Möcüzə... - Qafar CƏFƏRLİ - Novella

 

Oktyabr ayının axırları olsa da, hava bürkü idi. Bir-iki saat həyət işləri ilə məşğul olan Gülbəniz dincini almaq, həm də günorta yeməyinə hazırlıq üçün evə keçdi. Mətbəxdə sobanın üstündə olan çaydandan armudu stəkana çay süzüb divanda oturdu. İkinci qurtumu vurmuşdu ki, qulağına dəyən səsdən dik atıldı. Bu səs tıxaca düşən onlarca maşının səsindən asanlıqla ayıra bildiyi əri Paşaxanın sürdüyü maşının siqnal səsi idi. O, tələm-tələsik həyətə düşdü. Paşaxanın sürdüyü NİVA maşını taybatay açılmış darvazadan həyətə girdi. Maşından düşən ərinin ilk addımından kefinin yerində olduğunu Gülbəniz dərhal tutdu. Paşaxan maşının baqaj qapısını qaldırıb gülümsər baxışlarla arvadını süzdü. Gülbəniz anladı ki, baqajda nəsə var. Maşına tərəf bir-iki addım atmışdı ki, ördək səsi ətrafı başına götürdü. Paşaxan arvadının köməyilə üç cüt ağ ördəyi maşının baqajından çıxarıb yerə qoydu, sonra ayaqlarına bağlanmış ipi kəsib həyətə buraxdı:

- Sağ ol, ay Paşa. Nə ağıllı iş görmüsən? Elə bil ürəyimi oxumusan. Onsuz da toyuq-cücənin əziyyətini çəkirəm də, elə bunları da saxlayaram.

Paşaxan bu tərifdən məmnun qaldı:

- Arvad, bəs sən bilmirsən ki, mən sənin ürəyini oxuya bilirəm? Bax, havalar soyumağa başlayıb. Çox yox, uzağı bir aydan sonra bu ördəkləri plovaltı edib yeməyin ləzzəti başqa olacaq.

Ər-arvad heyranlıqla quşların yanlarını basa-basa həyətdə gəzişməsinə, qaqqıldamasına bir xeyli tamaşa etdilər. İlk əvvəl xamlıq edib bir neçə saniyə ətrafa maraqla göz gəzdirən quşlar get-gedə həyət-bacaya öyrəşdilər. Gülbənizin yerə atdığı dəni qaqqıldaşa-qaqqıldaşa göz qırpımında yedilər. Palçıqlı suda və torpaqda eşələndilər. İçi su dolu ləyəndə əməllicə çimdilər. Həyət böyük olsa da, quşlar evin qabağındakı bağdan uzağa getmədilər. Hava qaralmağa başlayanda Gülbəniz quşları daşdan tikilmiş hündür dama saldı.

Paşaxan yuxudan erkən dursa da, bazar günü olduğundan vərdişi üzrə yorğan-döşəkdən gec qalxdı. Səhər yeməyindən sonra bir az nəvəsi ilə oynadı, televizora baxdı... Günortaüstü dəri gödəkcəsini çiyninə atıb həyətə düşdü, gözləri bir gün əvvəl aldığı ördəkləri gəzdi. Ördəklər bağın yuxarı başındakı yarıya kimi su ilə dolu ensiz, amma uzun xəndəkdə idilər. Paşaxan asta addımlarla xəndəyə tərəf getməyə başladı. Ördəklər sevinc içində bir-biri ilə bəhsə girirmiş kimi üzürdülər.

Tövlənin qapısını bağlayıb evə səmt almış Gülbəniz ərini günorta yeməyinə çağırdı. Canında bir yorğunluq olsa da, Paşaxan yeməyə iştahla başladı. Gülbəniz sözarası dedi:

- Ay Paşa, bir az hinduşka da alıb həyətə buraxsan bir-iki aya əməlli başlı düzələrlər, yeni ildə nəvələrimizə hinduşka kababı da verərdik.

Paşaxan ağzındakı yeməyi çeynəyə-çeynəyə arvadının sözünü başını tərpətməklə təsdiq etdi, udqunub gülə-gülə cavab verdi:

- İnşallah, arvad. Bir də görərsən hinduşkalar həyətdə qaqqıldaşırlar.

Yeməyi bitirib üstündən bir stəkan pürrəngi çay içən Paşaxan dedi:

- Arvad, gecəni narahat yatmışam, istəyirəm bir az uzanım. Bax ki, uşaqlar səs-küy salmasınlar.

Paşaxan yenicə mürgüləməyə başlamışdı ki, qışqırıq səsinə gözlərini açdı. Əvvəlcə nə baş verdiyini anlamadı. Diqqət kəsiləndə səsin Gülbənizin olduğunu yəqin etdi və özünü tələsik eyvana atdı. Gülbənizin səsi həyətdən gəlirdi.

- Bu nə bəladı düşdük? Vay, evimiz yıxıldı. Bunu hansı əli qurumuş elədi? Səni görüm zəlil olasan. Səni Allahın bəlasına gələsən.

Paşaxan eyvanın pəncərəsini açsa da, burdan Gülbənizlə danışmağa səbri çatmadı və səsini çıxarmadan pəncərəni bağlayıb həyətə düşdü. Gülbəniz həyətin ortasında vay-şivən edirdi. Paşaxan arvadın çiyinlərindən tutub silkələdi.

- Gülbəniz, sakitləş. Məni başa sal görüm nə olub?

Gülbəniz taqətsiz əlini havada oynatmaqla bağın yuxarı başını göstərdi. Paşaxan işarə verilən səmtə çöndü və gördüklərindən bir anlıq donub qaldı. Ördəklər topa-topa qar kimi hərəsi bir tərəfdə sərələnmişdilər. Paşaxan gördüyünə inanmırmış kimi gözlərini bir-iki dəfə yumub-açdı, sonra bunun həqiqət olduğunu anlayıb taqətsiz halda yerə çökdü. Ərinin bu halını gözləyirmiş kimi Gülbəniz ayağa durub ona yaxınlaşdı.

- Olacağa çarə yoxdur. Balalarımızın, nəvələrimizin sədəqəsi olsun. Sən dur get evə.

Gülbəniz səsə təngnəfəs həyətə düşmüş gəlini Şahzadənin köməyi ilə ördəkləri yığıb hələ də yerdə çömbəlmiş vəziyyətdə olan Paşaxanın bir-iki addımlığında cərgə ilə yerə düzdü. Paşaxan ördəkləri tərpənməz görüb kədərli bir səslə dilləndi:

- Arvad, səsini çıxarma. Quşlar güman ki, daha yeməli deyil, murdar olublar. Apar bağın başındakı xəndəyə tulla ki, itlərə yem olsun.

Gülbənizin yanıqlı səslə ağlamasından Paşaxan da kövrəldi:

- Ürəyini sıxma, yenə alaram.

Ərinin evə tərəf getdiyini görən Gülbəniz ləçəyinin ucu ilə göz yaşlarını sildi.

- Ay kişi, gör nə qəşəng tükləri var, ağappaq, pambıq kimidir. Heyifdir, heç olmasa tüklərini yolum.

Paşaxan razılıq əlaməti olaraq başını tərpətsə də, bir söz demədən evin pilləkəninə tərəf yeridi.

...Anidən qulağını çalan qışqırıq səsi Paşaxanın beyninə ox kimi sancıldı. Hövlnak yerindən dikəldi. İlk gördüyü otağın giriş qapısının üstündə olan bəzəkli saat oldu. Saatın hər iki əqrəbi beş ilə altı rəqəmlərin arasında idi. Paşaxan xatırladı ki, ördək əhvalatından sonra hardasa saat yarıma kimi yerində qurcalanmış, dağı arana, aranı dağa qatmış, bu hadisənin səbəbini, daha doğrusu, səbəbkarın kim ola bilməsini özlüyündə çox götür-qoy etmiş, amma dəqiqləşdirə bilməmişdi. Bu hesabla hardasa iki saata yaxın da yatmış olub. Bu düşüncələrə qışqıırıq səsi son qoydu. "Bu dəqiq Gülbənizin səsidir" - Paşaxan düşündü və əsəbi halda yerindən dura-dura: "- Allah şeytana lənət eləsin! Deyəsən, arvadın başına hava gəlib," - dodaqaltı mızıldandı. Bu dəfə eyvanın pəncərəsini açmadan birbaşa həyətə düşdü. Evin qabağına tərəf bir-iki addım atmışdı ki, ayaqları yerə mıxlandı. "Bismillah! Bismillah!" - deyib yerə çöməldi. Lüt-üryan halda olan ördəklər bağın yuxarı başındakı gölməçədə qanadlarını çırpa-çırpa üzürdülər.

- İlahi, möcüzənə şükür olsun! - Paşaxan əllərini göyə açaraq salavat çevirdi.

Şoka düşmüş baxışlarla ətrafa boylanan Paşaxan yalnız indi həyətdəki qum təpəsinin yanında yerdə çömbəlmiş Gülbənizin bərəlmiş gözlərlə ona zilləndiyini gördü.

Həmin axşam kəndin əksər evlərində söhbətin əsas mövzusu Paşaxanın həyətində baş verən "möcüzə" idi. Yalnız iki gündən sonra Paşaxanın evinin sol tərəfindəki şərab zavodunda fəhlə işləyən "alkaş" Məminin hırıldaya-hırıldaya kənd çayxanasında dediyi iki-üç cümlə bu möcüzəyə aydınlıq gətirdi:

- Əşşi, nə möcüzə? Şərab üçün qıcqırdılan üzümün ləti, qabığı, dənəsi, saplağı tullantı kimi kanala atılıb. Ördəklər də bu şərab məhsulundan doyunca "vurduqları" üçün keflənib özlərindən gediblər. Ayılanda özlərini anadangəlmə lüt görüblər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!