Sayman Aruzun "Nəsimi" poeması haqqında - Səyyad Aran yazır

 

Sovet dövründə müxtəlif səbəblərdən istər ateizm ideologiyasının tələb və təsiri ilə, istərsə də o dövrün tədqiqatçılarının hürufilik və irfanla kifayət qədər tanış olmaması səbəbindən Nəsiminin hürufilik və təsəvvüflə bağlı görüşləri vaxtında lazımi dəyərini almamışdır.

Hələ ulu öndər Heydər Əliyevin dövründə Nəsiminin 600 illiyinin təntənəli şəkildə qeyd olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə 650 illik yubileyinin keçirilməsi və nəhayət, İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamı şairin zəngin yaradıcılığına bir daha diqqəti cəlb etmiş və onun fəlsəfi dünyagörüşü ilə bağlı yeni araşdırma və tədqiqatların aparılmasına şərait yaratmışdır.

Bu baxımdan Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruzunun "Nəsimi" ("Elm və təhsil" Bakı-2019) mənzum dramını ərsəyə gətirməsi və məhz 2019-cu ildə - "Nəsimi ili"ndə oxuculara ərməğan etməsi sevinc doğurur. Nəsimi düşüncəsinə və fəlsəfəsinə dərindən bələd olan Sayman Aruz irfan nəzəriyyəsinin də bilicisi olduğundan mənzum dramında Nəsimi dünyagörüşünü oxuculara düzgün çatdırmışdır. Diqqəti cəlb edən əsas məqamlardan biri də müəllifin vətənpərvər ruhudur ki, o da bu ruhu Nəsiminin yaradıcılığında duya bilmiş, müxtəlif zamanların şəxsiyyətləri olan Babək, Şeyx Heydər və Şah İsmayıl Xətai kimi  obrazlar vasitəsilə Azərbaycan xalqının azadlıq və müstəqillik duyğularını təcəssüm etdirmişdir.

Nəsimi mənzum dramı müasir oxucunun mənəvi, əxlaqi və etik baxımdan ehtiyaclarının qarşılanmasında töhfə gücünə malikdir. Belə ki, müasir gənclik Allahın metafizik anlamda qəbulunda artıq dini ehkamlardan daha çox, şəxsi analizinə, onun öz mənində dərkinə meyillənir.

Allah içinizdədir, xəlayiq,

Olmaq gərəkir Allaha layiq.

Siz şeytana layiq yaşayırsız,

Ondandı ki, daima çaşırsız.

Böhtan atılıb Allaha dində,

Allah yaşayır insan içində.

Nəiminin dilindən söylənən bu misralar müasir dövrümüzdə də üzləşdiyi dinin insanlara düzgün çatdırılmaması, din adından sui-istifadə edilməsi hallarını tarixi fonda əks etdirir.

Dinin mahiyyətinin itirilməsi məsələsi, hələ də bəzi ölkələrdə din-dövlət münasibətlərinin düzgün qurulmaması, dövlətin dinə qarışmasının yaratdığı acı fəsadlar da əsərdə yer almışdır:

Din nədir ki, mehribanlıq, mərifət,

Şahıdır dünyanın eşqü-mərhəmət.

Dəxli yoxdur dövlətə dinin, vəli

Zahid edir aşiqi şah düşməni.

Şah əlilə dininə dövlət qurur,

Xəqli həm Allahdan, həm şahdan yorur.

Digər tərəfdən, tarixi hadisələrin arxa planında Nəsiminin günümüzlə səsləşən siyasi görüşləri, beləliklə də Sayman Aruzun tarixi-siyasi hadisələrə diqqət çəkməyi nəzərdən qaçmır.

- Həm Ərəbdən, həm Əcəmdən azad ol,

Öz evində həm şad ol, həm abad ol.

Azad olmaq vaxtıdır biganədən,

İnşa olmaq vaxtıdır bir danədən.

Öz kökümüz ayağında duralım,

Buğdalarla tarlamızı quralım.

Babəkin dilindən söylənən bu sözlərlə xalqımızın xarici buxovlardan azad olmaq istəyi, öz müstəqilliyini inşa etmək arzusu məharətlə ifadə edilmişdir.

Nəsimi yaradıcılığı ilə maraqlananlar, sufi-irfan təfəkküründən mənəvi qida almaq istəyənlər, Azərbaycanın o zamankı tarixi şəxsiyyətlərinin dialoqlarına qoşulmaq istəyənlər Sayman Aruzun "Nəsimi" fəlsəfi-psixoloji dramatik pyesindən olduqca bəhrələnəcəklər.

Sayman Aruzun "Nəsimi" mənzum dramı böyük şairimiz Qabilin yazdığı "Nəsimi" poemasından sonra ədəbiyyatda ən ciddi və yaddaqalan ikinci bir əsərdir. Əlbəttə ki, baxışlar fərqlidir. Qabil tamamilə başqa bir aspektdən yanaşıb, həm də epik şəkildə bir dastan-poema yazıb, Sayman Aruz isə onun fəlsəfi görüşlərini, ətrafında olan insanlarla, eyni zamanda bir çox tarixi şəxsiyyətlərlə qarşılaşdıraraq Nəsimi obrazını açmağa çalışmışdır. Nəsimini həm şair, həm də öz dövrünün böyük filosofu kimi təqdim etmişdir.

Sovet dövründə Nəsimi haqqında həm də belə yanlış bir fikir formalaşmışdır ki, guya Nəsimi dinsiz şairdir, ateistdir. Guya o, "Həqq mənəm", "Həqq məndədir", "Həqq söylərəm" deməklə özünü Tanrı hesab etmişdir. Əllbəttə, belə deyil. Şübhəsiz ki, Yer üzündə yeganə güc Tanrıdır və Tanrıdan ilhamlanaraq insanlar həyatda öz mövqelərini tutur, fəaliyyət göstərir, yaşayır, mübarizə aparırlar və s. Nəsimi "Həqq mənəm", "Həqq məndədir", "Həqq söylərəm" - deyərkən, ümumiyyətlə, insanın yaradıcı qüdrətini nəzərə çarpdırmışdır. Yəni insan çayın o biri sahilinə keçmək üçün fikirləşib körpünü yaratmışdır, yükləri bir yerdən digər yerə aparmaq üçün təkəri kəşf etmişdir və s.

Sayman Aruz bu məsələləri öz poemasında çox diqqətlə işləmişdir. Nəsiminin şair və bir insan kimi sələflərindən çox-çox irəli getdiyini poetik mənada dəqiq və uğurlu şəkildə ifadə eləmişdir. İllər keçdikcə Nəsimi həm müasirləşir, həm də yeni-yeni  qatları ilə oxucularına açılır. O açılımlardan birini də Sayman Aruz öz əsəri ilə ifadə elədi. Sayman Aruzun Nəsimiyə yanaşması digər nəsimişünaslarla müqayisədə daha çox poetikdir.

Məsələn, məşhur nəsimişünas alimlər Cahangir Qəhrəmanov, Səadət Şıxıyeva Nəsimiyə daha çox alim-mütəfəkkir kimi yanaşırlar və onun əsərlərinin elmi-poetik formalarını, fəlsəfi mahiyyətini, onun irfan şairi olmasını, böyük eşq və məhəbbət şairi olmasını önə çəkirlər, daha çox Nəsiminin yaradıcılığının fəlsəfi mahiyyətini açmağa çalışmışlar. Sayman Aruzun yanaşması tamam fərqlidir, orijinaldır, yenidir. Nəsimini oxuyaraq, dərk eləyərək, Nəsimiyə tamamilə fərqli bir rakursdan yanaşmışdır.

Dediyim kimi, sovet ədəbiyyatşünasları və tədqiqatçılari Nəsimiyə ateist şair kimi yanaşmışlar. Amma təsəvvür edin ki, Nəsimi əsərlərində bu səmavi kitabın 222 ayəsinə iqtibas etmiş, təxminən 449 ayəyə işarə vurmuş, 25 surənin adını xatırlatmışdır.

Eyni zamanda "Quran"da bəhs olunan qissələrdən yeddisinə diqqət çəkmişdir. Məsələn, onun Adəmin hekayəti ilə bağlı aşağıdakı beytlərinə nəzər salaq.

"Kaf ilə nun"dan yaratdı Adəmi

Ərbəin gündə yoğurmuş Adəmi

Dəm bu dəmdir, dəm bu dəm, bil bu dəmi

Adəmə vurdu bu dəmdən həq dəmi.

Nuh peyğəmbərlə bağlı şeirində isə belə deyir.

Yandırdı şövqün canımı,

                        dəldi fəraqin bağrımı,

Eşqin bəlası başıma gör kim,

                        nə tufan axıdar...

Nuhun gəmisin istə kim,

                        yetişdi tufan qopmağa

Seylabi-şövqün şöylə kim,

                        bu çeşmi-giryan axıdar.

Dahi şairin beytlərində "Quran"da bəhs olunan İbrahim peyğəmbərin qissəsinə də işarə edilmişdir.

Saçlarının istivasıdır kim,

Ərz etdi Xəlil üçün nəcati.

Nəsimi poeziyasında Sonuncu səmavi kitabda barəsində söhbət açılan Yusif peyğəmbərlə bağlı qissəyə də yer verilmişdir:

Yanağın şəminə hüsni-Yusifin pərvanədir,

Çox könüllər yəğmalandı

                        sən üzü məhparədən.

Süleyman peyğəmbərlə bağlı qissə isə Nəsiminin şeirlərində özünəməxsus bir şəkildə öz əksni tapmışdır:

Qaşınla kiprigin, mişkin saçınla,

Vücudidir Süleyman, eynidir mur.

Dahi şairin tez-tez rast gəlinən təlmihlərin bir qismi isə Müqəddəs Kitabımızda barəsində söz açılan İsa peyğəmbərin qissəsi ilə bağlıdır:

Nitqindən oldum çün diri,

                        eynəl-yəqin oldu bu kim,

Ləlindürür ol İsa kim,

                        ağzın açar, can axıdar.

Nəsimi şeirində ən geniş əks olunmuş rəvayət isə Musa peyğəmbərin qissəsi ilə bağlıdır. Belə ki, şairi bu rəvayətdə ən çox məşğul edən mövzular Allah-Taalanın Musaya Tur dağında yanan ağac şəklində görünməsi, Musa peyğəmbərin bu ağacı görüb "Anəstü narən" (Mən bir od gördüm) deməsi (Qəsəs, 29) və Musanın Allah-Taalanı görmək istəməsi, Tanrının ona verdiyi "Lən tərani" (Sən heç vaxt məni görə bilməzsən) cavabıdır (Əraf, 143-144).

Əgər Nəsimi ateist şairdirsə, necə bu ayələrə müraciət edə bilər, iqtibas gətirər, "Qurani-Kərim"də bəhs olunan qissələrə toxunaraq onlardan əsərlərində istifadə edərdi. Şübhəsiz ki, Nəsimi "Quran"ı mükəmməl şəkildə oxuyub və əxz edən, "Quran"ı çox yaxşı bilən, tanıyan, ona tapınan bir Şərq filosofu və şairi olmuşdur. Sayman Aruzun bu kitabında da həmin xüsusiyyətlər çox qabarıq şəkildə müəllif tərəfindən önə çəkilmiş və ifadə edilmişdir. Hesab edirəm ki, bu, Saymanın çox böyük uğurudur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!