Şaxta babaya açıq məktub - Ülviyyə Heydərova - hekayə

oğurlanmış xatirələrə

 

Salam Şaxta baba!

Bilmirəm məni xatırlayırsan ya yox. Beş yaşım vardı. Uşaq baxçasında Yeni il şənliklərinin birində yanındakı stula qalxıb şəkil çəkdirmişdim. Qırmızı zərli qısaqol paltar geyinmişdim. Elə sən də süni qar dənəcikləri yapışdırılmış uzun, qırmızı xalatda idin. Mənim dodaqlarım, səninsə gözlərin gülümsəyirdi. Deyəsən, ikimiz də xoşbəxt idik. Yadımdıdır, qırmızı torbandan peçenye və bir də bolluca sevinc çıxardıb hamımıza paylamışdın. Peçenyenin dadı damağımda qalmadı, amma bölüşdüyün istilik hələ də canımdadır.   

Anam həmin fotonu ailə albomuna yapışdırdı.

Sonra xatirələrim böyüdü, fotolarım çoxaldı. Bəzən o albomdan həmin şəklə baxıb səni yada salırdım. Görünür, səndən ayrılmaq istəmirdim. Bəlkə də uşaqlığımdan qopa bilmirdim. Universitetə qəbul olanda fotonu özümlə Bakıya gətirdim. Onu albomun son səhifəsinə keçirtdim. Niyə məhz son? Bilmirəm. Axı uşaqlıq illəri ömür səhifəsinin lap əvvəlində olur. 

Albomda yerin sonda olsa da, ürəyimə atdığın şaxta baba sevgisi əvvəldə idi. Sənin ayın gələn kimi özümü Fəvvarələr meydanına atdım. Şərfimin ucuyla eynəyimin şüşələrini təmizləyib ətrafa göz gəzdirdim. Yolkalar bəzədilmişdi, Şaxta babalar yerlərini tutmuşdu. Bircə sən yox idin. Bəlkə də təqaüdə çıxmışdın, televizorun qarşısında oturub bayram konsertlərinə baxırdın, şaxta babalı günlərini yada salırdın. Bəlkə, əksinə, qolun sistemdə, gözlərin qapıda idi, kiminsə bir kilo mandarinlə yanına gəlməyini arzulayırdın…

Sən yox idin deyə, mənim də qollarım sevincdən açılmadı, ayaqlarım şaxta babalara sarı yüyürmədi. Eləcə onlara uzaqdan əl yelləməklə kifayətləndim. Amma şaxta babalar nəinki mənə əl yellədilər, hətta üzümə də güldülər. Onlara yaxınlaşıb xatirə üçün heç şəkil də çəkdirmədim. Çünki gördüyüm şaxta babaların gözlərindən qığılcım, dillərindən rəqəm tökülürdü. Yox, onları qınamırdım. Axı yolka ağacları icarəyə verilirdi, şaxta babalar yer pulu ödəyirdi.

Fəvvarələr meydanındakı şaxta babalardan birini isə lap yaxından tanıyırdım. Həm yerlim idi, həm eyni məktəbdə oxumuşduq. Universitetdə regionşünaslıq fakültəsində təhsil alırdı. Bilmirəm, hansı region üzrə ixtisaslaşırdı, amma Şaxta baba sahəsini mükəmməl öyrənmişdi. O, şaxta babalar kimi başını ağır-ağır tərpədirdi, uşaqlı valideynlərə cürbəcür arzular diləyirdi. Fotokameraya əl eləyədən sonra aldığı pulu cibinə qoyurdu.  

Bəlkə də o zaman Şaxta babaya verəcək pulum olmadığından diləyidim arzular yerinə yetirilmədi. Ona görə arzularımı qanadlarıma alıb Sankt-Peterburqa uçdum. Ayağımı yerdən götürəndə içində olduğun albomumu da özümlə götürdüm. Nə gizlədim, səninlə yol-yoldaşı olmaq mənə xoş idi. Ordan təkcə uşaqlığım gülümsəmirdi, sən pambıq saqqalının altından həm də mənə özüm boyda təsəlli verirdin.

Piterə gələn kimi çörək pulu gözümü necə tutdusa sənə vaxt ayıra bilmədim. Uşaqlığım yadıma düşmədi, ancaq və ancaq bu günümü düşündüm. Amma onu da deyim ki, içində yaşadığın albomu bir küncə atmadım, onu otağın ən görməli yerində, fotoaparatın altına qoydum. Kaş ki, elə səni pulumu gizlətdiyim kimi hamıdan gizlədərdim.

Bir gün səhər evdən çıxanda digər otaqda yaşayan sevgililər də qapının ağzında göründü. Onlarla salamlaşdım. Sonra hərə öz yoluna, öz canının dərdinə düşdü. Axşamüstü evə qayıdanda otağın qapısını açıq gördüm. Dörd gözüm səkkiz oldu. Elə bil dünya tərsinə çevrilmişdi. O an fikirlərimin hərəsi bir tərəfə yuvarlandı. Nə edəcəyimi bilmədim. Eləcə divanın bir küncüncə əyləşib yerə səpələnən kitablara, libaslara, botinkalara baxdım. Olanları yavaş-yavaş dərk etdim. Evə oğrular girsə də əslində heç nə götürməmişdilər. Hətta fotoaparat da yerində idi.

Hə, Şaxta baba, səni o qədər unutmuşdum ki, yerlə-yeksan olan otaqda yoxluğunu hiss etməmişdim. Otağı səliqəyə salandan sonra necəsə səni xatırladım. İçində yaşadığın albomu heç yerdə, hətta divanın, soyuducunun altında belə görmədim. Elə bil oğrular ancaq xatirələrimi oğurlamağa gəlmişdi. Yaman olur xatirələrin itkisi.    

Bağışla məni şaxta baba! Sənə, xatirələrimə sahib çıxa bilmədim. Amma səni çox axtardım. Hətta qonşu sevgililər gələn kimi dərdimi onlara söylədim. Sadəcə qaşlarını qaldırıb, çiyinlərini çəkdilər. Vəssalam! Ev sahibi isə heç cür ayıla bilmirdi.  

Şaxta baba, daha o gündən sonra səni ancaq yaddaşımda canlandırıram, ürəyimin içində əzizləyirəm. İndi isə sözümdə bəsləmək istəyirəm. Fikirləşirəm ki, səni o vaxt itirməsəydim bəlkə də indi arzularımı kağıza köçürüb sənə məktub ünvanlayardım. Nə bilim, cibimə uyğun olmayan, mücərrəd arzularımdan yazardım. Məsələn, özüm üçün isti ev istəyərdim. Özü də elə bir ev ki orda yolka saxlamağa yer olsun. Axı qaldığım darısqal kirayə evlərdə yolka qurmağa nəinki yer, heç həvəsim də olmur. Elə zərlərlə hər Yeni İli yola verirəm.

Şaxta baba, elə bilmə ki, sənə təkcə öz arzularımdan yazardım. Axı hərdən öz dünyamdan qopanda, bu dünyanı da düşünürəm. Etiraf edim ki, özümə çoxlu arzularım olsa da bu dünyaya cəmi bircə arzum var: sülh!

Nə bilim, bəlkə də sənə heç nə yazmazdım. Susardım. Amma yox, Şaxta baba, susmaq yaman dərddi. İçinə ötürdüyün sözlərin ürəyinə yağ kimi yayılmır, iynə kimi sancır.  

Deyim ki, səni itirəndən xeyli sonra özümə qalın albom aldım. Onu yeni xatirələrimlə, fotolarımla doldurdum. Amma albomda sənin üçün boş səhifə saxladım. Bilirsən, xatirələr nə vaxtsa oğurlana bilər, amma ümid əsla! İçimdə kiçik bir ümid yaşayır. Səni nə vaxtsa tapacam, albomda o boş səhifəni dolduracam. Yerin bu dəfə də son səhifədədir…

29 dekabr, 2019, Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!