20 Yanvar - yaddaşda əbədiləşən tarix - Aynur XƏLİLOVA yazır

 

XX yüzillik dünyada və onun tərkib hissəsi olan Azərbaycanda, demək olar ki, bütün sferalarda mürəkkəb prosesləri içəriləyən çətin və ziddiyyətli bir dövr kimi artıq tarixin səhifələrinə köçdü. Lakin baş verən konkret ictimai-siyasi... hadisələrin ya özünü, ya da təsirini miras olaraq XXI yüzilliyə də ötürə bildi. Bunlar daha çox ötən əsrin, təxminən, son 10-15 ilində baş verən hadisələr idi. Həmin dönəmdə dünyanın diqqət mərkəzində olan ölkələr içərisində dağılmaqda olan keçmiş Sovetlər İttifaqı, müstəqilliyə can atan və SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən respublikalar, o cümlədən Azərbaycan da ön sıralarda dayanırdı. Zaman və məkan kontekstindən yanaşdıqda sözügedən dönəmdə dünyanın ən qaynar nöqtələrindən olan Azərbaycanda təlatümlü, faciəli 20 Yanvar 1990-cı il milli yaddaşımızda qanla yazılmış tarix kimi əbədiləşdi. Yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun Bakıda əliyalın dinc əhaliyə qarşı törətdiyi amansız qətllər Moskvada Mərkəzi Komitədə bu işə fitva verənlərin və onların Bakıdaki kölə əlaltılarının iç üzünü göstərməklə, SSRİ-nin sonunun labüdlüyünü də aydın şəkildə ortaya qoydu.

Həmin ağır günlərdə xalqımız bir tərəfdən bu qanlı faciəni törədənlərə etiraz, qəzəb hissi ilə alovlandı, bir tərəfdən də faciə qurbanlarını böyük kədər içərisində ləyaqətlə son mənzilə yola saldı. O zaman Moskvada olan ümummilli lider Heydər Əliyev yanvarın 21-də, öz taleyinin təhlükə altında olmasına rəğmən, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu qanlı faciə və onun cinayətkarlarının cəzalandırılması ilə bağlı bəyanatla çıxış etdi. Elə Azərbaycanda 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət də məhz Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin hakimiyyəti dövründə - 1994-cü ildə verildi.

20 Yanvar faciəsi xalqımızı susdurub onun milli azadlıq mücadiləsini əlindən ala bilmədi. Bərabərliyimizi, iradəmizi, azadlıq uğrunda mücadilə əzmimizi qırmağa hesablanmış bu qanlı hadisə, əksinə, milləti daha da sıx birləşdirdi, oyanmış milli şüur və yaddaşımızı daha da aydınlatdı, yolumuzu müəyyənləşdirib istiqamətləndirdi, ruhumuzu Azərbaycançılıq, dövlətçilik, azadlıq idealları ilə, milli-mənəvi dəyərlərimizə, tariximizə, vətənimizə, bir sözlə, bizim olana sahiblənmək hisslərilə çulğaladı.

Azərbaycan ziyalıları, xüsusilə, elmi-ədəbi cameənin nümayəndələri bu dönəmdə milli-azadlıq hərəkatının fəalları kimi proseslərin içərisində idilər. Azərbaycan ədəbiyyatı tarixində ayrıca mərhələ təşkil edən "milli özünüdərk və istiqlal ədəbiyyatı" ötən əsrin səksəninci illərində və sözügedən mərhələnin çevrələdiyi 1990-91-ci illərdə ölkədə baş verən bəlli ictimai-siyasi proseslərdən dolayı daha aydın, kəskin və geniş şəkil almışdı. Hərəkətverici qüvvəyə çevrilən ədəbi cameədə gedən proseslər cəmiyyətdə və milli şüurda gedən proseslərlə eyni müstəvidə birləşir, biri o birini şərtləndirirdi. Akademik İsa Həbibbəylinin sözləri ilə desək, "Bu illərin ədəbiyyatı, xüsusən poeziya... Azadlıq meydanlarının ritminə köklənmişdi".

Həmin dönəmdə ideoloji və təsiredici faktor olan ədəbiyyat baş verən hadisələrə öz münasibətini ortaya qoymaqla, bir növ, xalqın səsinə çevrilmişdi. Bu səsdə haray da var idi, hayqırtı da, nisgil, ağrı-acı, ümidsizlik də var idi, mübarizəyə çağırış, intiqam, əyilməzlik, qəzəb və etiraz da, fəryad, göz yaşı da var idi, məğrurluq, qürur və fəxarət hissi də.  Ədəbiyyatın, eyni zamanda, ideoloji faktor olması amilini yaxşı bilən yazarlar həm öz şəxsi hisslərinin ifadəsi kimi, həm də sözügedən amildən dolayı Azərbaycançılıq, dövlətçilik uğrunda milli birliyə, mübarizəyə ruhlandıran, milli şüurun oyanmasına hesablanan bədii nümunələr yaradırdılar. İctimai-siyasi proseslər o qədər qaynar, mürəkkəb, ağır və qeyri-stabil, hadisələrin bir-birini əvəzetmə tezliyi o qədər çevik idi ki, ədəbi sferada nəsrin "ağır ləngərli" irihəcmli janrlarına meyli nisbətən azaltmışdı. Burada yazarların proseslərin aktiv iştirakçısı olmaları, zaman məhdudluğu, sürətlə əvəzlənən ictimai-siyasi hadisələr, hələ sonucu görünməyən prosesləri bədii mətnə çevirmə çətinliyi ədəbiyyatın bu istiqamətini bir xeyli arxada qoyurdu. Dönəmin xarakterinə uyğun olaraq yaşananların doğurduğu hisslərin bədii təzahürü və ifadə tezliyi baxımından yaddaşlara həkk olunan, emosional-ekspressiv və psixoloji təsir gücünə malik yığcam və çevik biçimli şeir digər janrlarla müqayisədə daha çox aktivlik nümayiş etdirirdi. Poeziyada "Dözdü hər zillətə, dözdü hər şeyə, // "Dünyada mənim də haqqım var", - deyə. // Kütləni xalq edən müqaviləyə, // Qanıyla qolunu çəkdi şəhidlər", - söyləyən Bəxtiyar Vahabzadə, "Nə yatmısan, qoca vulkan, səninləyəm! // Ayağa dur, Azərbaycan, səninləyəm!", - çağırışı edən Məmməd Araz, azadlıq təşnəsi və qaniçən qəsbkara qəzəb hissi ilə "Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram! // Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!", - söyləyən Xəlil Rza Ulutürk, "Eli yağmalanan, bölünən, bölən, // Çayları quruyan, gölləri ölən, // Haqq-hesab çəkməyə gələn mənəm, mən. // Salam, Dar ağacı! // Əleyküm-salam!" - deyən Rüstəm Behrudi və başqa bu kimi yazarların uyğun əsərləri milli özünüdərk və istiqlal ədəbiyyatının nümunələri kimi zamanın tələbindən yaranan və funksional mahiyyət etibarilə millətə məhz sözügedən kontekstdə mesajlar ötürən əsərlər idi. Qanlı Yanvar hadisələrinin baş verdiyi ağrılı günlərdən yaranmağa başlayan və sonralar da davam etdirilən 20 Yanvar mövzusu isə Azərbaycanda istiqlal ədəbiyyatının əsas tərkib hissələrindən biri kimi ortaya çıxdı.

20 Yanvar faciəsindən sonra Azərbaycanı Xocalı və Daşaltı faciələri gözləyəcəkdi, neçə-neçə yurd yerlərimiz işğal olunacaq, yüzlərlə, minlərlə itkilərimiz olacaqdı və bütün bunlar ürəyi vətən, millət sevgisi ilə döyünən hər bir azərbaycanlının qəlbində qövr eləyən, beynini didib-parçalayan, vicdanında, yaddaşında susmayan əbədi bir ağrıya çevriləcəkdi...

20 Yanvar bütövlükdə millətimizin taleyindən keçən bir hadisədir. Məhz bu səbəbdən təqvimdə bu gün "Ümummilli matəm günü" kimi qeyd olunur.

Artıq 2020-ci ildir və 20 Yanvar faciəsindən 30 il keçir. Lakin bu 30 ildə nə şəhidlər unudulub, nə də şahidlər unudub. Sanki hər şey dünən baş veribmiş kimi yaddaşımızdadır. Unutmayaq! 20 Yanvar, Daşaltı, Xocalı faciələrini, millətimizin qanına susamış mənfur ermənilərin törətdikləri bəşər tarixində misli görünməmiş cinayətləri, vəhşilikləri, erməni vandalizmini, düşmən əsirliyində inləyən yurd yerlərimizi, haray çəkən Qarabağımızı unutmayaq! Unutmayaq ki, yaddaşımız korşalıb tarix bir daha təkrarlanmasın! Unutmayaq ki, düşmən aramıza nifaq sala bilməsin, milli birliyimiz, azadlığımız, müstəqilliyimiz günü-gündən möhkəmlənib əbədi olsun. Və nəhayət, bütün itirilmiş torpaqlarımız azad olunsun, çox da uzaq olmayan o mübarək günlərin birində bütöv və müstəqil Azərbaycanın Ay-ulduzlu üçrəngli bayrağı Şuşa qalasının zirvəsində fəxarətlə dalğalansın!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!