Kəndimizdə bir Sədəf var... - Nicat Həşimzadə - hekayə

 

Kəndimizdə bir gözəl var, adı Sədəfdir onun. Allahın xoşbəxt anında yaranmış bəndələrindən biridir o. Allah öz xoşbəxt anında yaratmışdı onu, üzünə nur vermişdi. Sarı saçlı, daim gülümsər qonur gözlü Sədəfin üz cizgiləri onu görən insanlara xoş duyğular vəd edirdi. Sədəfin görünüşü insanlara, sanki bir ismarış verirdi.

- Bulaqları quruyan, torpaqları sürüşən bu kəndi təkcə mənə görə sevməyə dəyər.

Kəndimizin sakinləri kəndi təkcə Sədəfə görə sevmək istəmirdilər. Traktorçu Vaqif isə Sədəfə görə nəinki kəndimizi, bütün dünyanı sevməyə hazır idi. Bəlkə elə sevirdi də. Aramız açıq olmadığından Vaqiflə könül məsələlərini müzakirə eləməzdik. Həm də şəhər yerinə baxmayın, kənd-kəsəkdə, el-oba içində belə söhbətlərə yaxşı baxmırlar. Əgər 20-30 il əvvəl bu kənddə bulaq başı görüş yeri idisə, indi bulaq qurumuşdu. Elə bil, kənd özü də anlamışdı ki, torpaqları sürüşdükcə, bulaqları quruduqca, meşələri tükəndikcə kəndə sevgi azalır. Elə bil ki, kənd adamlardan təmənnalı eşqin qisasını alırdı. İndi kənd adamları şəhərə can atırdılar. Və öz kənd saflıqlarını şəhər hiyləgərliyinə uduzurdular. Bir neçə il Bakıda yaşamağına baxmayaraq Vaqif öz kənd saflığını şəhər hiyləgərliyinə uduzmamışdı. 

Əlbəttə ki, Sədəfin atasının illərdir apardığı qan davası haqqında danışsaydım və Sədəf də atasının qan düşməninin oğlunu sevsəydi hekayəmiz daha maraqlı olardı. Təəssüf ki, Sədəf müəllifin sözünə baxıb qan düşməninin oğlunu sevmir. Əslində, günahkar elə müəllifin özüdür. Axı, müəllif özü də dəqiq bilmir ki, Sədəfin atasının qan düşməninin neçə övladı var və ümumiyyətlə oğlu varmı?

Sədəfin bahar çiçəkli taleyini şaxta vurub qurutmuşdu. Bir bəndi Adəm onun dərin aləminə baş vurub ürəyini dəlib yaralayan dərdinə çarə axtarmırdı. Sədəfin kədərinə təkcə Vaqif kədərli gözlərlə baxırdı. Təkcə Vaqif Sədəfin kədərinə qəlbinin dərinliyində şərik olurdu. Vaqif həya etdiyindən Sədəfə yaxınlaşıb bu kədərin səbəbini soruşa bilmirdi. Sədəfdən kədərinin səbəbini soruşa bilməmək Vaqifə əzab verirdi. Vaqifin əzabı mənə dünyanın ən səmimi əzabı kimi görünürdü. Kəndimizdəki qoca palıdın, gənc çinarın, quruyan bulaqların, susuzluqdan can verən torpağın əzabından daha səmimi idi Vaqifin əzabı. Vaqifin əzabında təbiətin xəyanəti yox idi. Vaqif susmaqla özü-özünə xəyanət edirdi. Vaqif belə Vaqif idi.

Hərdən mənə elə gəlirdi ki, Sədəfin üzündə zərlər var, həyəcandan tərləyəndə simasında muncuqlar parıldayır. Mənə elə gəlirdi ki, Sədəf həyatın hər nişanəsində min bir zövq axtarmırdı. Sədəf özü hər nişanəsində min bir zövq gizlənən şahzadə idi. Ancaq Sədəf "Min bir gecə" nağıllarından çıxmamışdı. Mənə elə gəlirdi ki, Sədəf "Min bir gecə" nağıllarından əvvəl də olub, sonra da olacaq. Sədəfin hər gülüşündə, hər baxışında min bir zövq gizləndiyini aşkar edən yeganə adamsa, deyəsən, elə Vaqif idi.

Bir zamanlar ipək donunu kol-kosdan qoruyan Sədəf indi özünü Tanrının, taleyin yox, kənd adamlarının qəzəbindən qoruyurdu. Bir zamanlar Sədəfin ayaqları kənd cığırlarında sürüşəndə yol qırağı ağacların yerə əyilən budaqlarından tuturdu. İndisə Sədəfin ürəyi sürüşüb dərinliklərə can atırdı və kənd sakinləri yol qırağındakı ağacların yerə uzanan budaqlarına bənzəmək istəmirdilər. İndi Sədəfin gözündə dünya bütün əşyaları boşaldılmış yalquzaq evə bənzəyirdi. İndi Sədəf dünyanın düz vaxtları üçün darıxırdı. Əslindəsə, Sədəf dünyanın düz vaxtlarını görməmişdi. Çünki Sədəf doğulanda dünya artıq özü də özünün düz vaxtları üçün darıxırdı.

Vaqif ürəyini min bir çiçəkli, min bir bəzəkli yaz gecəsində aça bilmədi Sədəfə. Əgər Vaqif Sədəfin səsini eşidə bilsəydi bu səs onun üçün dünyanın ən şirin səsi olardı. Dərd isə onda idi ki, Sədəf danışmırdı. Sədəfin səssizliyi kəndimizdəki qoca palıdın sükutundan daha dərin idi. Bu dərinlik Vaqifi qorxutsa da, eşqi naminə bu dərinliyə enməyə, özünü məhvə sürükləməyə hazır idi Vaqif. Vaqifin taleyi dəfələrlə oxunmuş, haldan düşmüş, əzilmiş köhnə kitaba bənzəyirdi. Bu kitabın mündəricatı yox idi. Vaqif həyatındakı hadisələrin ardıcıllığını qura bilmirdi. Dərd onda idi ki, Vaqifin taleyi dəfələrlə oxunmuş, haldan düşmüş, əzilmiş, mündəricatsız kitaba bənzəsə də Vaqifi kənddə heç kim oxumaq istəmirdi. Elə Sədəfin özü də Vaqifi oxumağa həvəsli deyildi.

Vaqifin simasındakı sevincə zamanla çaşqınlıq, təlaş qalib gəlirdi.

Onda Sədəf bilmirdi ki, savaş başlayacaq və onu da bilmirdi ki, Vaqif kəndə tabutda qayıdacaq. Sədəf onu da bilmirdi ki, min bir çiçəkli, min bir budaqlı bu yaz gecəsində qoca palıd çox utanırdı. Və Sədəf onu da bilmirdi ki, kəndimizin ən yaraşıqlı gənc çinarı da bir daha sevinməyəcək. Elə Vaqifin anası kimi. Sədəf onu da bilmirdi ki, ana üçün vətən oğludur. Həmçinin Sədəf onu da bilmirdi ki, Vaqifin anası bu faydasız kəndi daim sevəcək. Çünki bu faydasız, insanlardan küsmüş kəndin torpağında Vaqif yatırdı. Və Vaqifin uyuduğu torpaq Vaqifin anası üçün Vətən olacaq. Həm Vaqifin anası, həm də Sədəf bircə şeyi dəqiq bilirdilər ki, Vaqif bir daha oyanmayacaq.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!