Cənnətin yolu - Atababa İsmayıloğlu - hekayə

Nənəm Minaxanım Kəblərzaqızının Xatirəsinə

 

- Ana sənə qurban, dur ayağa, peçin qırağından evimizin damını gətir.

Ayağa duranda şüşəbənddəki pəncərənin taylarının haşiyələrinə qonan qar dənələri, bir də sobanın, o vaxt biz ona peç deyirdik, qıpqırmızı qızarmış qalın dəmir örtüyü diqqətimi çəkdi. Onda altı yaşım ola, ya da olmazdı. Sobanın ayaqqabı qutusuna bənzər qara metaldan hazırlanmış korobkasına damla-damla neft töküldükcə cızıltı səsi gəlir, alov dilimləri kərpic peçin korobkasını qoymaq üçün kiçik qapıcığından açıq-aydın görünürdü. Oradan alovdan başqa heç nə görünmürdü. Bu alovu mənim kimi görən və ondan mənim kimi qorxan ikinci adam tapmaq çətin ki olardı. Peçin korobkasını qoymaq üçün o deşik-deşik kiçicik qapısı mənim boyum hündürlüyündə idi, ona görə də ona baxmaq mənə daha rahat idi. Amma bu rahatlığa rəğmən peçin içərisində boşluğu yalayan, orda heç nə tapmadığından dilini peçin üstündəki o qalın dəmirə altdan sürtüb, onu pır-pır edən həmin alova baxanda vahimələnirdim. Vahimələnməyimin iki səbəbi vardı, birincisi o idi ki, bir dəfə əlimi peçin üstünə uzatmış, elə həmin dəqiqə ufuldayıb həşir salmışdım. Nənəm o dəqiqə barmağımı üfürməyə başlamış, anam isə səsimə o biri evdən qaçaraq gəlib, vəziyyətdən hali olan kimi kiçik qardaşımı evimizin tikilməkdə olan hissəsinə dartmış, əlindəki stəkanda sarı maye ilə qayıtmış, onu mənim yanan barmağımın üstünə tökmüşdü. O sarı məhlulun nə olduğunu xeyli sonralar anladım.

İndi duruxub oda baxmağımın ikinci səbəbi daha dəhşətli idi. O alovun dilimləri nənəmin nağıllarındakı əjdahanın caynaqlarına bənzəyirdi. Elə bil kimsə məni caynağına alıb o alovların dilimlərinin içərisinə tullayacaqdı. Nənəm mənə demişdi ki, cəhənnəmə düşənlər o alovun içərisində yanır. Mənim uşaq xəyalımda cəhənnəm o alovun icərisində yanmaq idi. Arxada nənəmin - Ananın səsini eşitdim. (Biz də, bütün kənd də nənəmə Ana deyirdik. Onun adını lap sonralar öyrəndim. Ona Ana deyilməyinin öz tarixçəsi var. Sən demə, atam beş yaşında dil açıb. İlk dediyi söz də Ana kəlməsi olub. O vaxtdan nənəmin əsl adı Minaxanım qürbətə düşüb).

Alovun dilimləri, sanki məni ovsunlamışdı. Ananın mehriban səsi mənim fikrimi alovun dilimlərindən ayırdı.

- Ay səni görüm saqqalın ağarsın, bir dənə kartonu gətirmək belə çətin iş imiş.

Xırda addımlarla tələsik kartona doğru getdim. Geri dönəndə artıq ana yaş əsgi ilə əlini silib məni gözləyirdi. Tələsik ona tərəf yüyürdüm.

- Yavaş, yıxılarsan, - deyə dilləndi.

Nənəmin yanında bardaş qurub oturdum.

Bu ufacıq, təxminən 12 kv.m olan otaq həm evimizin mətbəxi, həm nənəmlə mənim yataq otağım, həm də qonaq otağımız idi. Evimiz cəmi bu mətbəxdən, bir də ona bitişik arxa otaqdan ibarət idi. Təxminən on beş kvadratmetrlik həmin otaq atamla anamın, bir də məndən kiçik qardaşımla bacımın yataq otağı idi. Ana kartonu məndən alan kimi ovcunda tutduğu yaş əsgini kənara qoyub qayçını götürdü. O, otağa sərilmiş dəstərxanın kənarında əyləşmişdi. Qarşısında kartonun üstündə hələ üstü örtülməmiş kiçik evcik vardı. Neçə vaxt idi ki, Ana ilə kibrit qutusu yığırdıq. Bu qutulardan mənə ev tikəcəyini söz vermişdi. Yapışqanımız isə xəmir idi. O vaxt kənd yerlərində kley nə gəzirdi.

Mənim gətirdiyim kartonların rəngi quru soğan qabığı rəngindəydi. Ana gündüz vedrədə soğan qabığı qaynatmış, kartonları da həmin vedrədə bir neçə dəqiqə saxlayıb çıxarmışdı. Sonra onları qurumaq üçün peçin kənarına qoymuşdu.

Nənəm bir neçə dəfə kartonları evin üstünə tutub, dəqiqliklə onları kəsdi. Xəmirlə bir-birinə bərkitdi. Sonra yenidən yaş əsgi ilə əllərini sildi. Məxmər parça qırıqlarından, nənəm belə qırıqları qurama tikmək üçün yığırdı, evin qapısı və pəncərəsi üçün pərdə kəsdi. O zaman oyuncaqlarımız moçadan, bəzən ona aşıq da deyirdilər, nazik polad məftildən düzəldilmiş tapançadan ibarət idi ki, ona da qoyun qığı qoyub atırdıq. Elə ona görə də bu ev mənə ən böyük hədiyyə idi. İstəyirdim ki, bu ev heç vaxt dağılmasın. Amma peçin pırta-pırtı gəldikcə canıma qorxu düşürdü. Axı, nənəm mənə demişdi ki, insanlar qocalandan sonra ya cəhənnəmə, ya da cənnətə düşürlər. Həmişə cəhənnəm deyəndə peçin içərisindəki alovları göstərir, mənə isə deyirdi ki, sən cənnətə düşə bilərsən, çünki günahsızsan, yalan danışmırsan, atanın və ananın sözünə baxırsan, Allahın kəlamlarını öyrənirsən. Sonra şərtini də kəsirdi, əgər kəlmeyi-şəhadətini unutmasan, böyüyəndə oruc tutub namaz qılsan və dərslərini yaxşı oxusan... Nənəmin cənnət şərtləri o qədər uzun idi ki...

Bir dəfə elə uşaq sadəlövhlüyü ilə soruşdum:

- Ana, atama desəm məni cənnətə göndərər?

- Yox, ay bala, ora kimin düşüb-düşməyəcəyini bircə o Kişi bilir.

İndi isə Ana evi tamamlamaq üzrə idi. Bilirdim ki, evciyi təhvil verməzdən qabaq nəsə soruşacaq. O mənə nəsə hədiyyə edəndə fürsəti əldən vermirdi. Təlqin etdiyi fikirləri soruşurdu. Elə bil nə vaxtsa unudacağımdan qorxurdu. Elə də oldu:

- Mənim qəşəng balam, İsayısan, yoxsa Musayı?

Tez dilləndim:

- Məhəmməd Mustafayı.

Təşəkkür əvəzinə yanağımdan öpdü.

- Firui-din neçədir?

- On.

- Üsuli-din neçədir?

- Beş.

- Neçə imamımız var?

- On iki.

- Bir say görüm.

On birini saydım. On ikincisini - İmam Mehdi Sahib-əz-Zaman deyəndə mən də, əlində evcik tutmuş Ana da ayağa qalxdıq. Evimizə qonaq gələndə nənəm həmişə məni tərifləyir və onlara nümayiş etdirmək üçün dindən mənə öyrətdikləri barədə suallar verirdi. Mənə ən xoş gələn on ikinci imamın adını deyərkən hamının ayağa qalxması idi.

Ana mənə deyirdi ki, on ikinci imam gələndə bütün ölənlər diriləcək. Mən fürsəti əldən vermirdim.

- Nənə, onda mənim Elza bacım da gələcək... Gəlsə, mən onu heç vaxt vumayacağam. Nənəm o dəqiqə məni köksünə sıxır, kövrək səslə çox güman ki, o ağlayırdı, deyirdi:

- Sən onunla görüşəcəksən, mütləq görüşəcəksən.

Elza mənim yaşyarımlıq vəfat edən bacım idi. Heç cür onu unuda bilmirdim. Əmilərin onu döşəyin üstündən aparması, anamın göz yaşı tökməsi gözümün qabağından getmirdi. Ondan sonra mənim bir qardaşım, bir bacım olsa da, mən hərdən Elza bacımı Anadan, memə dediyim anamdan soruşurdum. Həmişə də eyni cavabı alırdım.

- Əlbəttə, gələcək!

İndiki bacım dünyaya gələndə məni aldadıb, Elza gəldi, - demişdilər. Mən isə - bu Elza deyil, mən onu tanıyıram, bunu qaytarın, onu gətirin, - demişdim. Nənəm deyirdi ki, on ikinci imam gələndə bizim də hamı kimi dördotaqlı evimiz olacaq. Hər gün ət, meyvə yeyəcəyik. Çünki pis adamlar hamısı cəhənnəmə göndəriləcək.

İndi isə mən Elza bacım gələnə kimi evciyi qorumaq, bu evlə onu sevindirmək istəyirdim. Düşünürdüm ki, mən cəhənnəmə düşsəm, onda o evcik də yanacaq, Elza bacım nəyə baxıb sevinəcək. O odda yanmağa hazır idim. Təki Elza bacım o evə baxıb sevinsin.

Ana ayağa durub üst-başının ununu çırpmağa başladı. Evciyi mənə verib, ortalıqdakı qayçını, dolçanı, unu yığışdırdı. Pəncərəni açıb dəstərxanı çırpdı. Ortalıqda nə var hamını yığışdırıb, divar şkafına doğru getdi.

Şkafı aça-aça mənə dilləndi:

- A bala, gətir o evciyi qoy bura, indi yükü aşırıb yerimizi salıram. Çox zaman yerimizi salanda nənəm deyirdi ki, vaxt gələcək, sənin də kravatın (nənəm çarpayını belə adlandırırdı) olacaq. Daha hər gün axşam yükü aşırıb, səhər yığmayacağıq.

Günlər keçdikcə mən Ananın sözlərinə inanır, xəyallar qururdum. Ana danışdıqca mən o dünyaya, cəhənnəmə, cənnətə inanırdım. Məndən gizlətsələr də, bilirdim ki, bacım Elza ölüb. Hamıdan xəbərsiz, Ananı yuxuya verəndən sonra yorğanı başıma çəkib onun üçün ağlayırdım. Amma bacımın cəhənnəmdə, ya cənnətdə olduğunu bilmirdim. Axı, mənə elə gəlirdi ki, cəhənnəm deyilən şey bax, evimizdəki o peçin alovlarının icərisində, ya da onun arxasındadır. Ora düşənlər mütləq bu alovdan keçməlidirlər. Düşünürdüm ki, o peçdəki alovun kiçik qapısının ağsını kəsib, içərisində yana-yana qalsam da, Elza bacımı bu deşikdən keçib cəhənnəmə getməyə qoymaram. Mən yana-yana olsam da, oradan Elza bacımın bu evlə oynadığını görüm, ya da Elza bacımla Ananın mənə təsvir etdiyi cənnətə düşək. Orada oynayaq. Birdən elə bir mənzərə gözümün önündə canlandı. Elə bu həvəslə də Anadan bir daha soruşdum:

- Sən heç cənnətə düşən adam görmüsən?

- Yox, ay bala Ana evin divarındakı şkafın açıq qoşaqapısının yanında dayanıb mənə tərəf baxdı, - bilirdim ki, indicə məndən evciyi alıb o şkafa qoyacaq, - Ana mənə yox, qarşıdakı ağ əhəng çəkilmiş divara baxırdı, birdən nəsə tapmış kimi dilləndi:

- Mənə nənəm danışırdı ki, biri deyib, bilsəydim cəhənnəmin deşiyi hardadır, ora girib gecə-gündüz yanardım ki, təki başqaları bu deşikdən keçib ora düşməsin.

- Ana, o indiyə kimi orada yanır?

- Yox, a bala, Allah onun insanlar üçün yanmaq eşqinə vurulub, ona görə də onu cənnətə salıb.

O gecə yuxuda səhərə kimi Elza bacımı gördüm. Mən peçin alovları içindən ona baxır, o isə evciyi ilə oynayırdı. Amma o alovlar məni yandırmırdı, hətta məni dilləri üstündə tutub səmaya qaldırırdı. Oradan qışqırıb ona deyirdim:

- Bacı, daha getmə. Ana deyir bizim dördotaqlı evimiz olacaq. Sahib-əz-Zaman gələcək. Onda hər şeyimiz olacaq. Sən çoxlu oyuncaqlarla oynayacaqsan. Qolu sınıq gəlincik yerinə yatıb-duranı alacağıq.

İndiki kimi yadımdadır, arada ayıldım. Ana işığı söndürsə də, peçin alovları ilə nurlanan evimizdə Elza bacımı axtardım. Hətta qaranlıq künc-bucağa əlimi də uzatdım. Amma o yox idi. Yatağıma girib, yorğanı başıma çəkdim, için-için hıçqırmağa başladım. Yaxşı ki, Ana möhkəm yatmışdı, göz yaşımı görmədi. Axı, mən hec kimin yanında ağlamaq istəmirdim.

Yanvar-fevral 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!