Üç masa, bir məzar - Erhan Genc - hekayə

Türkiyə

Erhan Genc

Türkiyə

Erhan Genc İstanbulda çıxan "Türk Ədəbiyyatı" dərgisinin Yazı İşləri müdiridir. 1986-cı ildə Bursada doğulub. İlk və orta təhsilini Eskişəhərdə alıb. İstanbul Universitetinin Hasan Ali Müəllimlik Fakültəsini bitirib. Bir müddət müəllimlik edib, daha sonra bölgə qəzetlərinin birində köşə yazarı kimi fəaliyyətə başlayıb. 2012-ci ildə İstanbula dönərək "Çilek Ağacı və Mavi Minibus" adlı bir hekayə və "Bir Masa Yetir Mənə" reportajlar kitablarını çap etdirib. Erhan bəyin hekayələri "Türk Ədəbiyyatı", "Dərgah" və "Mahalle Mektebi" jurnallarında müntəzəm çap olunur. Onun bizə göndərdiyi "Üç Masa Bir Məzar" hekayəsini məmnuniyyətlə "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edir və gənc yazar dostumuza uğurlar arzulayırıq.

Son dəfə dönürəm məğlubiyyətdən. Bir daha məğlub olmaq yox deyə, and verirəm içimdən. Pencəyim çiynimdə. Kəmərimin yanına asdığım açarlara uzanır əlim. Hər zamankı alışqanlıqla, heç baxmadan tapıram qapının açarını. Qapının önündə iç-içə qatlanıb paltar ipiylə sıx bağlanmış bir döşək. Döşək dediyimə baxmayın, altı-üstü bəyaz çarşafdan örtüyü olan bir süngər.

Qapının onsuz da açıq olduğunu açarı yoxlayarkən anlayıram. İçəridə kimsənin olmadığını da. Döşəyi kürəyimə alıb çölə çıxıram. Gəldiyim yönə doğru getməyə başlayıram. Beş dəqiqə keçmədən pozulur andım. Beləcə bir daha məğlub oluram. Bir daha dönürəm məğlubiyyətdən.

Kiçik küçələrdən prospektə çıxıram. Çıxmaz küçələrin önündən keçib ana prospektdə tapıram özümü. Kürəyimdə döşək. Dümdüz uzanır yol önümdə. Hər zamankı sıxlıq. Sürətli addımlar, getdikcə uzaqlaşan maşın səsləri, hirsli siqnallar... Gəldiyim kimi dönürəm. Qızlarımı düşünürəm. Sonra həyat yoldaşımı... İşdən gec çıxırammış kimi edib dostlarla vaxt keçirdiyimizi, qızlarımın məni gözləyərkən yatıb qalmalarını, həyat yoldaşımın uşaqlar yatdıqdan sonra özünü mətbəx təmizliyinə verməsini, televizor qarşısında səhərləri açdığımı xatırlayıram. Yenə yarım hiss edirəm özümü. Yarım bir ata, yarım bir həyat yoldaşı, yarım bir insan... Beləcə yarımlığıma yaxşıca inanıram. Məğlubiyyətlərim səhnə-səhnə gözümün önündən keçir. Yolun ortasında "mən döşəyini kürəyində daşıyan yarım bir adamam" - deyə bağırmaq istəyirəm.

Evlər geridə qalır, insanlar geridə qalır, maşınlar, siqnallar, səs-küy, qırmızı işıqlar, piyada keçidləri və səkilər geridə qalır. İşıqlar geridə qalır, sonra vitrinlər, başları olmayan manekenlər, oxunmayan qəzetlər, yan-yana sıralanmış cırıq afişalar, metrolar, tramvaylar, neon lampalı tablolar geridə qalır. Sadəcə bunlar deyil, böyük bir şəhər geridə qalır. Şəhəri geridə buraxdığımın fərqinə çox sonradan varıram. Yol uzanmağa davam edir. Bir yoldan gəlmək ilə o yolu geri dönmək arasındakı o böyük fərqi indi anlayıram.

Nədən sonra yol ayrılır? Bu yol dümdüz idi gələrkən, deyirəm içimdən. Heç ikiyə ayrılmamışdı. Təəccüblənirəm buna. Bu nöqtədə bir az nəfəsimi dərirəm. Ətrafımı gözdən keçirirəm. Kürəyimdəki döşəyi yerə qoyuram. Külək əsir. Azca irəlidə bir masa diqqətimi çəkir. Dörd tərəfində dörd adamın oturduğu bir masa. Kürəyimin üşüdüyünü hiss edirəm. Qalxıb döşəyi təkrar kürəyimə atıram yanlarına getmək üçün. Masaya yaxınlaşdıqca adamların maşın kimi işləyən əllərinin fərqinə varıram. Sırayla əllərini masaya vururlar. Yanlarına çatanda masaya vurduqlarının kart kağızları olduğunu anlayıram. O qədər diqqətli oynayırlar ki, yolun ayrıldığı yerdən yanlarına gələnə kimi mənim fərqimə varmırlar. Salam verirəm. Ağızlarının ucuyla alırlar salamımı. Gözlərini bir an belə kağızlardan ayırmadan. Arxası mənə dönük olanın boynundan tərlər axır. Yolun o biri tərəfini soruşuram. Bu yol yenimi tikildi deyirəm, - daha öncə buradan keçmişdim, belə bir yol yox idi. İçlərindən biri başını qaldırır. Sonra gülməyə başlayır. Ardından digərləri də mənə gülürlər. Biri - yatağını kürəyində daşıyırsan? - deyirmiş kimi baxır gülərkən. Digəri də - sən yaxşısan? deyirmiş kimi baxış atdıqdan sonra "o yol mən özümü bildim-biləli var" - deyir mənə. Oyuna davam edirlər. Dönüb yolun digər tərəfinə doğru hərəkətə başlayıram.

Kürəyimdəki döşəyi nədən götürdüm ki, özümlə, - deyirəm. Götürməsəydim, qalsaydı kaş ki, onsuz da mənə ancaq məğlubiyyətimi xatırladır. Yol getdikcə genişlənir. Çox keçmədən asfalta çevrilir. İki tərəfi məğlubiyyətimi unutduracaq qədər yaşıllaşır yolun. Geniş meyvə bağçaları, kifayət qədər intizamlı bir şəkildə sürülmüş tarlalar, otlayan heyvanlar, bir-birinə yardım edən insanlar. Hər kəsin işində, gücündə olduğuna şahid oluram. Kimsə dönüb baxmır mən tərəfə. Yolun necə keçdiyini anlamıram. Asanlıqla aşıram təpələri deyərkən, bir kənd peyda olur qarşımda. Sanki doğma kəndimmiş və illər sonra yenidən geri dönürmüşəmmiş kimi hiss edirəm. Bulağından su içirəm. Küçələrinə girib çıxıram. Bir bağça divarının yanında dururam. Kürəyimdəki döşəyi endirməyə macal tapmamış bağçanın tam ortasındakı daxmadan səslər gəlir. Sonra iki qız qaça-qaça çıxırlar qapıdan. Ataları olduğunu düşündüyüm bir adam arxalarınca düşür. "Qaçdı-tutdu" oynayırlar. Adam bilərək tuta bilmirmiş kimi edir. Uşaqlar da atalarının doğrudan da onları tuta bilmədiyini düşünüb daha sürətli qaçmağa başlayırlar. Sonra birdən hamısı yerə sərilirlər. Adam uzandığı yerdə qızlarını qucağına alır, sarılır, öpür, qoxlayır. O anda daxmadan bir qadın çölə çıxır. Adama və qızlara yeməyin hazır olduğunu bildirir. Üçü də əl-ələ tutub evə gedirlər.

Başım gicəllənir. Mən dönürəm. Yolun ayrıldığı yerə doğru hərəkət edirəm. Hərəkət etdikcə tərləyir, tərlədikcə əriyir, əridikcə də get-gedə kiçilməyə başlayıram. Elə kiçilirəm ki, yarım bir adam oluram, sanki. Kürəyimdəki döşək yenə ağır gəlməyə başlayır.

Yolun ayrıldığı yerə təkrar gəlirəm. Stullardan birinin boş olduğunu görürəm. Digər üç adam yerində oturub. Yanlarına yaxınlaşdıqca şirin bir söhbətə girişdiklərinin fərqinə varıram. Məni görüncə yenə gülməyə başlayırlar. "Yenə gəldi döşəkli adam" - deyir ən kefliləri. Boynu tərləyən adamın hara getdiyini soruşuram. Biri qəhqəhələrin arasında ilk gəldiyim yönə doğru işarə edir. Şəhərə gedən yola doğru baxıram. Bir adam getdikcə kiçilir. Pencəyi çiynində. Qəhqəhələrin arasından sıyrılıb hərəkətə davam edirəm.

Gəldiyi yerə geri dönmənin, əslində, başlı-başına bir məğlubiyyət olduğunu düşünürəm. Yağış başlayır sonra. Durmadan hərəkət edirəm yağmurda. Kürəyimdə döşəyim islanır. Yolun iki tərəfində bacalar, dumanlar, tullantı suları, bozun min bir tonundan divarlar, tablolar... Bir hərəkətlilik var. Kimi mal yükləyir, kimi yük maşınlarını boşaldır. Növbələrə bölünmüş günlər, konteynerlərə sıxışmış həyatlar görürəm gəzərkən. Yuxularını qapı eşiklərində qoyan işçilər keçir önümdən. Oksigendən çox siqaret tüstüsü ilə nəfəs alan ağızlarla qarşılaşıram. Bir adam qucağındakı kitabları atır zibilliyə. Səhifələr uçuşur küləkdə. Dönürəm geri. Yol kənarları daha öncədən atılmış yırtılmış, yanmış, solğun kitab səhifələri ilə doludur. Yük maşınlarının çuxur yaratdığı yollar palçığa bulaşır.

Və birdən yol yenə ayrılır. Bu yol gələrkən dümdüz idi deyirəm içimdən. Heç ikiyə ayrılmamışdı. Təəccüblənirəm buna. Bir az nəfəsimi dərirəm bu nöqtədə. Ətrafımı nəzərdən keçirirəm. Kürəyimdəki döşəyi yerə qoyuram. Külək əsir. Azca irəlidə bir masa diqqətimi çəkir. Yaxınlaşdıqca iki adamın oturduğunu anlayıram - biri qadın, biri kişi. Qadın başdan-başa qar kimi bir paltar geyinmiş, kişinin əynində isə parçadan şalvar və pencək. Bir də əlinin altında iki nazik kitab. Önlərindəki dəftərə imza atırlar. Birinci biri, sonra digəri - öncə qadın, sonra kişi. Üzləri gülür. Xoşbəxtliklərindən gözləri məni belə görmür. Yolayrıcının digər tərəfindəki yolu soruşuram yüksək səslə. Kişi "biz o tərəfi tanımırıq, bizi bu tərəf maraqlandırır" - deyir. Onları baş-başa qoyub yolayrıcının digər tərəfinə yönəlirəm.

Daha yolun başında dayanır yağmur. Günəş çıxır birdən. Ayaqlarımın altında səki daşlarını hiss edirəm. Bir bahar havası dolur ciyərlərimə. Damarlarıma bir enerji gəlir. Kürəyimdəki döşəyi hiss etmirəm birdən. Heç məğlub olmamışammış kimi baxıram ətrafıma. Heç yarım hiss etməmişəmmiş kimi. Səkilərdə insanlar hərəkət edir. Qırmızı işıq yanmasa da, sürücülər yol verir insanlara. Sonra bir insan sırasına rast gəlirəm. Gözümün almadığı qədər uzun bir sıradır bu. İnsanlar sakitcə gözləyir, hər keçən dəqiqə addım-addım irəliləyirlər. Kürəyimdəki döşəyə baxan olmur belə. Sırada gözləyənlər əllərindəki kitablara baxırlar çünki. Sıranın yanı ilə hərəkət edirəm. Getdikcə bir maraq bürüyür içimi. Nəyin sırasıdır bu deyirəm öz-özümə. Addımlarımı sürətləndirirəm. Bir qatarla paralel eyni yönə gedən başqa bir hərəkət vasitəsindəyəm, sanki. Qatarı keçməyə çalışıb da keçə bilmirmişəm kimi.

Nəhayət, önünə çatıram bu uzun sıranın. Hər kəsin önündə bir adam oturub. Sırası çatan əlindəki kitabı uzadır. Adam əlindəki qələm ilə tək-tək imzalayır kitabları. Bir kənara çəkilirəm. Kürəyimdəki döşəyi yerə endirirəm. Xəfif əsən külək mənə yaxşı təsir edir. Sərinləyirəm. Gah sıradakı insanlara baxıram, gah da kitab imzalayan adama. Hər kəsin halından məmnun olduğu üzlərindən bəlli olur. Heç kim heç yerə tələsmir, sanki. Adam ara-sıra başını qaldırır imzadan. Bir neçə kəlmə kəsirlər bu zaman gözləyən ilə imzalayan. Sıra əriyir, mən əriyirəm. Sonra tərləyirəm. Kürəyim tərdən üşüməyə başlayır. Sıra bitir. Mən yükümü götürürəm, adam pencəyini. Gəldiyim yönə doğru hərəkət etməyə başlamışkən, o, imza qələmini gözəl bir hərəkətlə pencəyinin iş cibinə yerləşdirir. Hava soyuyur birdən. Günəş gözlərimə görünməz olur.

Yolayrıcına döndüyümdə masanı boş görürəm. Masanın üzərində tünd-qırmızı rəngli uzun və dar dəftər var sadəcə. Yolun ilk gəldiyim tərəfinə baxdıqda uzaqda, lap üfüqdə iki nəfərin hərəkət etdiyini görürəm. Davam edirəm yoluma. Kimsəylə qarşılaşmaq istəyirəm. Qarşılaşım və məndən "hardan gəlirsən?" soruşsunlar. Mən də onlara "məğlubiyyətdən dönürəm" deyim istəyirəm.

Fabriklər çox geridə qalır. Yol bitmək bilmir, qaçmağa qərar verirəm. Kürəyimdə döşəklə qaçmaq heç də asan olmur. Yuxarı-aşağı çox hərəkət etdiyi üçün sürətimi azaldır. Yolun iki yanı da otlarla örtülür. Torpaq stadionlarla, daşlardan düzəldilmiş qapılarla, qapı sahələri ilə, topa vurmaqdan ucu açılmış ayaqqabılarla dolur ətrafım. Yorulmaq bilmədən qaçan uşaqlarla dolur, rəqibini aldatmağa çalışarkən itirilən toplarla dolur. Sonra uşaqların tərləyib-tərləyib su içmək üçün qaçdıqları bulaqlarla, boyunlara qədər uzadılan saçlarla, daha havalar isinmədən geyilən qısa qollu köynəklərlə dolur ətrafım... Bir yandan hərəkət edir, digər yandan da bu mənzərələri seyr edirəm. Məktəbli formaları ilə futbol oynayan uşaqlardan biri başı üzərindən zərbə endirir topa. Sonra dirsəkləri qanayır. Yıxıldığı yerdən qalxıb sevdiyi qıza baxır. Heç nə olmamış kimi davam edir oyuna.

Nədənsə, sonra yol ayrılır. "Bu yol dümdüz idi gələrkən" deyirəm içimdən. Heç ikiyə ayrılmamışdı. Təəccüblənirəm buna. Bir az nəfəsimi dərirəm bu nöqtədə. Ətrafımı nəzərdən keçirirəm. Kürəyimdəki döşəyi yerə endirirəm. Külək əsir. Azca irəlidə bir masa diqqətimi çəkir. Gənc iki oğlan oturub yan-yana. İkisinin də önündə iki kağız. İkisinin də bığ yeri yeni tərləyib. Bir kağıza baxıb digərini qaralayırlar. Tək bir kəlmə də kəsmir heç biri. Şəffaf plastik şüşələrdə suları var masanın bir ucunda. Yanında iki konfet, cib dəsmalı, silgi və yonan... Fısıltıyla bu yol yenidir, daha öncə buradan keçmişdim, belə bir yol yox idi soruşuram. Önlərindəki kağızlara elə fokuslanıblar ki, məni eşitmirlər. Yolayrıcının digər tərəfinə doğru hərəkət edirəm.

Hərəkət etdikcə sıxlıq artır yolda. Hərəkət etdikcə sayımız artır. Çox keçmədən küçələrdən sel kimi axın etməyə başlayırıq. Kiminin əlində şüşə, kiminin dilində mahnılar. Çığır-bağır salaraq irəliləyirik. Heç bir səy göstərməsəm də, irəliləyirəm məcburən. Axına qapılmış plastik top kimiyəm. Dar bir qapıya yaxınlaşırıq sonra. Hər kəs o qapıdan keçmək üçün bir-birini itələyir. Birdən özümü qapının içində tapıram. Üstümüzü axtarırlar. İlk dəfə kürəyindəki bu yük nədir deyir axtaranlardan biri. - Döşəkdir, - deyirəm. "Olmaz, səni bununla içəri buraxa bilmərik" - deyir, "necə olar belə şey?" - deyə etiraz edirəm. "Döşəkdir bu, stadiona atsan, birinin başına düşsə belə bir şey olmaz" - deyirəm. "Xeyr, təlimat belədir, buraxa bilmərəm" - deyir. "Süngərini çıxarıb sadəcə bəyaz çarşafını kürəyimə atsam necə" deyirəm. İtirmədiyim tək şey budur çünki. "Yaxşı" deyir üstümü axtaran. Süngərlə vidalaşıram. Stadiondakı yerimə keçirəm. Stadion deyəndə, qapı arxasında üç sıra tribunası olan bir yerdir bura. Geri qalan insanlar meydançanın iki tərəfini əhatəyə almışlar. Sağ cinahdakı uşağı barmaqla göstərir hər kəs. Həm sürətli, həm çevik və həm də ayaqlarına hakimdir. Eynən qumarbaz kimi deyirəm, eynən dəftərini imzalayan kimi deyirəm, eynən mənim kimi deyirəm. Daha çox qala bilmirəm burada. Sıxlığı yara-yara gəldiyim yerə geri dönürəm.

Yolun ayrıldığı yerdəki masa bomboşdur. Həmin an yolayrıcının ilk gəldiyim tərəfinə doğru baxıram. Gənclərin ikisi də birdən uzaqlaşır buradan. Birinin pencəyi çiynində. Məğlubiyyətdən dönməyə davam etməliyəm deyirəm. Gedirəm.

Yol öncə cığıra dönür, sonra birdən bitir yol. Kəsilir bıçaq kimi. Bundan sonrası bağçalı müstəqil evlər... Bağçadan bağçaya keçirəm. Çəpərlərdən super qəhrəman kimi tullanıram. Ağacların arasından sıyrılıram. Albalı, vişnə, heyva, iydə...

Deyərkən, məzarlığa gəlirəm evlərdən sonra. Ayaqlarım yolu bilir, sanki. Məzarlığın dar yollarından keçirəm. Bəzən mərmərləri ayaqlayıram, bəzənsə məzarların üzərindən tullanıram. Köhnə bir məzarın başında durur ayaqlarım. Əllərimlə yoxlayıram torpağı. Havanın qaraldığını indi anlayıram. İllər öncə əkdiyim fidanın artıq böyük bir ağac olduğunun fərqinə varıram əllərimlə. Sonra əllərim bir boşluğa rast gəlir. Boş bir məzardır bura. İçinə girirəm. Beləcə anamın yanına dönmüş oluram. Bəmbəyaz çarşafı üstümə çəkirəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!