Şikar duası... - Adil Cəmil hekayələr

Şikar duası

Bu dağ kəndinin bircə girişi olduğu kimi, bircə də çıxışı vardı. Əslində, giriş həm də çıxış idi. Ancaq köhnə dəyirman yolu da var idi ki, o yolla qarşı dağın ətəyindəki obalara at yolu ilə getmək mümkün idi. Feldşer İsbi də (əsl adı İsbəndiyar idi, "İsbi" deyirdilər) elə bu yolla altındakı boz atı dəhmərləyib ünvana tez yetişmək istəyirdi. Kəndin avtomobil yolunun qurtaracağındakı yaşıl aynabəndli evdə yaşayan Həsən kişi hər hənirtiyə özünü çölə atıb bir xəbər tutmasa rahatlanmırdı. Bu dəfə də rus nalının taqqıltısına bayıra çıxıb kimin hara getdiyini bilmək istədi. Bir də baxdı ki, feldşer İsbi atın başını buraxıb köhnə dəyirman yoluna...

- Ayə, İsbi, qadan alım, səhər tezdən xeyir ola, o tayamı gedirsən? - soruşdu  Həsən kişi.

- Hə, əmi, (Həsən kişi İsbinin doğmaca əmisi idi) gecə balaca gədə yuxuda qorxub, səhərə kimi yatmayıb. Dedim gedim molla Əmirə bir qorxu duası yazdırım gəlim.

- Ay sənin başına dönüm, illaf yerinə düşdü. Ə, qardaşoğlu, bu qış girəndən mən bir dovşan da vurmamışam. Nə təhər şeydirsə şikarım alınmır. Keçən qış iki qaban, üç əlik vurmuşdum. Həmən qoşalülədir də... Bə niyə indi bu çöllükdə qabağıma bir tülkü də çıxmır?

- Əmi, qurbanın olum, tələsirəm, de görüm sənə köməyim nə ola bilər?

- Ayə, onsuz da ora gedirsən, molla Əmirə basa sal mənə bir şikar duası yazsın bağlayım tüfəngin qundağına, görək nə çıxır...

"Baş üstə, əmi" deyən İsbi bayaqdan bu söhbətə, sanki qulaq asan boz madyana elə bir qamçı vurdu ki, yazıq heyvan yuxudan ayılmış kimi götürüldü.

İsbi molla Əmirin yanına getməyində olsun, bir az da Həsən kişinin kimliyindən danışaq.

Həsən kişi İkinci Dünya müharibəsinin veteranı idi. Özünün dediyinə görə, Berlinə kimi döyüş yolu keçmişdi. Çoxlu medalları da vardı. Rayon mərkəzinə bir işin dalınca gedəndə onları səliqə ilə yaxasına yapışdırardı. Müharibədən qayıdanda əynində gətirdiyi hərbi mundiri isə heç vaxt əynindən çıxarmamışdı. Deyirdi ki, bu mundirdən Stalinin qoxusunu alıram... Amma orasını da bilmirdi ki, iki qardaşını - Şahvələdlə Kərəmi 37-də Stalin güllələtmişdi: birini qaçaq,  o birini kulak adı ilə... Nə isə... Bu ayrı söhbətdir.

Hə, kişi müharibədən qayıdandan sonra ovçuluğu özünə peşə seçib dağ-daşı dolanar, meşələri gəzərdi. Amma, deyilənə görə, çox sərrast nişan almağı vardı, quşu gözündən vurardı. İndi - qışın bu oğlan çağında, hər tərəfin qarla örtülüb ovu nişana gətirdiyi bir məqamda şikarının boşa çıxması kişini yaman yandırırdı. Güman ancaq molla Əmirin şikar duasına qalmışdı...

Gün əyiləndə  İsbi kəndə dönürdü. Yolda yadına düşdü ki, paho, şikar duası yazdırmaq yadından çıxıb, indi əmisinə nə cavab verəcək. Atın cilovunu çəkib yerə düşdü. Xurcundan feldşer məntəqəsinin hesabat dəftərini çıxarıb (bu dəftəri həmişə özü ilə gəzdirirdi) oradan bir varaq cırdı. Sonra bir qələm də tapdı. Ağ varağı qalın dəftərin üstünə qoyub ərəb əlifbasına oxşayan "hərflərdən" döşədi. Molla Əmirin qorxu duasını cibindən çıxarıb diqqətlə "upakovkasına" baxdı: üçkünc bükülmüş kağız idi. Şikar duasını da eynilə onun bükümünə oxşatdı və atı minib kəndə tərpəndi. Kəndə girmək üçün mütləq yaşıl aynabəndli evin - əmisi evinin yanından keçməliydi, başqa yol yox idi. Hava təzəcə qaralmağa başlayırdı. İsbi əmisigilə yaxınlaşırdı. Atın ayaq səsinə Həsən kişi yenə çölə atıldı:

- Ayə, qardaşoğlu, gəldinmi?

- Hə, əmi, gəldim.

- Dua yazdırdınmı?

- Bəs nə. Budey ha...

İsbi üçkünc kağızı əmisinə verəndə onu da xatırlatdı ki, duanı dərhal parçaya büküb böyür-başını tikmək lazımdır, molla Əmir belə dedi.

Bir həftədən sonra feldşer İsbi kəndin bu başından o başına kimi "obxoda" çıxıb sakinlərin səhhətindən hali olmaq istəyəndə Həsən kişi ilə də görüşdü:

- Əmi, necəsən? - qorxa-qorxa soruşdu.

- Ayə, qardaşoğlu, halal olsun o molla Əmirə. Tilsimi sındırıb ey. Bir həftəyə iki əlik vurmuşam. Duanı da sən deyən kimi elədim. Parçaya saldırıb tüfəngin qundağına bağlamışam. Allah sənə də cansağlığı versin...

İsbi isə utana-utana:

- Əmi, borcumuzdur, - dedi.

Meşəbəyinin papağı

Bu kənddə qadınların qeybət yeri bulaq başı, kişilərin söhbət yeri köhnə xırman idi. Beş-altı kişi bekarçılıqdan yenə yığışmışdı köhnə xırmana. Biri ordan  danışırdı, biri burdan. Bir zamanlar (çox da uzaqda olmayan zamandan danışıram) bu köhnə xırman yerində öküzə vəl qoşub taxıl döyərdilər, yəni buğdanı qılçıqdan ayırıb dəyirmana hazırlayardılar. İndi nə əkən vardı, nə biçən. Xış, kotan, vəl, köhnə dəyirman dövrü köhnə adamların xatirəsində qalmışdı. Nə isə... Söhbətin şirin yerində xırmana yığışanların nəzəri qarşı dağın ətəyində görünən qaraltıya dikəldi. Çərkəz kişi hamını qabaqladı:

- Sən öl, bu meşəbəyi Zamana oxşayır, atının yorğalığından tanıyıram...

Qaraltı bir azdan aydınlaşmağa başladı. Bəlli oldu ki, bu gələn Zaman imiş. O, artıq kəndin qənşərinə çatmışdı. Bayaqdan dillənməyən Es Musanın (o, "S" markalı buldozer işlətdiyinə görə belə ayaması vardı) ağzı açıldı, özü də necə açıldı:

- Əə, bu vicdansız yaşamağa qoymur da bizi. Keçən həftə gəlib o yetim Ələmdarın mal tövləsinin üstünə döşədiyi tiri, pərdini tökdürüb yerə, özünə də cərimə yazıb gedib. Ələmdar da mal-heyvanı yığıb yaşadıqları otağın bir tərəfinə, aradan da çətən çəkib ki, arvad-uşaq inəyin, camışın ayağı altında qalmasın. Yazıq neyləsin, qışın günü, üstü açıq tövlədə salamat heyvan qalar? Görəsən, indi nəyə gəlir? Meşədə bir ağac kəsəndə iyi onun  burnuna birgünlükdən dəyir...

Çərkəz kişi yanındakılara baxıb, kepkasının dimdiyini bir az yuxarı qaldırıb qürurla dilləndi:

- Əşşi, fikir eləməyin, onu elə günə qoyacağam bir də bu kəndə dönə bilməsin...

Meşəbəyi Zaman kəndə girəndə xırmana yığışanları görmüşdü. Odur ki, atı onlara tərəf sürdü. Yerə düşüb salamlaşdı. Birinci sözü bu oldu:

- Hanı Eldar?

Kəndin kişiləri bir-birinin üzünə baxdı. Araya ani bir sükut çökdü. Çərkəz kişinin qalın səsi sükutu pozdu:

- Ay Zaman qağa, neynirsən Eldarı, neyləyib ki?

  Öz atından təzəcə düşən Zaman indi də cin atına mindi:

- Ə, Çərkəz, neyləyəcəm Eldarı, qaynadıb suyunu içəcəyəm? Sənin o bacın oğlu Şahbulaq tərəfdəki meşədə iki cökə, bir palıd ağacı kəsib. Kəsəndə görüblər. Amma hara dürtüb yeri-yurdu bilinmir. Özü də yoxa çıxıb...

Çərkəz kişi səsini bir az yumşaldaraq meşəbəyinə bir addım da yaxınlaşdı:

- Ay sağ olmuş, qələtdir eləyib, cəriməsini, cəzasını da nə təhər desən çəkər. Amma, qağa, başına dönüm, belə hövsələdən çıxma, düşək bizə bir çay içək, qar təzə yağanda hinduşkanın da yeməli vaxtı olur, bir onun da dadına baxaq... Eldar da harda olsa axşam xarabasına gələcək də...

Meşəbəyi bu təklifi o şərtlə qəbul etdi ki, Çərkəz kişi Eldarı bu axşam tapıb onun hüzuruna gətirsin.

Xırmandakı toplantı dağıldı, Çərkəz kişi ilə meşəbəyi Zaman mehribancasına, deyə-gülə üz qoydular kəndin aşağı məhəlləsinə. Axşam yeməyinə hazır olan hinduşka kababına tut arağı da əlavə olunanda daha Eldar söhbəti yaddan çıxdı. Çərkəz kişi "əziz" qonağını əzizləməkdən yorulmadı. Meşəbəyi də "tutovkanın" hər badəsindən sonra Çərkəz kişiyə "palıd da, cökə də, ulas da, vələs də sənə qurbandır" - deyirdi.  

Gecə yarıdan keçənə kimi "ley-pey" davam etdi. Zərnigar xala otaqların birində onlara yer saldı. Hər şeydən danışıb yorulan və içkidən xumarlanan Çərkəz kişi də, Zaman da yorğan-döşəyə girən kimi yuxuya getdilər.

Səhər açılanda meşəbəyi hamıdan qabaq yerindən sıçrayıb geyinməyə başladı. Axşamkı arağın təsirindən hələ tam ayılmamışdı. Hərəkətlərini tənzimləyə bilmirdi - ayağı bir tərəfə gedirdi, başı bir tərəfə. Amma işi çox olduğundan geyinib getməli idi. Altdan-üstdən nəyi var geyindi, amma papağını tapa bilmədi. Gördü Çərkəz kişi elə şirin yatıb ki, oyatmağa qıymadı. Sonra çıxış yolu tapa bilməyib onu çağırdı:

- Çərkəz kişi, ay Çərkəz...

Çərkəz kişi yuxulu-yuxulu dilləndi:

- Hə, hə, noolub ki?

- Əə, heç nə, papağımı tapa bilmirəm ki, çıxım gedim...

- Əməlli axtar.

- Əə, vallah tapmıram...

Çərkəz kişi şalvarını geyinib yuxulu-yuxulu otağı axtarmağa başladı. Meşəbəyinin qaragül dərisindən hazırlanmış papağı yoxa çıxmışdı. Birdən o biri otaqdan səs gəldi, bu, Çərkəz kişinin sonbeşiyi Rəsulun səsi idi:

- Dədə, ay dədə, burda bir papaq var, gətirim?

- Ə, bəri gətir görüm - dedi Çərkəz kişi.

- Rəsulun gətirdiyi papaq meşəbəyinin idi.

Çərkəz kişi oğlundan soruşdu ki, bəs onu hardan tapdın, oğlu da cavab verdi ki, anamın yatağından...

Çərkəz kişi yapışdı meşəbəyinin xirtdəyindən:

- Ay oğraş, mənnən çörək kəsib arvadıma da sataşırsan? İt oğlu it. Sən öl səni öldürəcəm...

Özünü itirən meşəbəyi "paxmeldən" ayılıb Çərkəz kişiyə and-aman eləməyə başlasa da vəziyyət qəlizləşdi. Çərkəz kişi Zamanı əməlli-başlı döyürdü. Bunlar tutaşanda sonbeşik Rəsul özünü çölə atıb qonşulara xəbər verdiyi üçün həyətə tökülən kişilərdən ikisi meşəbəyini zorla Çərkəz kişinin əlindən aldı. Yazığın ağzı-burnu qan içindəydi. Kəndin kişiləri "hadisə yerinə" gəlib meşəbəyinin üzünə tüpürdülər, üstəlik, atının quyruğunu kəsib, yalmanını qırxdılar və onu şərəfsiz şəkildə yola saldılar.

O zamandan sonra meşəbəyi Zaman bir də o kəndə üzükmədi, kənd camaatı isə bu fürsətdən yararlanıb meşədə düz-əməlli bir ağac da qoymadı.

Amma bu işin qurma olduğuna inanan da oldu, inanmayan da. Əslində, Çərkəz kişi meşəbəyinin papağını arvadının yatağında tapanda öz papağını itirdi...

2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!