Nevroz... - Bualo – Narsejak - novella

- Bağışlayın, professor, üçüncü mərtəbədə yaşayan diş həkimi gəlib sizinlə danışmaq istəyir.

- Bazar günü də qoymazlar istirahətimizi edək, - deyə Lavaren narazılıqla donquldandı.

- Yaxşı, qoy gəlsin.

Moqrel uzun-uzadı üzrxahlıq etdi və professora bildirdi ki, onu bura dartıb gətirən çox qeyri-adi, həm də dəhşətli bir əhvalatdır.

Moqrel qoltuğunun altında “Bibliya” tutmuşdu. Onun sol göz qapağı fasiləsiz olaraq dartınırdı.

 - Özünüzü ələ alın, - Lavaren dilləndi.

- Deyin görüm nə olub?

- Siz mənim arvadımı tanıyırsınızmı?

 Psixiatr liftdə rastlaşdığı uzunboylu, arıq, yöndəmsiz qadını yadına saldı.

- Bəli... Hm...

- Siz bilən ondan oğru çıxar?

- Nə? Hm... Mənə birdən-birə belə sual vermək çətindir... Amma hər halda deyərdim ki, yox...

- Bəs mənim uşaqlarım? Siz yəqin ki, onları görmüsünüz. Oğlum Raymond şux qamətli və sarışındır. Qızım Fransuaza isə...

- Şalvar geyinir və iriölçülü gözlük taxır.

- Bəli, bəli! Hə, necə bilirsiz, onlar məndən oğurluq etməyə qadirdilərmi?

Lavaren fikrə getdi, sonra Moqreli diqqətlə nəzərdən keçirdi.

- Mümkünsə, hissiz-həyəcansız danışın, görək, nə baş verib!

- Bilirsiniz, - deyə Moqrel söhbətə başladı. - Biz tezliklə istirahət etməyə yola düşəcəyik. Bu məqsədlə srağagün bankdakı hesabımdan hər dəsti min frank olan on min pul götürmüşəm. Əlbəttə, başqaları kimi çek kitabımı da götürə bilərdim. Lakin nağd hesaba daha çox üstünlük verirəm. Qısası, pulu götürüb yazı masamın siyirməsinə qoyub bağladım. Dünən axşam siyirməni açarkən bütün pullar orada idi. Bu gün isə kilsədən evə dönərkən hansısa bir qüvvə məni o dəqiqə siyirməni açmağa məcbur etdi. Nə görsəm yaxşıdır: on dəst puldan biri yerində yoxdur.

- Çox təəssüflənirəm, - deyə Lavaren bildirdi, - amma qorxuram ki, sizin məsələniz mənlik olmasın.

Bədbəxt Moqreli tər tökürdü, o, cibindən yaylığı çıxarıb nəmli ovcunu silməyə başladı.

 - İndi siz hər şeyi başa düşərsiniz... Mən pulun kim tərəfindən oğurlandığını hərtərəfli götür-qoy etmişəm. Dünən kabinetim bağlı olub. Demək, heç bir müştəri-filan olmayıb. Xidmətçi qadın cümə günü qohumlarının yanına gedib. Kimlər qalır? Arvadım, qızım, bir də oğlum. Qapalı çevrə alınır...

Moqrelin səsi titrəyirdi. O, təlaş içərisində masanın küncündən tutaraq:

- Bütün bunlar inanın ki, absurd görünür, - deyə Moqrel söhbətinə davam etdi. - Mənim arvadım, yazıq Klementinam bilsə ki, ondan şübhələnirəm, bilirsiniz, özünü nə kökə salar?! Onun kimi etibarlı, qayğıkeş, mehriban qadın və ananı heç yerdə tapa bilməzsən! Həm də var-dövləti başından aşır. Guya elə oldu ki, arvadım min frank pulu oğurladı? Qətiyyən, ağla sığışmayan işdir. İnanmıram! Bəs uşaqlarım? Onlar elə gözəl, elə füsunkardırlar! Raymondun iyirmi iki yaşı var. O, ara-sıra dostları ilə axşam gəzintisinə çıxır. Bəlkə onlar oğlumu pis niyyətə vadar ediblər? Yox, yox, bu mümkün deyil! Ümumiyyətlə, mən Raymonda heç vaxt pul vermirəm. Prinsipim belədir. Bazar günləri oğlum idmanla məşğul olur. Bu gün səhər o, səhv etmirəmsə, basketbol birinciliyində oynayır. Raymondla məsələ aydındır. Fransuaza barəsində bircə bunu deyə bilərəm ki, on yeddi yaşında o, hələ uşaq kimidir.

Lavaren kreslodan qalxdı.

- Dayanın, dayanın! - Moqrel xahiş etdi. - Mən onların fotoşəkillərini də gətirmişəm.

- Fotoşəkil?

- Bəli.

Psixiatr yenidən əyləşdi.

- Hər halda siz onların hamısından şübhələnirsiz, elə deyilmi? - deyə o, sakitcə Moqreldən soruşdu. - Həm də istəyirsiniz ki, mən onlardan kimisə seçim? Yoxsa elə fikirləşirsiniz ki, onların surətini görməklə mən oğrunun oğlunuz, yaxud arvadınız olduğunu deməyi bacararam?

  Lavaren fotoşəkilləri qabağından itələdi.

- Gəlin əsas məsələyə qayıdaq, cənab Moqrel. Oğurluq barədə xəbərdar olmağınızı evdəkilərdən bilən varmı?

- Yox.

- Və bu haqda doğmalarınızdan kimdənsə soruşmağa da utanırsız, elə deyilmi? Hm-mm!.. Bəs heç olubmu ki, evə qayıdarkən qazın bağlanmasını, yaxud işığın söndürülməsini yoxlayasınız?

- Bəli, olub, özü də dəfələrlə.

- Yəqin ki, bunun əlavə ehtiyat tədbiri olduğu barədə o zaman heç fikirləşməmisiniz də?

- Bəli... Amma mən burada heç bir ümumi oxşarlıq görmürəm ...

- Siz pulu bir neçə dəfə saydınızmı?

- Bəli.

- Qorxdunuz ki, bu pulu kimsə sizdən oğurlaya bilər?

- Bəli. Nə vaxt cibimdə pul olsa, qorxuram ki, oğurlayarlar.

- Belə görünür ki, siz özünüzçün kiçik macəralar axtarmağı sevirsiz! Ona görə də ara-sıra hansısa qüvvə sizi qazı bağlamamağa, işığı söndürməməyə təhrik edir və sonradan bu unutqanlıqla siz evdəkilərdən kimisə günahlandırırsınız, elə deyilmi?

 - Vallah, düz deyirəm, orada bir dəst pul əskikdir.

- Hər halda siz səhv edirsiniz. Bilərəkdən də olmasa, səhv fikirləşirsiniz.

- And olsun...

- Səhv edirsiniz. Bu cür hadisələr mənə məlumdur.

- Əgər inanmırsınızsa, yoxlaya bilərsiniz. Buyurun, qalxaq yuxarı, görün dediklərim düzdür, yoxsa yalan.

Lavaren solğunlaşmış sifətini gizlətməyə çalışan Moqrellə birlikdə liftə mindi.

Diş həkiminin mənzili çox zəngin idi.

- Buyurun, keçin, - deyə Moqrel Lavareni evə dəvət etdi. - Evdə heç kim yoxdur. Qızım rəfiqəsigilə qonaq gedib, oğlum basketbol yarışındadır, arvadım isə yəqin mətbəxdə yemək hazırlayır. Buyurun, buyurun... Baxın, bu mənim yazı masamdır... Bu da pullar... Özünüz sayın... Necə yəni on?! Ola bilməz! - Moqrel qışqırdı.

- Olar! Mən elə bunu gözləyirdim, - deyə psixiatr cavab verdi.

Moqrel gördüyünə inanmayıb pulları bir daha saydı. Həqiqətən on dəst idi.

- Bununla belə, güman etməyin ki, ağlım başımdan çıxıb, - deyə Moqrel qətiyyətlə bildirdi. - Nəyə istəyirsiniz and içim, burada cəmi doqquz dəst pul var idi.

- Bəs belə olan təqdirdə onuncusu hardan gəlib çıxdı? - deyə psixiatr soruşdu.

Pərt olmuş Moqrel cavab vermədi. Hətta qonağı ötürməyə belə onda hey qalmamışdı.

Lavaren kabinetinə girən kimi yazı masasına yaxınlaşıb ağ vərəqdə aşağıdakıları qeyd etdi: «Kral Moqrel. Evlidir. İki uşağı var...»

Psixiatr bir dəqiqəliyə fikrə gedib müşahidə etdiklərinə dəqiq tərif verib yazmağa başladı. Nahardan sonra o, musiqiyə qulaq asdı, bir neçə məktubu nəzərdən keçirdi və makinanın arxasına keçib psixiatrların beynəlxalq konqresi üçün hazırladığı referatın sonuncu hissəsini yazmaq istədi.

- Bağışlayın, diş həkimi gəlib. Xahiş edir ki, onu qəbul edəsiniz.

- Yenə?!

Bir az da keçsəydi, psixiatr özündən çıxacaqdı. Amma maraq onun əsəblərini cilovladı.Odur ki, xidmətçi qadına:

- Qoy gəlsin! - dedi.

 Kabinetin qapısı önundə dayanmış Moqreli tanımaq çətin idi.

- Axı belə yaramaz, - Lavaren bildirdi. - Sizə bu cür həyəcanlanmaq olmaz!

- Pul dəstləri... - Moqrelin dili dolaşdı.

- Bilirəm. Onların sayı doqquz idi. Sonradan sizə aydın oldu ki, ondur.

- Bəli, bu gün səhər. Ancaq indi onların sayı on yox, on birdir, - deyə Moqrel zarıdı. - On bir!

- Başa düşürəm, - Lavaren ciddi görkəm alıb dilləndi. - Siz pulları sayarkən bir daha səhv edəcəyinizə inanmaga çalışdınız.

- Qətiyyən yox! - indi Moqrel qışqırdı. - Mən pulları düz üç dəfə saydım və hər dəfə onların sayı on bir dəst çıxdı. Bu onları oğurlamaqdan daha pisdir!

- Yaxşı, yaxşı, özünüzü ələ alın. Belə... Başınızı dik tutun. Hə, indi danışın görüm, nə baş verib?

- Heç bir şey. Arvadımla oturub nahar edirdik. Pul barəsində ona bir söz demədim. Nə üçün də narahat edim? Yeməkdən sonra işlədim... Çox mürəkkəb quruluşlu bir protez hazırladım. Ancaq fikirlər məni rahat buraxmırdı. Siyirmədə məhz doqquz dəst pulun olmasına əmin idim. Dəli bir istək məni bir daha pulları saymağa təhrik edirdi. Əvvəl-axır hisslərimə təslim olub pulları saydım... Orada onların sayı on bir idi.

Moqrelin gözləri qaranlıqlaşdı, o, elə bil ki, nədənsə xəcalət çəkirmiş kimi səsini alçaltdı.

- Cənab Moqrel, - Lavaren dedi. - Axı kimin nəyinə lazımdır ki, pullarınıza daha bir dəst əlavə etsin? Bu ağlasığmaz işdir! Sizin stolunuzda cəmi on dəst pul var!

Diş həkimi başını yellədi. Lavaren qapını açaraq:

- Mən sizinlə gedəcəyəm, - dedi.

Diş həkiminin mənzilində əvvəlki tək sakitlik hökm sürürdü, yalnız yuxarı başdakı otaqdan nəsə səs gəlirdi.

- Televizordur, - Moqrel izah etdi.

- Deyəsən bu gün avtomobil lotareyasının ilk uduşu keçirilir. Arvadım bu cür verilişlərə məftunluqla baxır.

O, çiyinlərini çəkib psixiatrı özündən əvvəl otağa buraxdı. Lavaren masaya  yaxınlaşıb siyirməni çəkdi və pulları oradan götürərək yan-yana düzüb:

- Bir, iki, üç, dörd, beş ... - deyə saymağa başladı.

Moqrel mat qaldı.

- On! - deyə Lavaren bildirdi. - Hə, gördünüz?!

Moqrel bir addım irəli gəlib huşsuz halda psixiatrın qolları arasına yıxıldı...

...Fransuaza axşam evə qayıdarkən anası ilə qapıda rastlaşdı.

- Sss! Səs eləmə. Atan özünü pis hiss edir. Xoşbəxtlikdən birinci mərtəbədəki qonşumuz professor-psixiatr onun köməyinə çatıb. Allaha şükür, axı bazar günləri həkim tapmaq müşkül məsələdir! Professor çox gözəl insandır. Məni əmin edib ki, hər şey yaxşı olacaq.

 Xanım Moqrel səsini alçaldıb sözünə davam etdi.

- Məni hər şeydən çox qardaşın narahat edir... Gəl otagıma gedək... Bilirsən, əzizim, bu gün səhər Raymond qaçışda oynamaq üçün məndən pul istədi. Özü də bilirsən nə qədər? Min frank! Mən heç bir qaçış-filan tanımadıgımı bəyan edib ona pul verməkdən imtina etdim... Raymond son zamanlar yaman dəyişib. Deyir ki, onun dostlarının hər şeyə pulları tapılır... Əvvəlcə mən heç nədən şübhələnmədim, o gedəndən sonra yazı masasındakı pullar yadıma düşdü... Baxıb gördüm ki, min frank çatışmır. Sən demə, atan kilsəyə gedən zaman Raymond otağa girib pulları götürübmüş. Az qala dəli olum. Öz pullarımdan bir dəst düzəldib atan evdə olmayan zaman siyirməyə qoydum. Sonra o qayıtdı və bütün gün normal keçdi. Təsəvvürünə gətirirsənmi, Raymondun yolunu necə böyük intizarla gözləyirdim! O, saat altıya qalmış gəldi, özü də tutduğu əməlindən çox razı idi. Oyunda udmuşdu. Durub mənə nə desə yaxşıdır? «Faciə qurmaq nəyə lazım? Mən artıq min frankı yerinə qoymuşam». Görürsən də, nə təhər oğlandır?! Atan qəzet almağa gedərkən, mən vaxtdan istifadə eləyib öz pulumu siyirmədən götürdüm.

- Əşşi, bütün bunlar boş şeylərdir! Ən başlıcası odur ki, əziz atam heç nədən xəbərdar olmayıb, - deyə Fransuaza sevinclə anasının boynunu qucaqladı.

Rus dilindən çevirəni: Ağaddin Babayev

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!