Ulu Teymur - Axsaq xaqan - İvan BUNİN

 

-Ay vay-vay, ulu Teymur - Axsaq xaqan! - Krımın ucqar kənd qəhvəxanasından qalxan, gah dikəlib-enən qəm-qüssəli, hürkək, ehtiraslı, gah həzin-həzin, ümidsizcəsinə fəğan edən, gah da dəlicəsinə fəryad qonaran tükürpədici bir səs ətrafa yayılırdı.

Ayın qaranlığı, dumanlı, çisginliı yaz gecəsiydi. Qəhvəxana çevrəsindəki göylərə boy verməyən sıldırımlı dağ silsiləsinin qara izli suleti güclə seçilirdi. Qəhvəxananın tinindəki qaya dibindən keçən şosse yolda işlək vəziyyətdə saxlanan, üstündə palçıq bulaşığı ağaran avtomobilin işıqları da söndürülməmişdi. Yanan faralardan çıxan göz qamaşdırıcı işıq seli qəribə, əsrarlı bir mənzərə yaradırdı. İki nəhəng parıltılı duman sütununa çevrilib zülmətə sancılaraq göz işlədikcə dərindən-dərin irəliyə uzanırdı. Qaranlığın dörd bir yanından aramsız, ara vermədən nəmli və rütubətli, yengəri bir-birinə qarışan, sakitlik bilməyən küləklər əsirdi. Aşağıdan isə yaxında olmadığı aydınca sezilən, uzaq və gözlə görsənməyən dənizin bir-birini aşan dalğalarının gurultulu səsi eşidilirdi.

Qəhvəxananın içini qatı siqaret tüstüsü bürümüşdü. Tavandan asılmış nazik dəmir təbəqəli fanarın işığını daha da tutqunlaşdırırdı. Küncdə gur istisi olan ocaq çatılmışdı. Sinəsini od saçıb közərən qıbqırmızı köz qalağının üstünə tutub ocaq kənarında, gillə suvanmış torpaq döşəmədə oturmuş sərgərdan-dilənçi əzab verici, nagəhan bir səslə ulu Teymur-axsaq xaqan haqqında ətrafa yayılan, səs salan mahnısını oxuyurdu. Onun hay-hayı getmiş, vay-vayı qalmışdı. Yüz illin yesirinə oxşayırdı. Deməzsən, cındırından cin hürkürdü. Əynində mitili çıxmış qoyun dərisindən sırtovu, başında yağış-qar altda qalmaqdan, zaman-zaman gün döymədən rəngini atmış, kirdən, hisdən-pasaqdan tükü qartmaq bağlamış saçaqlı  basma papağı vardı. Dizi üstə sıxdığı, sağanağı odundan seçilməyən, hansı növdən olduğu bilinməyən simli musiqi alətinin üzərinə elə bir şəkildə əyilmişdi ki dinləyicilərdən kiminsə onun sifətini görə bilməsi qeyri-mümkün idi. Görünən isə ancaq arxadan papağının qalın saçaqlı tükləri arasından sivişib çıxan qəhvəyi rəngli qulaqlarıydı. Arabir elə barmaqlar çalırdı ki, az qalırdı simləri dibindən qırıb atsın. Tellərdən çıxan zil, kəskin səslər altında ümidsizcəsinə, dözülməz, dəlisov bir ovqatda kədərli avazla fəryad qoparırdı, səsini kəsmək bilmirdi.

Ocaq kənarındakı kətildə qəhvəxananı işlədən, üz-gözündən qadın zərifliyi, qadın incəliyi yağan xoşsifət tatar kişisi oturmuşdu. O, əvvəl-əvvəl tam nəvazişlə, iltifatcı bir halətdə deyil, bir az qüssəli, bir az da istehzalı şəkildə təbbəssüm etdi. Sonra nə oldusa, ovqatı dəyişdi, anlaşılmaz və qeyri-müəyyən hal aldı. Gülə-gülə qaşlarını çatıb duruxdu. Kətil üstə donuq durumda qaldı.      

Pəncərəm altındakı skamyada hündürboylu, arıq bədənli, çalsaqqal, qara cübbəli, ağ çalmalı hacı otururdu. Eşmə çəkdiyi məlum idi. Yaddan çıxmışı andıran qəlyanı piştaxta üstəydi. Çəkməli ayağı yerə sallalıydı. Zolaqlı, dizinədək çəkilmış yun corablı ayağını isə skamyanın üstə uzatmışdı. Başını divara söykəyib gözlərini yummuşdu. Əsmər sifətinin qaranlıq kölgə altında qeyri-adi, qəribə görkəmi vardı.

Hacının böyründəki stol arxasında oturanlar isə aftomobili saxladıb, natəmizliyi ilk baxışdan görsənən, içi zir-zibilli kənd qəhvəxanasında adama bir fincan qəhvə içmək fikrinə düşən gəlmələr idi. Onlardan biri əyninə su keçirməyən ingilis paltosu geymiş, başında qara qazançalı şlyapası olan dolu bədənli cənab, yanındakı isə yaraşıqlı gənc xanım idi. Xanımın mahnıya qulaq verib diqqət kəsilməsi və həyəcanlı vəziyyət alması ağapbaq simasının daha da ağararaq rənginin solğunlaşmasında özünü göstərirdi. O, cənubluydu, tatarcanı bilirdi. Ulu Teymur-Axsaq xaqan haqqında oxunan mahnının sözlərini başa düşürdü...

Sərgərdan - dilənçi mahnısını oxuyurdu:

-Ulu Teymur - axsaq xaqandan əzəmətli, həşəmətli, cəlallı bir başqa xan, xaqan kainatda yox idi. Kürreyi-ərzdə canlı-cansız nə var onun qabağında zağ-zağ əsirdi. Dünyanın ən gözəl qız-gəlinləri fövri də olsa, ona kölə olmaq üçün öz xoşbəxtlikləri naminə ölməyə belə hazır idilər. Ancaq ulu Teymur - axsaq xaqan ölum qabağı bazar başındakı tozlu-torpaqlı daş üstə oturub cır-cındır içində gəlib yanından keçən axsaqları, əlilləri, şikəstləri, ac-yalavac dilənçiləri qucaqlayıb öpür, onlardan imdad diləyirdi:

-Ruhumu canımdan çıxarın, ey əlillər, dilənçilər, sizdən bundan başqa, bundan artıq, özgə bir arzu-istəyim, təmənnam yoxdur! - deyirdi.

Nəhayət, sanılı günü çatanda Allah - Taala öz rəhmətini onun üzərinə endirdi. Onu fani dünyanın şan-şərəfindən, keçici, aldadıcı eyş-işrətindən, nəşəsindən azad etdi. Tezliklə bütün çarlığı parçalandı, sarayları, şəhərləri dağıldı. Xarabalıqları günəşin cəhənnəm atəşinə dönmüş alovundan od alıb yandı, qum tozuna bələndi. Qalan və olan nə var şirələnmiş qiymətli kaşı örtüyünə bənzər mavi səma altında qaldı... Ay vay, vay ulu Teymur-Axsaq Xaqan! Hanı o günlər, gördüyün işlər? Hanı girdiyin döyüşlər, çaldığın qələbələr? Hanı yatağına baş qoyan nəvazişli qız-gəlinlər, səni bir-birinə qısqananlar, səni sevənlər, qara gözləri günəş tək şəfəq saçanlar?      

...Hamı sükut içində, mahnının təsiri altındaydılar. Xanımsa ümidsiz kədərin, acı tənələrin onda yaratdığı hal-qəziyyədən özünü əldən salmalı olsa da, qəzavü-qədərin yaratdığından daha şirin, daha yüksək, ehtiraslı ovqatın məngənəsindəydi.

Dolu bədənli cənab gözlərini stola zilləyib siqara tüstüsünü bir-birinə calayırdı. Xanımı kədər-sevinc qarşılığında mat-məəttəl qalmışdı. Özündən asılı olmayaraq, yanaqlarına göz yaşları süzülürdü. Onlar bu sayaq bir müddət də oturub ayağa qalxdılar. Qəhvəxananın artırmasına çıxdılar. Sərgərdan - dilənçi mahnısını kəsmişdi. Bayaq qəhvəxana sahibinin ona verdiyi daşa dönmüş boyat qoğaldan bir tikə qoparıb ağzına atdı. Bir neçə dəfə ovurdları arasında o tərəf-bu tərəfə gəvələyib çeynəməyə başladı. Oxumağa hələ davam edəcəkdi, mahnısının sonu qurtaran, gəlmələr isə yollarından qalan deyildi.

Xanım ayağa qalxıb artırmaya çıxarkən əyilib sərgərdan dilənçinin ovcuna qızıl təklik basdı. Ondan aralanınca, həmən əndişələndi. Düşündü ki, bir qızıl təklik  azdı, qayıdıb bəlkə əlavə birin də, yox, iki, üç və ya nəyi var versin və onun kobut, qaba əllərindən öpüb ondan aralansın. Göz yaşları hələ də gözlərini yandırırdı. Lakin mahnını dinlədikdən sonra bu dəqiqə, bu anadək heç vaxt belə bir hissiyyat duyğusu, xoşbəxtlik anı qəlbinin dərinliyinədək bu sayaq işləməmişdi. Ona belə bir xoşbəxtlik anı bəxş etməmişdi. Bəli, dumanlı, çisəkli, zülmətli və rütubətli, yaz yağışının qoxusu gələn, uzaq və gözlə görünməyən dənizin gurultulu səsi eşidilən, küləyi sakitlik bilməyən bu gecə öz əsintisi ilə bu dünyanın fani və puç, ələmli, keçici bir aləm olduğunu qədərincə dərk etdirdi ona.

Avtomobilin arxa sırasında dirsəklənib oturmuş sürücü sərnişinlərin gəldiyini görüb tez-tələsik özünü yerə atdı. Faraların işığı altından əyilərək keçmək istəyəndə qısa ətəkli kurtkasını tərs üzünə çiyninə saldığından işıq selinin fonunda onun hansısa bir vəhşi heyvana bənzər əcaib görüntüsü alındı. O, cəld sükan arxasına keçib mühərriki işə saldı. Maşının uğuldaması ilə yerində titrəməsi bir oldu. Dolu bədənli cənab xanımının miniyə qalxmasına, onunla yanaşı oturmasına kömək etdi. Sonra da onun böyük yun şalını dizləri üstə sərdi. Xanım fikri dağınıq halda ona öz təşəkkürünü bildirdi.

Avtomobil qarşıdakı dikə qalxmaq üçün üzü enişə sürət götürdü. Şosse yolun keçdiyi yal-yamaclardakı kol-kosların hər biri faralardan düşən işıq selinin önündə parıltılı sütunlara dönür, dönmələrdə sütunlar gah yan-yana yıxılıb yox olur, gah da qarşıdakı döngədə yenidən dikəlirdilər. Enmələrdə isə hər yan yenidən qaranlığa qərq olurdu. Yüksəklərə qalxdıqca az-maz gözə dəyən dağların nəhəng, azman şəkil alan konturları çızılırdı. Əngin səmalarda yerə çiskin səpən qara buludlar arasında ulduzlar sayrışırdı. Xeylaq irəlidə isə körfəz döngəsində sahilə çırpılan dalğaların ağartısı sezilırdi. Sərin, yumşaq, həlim yaz küləyi gənc xanımın üzünə gah sığal çəkmiş sayaq toxunur, gah da təsirini şiddətləndirirdi...

Mahnıda deyilirdi ki, ey ulu Teymur-Axsaq xaqan! Küllü-kainatda qara bənizli, yanar gözlü, şəfalı və nur üzlü Həzrəti-Cəbrayıla, müdrik, cah-cəlallı Çar Süleymana tay olmadığı kimi, Yer üzündə cəsurluqda, xoşbəxtlikdə, şan-şöhrətdə sənə bərabər kimsə yox idi. Parlaq və yaşıl cənnət yarpaqlarından çeçilməyən tac- ipək sarğının almaz lələyi yeddi rəng saçan yanar ulduz kimi başın  üstə titrəyir və bərq vururdu. Dünyanın ən gözəl şahzadə qızları və kənizləri hind zərindən hazırlanmış tünd rəngli, barmağına dar keçirilmiş qaşlı üzüyünə dodaqlarının ucunu toxundurmaq üçün canlarından keçməyə hazır idilər. İndi isə Yer üzünün nə nəşəsi var son damlasınadək içib tozlu-torpaqlı bazar başındakı daş üstə oturmusan. Ey ulu Teymur - axsaq xaqan! İndi kəlib keçən şikəstlərin, dilənçilərin cır-cındır paltarlarından yapışıb onları qucaqlayırsan, üz-gözlərindən öpüb onlardan aman diləyirsən:

-Mənə əzab verən ruhumu canımdan çıxarın, şikəstlər, dilənçilər - deyə fəryad edirsən.

Sənin unudulmuş qəbrin üstən neçə əsrlər adladı. Saraylarının, tikdirdiyin məscidlərin xarabalıqlarını qum qatı örtdü. Onlardan üstə əbədi olan mavi səma, bir də hərarətini yerdən əsirgəməyən günəş oldu. Bir də məqbərə içindəki məzarının mavi kaşıları arasından əziyyətlə özünə yol tapan yabanı itburnu kolu oldu, cücərib boy atdı. Hər bahar təkrar-təkrar güllənən çiçəkləri həsrətində olduqları bülbüllərin bəxt ulduzlarına döndü, könüllərini ovladı. Hər yaz budaqdan budağa qonan bülbüllər cəh-cəh vurub ürəklərini partlatmaq həddinə çatdıran, can üzücü, iztirablı, lakin şirin kədəri, dərdi şirin nəğmələrini oxudular... Ay vay, vay, Ulu Teymur - axsaq xaqan! Hanı sənin cançəkici müdrikliyin? Harda qaldı ruhunu yerindən oynadan dərdlər; göz yaşları, yoxsa budur səni azdıran, ödü ağızdan çıxaran dünyaya tamah salmanın sonu?..

Dağlar arxada qaldı. Şosse yolu dəniz qırağına, düzənliyə düşdü. Avtomobil iri qum dənələri ağaran və dəniz xərçənginin qoxusu gələn sahil boyunca irəli şütüyürdü. İrəlidə keçiləsi qaranlığa qərq olmuş vadi dururdu. Hər tərəfə qırmızı, ağ işıqlar səpələnmişdi. Uzaqda isə şəhərin çəhrayı rəngli şəfəqləri qızarırdı. Gecə elə bil dəniz körfəzinin və şəhərin şəfəqləri üstə çökmüş sisdən-hisdən yaranma qara və yumuşaq qurum təbəqəsiydi.   

Rus dilindən tərcümə etdi: Əlisahib ƏROĞUL

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!