Komada... - Anatoli Yexalov - hekayə

Anatoli Konstantinoviç Yexalov- yazıçı sənədli film rejissoru, Rusiyanın Əməkdar mədəniyyət işçisi, Voloqda vilayətinin kino və ədəbiyyat dövlət mükafatı laureatıdır. Nikolay Leskov, Valentin Oveçkin, Vladimir Gilyarovskiy ədəbi ödüllərinin sahibidir, Vasiliy Şukşin qızıl medalı ilə təltif edilib. 30-dan çox nəsr və publisistika kitabının müəllifidir. "Sehrli bərədə", "Ağ göldə ecazkar yay", "Qara rahibin sirri", "Rus şimalının unudulmuş sənətləri", "İnək Zemun" adlı məşhur uşaq kitablarını yazıb. 150-dən çox televiziya filminin müəllifidir. Dörd övladı var. Voloqdada yaşayır.

 

Kənddə Qaroşina kimi tanınan Titova, Sanya qarı əyninə dizinədək düşən pencək, qırmızı şalvar geyib şalvarının balaqlarını yekə rezin çəkmələrinə salmışdı və payadan tutub yarımçıq ot tayasının yanında deyinirdi. Nərdivana söykənib otu tayaya təkcənə vururdu ki, əlində balta meşədən gələn Mişka Novoselovu görəndə sevindi.

- Hey, Mişka, orda qalan iki cəməni də mənə at, - həvəslə dedi.

Mişka etiraz etmədi. Güclüydü, cəmələri yuxarı birdəfəyə atdı və qarı tayanı tamamladı.

- Sən lap striptizçisənmiş, Sanya nənə!- gülərək dedi.

Qarı əhəmiyyət vermədi. Elə bu vaxt biçin sahəsini qara bulud örtdü, uzaqdan ildırım səsi gəldi, dəcəl yay yağışı torpağa səpələndi.

- Oy, Mişka, sağ ol, çatdıra bilməzdim. Ot çürüyərdi.

Qarı sevindi və Mişkanı yapalaxlanmış şam ağacının altında qurduğu komacığa dəvət elədi.

Komacıq qupquruydu, içəridən saman və şam qətranının iyi gəlirdi. Sanya qarı burda dincəlir, dua edirdi. Saman topasının üstündə balış üzü vardı. Sanka Qaroşina onun içindən duzlanmış iki dilim çörək və "Krasnıy Sever" qəzetinə bükülmüş yarımçıq araq çıxartdı.

- Sən lap göldə Leninsən ki...- Mişka dedi və otun üstündə yerini rahatladı.

- İndi oldu əla! - Sanya qarı məmnunluqla dilləndi. - İndi mənim otum da var. Götür, Mişka, vur getsin, - Novoselova yarımçıq arağı ona uzatdı.

Mişka etiraz etmədi və yarımçıq arağı şüşənin boğazından öz boğazına ötürdü, üstündən də qarının verdiyi çörəyi iylədi.

Yağış komacığın ağzını divar kimi kəsmişdi. Araqdan sonra dünya Mişkaya çox rahat və çox xoş göründü. Hər ikisi söhbətə girişdi.

- Hə, Mixail Varfolomeyeviç, sən tayanın yanında nə deyirdin? - Sanya qarı ağzındakı loxmanı çeynəyə-çeynəyə soruşdu.

- Deyirdim ki, striptiz göstərənlərə oxşayırsan.

- Necə yəni?

- Şəhərdə qızlar əyləncə üçün dirəkdən tutub fırlanırlar.

- Oynayırlar?

- Soyunurlar.

- Lütlənirlər?! Niyə!?

- Niyə, niyə? Sən qocalmısan, nənə. Bilməsən yaxşıdır...

- Yox, daha demisən, gərək axıradək deyəsən...

- Deyirlər, şəhərdə elə yer var ki, qızlar dirəkdə fırlanır, kişilər də onlara pul tökür.

Sanya qarı özünü dirəyin yanında lütlənərək pul qazanan qızların yerinə qoymağa çalışdı və susdu.

Mişka mövzunu dəyişdi.

- Seçkilərdə kimə səs verdin?

Sanya qarı sualdan yayınmağa çalışdı:

- İndi nə seçki, Mişinka? Ancaq əvvəllər seçki vardı, özü də əməlli başlı. Onda mağazalara hər cür mal gəlirdi. Arvadlarla səs verməyə gedəndə üstü şirəli pryanik, rezin çəkmə də alardıq... Bax, indi heç mağaza da yoxdur. Kaş, o zamanları qaytaraydılar, heç olmasa bir həftəliyə, - deyə Sanya qarı ah çəkdi.

- Mən də sizin o zəmanənizdə bir-iki gün qonaq olmaq istərdim. Özümə köhnə qiymətə köynək-zad alardım...

- Nə deyim, əvvəlki mallar indikilər kimi deyildi. Mənim stolumun üstündəki müşəmbə Stalin vaxtında alınıb, amma təptəzə qalıb.

Mişka Sanya qarıya şübhəylə baxdı.

- Deyirlər ki, Stalin qəddar olub. Leninlə də bağlı böyük şübhələr var, sən yaxşı bilərsən, çünki o dövrdə yaşamısan.

- Elədi, Mişka, bilirəm. Hər şey mənim gözümün qabağında olub, - Sanka Qaroşina razılaşdı, - mənim dədəm də partiya məktəbində oxuyub. Düzdü, böyük idarələrdə işləməyib, kənd sovetindən başqa, müftəxorlarla mübarizə aparıb. Mən siyasi savadı ondan öyrənmişəm. Onların böyüyü, Mişka, Kars-Mars olub, gur qara saqqallı. Deyirlər ki, onun iki qızı olub: biri Jenya, o birisinin adı yadımda qalmayıb, bəlkə də Tanya...

Mişka:

- Sanya nənə, mənim tarixdən çox da başım çıxmır.

- Onda qulaq as. Vladimir İliç Lenin və Osip Vissarionoviç xaricdə bu Kars-Marsdan dərs alıblar. Hər ikisi böyük vəzifədə olub. Onlar haqqında pis bir şey deyə bilmərəm.

Mişka otun üstündə uzanıb, içdiyi araqdan və söhbətdən həzz alırdı.

- Axırıncı iki ili Lenin ağır xəstə olub, ölkəni yataqdan idarə edib.

- Bəs Stalin?

- Osip Vissarionoviç bazburudlu kişi olub, bığlı... O, nazirləri, katibləri ağlı ilə idarə edib. Şəxsən. Ona da ancaq Kaqanoviçlə Voroşilov kömək edib. Bütün ömrü boyu düşmənlərlə, casuslarla mübarizə aparıb. Beriya da casus olub. Kremli mühasirəyə alıb. Stalini məhv etmək istəyirmiş. Stalin də eyvana çıxıb, əsgərlərə əmr verib: "Bu vətən xainini həbs edin!". Beriyanı da belə tutublar. Stalin xalqın dostu, müəllimi və başçısı idi. İndi rəhbər yoxdur, ona görə idarəetmə də yoxdur.

Sanya qarı susdu. Mişka da dinməzcə nəsə fikirləşirdi.

- Nəhayət, Mişka özünə gəldi.

- Bəs, sən indi kimə səs verdin e?

- Kimə, kimə!? - Sanya qarı cırnadı. - O iylənmişə, şeytana! Bilirdim ki, aldadacaq, aldatdı da!

Yenə susdular.

- İki aydır ki, avtobus işləmir, mağazanı da bağladılar. Hara şikayət edək, Mişa!?

- Xeyri yoxdur! - Mişka əlini yelləyərək dedi.

Sanya qarı onunla razılaşmadı:

- Yox, raykoma getmək lazımdır. Bu, qanunsuzluqdur!

- Sanya nənə, indi raykom yoxdu, ləğv ediblər.

- Onda rayispolkoma, - qarı dediyindən dönmədi.

- Rayispolkom da yoxdur. Onu da ləğv ediblər.

- Onda gedək meşə təsərrüfatına. Avtobus da onlarınkıdı.

- Səndə də işlər var ha, nənə. Stalin haqqında hər şeyi bilirsən, amma meşə təsərrüfatı haqda yox. Təsərrüfatı İsveçə satıblar, səni də onun üstündə.

- Necə yəni məni də? - Sanya qarı cırnadı.

- Hə, sən-mən qarışıq. Klubda səs verən sən deyildinmi?

- Hamı səs verirdi. Necə demişdilər elə.

- Bəs mən nə deyirəm? İndi sən də, mən də "Vikinq Çör-Çöp Limited" Səhmdar Cəmiyyətinin üzvləriyik.

- Pioner?

- Tfu sənə, kar toyuq!

- Mixail Varfolomeyeviç, sən rayonda bir şey eşitməmisən ki? Yuxarılar nə fikirləşir? Sovetləri bərpa eləmək istəyirlərmi? Gözləyək, yoxsa demokratların hakimiyyətində ölək?

- Sən sovetlər tərəfdarısan? - Mişka təəccüblə dedi. - Bəs niyə başqasına səs verdin?

- Elə bil özümdə deyildim. Eləcə də səs verdim. Yaxşısı budur ki, bu siyasətçilərin hamısını süpürüb atasan çaya. Bizim müəllimimiz və rəhbərimiz Kars-Mars və Findrix Engelsin göstərdiyi yolla gedək, - deyə qarı yekunlaşdırdı.

Mişka ona hörmət hissiylə baxdı.

- Yaxşı, İvanovna, sən mənə de görüm Darvin nəzəriyyəsi haqda eşitmisənmi? İnsan meymundan əmələ gəlib? İndi Darvini də şübhə altına alıblar. Sən nə fikirləşirsən?

Mişanın sualı Sanya qarını çaşdırmadı və o, meşədə ağac kəsən zaman sağ qalan tək gözü ilə həmsöhbətinə ciddi nəzər saldı.

- Mixail Varfolomeyeviç, bu işi bizim sovet alimləri həll etməliydilər. Deyək ki, Saxarov. Necə böyük alim idi. Hidrogen bombasını kəşf etdi. Bu işə isə fikir verməyib. Bax, Saxarov sadə sovet adamı ilə meymunu cütləşdirməliydi.

- Ay səni eksperiment həvəskarı! - Mişka qəhqəhə çəkdi. - Heç nə dediyini bilirsən? Meymunu dölləndirmək! Buna kim razı olar?

- Səfeh, süni mayalandırmağı deyirəm. Toxum götürmək və mayalandırmaq.

- Hə, elə olar, - deyə Mişka razılaşdı.

- Baxmaq lazımdır, alınır, ya alınmır. Alınırsa, görəsən, o, hansı sifətdə olacaq: meymunmu, insanmı? Bəlkə onda tapmacanın cavabı tapılar...

- Bəs, sən özün nə fikirləşirsən? - Biz insanlar hardan əmələ gəlmişik, meymundan deyiliksə? - Mişka alnını qırışdıraraq soruşdu.

- Gör, mən nə deyirəm, Mixail Varfolomeyeviç, biz zəhmətkeşlər torpaqdan əmələ gəlmişik, şairlər, generallar, rəhbərlər bəlkə də Adəm və Həvvadan... Bizim fermer Vaska Qusakov da... Broketlər, xermerlər, oğrular və canilər dəqiq meymundan əmələ gəliblər...- Sanya qarı dedi və fikrə getdi...- Bir də dediyin nəydi onların adı?

- Striptizçilər.

- Sənin o striptiz göstərənlərin də meymundan törəyiblər.

Qarının nəzəriyyəsindən Mişkanın ağzı açıq qaldı.

Sanya qarı da göstərdiyi effektdən qımışdı.

- Bax bumu? Meymundan əmələ gəldiyi bir yana, onun casus olduğundan da şübhələnirəm.

- Casus? - Mişa dirçəldi. - Sanya nənə, şişirtmə. Casus nəyimizə gərəkdir? Hansı kəşfiyyata?

- Casus, Mişka, casus! Sən gəlmələr haqda eşitmisən? - Sanya qarı pıçıltıya keçdi. - Mən ot biçməyə gedən kimi, o da zənbili qoluna keçirib dalımca meşəyə girir. Onun meşədə nəsə ratsiyası-zadı var. Ordan da gəlmələrə məlumat ötürür. Onlar da bizi su bombasına basırlar: yağış yağır, sel kimi tökür. Bütün otumuz çürüdü...

- Axı onun özünün də otu yoxdur. - Mişka qarının kəşfinə şübhə elədi.

- Onunçün nə fərqi. Onu gəlmələr saxlayır. Ona xaricdən bir şalvar göndəriblər. Çoxlu mis düymələri var. Deyir ki, humanitar yardımdır. Bəs, o yardımdan sənə və mənə niyə göndərmirlər?

- Hə, göndərmirlər, - Mişka fikirli-fikirli razılaşdı.

- Hə də...

Yağış qəfil başladığı kimi qəfil də kəsdi. Göy üzünün suyu ilə yuyulmuş ətraf Günəşin şüaları altında almaz kimi bərq vururdu.

Mişka və Sanya Qaroşina komadan çıxdılar və bu mənzərəyə heyran oldular.

- Mişka sən balta ilə hara gedirsən? - deyə, çayın vadisindən gələn qoxunu həvəslə ciyərlərinə çəkən qarı işgüzarcasına soruşdu.

- Fermer üçün ağac kəsməyə, - amma nəsə həvəsim qalmadı. Bəlkə səhər getdim, bəlkə də yox.

- Düzdü, Mişka, müftəxora hamballıq etməyə dəyməz.

Onlar ayaq saxladılar.

- Elədirsə, onda getdik evə! - deyə qarı komanda verdi.

Onlar yola çıxdılar. Cütlük məzəli görünürdü: əlində balta, uzun və arıq Mişka, çiynində dırmıq və yaba, əynində dizədək pencək balacaboy Sanya qarı...

- Mişka, niyə dinmirsən? Oxu görək!

- Kirkorov-zadam mən!? Həvəsin var, özün oxu!

Sanya qarını dilə tutmaq lazım gəlmədi. O, addımlarını düzəltdi və gümrah səslə oxumağa başladı.

Qərbə getmək əmr edildi -

Düşdü o başqa yola.

Vətəndaş savaşına

Könüllülır yollandılar.

Çay vadisi quşlarla doluydu. Sahilboyu səpələnmiş qaranquşlar hay-küylə uçuşur və göyə qalxan həşəratları tuturdular.

Elə bu vaxt, günün günorta çağı Ayı Bataqlığı tərəfdən yaşılımtıl işıq sezildi, işığın dalınca isə bizim qəhrəmanların eşidə biləcəyi uğultu gəldi. Sanki bataqlıqda nəhəng daşları üst-üstə yığırdılar.

- Allah, sən saxla! - Sanya nənə təlaşla xaç çəkdi. - Mişka, gör, Ayı Bataqlığında nələr olur, Allah eləməmiş, dünya dağılar e! Pensiyamı almamış öləcəyəm. Yüz rubl artırmışdılar, guya...

Mişka qınayıcı tərzdə qarının sözünü kəsdi:

- Sus, qarıldama! Yəqin ki, kosmosa yenə nəsə buraxıblar. Bunu hamı görə bilmir.

- Hə, düzdü, Mişenka, düzdü. Axır vaxtlar planetlilərlə gözümüzü qorxudurlar.

- Yadplanetlilərlə, - deyə Mişka düzəliş etdi.

- Deyirlər ki, onları Xarovsk rayonunda görüblər. Nəsə böyük bir boşqab imiş, ya da sini. İçindən də uzun qolları olan kişilər çıxıb. Guya ki, bir arvadı tutublar, yazıq dükandan gəlirmiş. Arvad onlardan uşağa qalıb. İndi o arvadı da, uşağı da institutda saxlayırlar. Alimlər onlara nəzarət edir.

- Sanya nənə, qorxma, mən, sən - biz onlara lazım deyilik. Sən qocasan, mənsə işsiz. Məni tutsalar, yedirtməli- içirməlidirlər. Nələrinə gərək?

Sanya qarı sakitləşdi.

Subasar çəmənlikdəki otlar buxarlanır və onların rayihəsi adamın başını gicəlləndirir, ürəyini döyündürürdü.

Tərcümə Dürdanə İbrahimovanındır

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!