Bir ömür sevgi... - Qafar CƏFƏRLİ - hekayə

Anamın əziz xatirəsinə

 

Anadan soruşdular: - Övladlarından hansını daha çox istəyirsən?

Ana cavab verdi: - Böyüyənə qədər ən kiçiyini, sağalana qədər xəstəsini, evə

qayıdana qədər səfərdə olanını və

nə qədər ki, nəfəs alıram hər birini.

Ailədə iki oğlan, bir qız idik. Yaşda böyük olan bacım və kiçik qardaşımla iki yaş fərqimiz var idi. Atam ekskavatorçu ixtisası üzrə peşə məktəbini bitirdiyindən onu işləmək üçün qonşu rayonlara göndərirdilər. Günlərlə, bəzən isə həftələrlə evə gələ bilmirdi. Ailənin bütün yükü anamın zərif çiyinlərində qərar tutmuşdu. Üstəlik də, insanların məcburi cəlb olunduqları sovxoz işləri bitib-tükənmək bilmirdi. Gecələr yuxuya gedərkən bədənindəki ağrılardan ufultusunu eşidənlərin anamın bu dəqiqə ölümə təslim olacağını düşünməkdən başqa çarələri qalmazdı. Onun köməyi, "arxa, dayağı" isə bacım idi. Yaşından tez böyüsə də səkkiz yaşı hələ tamam olmayan bacım. "- Sən daha böyük qızsan" - kəlmələrinin dağ ağırlığını öz arıq, sısqa çiyinlərində bütün günü daşıyan bacım.

Həmin ili qış çox sərt keçirdi. Hər tərəf bəmbəyaz qarın ağuşunda idi. Evlərin damlarından buz sırğaları nərdivan kimi göydən sallanırdı. Soyuq iliyə kimi işləyir, insanın bütün için-içalatını dondururdu. Nəql edəcəyim hadisə həmin soyuq qış günlərinin birində baş verdi.

Səhər tezdən işə gedərkən anamın "Uşaqların yerini isti edərsən", - tapşırığını can-başla yerinə yetirən bacım eyvandakı odun topasından qucaqlayıb gətirdiyi odunları növbəti dəfə peçə doldurdu. Sönməkdə olan közlərin üstünə yığılan odunlar tüstüləyə-tüstüləyə alışıb yanmağa başladı. Bacım yumurta qaynadıb səbir və hövsələ ilə günorta yeməyimizi verdi, çayımızı içirtdi. Mən və qardaşım, hərəmiz bir tərəfdə oyuncaqlarla oynayırdıq. İstinin təsirindən, bir tərəfdən də götür-qoyumuzdan yorulub əldən düşən bacım oturduğu yerdəcə yuxuya getmişdi. Hər şey qəfil baş verdi. Qardaşımın qışqırıq səsinə yerimizdən dik atıldıq. Bacım çətinliklə də olsa köz kimi qızarmış peçin üstündə çabalayan uşağı birtəhər yerə sala bildi. Qardaşımın üz, qol və ayaq dərisi hələ də cızhacızla yanırdı. Nə qədər vaxt keçdiyini bilmədik, amma bu vaxtda qışqırtımızı, ağlayıb şivən qoparmağımızı eşidən-bilən, səsimizə səs verən olmadı.

Evə dönüb qardaşımın faciəsindən xəbər tutan anam havalanmadısa, Allahın bizə yazığı gəldi. Səsi göyə bülənd olan qardaşımı görən anamın qışqırtısı bu anda da qulaqlarımda səslənir. Uşağı qucağına götürmək istəyəndə bihuş halda yerə yıxılması, mənim və bacımın onun üstünə sərilməyimiz, bədənindəki ağrılardan qovrulan qardaşımın da anasını qucaqlayıb: "Ana! Ana!" - deyib şivən qoparması indi də gözüm önündən getmir və yəqin ki, son nəfəsimə kimi xatirimdən çıxmayacaq. Qışqırıq səsimizdən anamızın bihuş halı az çəkdi. Yazıq arvad hövüllü çölə atıldı, yarım metrdən artıq qarın içində o yan, bu yana qaçıb insanları köməyə çağırdı. Yenidən evə qayıdıb ağlamağa belə taqəti qalmayan qardaşımı sinəsinə sıxıb yaralı bədənini dönə-dönə öpdü. Qardaşım anasını qucaqlayıb hıçqırtıyla ağlayırdı. Mən və bacım ağlamağı saxlayıb heyrət içində qol-boyun olmuş ana-balaya baxırdıq. Dəqiqələr sonra qonşuda yaşayan, anamın qohumlarından olan Səbiyyə arvad bizə gəldi. Onun məsləhəti ilə ilk əvvəl qardaşımın yarasına yumurta ağı sürtüldü, sonrakı günlərdə isə çinar ağacının qabığı sirkəylə qaynadılıb alınmış maye ilə yanıqlara kompres qoyuldu, yaralar bağayarpağının əzilmiş yarpaqlarına büküldü. Qardaşımı Bakıda və ya rayon mərkəzində xəstəxana şəraitində müalicə etdirməyə maddi imkan olmadığından türkəçarə müalicələrlə kifayətlənməli olduq. Qardaşımın yaraları çox gec sağaldı. Amma yanıq yerləri, sanki qaynaq edilmiş kimi əcaib bir ət örtüyü ilə bağlandı. Bir müddət sonra isə yanıq yerindəki damarlar büzüşüb yığılmağa başladı və hadisədən on bir ay keçmiş...

Qardaşımın vəfatından sonrakı bir neçə ildə ailəmizdə sevinməyə, deyib-gülməyə, sanki yasaq qoyulmuşdu. Bu cür hisslərə tamam yadırğamışdıq. "Zaman bütün dərdlərin dərmanıdır" - nahaq deyilməyib. Get-gedə hər şey öz məcrasına düşdü, bircə anamdan başqa. Arvadın üzü gülmür, ürəyi heç açılmırdı. Toy-düyündə də göz yaşlarını saxlaya bilmirdi. Həmin vaxt əhvalımızın pozulduğunu görəndə: "Ay bala, sevincimdən ağlayıram" - deyə bizə ürək-dirək verirdi. Hamımız bilirdik ki, anamız bizi sakitləşdirmək üçün belə deyir...

Atam üç il olardı ki, vəfat etmişdi. Beyin insultundan komaya düşüb sonrakı on gün ərzində bir kəlmə danışa bilməyən atamın bu cür ölümü anamı çox üzürdü. Yazıq arvad oturub-durub deyirdi ki, "Allaha bir can borcumuz var, amma bircə istəyim odur ki, məni dilsiz-ağızsız bu dünyadan aparmasın". Anamın dərdinin üstünə bir dərd də gəlmişdi. Dəfələrlə şahidi olmuşdum ki, anam təkliyinə salıb xısın-xısın ağlayır. Eşidirdim ki, getdiyi hüzr məclislərində nakam qardaşım üçün, atam üçün oxşamalar deyir. Gecə-gündüz qulluğunda dursam da arvad get-gedə geriləyirdi. İnsafən, həyat yoldaşım və balalarım da onun bir sözünü iki eləmirdilər. İşdən evə gəlib anamın bu halını görəndə və ya evdəkilər xəbər verəndə ki, o otağında saatlarla ağlayıb, onu qucaqlayar, öpüb oxşayardım, özünə bu zülmü rəva görməsinin səbəbini soruşardum. Hər dəfə bir bəhanə ilə sualımdan yayınardı.

- Qoca arvadam da, indi mənim həyatım xatirələrə bağlıdır. Olub-keçənləri yada salıb yaşayıram. Mənə fikir vermə, - deyirdi. Sonuncu dəfə, hardasa bir ay əvvəl çox yalvar-yaxardan sonra anam nəhayət ki, dərdini açdı:

- Sən mənim ağıllı balamsan. El içində başımı həmişə uca eləmisən. Səndən razıyam, zəhmətimi də sənə çoxdan halal etmişəm. Oğlum, ürəyimdəki sağalmaz yara qardaşınla bağlıdır. Onun dərdi son nəfəsimə kimi məni yandırıb-yaxacaq. Qəbir evinəcən bu dərdi çəkəsi olacağam. Uşağı dünyaya gətirmək Allahın əmridir, onu qorumaq isə mənim borcum idi. İşə gedən yerdə kaş ayaqlarım qırılaydı... Balamı qoruya bilmədim. Gözəl-göyçək, mələk üzlü balam əlimdən getdi. Mən bu dərdi necə çəkim, ay bala? Mən kimi ananı...

Göz yaşı sözünü bitirməyinə imkan vermədi. Anamın qırışla dolu məxmər kimi üzünə axan göz yaşı ordan çənəsinə, boynuna tökülürdü. Dəhşətli bir yanğı ilə, hıçqırıqla ağlaması ürəyimi parçaladı. Tez onu qucaqlayıb sinəmə sıxdım. Bir müddət belə qaldıq, sanki yerimizdə donmuşduq. Aralanıb göz yaşlarını sildim. Anam bir az toxtaqlıq tapıb sözünə davam etdi:

- Atanın ölümü də bir tərəfdən. Oğlum, sən də, ailən də mənim üçün hər şey edirsiniz, hər cür qulluğumu tutursuz. Bəyəm məsələ təkcə yeyib-içməkdə, geyinib-kecinməkdə, gəzib-dolanmaqdadımı? Yox, oğlum, sən mənə nə qədər əziz olsan da, atan mənim ruh dostum, həmdərdim, ömür-gün yoldaşım idi. Axı, ona deyə biləcəklərimi sənə deyə bilmirəm. Həm də gör neçə illər biz bir yastığa baş qoymuşuq. Onun ruhu indi mənim canımda, qanımdadır. Bağışla məni oğlum, bağışla ki, bu sözləri sənə deməyə məcbur oldum.

Uzun yalvar-yaxardan sonra anam söz verdi ki, bir də ağlamayacaq. Bilirdim ki, bu sözü də məni sakitləşdirmək üçündü. Çünki hər dəfə məni qucaqlayanda yaşarmış gözləri ilə əlini bədənimdə gəzdirib xəyalında tapdığı "yanıq yerləri"ni sığallayıb ah-uf etməsini anlamamaq mümkün deyildi. Mən artıq çoxdan bilirdim ki, anam üçün ən istəkli övlad illərdi ki, mən deyildim.

...Anamın halı tez-tez dəyişirdi. Müayinələr göstərirdi ki, onun səhhətində çox ciddi problemlər var, xüsusən də beyin-qan dövranında və ürək sistemində. Müalicələr də lazımi effekti vermirdi. Buna rəğmən müayinə və müalicələrə ara vermirdim.

Aprel ayının axırları olsa da, yazın gözəlliyi insanı valeh edirdi. Hər tərəf yam-yaşıl, gül çiçək içində idi. Ağac və kollardakı rəngbərəng çiçəklər insanlara könül xoşluğu bəxş edirdi. Təbiətin bu gözəlliyinə rəğmən anamın əhvalı da pis deyildi. Hər halda özü belə deyirdi. Buna nə qədər sevinsəm də iş yerindən xarici ölkələrin birinə bir aylıq xidməti ezamiyyətə göndərilməyim barədə qəfil xəbər əhvalımı korladı. Anamın məsləhəti olmasaydı bəlkə də bundan imtina edərdim.

- Oğlum, get, bu da bir fürsətdir düşüb. Həm dünyanı gəzib görərsən, həm də işinin xeyrinə olacaq. Mən da şükürlər olsun ki, yaxşıyam.

Evlə tez-tez əlaqə saxlayırdım. May ayının 6-da, atamın ad günündə etdiyim zəngdən sonra gözlərimə qaranlıq çökdü. Növbəti göz yaşlarından sonra anamın halı pisləşmiş və komaya düşmüşdü. Mən anamın səsini eşidə bilmədim.

Evə gəlməyim mayın on birinə təsadüf etdi. Anamı öz otağında yerdə, yorğan-döşəkdə üzü qibləyə uzatmışdılar. Artıq həkimlər dava-dərmanını kəsmişdilər. Otaqda bacım, bir-iki yaxın qohumumuz və ən yaxın rəfiqəsi var idi. Otağa girən kimi anamın ağappaq, donmuş sifətini gördüm, gözləri dərhal mənə zilləndi. Mən doluxsunsam da ona əziyyət verməmək üçün ağlamağıma güc gəldim. Yaxınlaşıb yanında çöməldim, əyilib gözlərindən öpdüm. Anamın göz bəbəkləri hərəkətsiz idi. Dikələndə anamın gözlərindən qulaqlarına tərəf axan göz yaşlarının bəmbəyaz saçlarına qarışdığını gördüm. Dəsmalımla gözlərini, yanaqlarını sildim, saçını oxşamağa başladım. Bu arada qapı açıldı. Bacımın gəlini iki ay əvvəl dünyaya gəlmiş uşağı ilə otağa girdi. Bacım nəvəsinə nakam qardaşımın adını qoymuşdu. Uşaq anasının qucağında əl-qolunu oynatmaqla, sanki yerə düşüb can üstündə olan "anasını" qucaqlamaq istəyirdi. Hava isti olduğundan uşağın əynində qolsuz köynək və qısa tuman var idi. Bacım uşağı qucağına alıb anamıza tərəf əyildi və astadan qulağına:

- Ana, bax, oğlun Bəxtiyar görüşünə gəlib - dedi.

Anamın baxışları toppuş əllərini irəli uzadıb qırıq-qırıq, anlaşılmayan səslərlə "danışan" uşağa tərəf dikildi. Uşağın ilıq, ətirli nəfəsindən simasına bir məmnunluq ifadəsi hakim kəsildi. Birdən yuxudan ayılan kimi oldu, gözləri alacalandı. Çətinliklə də olsa sağ əlini yuxarı qaldırdı. Bacım uşağı yaxınlaşdıranda anam əlini onun bədənində gəzdirdi. Arvadın üzü anındaca nurlandı, simasını bir sevinc işığı bürüdü. Gözlərinin kənarı qırışlandı və ... qolu üstünə düşdü. Hıçqırıq səsləri otağı başına götürdü.

Anamın sevinc dolu gözləri naməlum bir nöqtədə ilişib qalmışdı. Onun nura boyanmış siması İlahi bir sevgiyə bürünmüşdü. Mən anladım ki, son nəfəsində nakam oğlunun bədənindəki "sağalmış" yaraların sevincini yaşayan anamın mələk ruhu bu dünyanı məmnun halda tərk etmişdir.

Lənkəran

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!