"Yada düşdü" dərgisinin baş redaktoru Nəzakət Məmmədliyə açıq məktub - Qəzənfər PAŞAYEV

 

Hörmətli Nəzakət xanım!

Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə "Hər sayını intizarla gözlədiyim dərgi" başlıqlı məqalə yazmışdım. Aradan illər keçib və bu gün də "Yada düşdü"nün hər sayını intizarla gözləyirəm. Nədir bu  dərginin məziyyətləri?

- Kökə qayıdış.

Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi kimi, hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir (Baxtin M. Ədəbiyyat və estetika məsələləri. Moskva, 1975, s.533).

Heç şübhəsiz, sovet sisteminin amansızlığı dövründə Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:

Sabaha çağırır o bizi, ancaq

Sabah da bugünsüz, dünənsiz deyil.

Nəzakət xanım, dərginizin hər sayında bunu dərindən dərk edirəm və "Yada düşdü"nü yüksək qiymətləndirirəm.

Elə götürək dərginin yenicə çapdan çıxmış 2019-cu ilin son sayını. Nələr yoxdur bu sayda? Nələr yada düşmür?!

Şəhriyarın tərcüməsində Konstantin Simonovun "Gözlə məni" şeirini çap edibsiniz. Azərbaycanda bu şeiri 15-dən artıq şairimiz tərcümə edib. Bir vaxtlar "Ədəbiyyat qəzeti" onları eyni sayında vermişdi. Yaxşı şeirdir. Müharibə vaxtında yazıldığına görə təsir gücü böyük idi.

Ancaq heç kim azərbaycanlı qadınların mənəviyyatını, vəfasını, gəlinlərin "qara kağız" aldıqları halda ömürlərinin sonuna qədər müharibəyə getmiş ərlərinin yolunu gözləmələrini, bu münasibətlə müharibədə oddan-alovdan keçmiş Hüseyn Arifin şeirini yada salmır:

Mən yazmadım: - gələcəyəm,

Gözlə, yar məni.

- Gözlə! - desəm gözləyənə,

Qınayar məni.

Dərgidə Bəxtiyar Qaracanın Şirməmməd müəllimə həsr etdiyi "Hamımızın müəllimi" məqaləsi çoxumuza, xüsusən də gənclərə örnək olmaq baxımından diqqətimi çəkdi.

Hamıya məlumdur ki, Şirməmməd müəllim saf mənəviyyatlı, nəfsini qoruya bilən, iddiasız yaşamağı bacaran azsaylı kişilərdən - ziyalılarımızdan olub.

Professor Maarifə Hacıyevanın "Müdrik ömür" yazısı görkəmli yazıçı və bütöv şəxsiyyət İsmayıl Şıxlının 100 illiyinə həsr olunub. Məqalədə yeri gəldikcə yazıçıya həsr olunmuş şeirlər verilir.

Məncə, İsmayıl Şıxlı haqqında ən gözəl şeirlərdən biri də Rasim Kərimliyə məxsusdur:

Vətənin dağları, düzü kimisən,

Saflıqda çeşmələr gözü kimisən,

Elə təbiətin özü kimisən,

Bağından, bağçandan gül ətri gəlir

- misralarını oxuyanda gözlərimiz önündə dağ vüqarlı, saflıq, paklıq, ziyalılıq rəmzi olan İsmayıl Şıxlı canlanır.

Nəzakət xanım,

Nə yaxşı ki, dərgidə alimlərimizə də yer verirsiniz. Günümüzdə klassik ədəbiyyat üzrə dörd görkəmli mətnşünas alimimiz vardır. Mətnşünaslıq üzrə ilk elmlər doktoru, akademik Möhsün Nağısoylu fars və türkdilli ədəbiyyat üzrə, professor Kamandar Şərifov ərəbdilli ədəbiyyat üzrə, prof. Paşa Əlioğlu (Kərimov) və Azadə Musayeva türkdilli ədəbiyyat üzrə.

"Kredo" qəzetində Əkrəm Həsənovun Kamandar müəllimin 80 illiyinə həsr etdiyi çox maraqlı "Mənəvi irsimizin fədakar tədqiqatçısı" məqaləsini yenicə oxumuşdum. Dərginizdə Məsmə Mahmudovanın "Alim ömrü" məqaləsini görəndə sevindim. Kamandar Şərifov Azərbaycanın elə sanballı və nadir alimlərindəndir ki, haqqında nə yazılsa ana südü kimi halaldır. O, mənim üzvü olduğum AMEA Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında müdafiə edib. Çox qiymətli əsərlər müəllifidir. Belə tədqiqatçılara Ali Attestasiya Komissiyası müdafiə etmədən elmi ad versə elmimiz qazanar. Çünki doktorluq müdafiəsi illərlə vaxt aparır, tədqiqata sərf olunacaq vaxtı alimin əlindən alır.

Dərgidə yer alan Şəmistan Nəzirlinin "Səməd bəy namında bir kişi gördüm" məqaləsi çox maraqlıdır. Yaddaşa qayıdışdır. Onun böyük əhəmiyyəti və dəyəri bundadır.

Alimlərimizin Özbəkistan səfəri sovetlər süqut edəndən sonra kəsilən ədəbi-elmi əlaqələrimizin yenidən canlanması baxımından maraq doğrurur.

Dilarə xanım Nağıyevanın "Qarateli deyin, ağlayın" yazısı çox təsirlidir. Müəllif Qaratelin simasında Azərbaycan qadınının qeyrətli, namuslu olmasını ön plana çəkir.

Folklorşünas və sənətşünas alimimiz, səmimi şairimiz Ağalar Mirzəyə məqalə həsr edən Ay Bəniz Əliyarı keçən ilə kimi şəxsən tanımırdım. Şabranda "Xaqani Poeziya Evi"ndə filologiya elmləri doktoru, professor Məmməd Əliyevə həsr olunmuş yığıncaqda tanış olduq. Əvvəllər publisistik yazılarını, hekayələrini, şeirlərini oxuyurdum. İstedadlı və savadlı olduğu qənaətində idim. Görüş vaxtı təəssüratım daha da gücləndi.

Ay Bəniz xanıma dostum haqqında yazdığına, yada saldığına, təmənnasız xidmətinə görə təşəkkür edirəm.

Ağalar Mirzə folklorumuzu, aşıq sənətini, aşıq yaradıcılığını dərindən bilirdi. "Aşıq Pəri" məclisini şöhrətləndirən Ağalar Mirzə oldu. Aşıq mühitlərini o qovuşdurdu. "Xaltanlı Tağının yaradıcılıq yolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi.  Müsbət rəy vermişdim. Doktorluq işinə də rəy vermişdim. Müdafiə ərəfəsində, yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 54 yaşında qəfil ölüm onu haqladı. Nə edəsən ki, fani dünya nə ömrə acıyır, nə də ki, yaşa. Dahi Səməd Vurğun necə də doğru deyib:

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

Yazıçı və alim Salatın Əhmədlinin "Manatın nağılı" əsərini maraqla oxudum. Məna, məzmun öz yerində, əsərin dili püxtələşmiş bir yazıçı dilidir. Yaradıcılığı ilə yaxından tanışam. Əsərlərinə iki məqalə həsr etmişəm. Çəkinmədən deyə bilərəm ki, o, artıq xalq tərəfindən sevilən və təqdir edilən yazıçılar sırasındadır.

Görkəmli folklorşünas alimimiz Sədnik Paşayev haqqında yazını məhəbbətlə oxudum. O, aşıq sənətinə, aşıq yaradıcılığına töhfələr verən, Azərbaycanı qarış-qarış gəzən, tədqiqat üçün zəngin material toplayan azsaylı alimlərimizdən olub.

Nəzakət xanım, sizə minnətdaram ki, xeyli müddət görmədiyim həmkarım, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli (Nuriyeva) ilə məni dərginizin səhifələrində görüşdürdünüz. O, tanınmış dilçi alim olmaqla bərabər, ədəbiyyatımıza, mədəniyyətimizə dəyərli töhfələr verir. Onun "Xarı bülbül" çiçəyini kəşf edən, amma əslini-nəslini gizlədən bilgə qadın" məqaləsi deyilənlərə dayaq olur.

Minaxanım Təkləli Nərminə Məmmədova və iraqlı soydaşımız Sinan Səidə "Sirrimi bilməzdim" adlı kitab həsr edib. (Kitabın redaktoru Safura Quliyeva, rəyçilər: bu sətirlərin müəllifi və Ağalar Mirzədir). Onların oxuduğu, Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılan "Kərkük mahnıları"nı tərənnüm etməklə, ədəbi-mədəni əlaqələrimizə təmənnasız xidmət göstərib. Maraqlıdır ki, görkəmli bəstəkarımız Şəfiqə Axundova "Kərkük mahnıları"nı Nərminə xanımın şah əsəri adlandırıb.

Nəzakət xanım!

Görün dərginin bircə sayında yaddaşa qayıdış üçün nə qədər material vardır. Buna görə sizə sağ olun demək azdır.

Sizə bu çox faydalı və gərəkli işinizdə yeni-yeni uğurlar diləyən

Qəzənfər PAŞAYEV

professor

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!