Filmin çəkilişləri zamanı bircə heyvan da zərər çəkməyib - Pişiyin hekayəsi - Aleksandr Trapeznikov

 

Aleksandr Anatoliyeviç Trapeznikov (1953) - rus nasiridir. Ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərindən başlayıb. Maksim Qorki adına Moskva Akademik Bədii Teatrında (MXAT) çalışıb. 70-dən çox kitabın müəllifidir. "Çar darvazaları", Lənətlənmişlərin sovuşması", "Məni qaçmağa inandır", "Troya savaşının şərhçisi", "Ayın kölgəsi" romanlarının, "Qırmızı monarxın vəsiyyətnaməsi" trilogiyasının, həmçinin, çoxsaylı tarixi romanların müəllifidir. A.Tolstoy, S.Yesenin, İ.Bunin, M.Lermontov, F.Dostoyevski adına ədəbi mükafatların, həmçinin, "Moskva", "Sovetskaya jenşina", "Naş sovremennik", "Moskovskiy vestnik" jurnallarının təsis etdiyi müsabiqələrin qalibidir. "Literaturnaya Rossiya" həftəliyinin şərhçisidir. Evlidir, iki qızı, nəvəsi və nəticələri var. Moskvada yaşayır.

Hər dəfə bu gicbəsər ifadəni eşidəndə, sinirlənirəm və caynaq atıram. Yalan danışırlar! Sırtıq və abırsız yalançılar. Düz beşinci filmdi çəkilirəm, bilirəm axı nə var-nə yox. Daşka məni bütün kinostudiyalara səbətin içində aparır, elə bil mən onun meşədən tapdığı tüklü iri kürən göbələyəm, üstəlik quyruğum və bığlarım da var. Düzdür, o məni həqiqətən də meşə kənarında, məhz muxamor göbələyinin altında tapmışdı, amma mən, sadəcə, azmışdım. Balacaydım, yaxşı xatırlamıram. Bəlkə də öz vaşaq nənəmi axtarırdım. Axı bütün rejissorlar da deyir ki, məndə nəsə vaşaqlara bənzərlik var. Xüsusilə baxışlarımda və qulaqların duruşunda. 

Oooh, mən elə baxmağı bacarıram ki, gəl görəsən! Bax buna görə də böyük həvəslə məni bu gicgicə filmlərində çəkirlər. Hələ üstəlik, bu işlərə görə mükafat-filan da alırlar. Amma mən sonuncu çəkilişlərdə elə ruhi ağrılar, elə mənəvi sarsıntılar keçirdim ki... sözlə ifadə ediləsi deyil. Daşka da anladı. Elə mükəmməl idim ki, hərəkətlərim, hətta o sadist qadına da ləzzət elədi, əsl peşəkara yaraşan kimi oynadım, ruhum və ürəyimlə: Cek Nikolsonun ifa etdiyi canavar rolu mənim yanımda yalan oldu. Elə belə, sözgəlişi deyirəm, amma mən onunla keçən dəfəki festivallardan birində tanış oldum... Düşünməyin ki, epizodlarda çəkilən hansısa sısqa bir məstanam. Mən, sözün əsl mənasında, aktyoram, ustadam.

Bir sözlə, həndəvərimdə Daşkadan başqa heç də hər kəsin eşidib bilmədiyi kinoəzablara qayıdaq. Amma onun nə vecinə. Beynini qazısan da xeyri yoxdur, məni kino ulduzu etmək istəyir. Düzünü desəm, mən onu başa düşürəm və inad etmirəm. Deyəsən, sizin hansısa bir müdrik söyləyib, hə, incəsənət qurban tələb edir. Onu da mənim günümə salsaydılar. Mənim yerimə kim olsa miyoldamağa başlardı. Nə isə... Hələ çəkilişlərdə qəzetdən bir oğlan elə hey rejissorun yan-yörəsində fırlanırdı. Necəsə girəvə tapıb ondan soruşdu:

- Zəhmət olmasa deyin, burada filmin çəkilişləri zamanı heyvanlardan heç biri zədə ala bilməz ki?

Bu sözü eşidən kimi mən caynağımı düz onun əlinin üstünə sancdım, çünki bu vaxt o da məni tumarlayırdı. Reportyor qışqırdı, rejissor isə təbəssümlə ona dedi:

- Görürsüz? Heyvana bir şey olmaz, əksinə, onlardan hər kəsə xətər dəyər. Hələ bir danışırsız da!

- Siz onun tükünü əks istiqamətdə tumarladınız, - deyə, Daşa əlavə etdi, - Mənim Blyambusum kobud davranışları sevmir. O da ola tanımadığı bir adam.

Niyəsə o məni Blyambus adlandırdı. Daha yaxşı bir ad fikirləşə bilərdi. Fantaziyası bu qədərdi!

- Hə, anladım, məncə, hər şeydən əvvəl bizi bir-birimizə təqdim etməliydiz! - Reportyor Daşanın ona tərəf uzatdığı cib dəsmalını əlinin üstünə qoyub razılığını bildirdi. Dilənçilər!

Özünün cib dəsmalı əlbəttə ki, yoxdu. Belələrinin cibində heç vaxt heç nə tapılmaz. Daim onun-bunun əşyasını istifadə edərlər. Ümumiyyətlə, o, ilk baxışdan xoşuma gəlməmişdi. Uzundraz, cılızın biridir. Düzdür, bığı da var. Bu yaxşıdır. Məncə, Daşkam da incə qızdır, üstəlik, onun yumşaq, kürən saçları var. Amma bığsızdır. Bu, pisdir.   

- Cırmaq yerinə yod vurmaq, həm də sarğı qoymaq lazımdır, - Daşa sözgəlişi dedi. - Burda, yaxınlıqda tibb məntəqəsi var. Hərdən Blyambusun belə özündən çıxmaqları olur, amma indi o vaxtı deyil. Əsas martda belə olur. Həm də siz pişik deyilsiz axı.

- Hə, - reportyor yenə razılaşdı. - Əlbəttə, mən bir o qədər də pişiyə oxşamıram. Siz daha oxşar olarsız. Yaşılı-sarı gözləriniz var. Günəş şüaları altında çox gözəl bərq vurur. Belə gözəlliklə rastlaşacağımı bilməzdim.

- Ay səni yaltaq, riyakar!

Yeri gəlmişkən, qonşu çardaqda bir tanış pişik qız var, onun gözləri daha qəşəngdir. Deyəsən, reportyorun sözləri Daşkanın daha çox xoşuna gəldi. Hətta üzü qızardı, saçlarının rənginə qarışdı. Özünü itirdiyini gizlətmək üçün toparlandı:

- Düz gedin və sol tərəfə, görəcəksiz.

- Bəlkə siz də mənimlə gedəsiz? - Zəhlətökən reportyor xahiş etdi.- Mən xeyli qan itirmişəm, yıxılaram.

- Yaxşı! - Daşa məni səbətə dürtüb başını tərpətdi.

Onsuz da çəkilişə fasilə verilmişdi.

Beləcə söhbətləşməyə davam edərək yanaşı gedirdilər. Necə də sadəlöhv qızdır ey! İyirmi yaşı var, di gəl bir parça ağlı yoxdur. Daim başını bəlalara salır, mən isə bunu xilas etməliyəm. Danışaram sonra. Bəs indi, indi nə edim? Bilirəm də, bu ibnə, nadürüst adama nə lazımdır. Kişiləri tanımırammı? Özüm də beləyəm də. Di gəl ki, Daşka onun yanına düşüb gedir və hətta gic zarafatlarına gülürdü. Yox e, get-gedə bu adam mənim qəti xoşuma gəlmir.

Tibb məntəqəsində pəncəsinə yod yaxanda isə reportyor bir də soruşdu:

- Doğrudanmı, hələ də sizin filmin çəkilişlərində bir dənə də olsun heyvan zərər çəkməyib?

Buna bax da, "yaşıllar"dan biri də tapıldı! Donuz dərisindən çıxmış çəkməli Qreta Tunberqdi, elə bil. Qoy, özü üçün ayaqyalın gəzsin. Az qalır elə mən özüm onun bu bezdirici sualından "zərər" çəkim! Və ona bir daha caynaq atmağa hazıram. Bu dəfə ayağı tərəfə filan. Tibbi prosedurlar üçün salvarını da çıxarsalar əla olar. Onda ta yüz faiz Daşka onu vecinə almaz. Çünki əminəm, burun dəsmalı bir yana dursun, onun əynində heç alt paltarı da yoxdu. Nə bilim, yəqin ki, bu məsələdə də yanılıram. Alt paltarıı yox ha, qadın marağı baxımından deyirəm.

Mənim də özümdən çıxmağıma səbəb vardı. Birincisi, mən "heyvan" deyiləm, Pişiyəm. Və bu, hansısa meymun, ya da təsadüfi çöl quşlarından qat-qat yuxarıda olmaq deməkdir. İkincisi, ümumiyyətlə, filmdə digər heyvanlar çəkilmir. Məgər birlikdə filmə çəkildiyimiz hansısa atı və ya köpəyi mənim kimi müstəqil, azad iradəli varlıq hesab etmək olarmı? Yox, onlar xidmətçilərdir, müti quldur, hərçənd... onlar da heyvandır. Bir sözlə, mən onsuz da haqlıyam. Hə, yeri gəlmişkən, bayaq dediyim o itin adı Apelsin, atın adı isə Klyukovka idi. Tumları eynidi! Ürəyin ağzına gələr. At əvvəlcə durmadan məni təpikləyir, it isə pəncə atırdı. Sonradan öyrəşdilər, çünki filmdə baş rol mənimdir. Hərçənd, gicbəsər rejissor belə düşünmür.

Yaxşı, yenə əzablar söhbətinə qayıdaq. Bu reportyorcuq bütün günü çəkiliş meydançasında girələndi. Həm də əsasən Daşkanın böyür-başında. Amma qız özünü görməməzliyə vururdu. Yəni əsl pişik oyunbazlıqları. Məndən dərs alıb! Rejissor da elə-belə, yola vermək üçün Daşkaya da hansısa epizodda kiçik bir rol verib. İndi də bu özünü necə Nikol Kidman hesab edir?! Kidmanla tanışlığım yoxdu, nə yalan deyim, amma Daşkanın otağında onun divar boyda fotosu asılıb. Bəziləri hesab edir ki, onlar bir-birinə çox bənzəyir. Hətta mən deyərdim ki, hər ikisinin üstünə quyruq və bığ taxılsa cüt bacı da sayıla bilərlər. Amma əsl vaşaqa bənzəməyə hünərləri çatmaz.

Və bütün kameralar, əlbəttə ki, mənə yönəlib. Epizodu at tövləsində çəkirdilər. Guya üçümüz birlikdə bu tövlədə yaşayırıq: Klyukovka, Apelsin və Blyambus. Guya dostlaşmışıq, aramızdan su da keçmir. Mehtər isə daim keflidir və həsirin üstündə yatır. Doğrudan da, həmişə ondan odekolon və araq iyi gəlirdi. Arağı odekolondan əvvəl gillədirdi. Guya heç kim bilməyəcək. Onsuz da məndən və Apelsindən savayı heç kəs bilmirdi ki. Düzdür, Klyukovka da ondan kənar gəzirdi. Bir sözlə, oğrular bu qoca yabını oğurlamalıydılar. Guya ki, bu, matah bir yarış atıymış. Di gəl, dırnağını güc-bəla ilə qaldırır, o da ot-ələf versələr. Oğru bir az əvvəl mehtəri içirib kefləndirir və o da öz həsirinin üstünə sərilib yuxuya gedir. Yəqin, mehtər özü əvvəlcədən odekolon gillədibmiş, üstündən də araq. Səhv salıb, olan işdir. Uzanıb yatır və əməlli-başlı xoruldayır. Əsas səhnə başlayır.

Ssenariyə görə, mən Apelsinlə birlikdə Klyukovkanı xilas etməliyəm. Məlum məsələdir, biz yox, bəs kim xilas etsin? Bu, yabı cüssəli olsa da kütbeyindir. Kim üstünə minsə sürüb gedəcək. Atların boyunduruqdan asılılığı həmişə məni təəccübləndirib. İradə deyilən şey yoxdur da bunlarda! Heç olmasa Apelsin sırıqlı gödəkcə geyinmiş oğruya hürdü, aranı qarışdırdı, di gəl, bu Klyukovka müticəsinə mıhmızlanmağını gözləyir. Əslində, o mənim heç vecimə də deyildi. Mən Daşkanın dərdindəydim. Reportyorun onun qulağına necə pıçıldadığını görürdüm. Daşka da yenə qımışır. İndi bax, deyin görüm, mən ilk növbədə kimi xilas etməliyəm, bu yabını, yoxsa Daşkanı? Bax burda hansı rola girim? Aktyor iztirabı bu deyil, bəs nədir? Yalvarıram, deyin də.

Oğru Klyukovkanı tövlədən çıxaranda Apelsin onun sırıqlısından yapışmalıydı, mən isə papağından. Məşqlərdə hər şeyi necə lazımdırsa elə də edirdik. İti başa salmaq elə də çətin olmadı, hərçənd, o da bütün itlər kimi kütün birisidir. Öküzlər qırmızı parçaya cumduğu kimi, itlərin də işi elə bütün sırıqlı keçələrin üstünə atılmaqdır. Öküzlər də bir işə yaramayan, mənasız heyvanlardır. Həm də kütbeyindirlər. Daşka məni kəndə aparanda onlardan biri ilə tanış olmuşdum. Bir gün o barədə də danışaram. Məndə belə söhbətlər coxdur. Hə, onu deyirdim axı, xüsusilə bu səhnə çox xoşuma gəldi. Çünki rejissor oğrunun papağına valerian səpmişdi. Bax bundan sonra hansı pışik bu cırıq-mırıq dovşansayağı leşdən yapışmaz ki?

Hə, elə bu vaxt görün nə oldu? Bir də baxdım ki, reportyor Daşkanın qoluna girib onu kənara çəkdi. Pıçıldaşmağa davam edirdi. Ruhum iki yarıya bölündü. Bir yarım hesab edirdi ki, indi bu yaramaz məxluqu - reportyorcuğu Tuzik kimi cıbırıqlamaq lazımdır, digər yarım isə Stanislavskinin qanunlarına tabe olmağımı istəyirdi. Belə bir hadisə həyatımda ilk dəfə baş verirdi. Burnum valerianlı papağa can atır, ürəyim isə məndən uzaqlaşan cütlüyün yanına uçurdu.

- Motor! - deyə, rejissor komanda verdi.

Özümü saxlaya bilmədim. Sevimli pəncələrimə tüpürüb əvvəl Apelsinin, sonra Klyukovkanın üstünə, sonra isə rejissorun çiyninə hoppandım, onun da çiynindən başqa kiminsə üstünə qondum və uzun bir tullanışla reportyoru haqladım, papağının əvəzinə onun sıx saçlarından yapışıb cırmaqladım. Daşka məni onun başından alıb səbətə soxmamış qışqırıq və qovğa içərisində imkan tapıb jurnalistciyin saçlarını yola bildim. Düşmən üzərinə öz məqsədyönlü hücumuma görə çox xoşbəxt və qürurlu halda səbətin içində nisbətən sakitləşdim. Biz vaşaqlar beləyik. Yəni təxminən vaşaqlar...

Daşka reportyoru bu dəfə də bayaqkı tibb məntəqəsinədək müşayiət etdi, filmin çəkilişlərinə isə yarım saat fasilə verildi. Amma rejissorun təqdiredici ifadələri uzun zaman yadımdan çıxmadı:

- Görün necə də istedadlı Pişikdir! Necə plastikası, parlaq hissetmə qabiliyyəti, emosiyaları var! Çox təəssüf, lazım olan adamın üstünə cummadı... Eybi yox, neçə dubl lazımdırsa, çəkərik.

Yaxşı oldu. Tərif urəyimə valerian kimi yayılır. Mən filmə çəkilməyi sevirəm. Bir parça çay balığına görə yox, əlbəttə, incəsənət naminə. Bunu o mənada deyirəm ki, film çəkilişləri zamanı təkcə heyvanlarda deyil, insanlarda da müxtəlif cür əzab-əziyyətlər olur. Hə, bir də bu cür axmaq suallar verməyin. "Çəkilişlərdə bircə heyvan da zərər çəkməyib" kimi küt ifadədən pis heç nə ola bilməz, axı. Olanda elə olur! İnsanlar məndən yaxşı bilər, mənəvi acılar fiziki əzablardan daha ağırdı. Bunu qanmayana nə deyim?

Sonrası necə oldu? Bu tamam başqa tarixçədir. Bircə onu deyə bilərəm ki, mən hal-hazırda öz mənzilimdə divanın üstündə uzanmışam, Daşka isə mətbəxdə kofe hazırlayır. Reportyor hardadır? Reportyor kresloda oturub televizora baxır. Budur, ayağında başmağı, pəncələrini yellədir.

Tərcümə Məqsəd Nurundur

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!