Sirr... - Kənan Hacı - Hekayə

Külək qanadlarında qar qoxusu gətirirdi.

Bu şəhərdə baş verən hadisə və əhvalatlar başqa şəhərlərdə təkrar olunmazdı. Sakinlər deyirdilər ki, xəritə və qlobusda bizim şəhərdən başqa bu adı daşıyan şəhər yoxdur, bu səbəbdən də burda olan hadisələr ayrı yerdə baş verə bilməz. Bəziləri bu fikri rədd edirdilər:

- Ay camaat! Bu nə sözdü danışırsuz? Xəritənin, qlobusun belə şeylərə nə dəxli var? Bizim əraziyə hadisə və əhvalatları gətirən küləkdü, külək! Külək bizə aid olan hadisələri burda saxlayır, qeyrilərini aparıb öz ünvanlarına çatdırır. Vəssalam, şüttamam!

Hadisələrin ərazilərə paylanmasında küləyin rolunu heç kim inkar etmirdi. Lakin yaşa dolmuş, təcrübəli adamlar külək barəsində öz əlavələrini edirdilər:

- Bəli! Bu düz fikirdü. Ancaq küləknən külək arasında fərq var. Bunu bilmək lazımdu. Misal üçün, şimal küləyi çox murdar, Allahsız küləkdü, mərdimazardu, insan əhlinün düşmənidü. Bu küləy yolunu azıb elə üfunətli, ürəkbulandıran hadisələr gətirir ki, adamun başi gicəllənir, qarnı sancılanır, cürbəcür xəstəliklərdən, faciələrdən gün-güzəranı cəhənnəm əzabına dönür.

Bu ifadələrə etiraz edən olmurdu. Şimal küləyi həqiqətən də nifrətəlayiq idi. Bu külək Allahın ona göstərdiyi yoldan üz döndərib, İsa peyğəmbərin vəsiyyətinə əməl etməyərək, özü seçdiyi yollarla uçurdu. Müdriklər bunun səbəbini belə izah edirdilər:

- Şimal küleyi doğulduğı yerlərin soyuğundan qızınmaq üçün hər nə oldı içir, sərxoş olub yolunu azır, kefli-kefli hadisələrin yerlərini çaşbaş salır, onları özü seçdiyi ərazilərə aparır.

Ağsaqqallar, ağbirçəklər şimal küləyinə qarğış edərdilər, Allaha yalvarardılar ki, onun qanadlarını qırsın, onu əsməyə qoymasın. Bu isə heç bir nəticə vermirdi. Sanki bu ərazidə baş verən öz hadisələri azlıq edirdi. Şimal küləyi gözlənilmədən şəhərə və onun ətrafına birdən elə iyli-qoxulu, natəmiz, qan-qan deyən hadisə gətirdi ki, şəhər camaatı bu günə kimi ondan təmizlənmək üçün nə hamam tapa bilirdi, nə də kisəçi. Bu zəhrimar hadisədən əmələ gələn əhvalatların sayını təyin etmək mümkün deyildi. Onların çoxunu insanlar yaddaşında saxlaya bilməmişdilər və az bir vaxt keçəndən sonra unutmuşdular. Bəzi əhvalatlar isə ağızlardan qulaqlara, qulaqlardan da ağızlara keçib, adamların xatirində qalmışdı. Beləliklə, gəlib bizə də çatmışdı.

Ulduzlar o qədər yerə yaxın idi ki, daşla vurub yerə salmaq olardı. O, düşünürdü ki, külək İlahəsi ağrılarına məlhəm sürtür. Ona elə gəlirdi ki, İlahə indicə əlindən tutub göylərə qaldıracaq. O, küləyin mənşəyinə bələd idi, bu xırdaçı, deyingən adamlar kimi küləyin qarasınca deyinmirdi, küləyə qarğış etmirdi, küləyi sevirdi. Küləklə oyuncaq kimi oynayırdı. Sevirdi küləyi. Külək İlahəsi onun qəlbinə sərinlik gətirirdi. O, küləyin gətirdiyi qar qoxusunu ciyərlərinə çəkib toxtadı.

Aşağıda adamlar küləyə arxa çevirib evlərinə çəkilmişdi. Bir qoca müdrik də əsasını yerə döyəcləyə-döyəcləyə cavanların başına ağıl qoymaq istəyirdi: "Ay bala, Allahın küləyüdir əsir, naşükürlük elemiyün. Küley olmasa, fələyin çarxı fırlanmaz, bala!".

Cavanlar susub fikrə daldılar. Düşündülər ki, küçənin tinində büzüşüb oturmuş bədheybət məxluq görəsən, fələyin çarxından yıxılıb bura düşüb? Onu məhəllədə heç kim tanımırdı. Elə bil ağzı bağlı dolu torba idi, kimsə gətirib bura atıb getmişdi. Külək İlahəsi ona həmin bədheybət məxluqu göstərdi, dedi ki, bax, o səfil sənin atandı. Onun dəhşətdən damarında qanı dondu, "ola bilməz!!!", - deyə var gücüylə bağırdı. Axı o, atasını tanıyırdı, atası əliqabarlı, zəhmətkeş fəhlə idi. Külək İlahəsi onu sakitləşdirməyə çalışdı və bütün həqiqətləri onun qulağına fülədi.

"Sən körpə ikən o əyyaş səni atıb gedib, anan onun yolunu çox gözləyib, amma o, birdəfəlik qeybə çəkilib. İndi görürsən, sürünə-sürünə gəlib ki, səndən halallıq istəsin".

Qoca kəndin müqəddəs sandığı pirin ikicə addımlığında idi. Deyilənə görə, ordan əsən sərin hava, hətta ən ağır xəstələri gümrahlaşdırır, ən dəhşətli yaraların ağrısını belə azaldırdı. Külək bütün gücünü toplayıb qocanı küncə qısnamışdı. Qocanın bulanıq gözləri önündə qum burulğanı yaranmışdı, külək onun pirə gedən yoluna hasar çəkmişdi. Bu vaxt dəhşətli ildırım göyü, sanki iki yerə böldü. Gurultu yeri tərpətdi, tufan bir az da kükrədi və bütün kəndi bürüdü. Evlər küləyin və leysan yağışın gücündən yırğalandı. Nəhəng ağaclar kökündən qopurdu, quşlar qaralmış səmada fırfıra kimi fırlanırdı. Tufan evləri, ağacları göyə qaldırdı. İnsanlarla birgə heyvanlar da tük kimi havada uçurdu. Külək damları qoparıb atırdı. Bircə müqəddəs pir möhkəm dayanmışdı, qımıldanmırdı. Nəhəng qayaların iradəsi sarsılmışdı, onlara hələ bu cür güc gələn olmamışdı, onlar da yerindən qopmaq üzrəydi. Qasırğanın təkcə pirə gücü çatmırdı. Külək piri tanıyırdı, pir küləyin qəzəbinin səbəbindən agah idi. Külək qocadan oğlunu gizlətmək üçün onu qanadlarına alıb lap yuxarılara qaldırmışdı. Oğlu ucalarda idi, lap ucalarda. Qocanın başını qaldırıb yuxarı baxmağa gücü qalmamışdı. O, elə büzükmüşdü ki, sanki dovşan ilan görmüşdü. Camaat bu fəlakətə görə onu lənətləyirdi, "kəndə bəla onunla gəldi, rədd olub getsin buralardan!" deyirdilər. Uşaqlar böyüklərin qəzəbini daş-kəsəyə çevirib ona tolazlayırdılar.

Oğlanın anası bütün gecəni üzünü pəncərəyə söykəyib oğlunun yolunu gözlədi. Külək qapını kilidləmişdi, ananı çölə çıxmağa qoymurdu. Külək ananı qoruyurdu, səhər tezdən madar balasını ona qaytaracaqdı. Ana küləyin dilini bilmirdi, küləyə düşmən gözüylə baxıb onu qarğıyırdı.

Bir anlığa ananın gözləri yumuldu, gözlərini açınca pəncərədə ağappaq səhər gördü. Qapının səsinə cumdu, oğlu gəlmişdi. Külək İlahəsi ananın sirrini açmışdı. Ana oğlunun üzünə baxan kimi hər şeyi anladı. Tez çölə çıxdı ki, küləyi yamanlasın, küləkdən əsər-əlamət yox idi. Ağaclar da əvvəlki yerində idi, adamlar da yuxudan yenicə oyanırdılar. Bircə o, yox idi.

Külək küçənin tinindəki günah torbasını da toza döndərmişdi.

11 dekabr 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!