Beş it günü... - Yeganə Kərimzadə - Hekayə

Bilirsən it kimi yaşamaq necə olur?

Mən bilirəm!

Mən it deyiləm, adamam, amma həmin gün nə oldu bilmirəm...

Birinci gün

Yenə həmişəki kimi, bazar günü dost-tanışla bağda manqalın yanına yığışmışdıq. Qozbel kabab çəkir, biz də elə birbaşa şişdən isti-isti kabab yeyirdik. Onu da deyim ki, Qozbel illərdi yanımda işləyir. Onun ən xoşuma gələn xüsusiyyəti budur ki, o danışmır. Lal deyil, özünü lal kimi aparır. Bu da mənə sərf edir. Uzun illər ötməsinə baxmayaraq onun danışığını üç-dörd dəfə eşitmişəm, o da qısa bir-iki kəlməlik söz olar, ya olmazdı. İşini bir baxışdan başa düşən, yeriyəndə beli azca əyri olan adam qozbel olmasa da, onu belə çağırmağım heç xətrinə dəymirdi. Hərdən ona qonaqların yanında "ən sədaqətli itim" desəm də gülümsəyib, başını aşağı salıb, ona sarı atılan yemək qırıntılarını sakitcə yerdən yığıb, gözdən itməyi bacarırdı.

Həmin gün nə oldu bilmirəm, Qozbel elə bil əvvəlki qozbel deyildi. O, şişi Rusiyadan gələn dostuma uzadanda birdən-birə gözünü qaldırıb şişdəki tikəyə baxıb udqundu. Bunu məndən başqa bəlkə də heç kim görmədi, nədənsə, mənə elə gəldi ki, o bir tikəyə baxıb udqundusa, deməli, artıq o mənim "sədaqətli itim" ola bilməz. Özümdən asılı olmadan şişi onun əlindən alıb, beş minə aldığım itimin qabağına atdım. Dönüb Qozbelə baxdım, onun gözlərini, sanki ilk dəfə idi görürdüm. Bu gözlər nəm içində idi. O, üzünü gizlətmək üçün manqala sarı çevrilib, bir şiş kabab götürüb, rusiyalı dostuma tez-tələsik verib, itin qarşısında diz çöküb, tikələri şişdən çıxardıb hələ də olanlara matdım-matdım baxan itin qarşısına düzdü. İt tox olduğundan nazla gözəl qızardılmış ətə baxıb, getmək istəyəndə Qozbel it kimi oturub ağzı ilə bir tikə götürüb itə baxaraq mırıldadı. "Qraf", itim Qozbelə sarı çevrildi, onlar üz-üzə dayandılar. Qraf yeməsə belə, payını götürən bu adama sarı mırıldadı, qəfildən Qozbelin ağzından sallanan tikənin bu biri tərəfindən tutub dartmağa başladı. Qozbellə Qraf ağız-ağıza hərəsi tikəni özünə tərəf çəkir, qonaqlar bu mənzərəni səs-küylə seyr edirdi. Tək mən görürdüm Qozbelin göz yaşlarını və Qrafın ona məğlub olma anlarını.

Qozbel bəlkə də mənə başa salmağa çalışırdı ki, beş minə aldığın it belə, sənə mənim qədər sədaqətli ola bilməz, çünki o iti mən bəsləyib böyütmüşəm.

Qraf axır ki, Qozbelə məğlub olub tikəni buraxdı, zingildəyə-zingildəyə arxasına baxa-baxa ordan uzaqlaşanda Qozbel ayağa durdu, onun arxasıycan gedib, iti qucaqladı. İt də özlüyündə olanları bir anda unudub, onunla oynayıb, qabaq ayaqlarını yerdə oturan Qozbelin çiyninə qoydu. Qozbellə it başlarını bir-birinə söykəyib bir müddət belə dayanmışdılar ki, bu məhrəmlik mənə təsir etdiyindən bəlkə də qısqandığımdan Qozbelə acıqlandım: - Əl-üzünü yu gəl, kabablar soyudu!

Qozbelə, sanki can gəlmişdi o, dayanmadan işləyirdi. Bişirdiyi kababa da söz ola bilməzdi. Buna baxmayaraq mən Qrafa əsəbləşmişdim, o, məğlub olmuşdu. Mən məğlubları sevmirdim.

Qonaqlar səhərə yaxın dağılışdı. Günboyu gözümdən itən ikinci arvadımın axır ki, evə sarı yellənə-yellənə getdiyini gördüm. Sözsüz, çox içmişdi. Oğlum ağacların arasından çıxıb, mənə sarı: - Papa, gəlmirsən? - dedi.

Evdə çalışanlar hələ də yır-yığış edirdi. Bu vaxt mənə sarı qaçan Qrafı görəndə elə bil beynimə qan vurdu, o mənə çatar-çatmaz ona yaxşı təpik vurdum, o andaca yerə yıxıldım, səslər eşidildi. Qozbelin düz gözümə baxan gözlərindəki təlaşı hiss edəndə etdiklərimə peşman olsam da, söz deyəcək gücüm yox idi. Qozbel harasa qaçdı, onun əvəzində Qrafın isti nəfəsi üzümdə gəzdi və mən, sanki bir işıq seli kimi axıb, tanımadığım bir yerdə özümə yuva qurdum...

Günün davamı

Özümü kənardan görürdüm. Təcili yardım gəlib, məni götürüb apardı. Həkim dedi: - Deyəsən, komaya düşüb.

Oğlum əsəbiləşdi: - Deyəsən nədi?!

Arvadım ağladı. Qozbel gözə görünmürdü. Qraf bağın içinə doğru gedəndə, sanki mən də onunla birgə gedirdim. Bu nə hiss idi, başa düşmürdüm. Qozbel bağda ağaca söykənib ağlayırdı: - Qraf, bizim ağamız getdi, daha bizi burda sayan, it yerinə qoyan da olmayacaq.

Az qalırdım çığıram, necə yəni getdi, hara getdi (?!) Əvəzində qraf səsimi öz içində boğub, öz it dilində yazıq-yazıq hürdü və onda bildim ki, mən o boyda iş adamı, qarşısında sayılıb-seçilən kişilərin, qadınların həyəcandan titrədiyi Adəm, dönüb it olmuşam. Bir it üçün isə iki ürəkdən yanan can gördüm, biri Qozbel, o biri isə arada başımı qatmaq üçün aldığım Qraf idi. Qraf canımdan çıxan ruhumu udub, mənə sahiblənmişdi, bəlkə də canımı özündə dustaq etmişdi. Nə vaxta kimi çəkəcəkdi bu yeni həyatım? Bu hal mənə ar gəlirdi nə edəcəyimi bilmirdim, ona görə də həyətdə veyil-veyil gəzirdim ki, Qozbel məni, əslində, Qrafı sığallayıb, qarşıma gecədən qalan soyuq kababdan qoyub, yanımda oturdu. Məndən olsa, o yeməyi yeməzdim, həm də itin qabından, amma Qrafın it qanı yeməyə girişdi. Onu saxlamağa cəhd eləsəm də xeyri yox idi, ürəyim bulanırdi. Qozbel başıma kürəyimə sığal çəkdi: - Sənə nə olub, xəstələnmisən? İnsafın olsun, sənə də bir şey olsa dözmərəm yadlar arasında...

Qozbel yad deyəndə kimi nəzərdə tuturdu, yeganə əziz-xələf oğlumu, yoxsa çox sevdiyim arvadımı? Ayaq üstə sağ-salamat vaxtım olsaydı, yəqin, bu sözə görə Qozbel cəzasını çəkərdi. İndi it həyatı mənə səbr etməyi başa salırdı. Sakitcə bir küncə çəkilib, gözümü darvazaya dikmişdim, öldümmü, qaldımmı bir xəbər gözləyirdim. Həmişə başını işlə qatan, bir dəqiqə boş dayanmayan Qozbel belə mənim vəziyyətimdə idi. Qapı isə açılmaq bilmirdi. Oturduğum vəziyyətdə yuxuya getmişdim. Qozbel manqalı təmizləyə-təmizləyə, sanki ağı deyirmiş kimi oxuyur, gözlərindən yaş axırdı. Düşündüm, əclafın gözəl səsi varmış, kaşşş...

Bir gündə ürəyimdən neçə "kaşşş" keçmişdi, görəsən?..

Səhərə yaxın oğlum yanında tanımadığım qadınla qapıdan girəndə pis oldum, ya olmadım bilmirəm, amma ürəyimdən "Adəm, ölən günündü" fikri keçsə də, ata sevgisi ilə ona tərəf qaçdım və Qrafın itliyi onun ayaqlarına sürtülmək istədi. Bir anda özümü oğlumdan xeyli uzaqda gördüm. Təngnəfəslik tutdu məni. Ürəyim sancdı o niyə mənim itimi təpiklədi, axı mənim yanımda Qrafın boynunu qucaqlayıb, onunla oynamasa əl çəkməzdi heyvandan. Düzdü, o bilməzdi mənim nəfəsim ruhum indi Qrafın içinə oturub, amma o mənim sevimli itim idi. Bir də istədim qışqıram, "ay it oğlu it, mənəm, dədənəm!". Əvəzində Qrafın itdiyi tutub hürməyə başlayanda mənim adam ruhumun ürəyi bulandı və Qraf bir küncə yazıq-yazıq qısıldığı vaxt Qozbelin asta səsi eşidildi: - Adəm müəllim necədi?..

Oğlum qadını evə ötürüb, ona baxdı: - Sən heç kimi görmədin burda, eşitdin?!

Qozbel: - Görmədim...

Oğlum evə keçəndə geri dönüb: - Atam deyəsən gedir. Komadadı. Başımı itirmişəm, nə etdiyimi bilmirəm.

Qozbel: - Düzələr...

Oğlum: - Yenə hər şeyə hazır olaq. Ölsə, arvadını rədd edəcəm getsin. Kişi o küçə qəhbəsini hardan gətirib başıma keçirtdi, bilmirəm.

O, içəri keçdi. Qozbel onun arxasıycan baxıb başını buladı. Mən çaşıb qapıya, bir də Qozbelə baxa-baxa qalmışdım. O, niyə mənim arvadıma elə deyirdi, o nə bilirdi, nə baş verirdi?!.

Qışqırmaq istəyirdim, Qraf isə mənə qoşulub ulayırdı. Qozbel Qrafa yaxınlaşıb: - Belə etmə, o səni də küçəyə atar, deyəndən sonra səsimi qısdım ki, Qraf da sussun.

Musiqi səsi ətrafa yayılanda səsim qarışıq Qrafın dərisinə sığınmağa başlamışdım ki, Qozbel məni qoltuğuna vurub, öz balaca komasına keçəndə pıçıldadığı söz məni bir daha mənliyimdən aldı.

- Onu qınama, qancıq arvad bu evə gələndən oğlanın günü gün deyil. Atası hardan biləydi ki, arvadı oğluna tamah salacaq. Düzdü, oğul imtina edə də bilərdi, amma etmədi. Hələ dünən qonaqlar burda olanda onlar bağdakı bağban evində kef çəkirdilər. Kababı da özüm aparmışdım onlara. Qancıq arvad sinəsi açıq mənə baxıb gülə-gülə: "Susmağı bacarırsan, ona görə də səninlə ayrıca görüşümüz olacaq", - dedi. Onun əvəzinə utandım, Qraf. O isə gülürdü. Hələ mənə gic-gic sual da verdi. "Kişiliyin var?". Üzümü döndərib, ordan qaçdım. İçimdə isə bağırırdım, mən kişiyəm, ailəsini, uşağını itirmiş, özündə ölən kişi!!!

Otağa keçəndə Qozbel ağlayır, Qraf isə zingildəyirdi. Əslində, o an itin canına sığan ruhum ağlayırdı...

İkinci gün

Sarsıntıdan xəstəhal olmuşdum. Qozbel səhər tezdən otaqdan çıxmışdı. Mənim üçün yerdə yemək hazırlayıb qoymuş, suyu da yaddan çıxarmamışdı. Dua edirdim ki, Qrafın itdiyi tutub, yemək yeməsin. Otaqdan çıxmağa az da olsa həvəsim yoxdu. Birdən burnuma tanış ətir iyi dəydi. Havanı qoxladım. Bu vaxt qapı açıldı və o, mənim cavan arvadım içəri girdi. Üzümə güldü, mən hürürdüm, o mənə (Qrafa) tərs-tərs baxıb, qapını açıb çıxdı. Qozbeli öz adı ilə Kənan, - deyə səslədi. Qozbelin addım səsləri eşidildi. Arvadım otağa keçdi, Qozbel də onun ardı ilə gəldi: - Bəli, xanım.

Arvadım: - O it oğlu gecə bura tək gəlməyib, hə?

Qozbel: - Bilmirəm.

Arvadım: - Düzünü de!

Qozbel: - Mən heç kimi görməmişəm...

Arvadım: - Gözünün içinə kimi yalan deyirsən!

Sonra o, balaca otaqda gəzişib, Qozbelə diqqətlə baxdı: - Soyun!

Qozbel yerindən tərpənmədi.

Arvadım yenə çığırdı: - Soyun!

Qozbel: - Yox, xanım...

-Sən yenə məndən imtina edirsən?..

Qozbel: - Mən nakişi deyiləm, Arzu, sən məni məhv etdin, sındırdın, uşağımı doğulmamış öldürdün, səndən bir gün qisas almaq üçün bu qapıda it olmağa belə hazır idim, amma mən o kişinin çörəyini yedim...

- İndi o ölür.

Qozbel ona iyrənirmiş kimi baxıb: - Yaxşı qadın belə zamanda ərinin yanında olar. Çıx otağımdan!

Arzu onun üstünə yeridi: - Yoxsa nə?..

Qozbel onun qolundan tutub qapını açdı, qadını həyətə itələdi.

İt cildimdə yanıb-tökülürdüm, qapımda işləyən Qozbelin bəyənmədiyi qadını mən başımın tacı etmişdim. Eyni zamanda Qozbelə hörmətim birəmin artmışdı. O isə nimdaş yataq içində oturub, hönkür-hönkür ağlayır, ona yazıq-yazıq baxan Qrafa: - Sən niyə yeməyini yeməmisən, Adəm müəllim gələndə deyəcək Qraf niyə arıqlayıb. İçindən gələn istəklə yerimdən qalxıb, Qozbelin ayaqlarının altında özümə yer edib otursam da, o məni (Qrafı) qucağına alıb, sinəsinə sıxdı: - Sağalacaq, narahat olma, o sağalıb qayıdacaq. Əgər nəsə olsa burdan çıxıb gedərik, yaxşı?

Bir dəfə hürüb, ona razılığımı bildirdim, amma bu an çox istəyirdim ki, o mənim burda onun yanında olduğumu bilsin, duysun. Çox heyiflər olsun insan ağlı, dərrakəsi bəzi hadisələri dərk etməkdə çox acizdi.

Üçüncü gün

Arzu Qozbelin acığına yanında başqa kişilərlə evə gəldi. Qozbel ona əhəmiyyət vermədən öz komasına çəkildi. Mən isə qapıdan sivişib evə girdim və hər şeyi öz gözlərimlə gördüm. Ən yaxın dostlarımla ölsəm var-dövləti necə əlində saxlamağı, oğluma qarşı bəzi planları o, vicdansız dostlarla birgə quran qadın, şirin-şirin gecəni yatıb, utanmaz-utanmaz səhər xəstəxanaya məni görməyə gedirdi.

Dördüncü gün

Qozbel Arzunun maşınını təmizləyib darvazanın qarşısına çəkmişdi. Arzu hələ evdən çıxmamışdı. Mən Qrafın bədəninə əmr verə bilmirdim, amma içimdə ona yalvarırdım ki, - gəl, qorxma, səninləyəm mən deyəni et...

Birdən Qrafa can gəldi, o, maşına sarı necə şığıdısa az qala canım onun ağzından çıxıb, yerə düşəcəkdi. İndi yeri deyil, Qraf, səbirli ol mənim canımı özündə gəzdirən vəfalım.

Maşında özümüzü oturacağın altına salıb gözləyirdik. Arzunun gəlişi ilə maşının salonu ətir iyinə büründü, ilk dəfə, nədənsə, bu ətir ürəyimi bulandırdı. Nəfəsimi içimə çəkdim, Qraf da sakitləşdi, yoxsa it vərdişi bizi ələ verə bilərdi. Arzu maşını yerindən tərpədəndə: - Kozyol, dayan, mən sənə nə edəcəyimi bilirəm! - dedi.

Bu söz kimə aid idi, bilmədim. Dözməliydim. Nədənsə, mənə elə gəlirdi ki, xəstəxanada çox şey dəyişəcəkdi.

Maşın xəstəxananın qarşısında dayanıb, nəfəsini dərən an Qrafın it vərdişi ona üstün gəldi. Sahibinin yaxında olduğunu duymuşdu, yoxsa maşın onu silkələmişdi bilmirəm, içimdə ona yalvarsam da o hürdü. Arzu diksindi, maşının qapısını açıb tez düşdü. Qraf açıq qapıya doğru tullandı. Arzu çığıranda Qraf bir daha hürüb, hətta Arzuya sarı mırıldayıb, xəstəxananın həyətindəki ağacların arasında gözdən itdi. Canım, sanki itin ağzında ilişib qalmışdı. Özümdən asılı olmadan onu söyürdüm: - İt oğlu it, canımı sənə tapşıran, yəqin, bilir nə edir də, səbrin olsun da öldüm, bitdim. Ya məni qus qutar, ya da ədəb-ərkannan işini başa vur da!..

Arzu itin arxasıycan: - Qraf, maşına, Qraf! - desə də Qraf ona əhəmiyyət belə vermədi. Özünə rahat yer tapıb, sidiyini boşaldandan sonra marıtdıyıb düz xəstəxana qapısına baxırdı. İndi mən onu yox, o məni idarə edirdi. İt olsa da ona sığınan canımı artıq o idarə edirdi. Mənə susub gözləməkdən başqa heç nə qalmırdı.

Arzu xəstəxanadan çıxıb ora-bura boylansa da iti görə bilməyib maşına mindi, telefonla zəng etdi. Yəqin, köməyə adam çağırırdı. Arzu kimi şöhrətpərəst, pulagir qadın qiymətli iti elə belə küçəyə ata bilməzdi. İt vaxtı ilə neçə saat keçdiyini bilməsəm də bir də gördüm budu, Qozbel xəstəxananın həyətində Qrafı axtarır. Arzu o gələndən sonra getmişdi. Qozbel, sanki əli ilə qoymuş kimi düz Qrafın dayandığı yerə gəlirdi. Qrafın  şəcərəsi olan it damarındakı qanı Qozbelə hürməyə imkan verməsə də o, geri çəkilə-çəkilə mırıldamağa başladı. Qozbelin isə onu görcək üzü güldü. İlk dəfə idi Qozbeli gülümsəyən görürdüm. Sən demə, o gülümsəyəndə tamam başqa adam olurmuş.

Qozbel: - Qraf, sən insanlardan da etibarlıymışsan. Gəl, narahat olma, səni onun yanına aparacam, dedi.

O, nimdaş pencəyinin yaxasını açıb, itə orda yer elədiyini göstərdi. Qraf canı ilə mən də ruhumla ona sarı qaçdıq.

Dördüncü günün davamı...

Qozbel bir az gözləyib xəstəxana qapısında adamlar sıx olanda içəri keçdi. Liftlə yox, pilləkənlərlə yuxarı qalxdı. Palatanı axtaran zaman oğlumu görüb ona sarı getdi. Oğlum dayanıb palatanın pəncərəsindən mənim cansız, aparatlara bağlı bədənimə tamaşa edirdi. Qozbeli görəndə təəccüblənsə də halını pozmadı: - O yaşasa bundan sonra üzünə necə baxacam bilmirəm, dedi.

Qozbel: - Həmişəki kimi...

Oğlumu tanıyırdım, o bu an özündən çıxıb, bəlkə də Qozbeli döyə də bilərdi, amma indi sakitcə: - Sağalsın, başqa heç nə istəmirəm, çox şeyə görə isə it kimi peşmanam...

Bu vaxt Qraf mırıldadı, o belə, başa düşürdü vəziyyəti. Oğlum səsi eşidib Qozbelə baxdı.

Qozbel: - Arzunun maşınına gizlindən minib bura gəlib. Onu aparmağa gəldim, həm də Adəm müəllimi görmək istədim. Heyvanın ürəyi yerindən çıxır, sahibinə çox bağlıdı, onu görməsə rahatlıq tapmayacaq...

Bu an oğlum hönkürtü ilə ağladı: - Heyvan qədər də deyilik, deyib, çiyinləri atıla-atıla ordan uzaqlaşdı.

Qraf mənim cansız bədənimi pəncərədən görüb, Qozbelin pencəyini didişdirib mırıldayır, olduğu yerdən çıxmağa can atırdı. Qozbel onun başını sığallayıb sakitləşdirməyə çalışsa da Qraf qəfildən hürüb, pencəyin yaxasından çıxa bildi. Qozbel onu tutmaq istəsə də, bu mümkün deyildi. Mən nəfəsimi içimə çəkib, hələ də nə baş verəcəyini gözləyirdim. Mütləq nəsə olacaqdı, çünki Qraf həmişəki it deyildi, indi sanki onun içində tufan qalxmışdı, Qozbel belə təəccüb içində idi. O, Qrafı götürüb, burdan tez uzaqlaşmaq istəyirdi ki, it özünü palata qapısına çırpdı. Qapı hansısa sehrli qüvvənin təsirindən açıldı, tibb bacısı səsə gəldi. Qozbel nə edəcəyini bilməyib sadəcə çiyinlərini çəkdi. Tibb bacısı qıyya çəkməyə hazır ikən Qraf mənim bədənimin üstə atılıb, qabaq əllərini boynuma doladı. Tibb bacısı iti xəstədən necə ayıracağını bilmədən: - Paşol, ay it, paşol! Deyir, Qozbel isə mənim cansız bədənimə, Qrafın hərəkətlərinə baxıb, göz yaşı tökərək əli ilə tibb bacısına sakitləşməsi üçün işarə verirdi. Qraf selikli ağzını ağzıma söykəyəndə hardasa saat əqrəbləri gecə on iki olduğunu xəbər verdiyi an mən hava su kimi Qrafın bədənindən necə ayrıldığımı hiss edirdim. Sonra hər yerin qaranlığa büründüyünü, Qrafın hürdüyünü, Qozbelin: - Bu möcüzədir! Dediyini bir də tibb bacısının: - O qayıdır, həkimmm, - deyə qışqırdığını eşitsəm də artıq öz bədənimə yerləşib, rahatca yuxuya getdiyimdən daha nə eşidib, nə də görürdüm.

Səhər xəstəxana palatasında ayılanda yanımda həsrətlə oyanmağımı gözləyən Qozbellə Qrafı görəndə sevindiyimdən ayağa durub, hər ikisini əzizim kimi öpəndə gözləri dolan Qozbel otaqdan çıxmaq istəyəndə Qraf bir dəfə hürdü. O geri döndü, gülümsədi. Nəsə demək istəsə də danışa bilmədi, amma indi onu necə başa düşürdüm.

Məni xəstəxanadan çıxarmağa gələn nə oğluma, nə də Arzuya izahat vermədən hər ikisini görmək istəmədiyimi deyib, Qozbellə Qrafa qoşulub, taksi ardıycan gedəndə Qozbel mənə sual dolu baxanda verdiyim sual onu şaşırtmışdı: - Kənan, bilirsən it kimi yaşamaq necə olur?..

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!