Vəba günlərində Eşq kimi... - Cavi Dan yazır

Bu həmişə belə olub: acı badam qoxusu nakam sevgi haqqında düşünməyə sövq edir. Q.Q.Markes

 

Yox, bu yazıda Markesin məşhur romanı haqqında yazmaq fikrində deyiləm. Hərçənd romanın qısa məzmunu yazının və yaşadığımız zaman kəsiyinin ovqatına olduqca yaxındır.

Gənc Fermina ilk sevgisi Florentinodan uzaqlaşıb özünü elmə və vəba ilə mübarizəyə həsr edən həkim Xuvenala ərə gedir. Zaman keçdikcə Xuvenalın romantikadan uzaq sevgisi Ferminanı sıxır, evlilikləri ərzində başqa bir qadınla Ferminaya xəyanət etdiyini etiraf etməsi isə bütün zərif hissləri darmadağın edir. Xuvenalın ölümündən sonra Fermina ilə Florentino arasında ilk gənclik illərinkindən daha güclü bir sevgi yaşanır. Artıq həyatın ağır üzünü görmüş və yetkin insanlar olan sevgililər Florentinonun gəmisi ilə səyahətə çıxırlar. Gömrük yoxlamalarına imkan verməmək üçün gəmidə xəstəliyin olmasını və karantini bildirən bayraq qaldırırlar. Lakin məhz buna görə də onların geri qayıtmasına icazə verilmir və səyahət Florentinonun Ferminaya dediyi kimi, "əbədi" davam edir.

Sual hər zamankıdır: Ədəbiyyat əbədiyyət bəxş edə bilərmi?

Ümumiyyətlə, əbədiyyət nədir, nəyi ehtiva edir, hara qədər davam edə bilir?

Gülməli, absurd sualdır, fərqindəsiniz, deyilmi?

Bəs "davam etmək" ifadəsinin qarşısındakı "hara qədər" sualı "nədən sonra" yarandı?

Bu dəqiqə bütün dünyanın fikrini-zikrini çulğalamış koronavirus bəlasının real təhlükəsindən sonramı?

Sağına-soluna baxmadan, uşaq-böyük, varlı-kasıb, qadın-kişi demədən hər kəsin üstünə hər an çökməyə hazır olan bu virus kabusu bəşəriyyəti real ölüm təhlükəsi ilə üz-üzə qoyduqdan sonra əbədiyyət vəd edən bütün teoloji, ideoloji, fəlsəfi cərəyanlar çökdü.

Milli, dini, irqi, siyasi fərqlər sıfra enib.

Bu gün hamı anlamaq üzrədir ki, biz, əslində, sonu bilinməyən bir qalaktik okeanda eyni bir gəminin içində səyahət etməkdə olan ölümlü, adi insanlar imişik.

Ey dad...

Məkkəni belə boş gördü gözlərimiz, Venesiyanı, futbol yarışını...

Ey dünya, sən insanlarsız yaşamağa davam edə bilərsənmi?

Ey Tanrı, sən insanlarsız dünyada darıxmazsanmı?

Ey insan, sən olmasan...

Bəlkə də, yeganə ölkəyik ki, bütün dünyadan fərqli reaksiya veririk vəba qədər vahiməli olan koronavirusa.

Bəlkə də, yeganə ölkəyik ki, yer üzündə həyatın bitəcəyinə, insanların yoxa çıxacağına soyuq beyinlə yanaşıb inana bilmirik.

İsa Muğanna "İdeal" əsərində deyir ki, "Beş Odər" ərazisi olan (Qafqaz sıra dağlarından ta İranın Həmədan şəhərinə kimi) buralar heç vaxt dağılmayacaq, hətta bütün dünyada su basqını olsa belə, buralar qurtulacaq, çünki seçilmiş, qorunan, xüsusi enerjisi ilə hər zaman Kainata bağlı olan yerlərdir.

Zarafatla desək, biz Tanrını insanlarsız qoyub darıxmağa məhkum etməyəcək qədər bağlıyıq Ona və bir-birimizə.

Odur ki, koronavirusa dünyadan fərqli baxan və hər gün toy edən, nişan aparan, gəzintiyə çıxan, eşq elan edən, aşiq olan, küsən, barışan, naz edən, bir sözlə, yaşayan, yaşamağa israrlı olan, həyata davam edən insanları görəndə sevinməmək olmur.

Normaldır, bir-birimizə "dünya nə hayda, bu nə hayda" fikirləri ilə də yanaşırıq bu günlərdə, bir-birimizi qınadığımız, bir-birimizi acıladığımız məqamlar da olur. Amma bu, sadəcə, dünyadakı ümumi psixosahənin bir dalğasıdır, bizim də düşüncələrimizə toxunur, bunu da altşüurumuzla dərk edirik.

Sosial şəbəkələrdə hələ də "yatmış görünən özgə ölülərini" müzakirə edir, məsələ özümüzə çatanda koronavirusu lağlağıya çevirəcək dərəcədə incə və iti yumor hissimizlə dünyanın bu boyda neqativ qüvvəsinə meydan oxuyuruq.

Hətta... kitablar çap edirik hər gün, təqdimatlara toplaşırıq, yazarlarımıza uğurlar, oxucularımıza xoş mütaliələr arzulayırıq.

Həyat davam edir.

Əbədiyyət bizsiz yoxdur, əmin olun.

Ədəbiyyat isə...

Vəba günlərində Eşq kimidir bu günlərdə yazı yazmaq, roman düşünmək, şeir hiss etmək. Və bu böyük, bu bəşəri depressiya periodunda özünə, evinin, ürəyinin bir küncünə qapılıb ədəbiyyat yaratmayan, yeni həyat dövrü üçün yeni yazı yazmayan bütün yazarları qınayıram.

Yaşamaq istəyirsənsə, dünya yaratmağa, həyat verməyə məhkumsan.

Böyük, çox böyük bir gəmidəyik, xəstəlik bayrağı qaldırmışıq, unutmayın...

Geriyə yol... olmasa yaxşıdır.

Yazın.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!