Bir əfsanə söylə - Yaddaşın ekologiyası - Rüstəm KAMAL

Rüstəm KAMAL

Orda saqqalına yaş dama-dama
Əfsanə söyləmiş bir qoca mana…

S.Vurğun

"Bu mədəniyyətin əsrarını bilmək üçün" (Y.V.Çəmənzəminli) əfsanələrə və rəvayətlərə müraciət etmək lazımdır.

Əfsanələr və rəvayətlər etnik düşüncəmizi formalaşdıran matrisadır. Hər xalqın, hər bölgənin öz əfsanə - rəvayət matrisası var. Xalqın matrisasını dəyişmək üçün yaddaşındakı əfsanə-rəvayət kodlarını dəyişmək kifayətdir.

Bu janrın məqsədi xalqın keçmişilə  əlaqə yaratmaqdır! Tayfa-soy mənşəyinin, etnik tarixin vacib dövrləri, coğrafi relyefin yaranması ilə bağlı konkret informasiyanı vermək lazım olanda rəvayətlərdən istifadə olunubdur. Rəvayət hadisələrin qısa məzmununu ifadə edir.

Rəvayətlə əfsanənin janr hüdudları sürüşkəndir və bu, janrın struktur çevikliyi ilə bağlıdır. Folklor çərçivəsində mif, nağıl,  rəvayət və əfsanə janrlarının  müəyyənləşdirmək cəhdləri hələ də müsbət nəticələr vermir. Bəzən nağılla əfsanə "qarışdırılır". Məsələn, qədim yunan ənənəsində "mif" və "nağıl" eyniləşdirilir. Bir çox yunan mifləri nağıllar, yaxud tarixi rəvayətlər kimi nəzərdən keçirilir. "Mif" sözünün mənası "təhkiyə, təmsil" deməkdir. N.Kunun məşhur kitabı "Qədim Yunanıstan mifləri və əfsanələri" adlanır (Səhv etmirəmsə, qədim yunanlarda əfsanələr olmayıbdır).

Rəvayət və əfsanələrə mənəvi dünyagörüşümüzün ifadəsi kimi də baxmalıyıq, mifopoetik təfəkkürdən tarixi təfəkkürə keçid mərhələsini əks etdirir və ounn yeri sakral zamanla tarixi zaman arasındadır. Bu mətnlərdə zamanın nişanəsi-işarəti olur, əbədiyyətin simvolu var.

Düzdür, XX yüzilin əvvəllərində Azərbaycan nəsrində və poeziyasında bir maraqlı mədəni hadisə baş verir. Azərbaycan xalqının mənəvi matrisası üçün müəyyən işlər görülür. Əfsanə və rəvayətlər əsasında poemalar, hekayələr yazılır. Y.V.Çəmənzəminli "Avesta" rəvayətləri əsasında "Qızlar bulağı" romanını yazır. M.Müşfiqin, S.Vurğunun, M.Rahimin poemalarını xatırlamaq olar.

Məhz yazıçı mifologiyasının yaratdığı əfsanələr XX əsrdə Babək, Cavanşir obrazlarının matrisamızda kodlaşmasını sərtləndirdi. Kommunizm (bolşevizm) ideologiyasının və ateizmin tüğyan etdiyi bir ölkədə saxta qəhrəmanlarla  (Pavlik Morozov, Stalin, M.Əzizbəyov və s.) yeni sosialist şəhərləri ilə bağlı süni əfsanələr uydurulurdu.

Xalqımızı halalca əfsanələrini və rəvayətlərini yad motivlərdən, qondarma süjetlərdən, folklorşünas naşılığından qorumaq lazımdı. Xalqımızın əxlaqına mənəviyyatına yad olan dəyərlərin əfsanələr formasında yayılmasının qarşısını almalıyıq. Ustadım Yaşar Qarayev yazırdı ki, mənəviyyat bütövlüyü parçalananda ərazi bütövlüyü də qorxu qarşısında qalır.

Təəssüf ki, mənəvi dəyərlərimizə zidd olan əfsanələr, rəvayətlər bu gün də  dövriyyədədir. "Gəncəbasar folkloru" kitabından Gəncə toponimi ilə bir mətni nümunə gətirək: "Cənabi Əmir bir gün seyrə çıxır, səhrada bir çobana rast gəlir. Çoban həmin səhrada sürülərini dağıdıb otarırmış. Cənabi Əmir ətrafa baxır, çobana deyir ki, burada şəhər salmaq heç də pis olmaz.

Çoban onun sözünü təsdiq edir, dili pəltək olduğu üçün deyir:

- Bura nə gencə yerdir. - Yəni demək istəyir ki, bura çox geniş yerdir. Cənabi Əmir həmin yerdə şəhər salır, çobanın sözündən həmin şəhərin adını Gəncə qoyur".

Psevdoxalq etimologiyası və naşı süjet üzərində qurulmuş bu mətni uşaqlarımıza necə təqdim etmək olar?

Yaxud C.Cabbarlının "Qız qalası" poemasını götürək. Vaxtilə bu əfsanə süjetinə haqq qazandıranlar da oldu.

Bu əfsanəni xalqın "mən"inə qarşı bir təxribat kimi dəyərləndirən xalq şairi N.Həsənzadə bu əfsanənin yaddaşımızda kök salmasına qarşı haqlı narazılığını bildirmişdi:

Azərbaycan torpağında
Ola bilməz dillər töksün,
Ya diz çöksün
Ata qızı qabağında.
Öz qızına, balasına
"Sevgilim ol", "arvadım ol" desin ata,
Bu ləkədir həm ataya, həm övlada,
Bu ləkədir mənim üçün.
Sənin üçün,
Onun üçün.
Namərd özü ləkəlidir bu şər üçün
İşğalımın söz yarasıdır,
Ədavətdir.
Amma adı əfsanədir,
Rəvayətdir.

Y.Lotman deyirdi ki, hər bir xalqın mədəniyyət tipini, yaddaş tipini müəyyən nitq janrları şərtləndirir.

Məsələn, xalq hədisləri nitq janrları kimi Naxçıvan türklərinin  yaddaş və  təfəkkür tipinin bərpasını mümkün edir. Hədislərin rəvayətlər və nağıllara tipoloji oxşarlığı diqqəti çəkən məsələdir və gələcək elmi araşdırmaların mövzusu ola bilər.

Xalq hədisləri iki mikrostrukturun - tarix və metatarixin qarşılıqlı əlaqəsindən, simvolundan yaranmış mətnlərdir. Həm mif məkanını, sakral zamanı, həm də tarixi təhkiyə zamanını ifadə edir.

Nağıl üçün də, hədis üçün də yol motivi və möcüzə motivi mühüm şərtdir. Hər ikisində ölüm motivi üstün mövqeyə malikdir. Sadəcə hər biri ölümü fərqli şəkildə  şərh edir. Hədislərdə ölümə əbədi həyata giriş kimi, yenidən doğulma kimi baxılır.

Hər əfsanə, hər rəvayət gənc nəslin vətənpərvərlik tərbiyəsi dərsidir. Vətənpərvərliyin, yurd sevgisinin mənbəyini əfsanələrdə və rəvayətlərdə axtarmaq lazımdır.

Kral Arturla bağlı əfsanələr Böyük Britaniyada ingilis aristokratiyasının  neçə nəslini formalaşdırıbdır. Kral Artur obrazı ingilis uşaqlarında kral hakimiyyətinə sayğı hissini tərbiyə edibdir.

Bu gün qazax xalqı milli özünüdərki, dövlətçilik yaddaşı ucsuz-bucaqsız yovşanlı çöllərdə, yurtalarda söylənilən əfsanələrin hesabına bərpa edir.

Qorqud rəvayətləri də qazax xalqının yaddaşında belə qalıbdır.

Qazaxıstanda iki dağın adı  ilə bağlı əfsanələr (Xalıq Koroğluya istinad edirəm) dediyimizin sübutudur. Birinci əfsanəyə görə, Qorqud dombrası ilə qazax çöllərini gəzib-dolaşarkən bir dağın ətəyində dombrasının muncuğunu salıb itirir və o vaxtdan həmin dağ Monşaktı adlanır. İkinci əfsanədə deyilir ki, Qorqud bir dağda dombrasını qoyur və ona görə də və həmin dağa Dombralı deyilir.

Göründüyü kimi, bu mətnlərdə Qorqud toponimik əfsanə personajı kimi çıxış edir ki, bu da hər iki əfsanənin yaradılış mifi ilə bağlılığını göstərir.

Məhz qazax-qırğız əfsanələri türkün böyük yazıçısı Çingiz Aytmatova romanlarında epik-etnik miqyası kosmik miqyasa keçirməyə imkan veribdir.

Qarabağ xanlığının tarixinə bizi "Pənah xan mifi", Pənah xanın obrazı bağlamır, yaddaşımızda Ağabəyim xanımın qürbətdə söylədiyi bayatı oxunur (…"Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ").

Biz, də gənc yazıçı Troya hadisəsini, Peterburq əfsanələrini bilməsi ilə öyünür. Amma Pənahəli xanın Şuşanın inşası ilə bağlı rəvayətlərə ehtiyacımızı kim ödəyəcək?

Rəvayətlər və əfsanələr xalqın öz tarixinə, hətta deyərdim ki, öz taleyinə baxış fəlsəfəsidir. Virtual texnologiyaların sürətli inkişaf etdiyi, kütləvi informasiya  məkanının genişləndiyi bir dövrdə sanki insanlarda müdriklik instinkti tədricən  zəifləməkdədir. Daha diziləri seyr edən ağbirçək nənə və ağsaqqal baba nəvəsinə əfsanələr danışmır. Bəlkə də ona görə müdrikləşə bilmir?

Müdrikliyin zəifləməsi epik janrların azalması ilə bilavasitə bağlıdır. Etnik məkanın sakral dəyərlərdən məhrum olması inanc-mif təfəkkürümüzü zədələyir və yaddaşımız üçün də ciddi təhlükə yaranır.

Güman edirəm ki, bunun üçün bəzi məsələlərin görülməsi vacibdir.

Uşaq bağçalarında, körpələr evində, orta məktəblərin ibtidai siniflərində Azərbaycan yazıçılarının əfsanələrindən ibarət oxu dərsləri təşkil etmək, audioviziual disklər buraxmaq olar. Bu, gənc nəslin mənəvi tərbiyəsində vacib şərtlərdən biridir. Milli əfsanələrlə böyüyən uşaqlar bu vətəni şərəflə qoruyacaqlar.

Şovinizm, irqçilik, ksenofobiya hissləri xalqımıza yaddır. Bizim gücümüz bizim birliyimizdədir. Bu dərslərdə ölkəmizdə yaşayan müxtəlif xalqların əfsanə və rəvayətləri yer almalıdır. Xınalıq əfsanələri də bizim zənginliyimizdir.

Əfsanə və rəvayət kitablarının tirajını artırmaq lazımdır və o qədər ucuz olmalıdır ki,  hər kəs ala bilsin, uşağına hədiyyə edə bilsin, evdə oxuya bilsin.

Yazıçıların yazdığı əfsanə və rəvayətlərin radioefirlərdə səslənməsi, internetdə verilməsi dilimizin gözəlliyinə, obrazların əzəmətliyinə inandırar. Sözün nüfuzu isə yazıçının nüfuzunu qaldırar. Əfsanələr və rəvayətlər əsasında fentezi, macəra janrlarında əsərlərin yazılması Azərbaycanın fantastik dünyasını yaratmağa imkan verər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!