İspan çəkməsi - Romanından parça - Şairin edamı...Aydın TAĞIYEV

"Kişiyə şərəflə ölüb haqq yolunda yanmaq nə gözəl! Ağ bürünmək yerinə al boyanıb Allah yolunda üzüağ olmaq nə gözəl!".

İmam Hüseyn (ə)

***

"Hamısını öldürün,

Allah özü ayırd edəcək".

(Albisoy Xaç yürüşləri zamanı Bezye qətliamından əvvəl Abbat Arnold Amirinin dediyi güman edilir. XVI əsr)

***

Kilsə tərəfindən mürtəd elan edilmiş Yan Qusu diri-diri yandırarkən mömin qarı cənnətdə özünə yer qazanacağına inanıb tonqala bir qucaq odun atdı.

Yan Qus qarıya sarı çevrilib gülümsəyə-gülümsəyə dedi: "Sancta Simplicitas!" - "Müqəddəs sadəlövhlük".

Məmləkətin baş kəndindəki mərkəzi meydan heç vaxt belə izdihamlı, gur olmamışdı. Ölkənin taleyüklü bir çox məsələlərini, problemlərini bu meydana yığılmış nümayəndələr birgə müzakirə etmiş, sonra da mühüm qərarlar elə burada qəbul olunmuşdu. Lakin meydana indiyəcən bu qədər kütlə toplaşmamışdı.

İliyə işləyib qılınc kimi kəsən şaxta, dörd yana cövlan edən sərt külək də həmin qış günü o meydana yığışan ahıllı-cavanlı, böyüklü-kiçikli, kişili-qadınlı kütlənin vecinə deyildi.

Dəbilqəli-sipərli, qılınclı-qalxanlı, elə əyin-başlarından hökm-güc, elə bu hökmün, elə bu gücün də sayəsində sir-sifətlərindən zəhirmar yağan əsgərlər qolları zəncirli, ayaqları kündəli Şairi itələyə-itələyə irəli çəkəndə buz bağlayıb donmuş meydanda müvazinətini saxlaya bilməyib üzü üstə yerə yıxıldı. Dərhal da özünü toplayıb ayağa qalxmağa cəhd etdi. Lakin əsgərlər Şairə yerindən tərpənməyə imkan verməyib sürüdülər. Sürünmədi, sürüdülər. Dartınıb ayağa qalxdı. İzdihamdan qopan uğultu, bağırtı, çığırtı, hay-küy, nifrin, söyüşlər o qədər ucadan səslənirdi ki, o qış günü atını dördnala çapan küləyin qurd ulartısı belə o səsləri batıra bilmirdi. Küləyin vıyıltısından kütlənin qışqırtısı, dediyi sözlər halı özündə olmadığından idi ki, Şairin qulağına gedib çatmırdı. Şairin toran gözləri ancaq yellənən əlləri, açılıb yumulan dodaqları görürdü. Ona görə də onun çöhrəsində heç bir iztirab, həyəcan, peşmançılıq, təəssüf cizgiləri hiss edilmirdi. Şair üzünü meydanın dörd tərəfinə çevirib kütləyə sarı gülümsədi. Əyinləri qalın olsa da, şaxta əsgərlərə də yer eləmişdi və onlar Şairi itələyə-itələyə addımlarını yeyinlətməyə məcbur etdilər. Edam kötüyünün yanında vəzifəsini icra etməyə hazır olan qısqıvraq Cəlladbaşı durmuşdu.

Qış günəşinin soyuq şüaları altında Cəlladbaşının baltası əlində par-par parıldayırdı. Balta göz qamaşdırıb elə işıq saçırdı ki, indiyəcən bir göz qırpımında neçə-neçə başı üzüb yerindən eləyən Cəlladbaşı, sanki öz baltasını bugünkü edam üçün məxsusi olaraq itiləmiş, dəfələrlə silib təmizləmiş, yağlayıb parıldatmışdı.

Şairin əyni yalın, yuxa idi. Ona görə də soyuqdan tir-tir əsirdi. Bir-birinə dəyib şaqqıltı salan dişlərinin şaqqıltısı Şairi elə bil birdən diksindirib həyəcanlandırdı.

Şair üzünü tər-su aparan Cəlladbaşıya tərəf tutub dimdik:

- Yəqin ki, xalq mənim qorxudan yox, soyuqdan titrəyib beləcə əsdiyimi başa düşür, - deyə qəribə bir inamla xəbər aldı.

Ölüm ayağında Şairin bu qəfil sualından Cəlladbaşını gülmək tutdu. Şairi ələ salıb qəhqəhə çəkmək, lap belə öz-özünə uğunub getməyin əsl məqamı idi.

Bayaqdan bəri Cəlladbaşının bir gözü həm də hökmdarın edam kötüyünə yaxın bir yerdə qurulmuş taxtında qalmışdı. Hökmdar qalın xəz kürkdə olsa da, Cəlladbaşı, deyəsən, onun da üşüdüyünü hiss etdi.

Ayıq-sayıq Cəlladbaşının Şairin sualına cavabı, yəqin ki, hökmdarı da güldürəcək, qırışığını açacaq, bədəninə istilik, hərarət gətirəcək və Cəlladbaşı da ənamsız qalmayacaqdı.

Cəlladbaşı kinayə ilə Şairə baxdı və birdən-birə... Qəfildən... Əlbəəl... Dərhal...

Başa düşdü ki, Şairin gələcək taleyi, sanki onun - indiyəcən heç bir qurbanına, istər qoca, istər cavan, istər kişi, istər qadın rəhm edib aman verməyən bu Cəlladbaşının verəcəyi doğru-dürüst cavabından asılıdır.

Kütlə uğuldayır, səs-səsə verib Cəlladbaşını hökmdarın hökmünü yerinə yetirməyə tələsdirirdi. Şaxta onlara da yer eləmişdi, hərçənd ki, əyin-başları qalın idi.

Cəlladbaşı gözaltı hökmdara baxdı. Hökmdar vəzir-vəkilin, əyan-əşrəfin arasında öz taxtında heykəl kimi quruyub qalsa da, o da edam kötüyündən Şairin dığırlanıb ayaqları altına düşəcək başını görməyə tələsirdi. Cəlladbaşı üşənə-üşənə ondan intizarla cavab gözləyən Şairin düz gözlərinin içinə baxdı. Şairin gözləri onun əlindəki dəmir baltadan daha çox parıldayırdı. Əlindəki balta ilk dəfə Cəlladbaşının əlində yüngülcə əsdi.

Hə, belə idi ki, var - Şairi zağ-zağ titrədən, əlbəttə ki, Cəlladbaşının əlindəki ovxarlı, par-par parıldayan balta yox, adamın qanını da donduran qışın bu şaxtası, iliyə işləyib qılınc kimi kəsən sazağı, meydan boyu cövlan edib qurd kimi ulayan küləyi, çovğunu idi.

Cəlladbaşının şəkk-şübhəsi qalmamışdı. Ölümqabağı öz qurbanlarının gözlərində həmişə qorxu, təlaş, xof, vahimə və bütün bunlardan sonra da imdad, mərhəmət, yalvarış görməyə vərdiş etmiş Cəlladbaşı, hətta hökmdarın eşidə biləcəyindən belə qorxmayıb lap ucadan sidq ürəklə:

- Elədir, Şair, - dedi. - Elədir! Mən bunu sonra onlara hökmən deyərəm!..

Şair zəndlə, sınayıcı nəzərlərlə Cəlladbaşının qan daman gözlərinin düz içinə baxdı və o gözlərdə verdiyi vədə Cəlladbaşının əməl edəcəyinə necə bir inam gördüsə, dərindən rahat bir nəfəs aldı. Üşütməsi, titrəməsi də elə bil ki, keçib getdi.

...İstintaq zamanı zindanda Şairdən heç bir kəlmə söz ala bilməmişdilər; əvvəlcə onu dilə tuta-tuta şirnikləndirib yumşaltmaq istəmişdilər... Sonra isə işgəncələr vermişdilər.

Şairi edam kötüyünə aparanda hökmdar üzünü ona tutub qəzəblə:

- Hə, noolar, - dedi, - sən qarşımda nə diz çökdün, nə də yalvarıb-yaxarıb məndən bağışlanmağını xahiş etdin. Suallarımıza da cavab verməyib heykəl kimi lal-dinməz dayanıb durdun. İndi mən səni elə zülmlə edam etdiricəyəm ki, heç olmasa iniltini də olsa eşidə bilim...

Şair məğrur-məğrur gülümsədi.

Ölümqabağı şeyx ondan necə dəfn edilməsini xəbər alandasa tövrünü pozmadan sakit-sakit: "Sizə necə münasibdirsə, eləcə də! Dostları əziyyətə salmayın..." - deyə kinayə ilə dilləndi.

Və Şair gülümsəyə-gülümsəyə başını edam kötüyünə uzatdı. Hökmdar ayaqları altında dığırlanan başa istehza və acı təəssüflə baxa-baxa:

- Eh, Şair, - dedi, - nə gizlədim, sənin ölümün mənə ağır gəlir, necə ki, xilas olunman üçün yalvar-yaxar etmək sənə ağır gəlmişdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!