günlərdə isə bir uşağın dilindən bu cavabla qarşılaşdım.

Tarixin unutmayacağı uşaqlardan birinin can verməmişdən əvvəl son sözü ciyərləri parçaladı: “Hər şeyi Allaha deyəcəm”.  Ötən əsrdəki kimi ən qısa roman müsabiqəsi keçirilsə bu əsrdə yəqin ki, Heminqueyin “Uşaq ayaqqabıları satılır. Geyinilməyib” əsəri deyil, həmin suriyalı uşağın sözləri qalib gələr.

İnsanlar unutsalar da, tarix heç nəyi unutmur və bağışlamır. İnsanlıq uşaqlıqdan başlayır. Uşaqların bizim gələcəyə göndərdiyimiz mesajların olduğunu hər birimiz yaxşı bilirik. Əfsus ki, böyüklər bəzən susur. Bu haqsızlıqlar isə yer üzünü yetim ahlar kimi dolanır. Onların gözləri gələcəyin tarixidir. Uşaqların qan yaddaşları əsla silinməz.         

Onların gözlərinin qarşısında acından, ağrıdan olən yaşıdlarının intiqamı dəvələrin kini kimi əbədi yaşayacaqdır. Hegemon ölkələrin ədavətinin qurbanı olan yetimlərin ahı yaşayan uşaqların simasındadır. Uşaqların acı ah naləsi Allahın göy günbənindən yer üzünə qayıtdı sanki.... bütün dünyanı çevirdi. Müsəlman uşaqlarının taleləri ilə oynadılar. Silahına güvənib müsəlman uşaqların ibadətlərini məsxərəyə qoyanlar, bu gün məhz azan oxuyaraq həmin uşaqların Allahlarından imdad istəyirlər. Müsəlman uşaqların acından öldüyünə biganə yanaşan ölkələrin bu gün iqtisadiyyatı sürətlə çökür.

Bəlkə də bu səbəbdən dünyanı sarsıdan, hamının ciyərinə ölüm çələngi hörən bu ağır xəstəlik uşaqlardan yan keçir. Yaralanan və acından ölən uşaqların ciyəri paramparça olanda böyüklərin soyuqqanlığı qışı daha da sərtləşdirdi. Heç bir kəsin yenə biməyəcəyi ağır bir xəstəlik öz taxt tacı ilə Koronavirus adı altında dünyada hökm sürməyə başladı. Hər kəsi aid olduğu yerə qaytardı. Həyatla ölüm arasındakı son vəziyyəti adətən xəstəlik adlandırmışıq. Bu gün onun adı həsrətdir. Ən qəribə eynilik isə hamının eyni şəkildə həsrətlə bu dünyanı tərk etməsidir.

Bu gün Allaha şikayətə gedən o suriyalı uşaq sükut içində boğulan,  dünyanın yalın küçələrində bəlkə də, yaşadıqlarını və yaşaya bilmədiklərini düşünərək uçurumlarla çərpələng uçurur... 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!