Yaltaqlardan vergi... - Xeyrəddin Qoca - hekayələr

 

Ən yaxşısı ölməmək...

Bilirsiniz, son zamanlar nə düşünürəm? Qorxuram öləndə camaat yasıma gəlməyə! Gələcəklər ey, uzaqbaşı iyirmi-otuz nəfər. Niyə? Çünki bu fani dünyada əməlli-başlı bir vəzifə sahibi ola bilmədim. Heyif deyil vəzifə?! Öləndə yasa o qədər adam gəlir ki!

Vəzifədə olsam, heç özümün ölməyim önəmli deyil, qohum-əqrəbadan, yeddi arxa dönənimdən biri öləndə məclis insanla dolub-daşır! Həm də yasa gələnlərin məclisə təşrif buyurmalarında xüsusi məqsədləri olur. Çoxdan görmədikləri və görüşmədikləri vəzifə sahibləri bir yana, orada qatı açılmamış söhbətlər, qeybətlər aparırlar. Bunlar da boş şeylərdir, yəni bizimkilərin çoxuna xas olan cəhətdir, önəmlisi odur ki, çoxları yasa öz işlərini düzəltmək üçün gəlirlər. İşləri keçən adamları yalnız belə yerlərdə görürlər, axı! Hansı ki, illərlə qəbullarına getsələr, kimdir onların üzünə baxan? Bu vəzifəlilər elə bil, məsələləri katibələrə, köməkçilərə tapşırırlar. Çatan kimi soruşurlar "nə istəyirsən?", "niyə gəlmisən?". Heç cür başa sala bilmirsən ki, "mən nə istədiyimi sizə deyə bilmərəm, gərək məni o kişi ilə görüşdürəsiniz". Ay görüşdürdülər, ha! Odur ki, yeganə ümid qalır yas yerinə. Onsuz da heç kimin gözündən yaş gəlmir, yemək-içməkdən başqa heç nə gözə görünmür. Amma bu əhvalatları yaza-yaza fikirləşdim ki, yox, gərək özün ölməyəsən, yaxın dost-tanışlarından, qohumlarından, heç olmasa, sürücündən-zaddan biri ölsün ki, yas məclisi dolub-daşsın. Özün öldünsə, heç nə, batdın! Yasa gələn olmayacaq!..

İndi mən də vəzifədə deyiləm, qohum-əqrəbamdan da heç birinin vəzifəsi yoxdur. Bu, o deməkdir ki, yasıma gələn olmayacaq! Bax, bu dərd məni öldürür...

Ən yaxşısı bilirsiniz nədir? Heç ölməmək! Qurdla qiyamətə qalmaq! Qoy, səni istəməyənlər ölsün, sən də get, plovunu ye, başsağlığını ver, qayıt gəl, vəssalam!..

Koronavirus

Pa atonnan! Təzə virus yaranan, ya da "yaradılan" kimi köhnə viruslar yaddan çıxır! Yəni deyirsiniz "donuz qripi"nin, "quş qripi"nin kökünü kəsiblər? Bilirsiniz, bəzi "viruslar" nə üçün "yaradılır" və nə üçün tez "yayılır"? Babalı söz-söhbətləri gəzdirənlərin boynuna, deyirlər belə "virusları" baş qatmaq üçün, həm də qazanc üçün "tapırlar". Qazanc da çıxır vaksinlərdən! Yadınızdadır da, "donuz qripi", "quş qripi" yayanlar bu qriplərə qarşı vaksinləri neçəyə satırdılar? Hər nə isə... Türklər demişkən, nə isə, nə!

Əslində, bu sətirləri qorxa-qorxa yazıram, deyəcəklər böhtan atıram, iftira yağdırıram. Təki belə düşünsünlər, amma getsin o viruslar, bir də gəlməsin! Yəni "donuz qripi", "quş qripi" daha olmasın...

Ən maraqlısı odur ki, bütün dünyada yaşayan insanlar xəstəlikdən qırılıb-batsa da, həmin xəstəliklər bizim sərhədlərdən içəri keçə bilmir. Keçsə də, bizdə adamlar var ki, virus-mirus onlara təsir etmir! Çünki özləri virusdan qorxuludurlar. Belələrinə dözən ən qorxulu viruslara da dözər!

Sözün qısası, indi koronavirus çıxıb ortalığa. Deyəsən, zəhrimar əsl virusdur! "Donuz qripi", "quş qripi" onun yanında heç nə!

Allah millətimizi qorusun! Amma qorxmayın, bir-iki ilə koronovirusu da vaksinlə-zadla məhv edərlər, çıxıb gedər... Necə ki, taun keçmişdə qaldı. Deyirsiniz, bu koronavirusdur-nədir, taundan güclüdür? Mən inanmıram! Vaksinlərlə işi bitirəcəklər.

Amma fikirləşə-fikirləşə qalmışam, bu virusların adlarını necə fikirləşib tapırlar?

Yaltaqlardan vergi...

Bir ölkənin büdcəsi kəsirdə idi. Vergini nə qədər artırırdılarsa, büdcə dolmurdu. Axırda tanınmış, savadlı və ağıllı hesab olunan bir iqtisadçı çıxış edərək dedi:

- Mən büdcəni doldurmağın yolunu bilirəm.

Salondakılar təəccüblə bir-birinin üzünə baxdılar. Ağıllı, savadlı, tanınmış iqtisadçı sözünə davam etdi:

- Yaltaqlardan vergi yığılsa, büdcənin pullarını yığıb-yığışdırmaq olmaz.

Hamı əl çaldı. Salondakı yaltaqlar da!..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!