Sait Faiq Əbasıyanıqın hekayələri Əjdər Olun təqdimatında

 

Sait Faiq Əbasıyanıq (1906-1954) böyük türk yazıçısıdır. Məşhur hekayə ustası kimi tanınır, bu janrda ən çox yazan müəllif hesab olunur. Digər əsərlərindən başqa 11 hekayə kitabı nəşr etdirmişdir. Hekayələrinin qəhrəmanları adi insanlardır. Gəmiçi, balıqçı, pinəçi, bənna, dülgər, papaqçı, həllac, bərbər və bu sıradan olan peşə sahibləri... Onun yazıçı prinsipi mövzunu daha dərindən işləmək, təsvir etdiyini hamıdan artıq görmək, duymaq və anlamaqdır. Onun anlamında insana yüksək mənəvi keyfiyyətlər vətəndaşlıq qədər gərəklidir. Yazıçının dili son dərəcə zəngindir, türkcənin ən dərin qatlarına, dibinə qədər gedir.

Sait Faiqin çevirdiyim hekayələr kitabını çapa hazırlayıram. Ədibin bir neçə ədəbi nümunəsini "Ədəbiyyat qəzeti" nin oxucularına təqdim edirəm.

Əjdər OL

Sait Faiq ƏBASIYANIQ

Uzun Ör

Ən uzunumuzdan bir metr daha uzun, ən enlimizdən yarım metr daha enli, ən şişmanımızdan 150 kilo daha ağır bir adam yaşayır aramızda. Şükür, ən pisimizdən daha pis, ən nankorumuzdan daha nankor, ən ağıllımızdan daha ağıllı deyil. Yoxsa halımız necə olardı? Ancaq ən yaxşımızdan, səndən, məndən beş dəfə artıq daha yaxşı, daha üzüyoladır.

Bu adamın özünə kostyum tikdirməsi üçün səkkiz metr qumaşa ehtiyacı var. Evitikilmişin ayaqqabıları yüz əlli lirəyə başa gəlir, əlbisəsi beş yüz lirəyə.

Bizim bu Qalata körpüsündən harda var? Çindəmi deyirsiniz? Bərbərləri, pinəçiləri, meyvə, su, simit satanları, aşçıları, kazinoları, başmaqçıları, əsnafları qarışıq, hətta evsiz-eşiksizlərə havadarlıq edən otelləri aləmdir körpümüzün. Doğrusu, şairanə, ələdüşməz bir matahdır. Dünyada tayı-bərabəri olmayan bu körpünun altında, tavanı bizə görə hündür, yuxarıda sözü keçən adama görə alcaq bir dükan var. Ömər Özkan orda lotereya biletləri satır. Özkan soyadından çox Uzun Ömər adı ilə tanınan bu gənc adama hər istanbullu, hər İstanbula gələn yolçu Heydərpaşa vapurundan körpüyə ayaq basar-basmaz durub heyrətlə tamaşa edər. Balaca uşaqlar saatlarca, qovuluncaya qədər onun önündə dayanıb özlərindən, atalarından, qardaşlarından iki, üç, dörd dəfə böyük, möhtəşəm adama baxarlar. Doğrusu, tamaşaya durmağa dəyər. Amma baxışlar altında canı üzülür Ömərin. Sanki yalvarır: "Baxın, baxın, amma tez keçib gedin, nə olar!". Ancaq  ayaq saxlayıb heyran-heyran onu süzməmək də mümkün deyil. Biz qəzetçilər uşaq kimiyik. Təkcə uşaq kimi olsaq, dərd yarıdır. Daha betərik. Təkcə baxmaqla ürəyimiz soyumur, hələ maraq üçün yaxasından yapışıb sorğu-suala da tuturuq:

- Neçə kilosan?

- Çoxdan özümü çəkdirməmişəm, amma 170 qara okkamı1, kilomu, elə bir şey.

- Maşallah!

Hər halda küçədə bizim kimi fani bəni-adəmləri çəkən tərəzilər ona tab gətirməz. Çünki adi tərəzilər 150 kilonu keçmir.

- Ömər əfəndi, çox yeyirsən?

- Sizə baxanda çox yeyirəm, amma çəkimə görə az. İştahım yerindədir. Üç qab yemək, üç çörək  bəsimdir. Amma çox su içirəm.

- Boyunun uzunluğu...

- İki metr iyirmi beş santimetrdir. Daha böyümürəm. Üç ildir böyüməm dayanıb. Uzundurazlıq da bir şey deyil.

- Əlbəttə, Ömər əfəndi! Allah eləməsin, bir az da böyüsəydin, bir öküz dərisindən ayaqqabı, bir top qumaşdan paltar geyəcəkdin. Neçə yaşın var?

- 1909-da doğulmuşam. Özün hesabla!

- Haralısan?

- Biləcikin Abbaslı köyündən.

- Haçandan böyümən başladı?

- Xatırlamıram. Bizimkilərdən kimisi beş yaşından başladı deyirlər, kimisi on iki-on üç yaşından. Köylü nə bilsin yaşını?

- Ən çox nədən xoşun gəlir, Ömər?

- Köylünün nədən xoşu gələr? Heç bu barədə düşünmədim.

- Ən çox nəyə acığın tutur?

Gözlərini mənə zillədi. Elə doğma, elə saf, duru gözləri var ki... Qəhvəyi, parlaq gözlər adamı dostluğa, rahatlığa, sükuta, təvəkkülə çağırır.

- Özünü unudub məni seyr edən uşaq-muşağa qızıram ha, bu qızmaq deyil, cırnamaqdır. Barışmadığım şey haqsızlıqdır.

- Heç haqsızlıq gördünmü?

- Haqsızlıq görməyən insan varmı? Bütün Anadolunu, İzmir vilayətini dolandırdılar. Pullarımı yedilər.

Ömərin gur, boyu qədər olmasa da, hündür səsi var. Alnında və üzündə qırışları dərin deyil. Tərləmiş bığları təzətərdir. Xəfif gülümsəyən, urkək gözlərilə insana baxıb ürəkdən, şirin-şirin güldüyü zaman adamın ona "Təbiət səni niyə bu gülünc oyuna saldı?" deməyi gəlir. O qədər mənəmlik davası eləyənlər var ki dünyada. Böyüklük davası döyənlərlə bu oyunu oynamalı idi təbiət. Elində, obasında oraqla ot biçəni, qoyunlarını örüşə aparan adama niyə ilişirdi?

- Həkimlər belə uzanmanı necə izah edirlər?

- Deyirlər, başımda hormonlar çox işləyir, ondandır. Ana nənəm deyir, babam da beləydi. Səndən də uca idi. 200 qara okka gəlirdi. Tarladan dönəndə bir səhəng su içərdi. Yeriyəndə yer titrəyirdi. Bizim köydə qabaqlar da mənim kimi adamlar çoxmuş. Demək, belə çıxır ki, keçmişdə Biləcikin Abbaslı köyündə olsaydıq, bağ-bağçalı qəhvəxanada oturarkən qorxudan dilimizi qarnımıza soxardıq. Əcinnələr, divlər oylağı imiş Abbaslı köyü.

- Atan nəçidir?

- Budur atam! - 1,65 - 1,68 metr boyunda çal bığlı, sağlam, dinc bir adamı göstərdi - bir bacım, bir qardaşım da var. Onlar sizlər kimidir.

- Ömər ağa, bir şey də soracağam, amma...

- Bilirəm nə soracaqsan. Qadınlar... - Önünə baxdı. Öküzə bir yumruq vursa çökdürəcək qədər böyük, iri çəkic kimi əlləri, uzun biryaşlıq tut ağacı qalınlığında barmaqları ilə lotereyaları qarışdırdı. Bir müştəriyə bilet uzadıb "Xeyirli olsun!", - dedi -  Sonra mənə üz tutdu - Qadınlar məndən qorxmaqda haqsızlıq edirlər. Biri ilə evlənmək istəyirəm. Həkimlər icazə verir. Mən də başqa kişilər kimiyəm. Boyun uzanması xəstəliksə, artıq o da dayandı. Qazancım da pis deyil. Bir qadını xoşbəxt edə bilərəm.

- Gözaltın varmı?

- Yoxdur hələ. Qadınların üzünə baxmıram. Çoxu məni ələ salır, "Gəlib, nə zaman evlənəcəksən, Ömər ağa?" soruşurlar. Belə sual verənə könlü olsa da, yaxın dura bilərəmmi?

Bu zaman bir xanım əlində torba içəri girdi və dedi:

- Ömər əfəndi, torba bir az dursun burda, qayıdanda götürərəm.

Ömər bir xanıma, bir də mənə baxdı. Qıpqırmızı qızardı. Xanım da xanım idi ha. Ömərin üzündən, oğrun baxan gözlərindən həsrətə bənzər bir şey keçdi.

- Ömər əfəndi - dedim - səndən yazacağam. Bəlkə bir halal süd əmmiş insafa gələ.

Üzü güldü. Gülüş onunla hələ uzun-uzun söhbətlər  edəcəyimi vəd edirdi.

Axşam olunca Ömər əfəndi dükanını bağlayar, körpünün pilləkənlərini dalğın-dalğın çıxar. Özündən altmış, yetmiş, səksən santimetr qısa insanlara rəğbət dolu, həsrət dolu, xeyirxahlıq dolu gözlərlə baxaraq tramvay duracağının yaxınlığına qonşu, Beşikdaşdakı yastı-yapalaq evinə dönər. Atası ilə yeməyini yeyər. Sonra taxtadan xüsusi düzəldilmiş çarpayısı sındığı üçün yerdəki şiltəsinə uzanar, gözlərini yumar, halal süd əmmiş bir arvad barədə düşünər...

Uzun Ömərin lotereyalarının çoxunda böyük uduş olmaz, amma yüzdə doxsan doqquzuna kiçik hədiyyələr düşər. Hələ ondan lotereya bileti almış xanımlardan əli boşa çıxanı olmayıb deyirlər. Doğrudurmu? Bilmirəm.

İpək dəsmal

İpək fabrikinin enli giriş qapısının qarşısına Ay işığı düşmüşdü. Qapının önündən bir neçə adam tələsik keçdi. Mən həvəssiz, hara gedəcəyimi bilmədən qapıdan çıxarkən qapıçı arxamdan səsləndi:

- Hara belə?

- Bir az gəzişim - dedim.

- Kəndirbaza tamaşa etməyə gedirsən?   

Cavab vermədiyimi görüb əlavə etdi:

- Hamı gedir. Bursaya beləsi gəlməyib.

- Heç həvəsim yoxdu, - dedim.

Yalvardı, yaxardı, məni fabrikə qaravul çəkməyə razı saldı. Bir az oturdum, siqaret çəkdim, zümzümə elədim. Sonra ürəyim sıxıldı. Nə edəcəkdim, qalxdım, qapıçı otağındakı manşırlı dəyənəyi götürüb fabrikin həyətində dolaşmağa başladım.

Qızların çalışdığı qoza açan sexin qarşısından keçər-keçməz şıqqıltı eşitdim. Cibimdən fənəri çıxardıb  yandırdım. Ətrafa boylandım. Fənərin uzanan gur işığında qaçan iki çılpaq ayaq göründü. Yüyürüb qaçanı yaxaladım.

Qapıçı otağına oğru ilə birgə girdik. İşığı yandırdım.

Bərk-bərk yapışdığım əl uşaq əli imiş. Gözləri par-par yanırdı. Öz-özümə güldüm, əllərini buraxdım.

Uşaq əlindəki kiçik qələm ilə üstümə cumdu və çeçələ barmağımı yaraladı. Yaramazı qamarladım. Ciblərindən azacıq qaçaq tütün, bir-iki papirosluq kağız, təmiz bir dəsmal çıxdı. Qanamış barmağıma onun qaçaq tütünündən basdım, dəsmalı cırıb yaramı bağladım. Tütündən iki qalın papiros bükdük, dostcasına söhbətə başladıq.

On beş yaşı vardı. Oğru  deyilmiş, cavanlıq edirmiş. Biri ondan ipək dəsmal istəmişdi, özünüz başa düşürsünüz də, sevdiyi qonşu qız. Pulu da yox ki, gedib bazardan alsın. Düşünüb-daşınmış, ağlına fabrik gəlmiş.

Mən:

- Yaxşı - dedim - emalatxana bu tərəfdə, sən o biri tərəfdə nə gəzirdin?

Güldü, emalatxananın yerini hardan bilirdi.

Yenə bir papiros büküb yandırdıq. İsinişmişdik.

Xalis bursalı idi, köklü-köməcli...

İstanbulda olmamışdı. Mudanyanı isə heç olmasa - bunu deyəndə üzümü görəydiniz - bircə dəfə görmüşdü.

Əmir Sultanda, Ay işığında, dəli-dolu vaxtımda mənim də belə tay-tuşlarım olmuşdu.

Yəqin ki, bunun da onlar kimi uzaqdan səsini eşitdiyim Çöydərənin hovuzlarında dərisini Günəş qaraldıb. Mövsümdən-mövsümə meyvələrin qabığının rəngini alıb. Üzü qoz qabığı kimi qaralsa da, dişləri təzə qoz ləpəsi kimi ağappaq olub. Mən bilirəm, yayın başlanğıcından qoz yetişənə qədər Bursa uşaqlarının əlləri ərik və şaftalı, düymələrdən ucları görünən fındıqların naxışlı yarpaqların ətrini verər.

Divar saatı on ikini çaldı. İndilərdə kəndirbazın tamaşası bitməli idi.

- Aradan çıxım! - dedi.

Onu ipək dəsmalsız yola saldığımdan məyus olmuşdum. Eşikdən gələn səsə diksindim. Qapıçı deyinə-deyinə içəri girdi. Arxasında da balaca oğru...

Oğrunun qulağını çəkdi. "Bu yaşda uşaq oğrudur! Əfəndim, həbsxanada yatıb ağıllanar!" deyərək qapıçı çılpaq dabanlarını nazik bir söyüd budağı ilə qaşıdı. Yaxşı ki, müdir işdə yoxdu, yoxsa onu polisə verərdi.

Çox qorxutdu, ağlamadı. Gözləri ağlamağa hazır uşaqların gözlərinə döndü, amma dodaqları titrəmədi, qaşları düyünlənmədi. Yalnız bir az tutqundu.

Buraxılınca azad edilmiş göyərçinə döndü. Ay işığını və qarğıdalı tarlasını yarıb keçirmiş kimi qaçıb getdi.

***  

Mən o zaman malların yığıldığı anbarın üstündəki otaqda yatırdım. Yerim rahatdı, hələ Aylı gecələrdə necə gözəl olurdu. Pəncərəmə yaxın, lap yaxın tut ağacı vardı. Ay işığı tut yarpaqlarından süzülür, otağıma ələnirdi. Yay-qış pəncərəmi açıq saxlayırdım. Nə sərin, nə xoş mehlər, yellər əsirdi. Bir vaxt gəmidə  çalışdığımdan küləklərin hardan əsdiyini qoxusundan tanıyırdım.

Yuxum yüngüldür. Səhərə yaxındı. Eşikdən xışıltı səsi gəlirdi. Kimsə tut ağacına çıxmışdı. Qorxudan yerimdən qalxa bilmədim, qışqırmadım. Pəncərədə bir kölgə gördüm.

O idi, yavaşca içəri girdi. Önümdən keçərkən gözlərimi yumdum. Dolabları qarışdırdı. Rəfləri əlləşdirdi. Susurdum. Doğrusu, onun cəsarətinə heyran qalmışdım, malların hamısını qoltuğuna vurub aparsaydı, mane olmayacaqdım. Sabah müdir: "Ölmüşdün?" deyə məni şallaqlayacağını, işdən qovacağını bildiyim halda səsimi çıxartmırdım.

Oğlan gəldiyi kimi bomboş, səssiz-sədasız pəncərədən çıxıb getdi. Bu anda budağın sındığını duydum. Yıxılmışdı. Aşağıya endiyim zaman başına xeyli adam yığılmışdı. Qapıçı da ordaydı.

Can verirdi. Yumulmuş əlini qapıçı açdı. Ovcunun içindən bir ipək dəsmal köpürdü. Xalis ipək dəsmal belədir, nə qədər əzsən, bürüşdürsən, əlin açılan kimi ovcundan su kimi fışqırar.

Atamın ikinci evi

Mətbəxində qızarmış ördək, ördəyin suyunda irmik və bulqur halvası bişirilmiş köy evinə niyə getdiyimizi onda bilmirdim.  Bu gün dərdli və kimsəsiz, otelin pəncərəsi önündən keçən tramvaylara baxarkən nədən ötrü bu köy evinə bir axşamüstü səssiz-səmirsiz, gözlənirmiş kimi düşməyimizin səbəbini söyləməyəcəyəm.

Axşam azanı keçdiyimiz köydə oxunmuşdu. Atlarımıza bir az su vermişdik. Atam şəhərdən çıxandan mısmırığını sallamışdı. Bir yandan buludlu hava, o biri yandan yolun tozu, çala-çuxuru hövsələsini daraltmışdı, yəqin. Narazı bir kəlməmə bəlkə də geri dönəcəkdik. Qəsəbənin köpək səsləri bürüyən küçələrini təkrar dördnalla keçəcəkdik, atlarımızı tövləyə bağlayacaq, o bələdiyyə kitabxanasına yollanacaqdı, mən otağıma qapanacaqdım. Səsimi çıxartmırdım. Ağzıma su almışdım. Dalğınlığımdan atım bir-iki dəfə büdrədi. Atamın kirpiklərinin titrədiyini gördüm. O mənə sarı heç baxmırdı. Çünki göz-gözə gəldiyimiz zaman özünü itirər, dodaqlarına süni və aldadıcı bir təbəssüm qondurardı. Dediyim köy evinə çatdığımız zaman atlarımızın cilovunu balaca, sısqa bir uşaq aldı. Papağına sancılmış qərənfilə nəzər yetirdiyim üçün çiçəyi mənə verdi. Halbuki, onun islaq saman rəngli gözlərinə, üzünün dərisinə baxmışdım. Atamın arxası bizə tərəf idi. Verilən çiçəyi iylədim, sonra papağımla qulağımın arxasına taxanda atamın məni süzdüyünü gördüm. Gülmədi, ciddi də deyildi. Üzü ifadəsiz, donuq və sakitdi. Qızardım. Bir hindtoyuğuna gözlərimi dikmişdim. Qırmızı və tüksüz boynu ilə alatoranda nə qədər cüssəli, iri şeydi. Necə qüvvətli görünürdü.

Atam "Haydı, sərsəm!", - deyə mızıldandı.

Biz evə girərkən uşaq həyətdə atlarımızın tərini soyudurdu.

Köy evinə ayaq basar-basmaz, əlbəttə, saman və xəfif təzək qoxusu duyulur. Bir az içəri keçincə nehrənin qoyulduğu yerdən gələn ayran qoxusu da burnumuzu qıcıqlandıracaq. Dörd-beş ayaq nərdivan çıxdıq. Taxt üstündə, daha doğrusu, müəllim üçün və ya bayramlarda nitq söyləyən natiqlərdən ötrü qurulmuş kürsülərə bənzəyən yerdə bir qadın namaz qılırdı. Atamla bir müddət gözlədik. Ayaqqabılarımızı qapıda soyunduğumuz üçün yun corablarımızın evin içində səs çıxarmadığından əmin idim. Qadın son rəkəti bitirib salamımızı alınca bizi gördü və salamımızı aldı. Yarıqaranlıqda atamın həyula kimi keçdiyi köyü yuxudan oyadacağını sanmışdım. Heç də belə olmadı. Mən əvvəlcə yaşlı qadının dodaqlarına baxdım. Sakit kirpik çalan gözlərini gördüm. Üzünün sümükləri çıxmışdı. Başını yana çevirərkən qəlbimdən bir istilik keçdi. Baş örtüyünü iyləyə bilsəydim, dedim. Bəyaz tülbənddi. Nənəminki kimi. Bu səfər qadın şəfqət dolu gözlərini təkrar bizə tərəf çevirdi. Qarşıdakı qapıya işarə ilə:

- Ömər ağa, - dedi - Fatma içəridədir, girsəniz!

Qadın başını aşağı saldı, biz qarşı otağa keçdik. Orda bir gənc qadın vardı. Dodaqaltı zümzümə edirdi. Bizi görüncə ayağa qalxdı, gülümsədi.

Otağı çürük meyvə qoxusu bürümüşdü.

Yerdəki tünd-qırmızı rəngli Kocaili kilimi neft lampasının işığında qəribə bir qatışıq kimi qaynayırdı. 

Bu əsrarəngiz görünüş məni heyran etdiyi üçün hər şeyə göz qoymağa çalışırdım. Gənc qadın salamımızı almamış atam birdən mənə sarı dönüb:

- Haydı, oğul, get - dedi - Eminə kömək elə. Atları işətmədən tövləyə salmayın ha... 

Atlar tövləyə salınmışdı. Qabaqlarına quru ot atılmışdı. Emin tövlənin qarşısında oturmuşdu. Qəmə ilə budaq yonurdu. Böyründə əyləşdim. Üzümə baxmadı. Mənə bir söz tapıb deməkdən ötrü vaxt qazanmaq üçün qəzəbli-qəzəbli əlindəki budaqla əlləşirdi.

Gözlərim budaqda qalmışdı...

- Nə budağıdır? - soruşdum.

Bir müddət cavab vermədi. Əlini kəsmişdi. Pişik dili kimi iti, əyri, yumşaq dililə barmağını uzun-uzun yaladı. Sonra qızarmış dodaqları arasından:

- Qızılağac - dedi.

Susduq. Bu yay istisinin ilıq suyu qədər saf uşaq mənə göstərdiyi ilkin mehribanlıqdan çoxdan peşman olmuşdu. Evdən yoğun bir qadın səsi bizi çağırdı. Qızarmış ördək, ördəyin suyunda bişmiş irmik, bulqur halvası yedik. Süfrə taxtadandı. Əl dəsmalları qalın bezdəndi. Taxta qaşıqlar vardı. Atama və mənə çəngəllər də qoyulmuşdu.

Bir vaxt Ay işığında qarğıdalı tarlasında otlayan  donuzlarla bağlı qorxulu bir əhvalat baş vermişdi. Emin  boyda bir uşağın donuzlar qarnını yırtmışdı. Qoca qadın bu hekayəti ağır-ağır, uzun-uzun söylədi. Hadisənin kimin tarlasında baş verdiyini, uşağın kim olduğunu, ovçuların adlarını bir-bir xatırlayırdı. Atam üzünün ifadəsi ilə qadının dediklərini tam anlamadığını nümayiş etdirirdi. Emin hey mənə baxırdı. Biz üç kişi və bir qadın yemək yeyirdik. Gənc qadın xidmət edirdi. Ovuclarındakı xınanı tavaları süfrəyə qoyarkən gördüm. Yeməyi yaşlı qadının namaz qıldığı otaqda yeyirdik. Yeməkdən sonra üst qatda buxarısı olan bir otağa qalxdıq. Emin ocağı qaladı. Bir qara qoyun dərisinin üstündə dizlərini yerə qoyub oturdu. Sonra uzandı. Boyu dəridən azca uzundu.

Yaşlı qadın da döşəkcənin üstündə mürgüləyirdi. Mən onun yanındaydım. Əlim əlindəydi. Yuxu yoluxucu xəstəlik kimi qadından mənə keçir, gözlərim qapanırdı. Əlimi qadının quzu kimi məzlum əlindən çəkdim. Yana, Eminin üstündə qıvrılıb yatdığı dəriyə doğru uzatdım.

Atamla gənc qadın divanda oturmuşdular. Atamın siqareti əsrarəngiz közərti ilə  işıq saçıb tüstülənirdi. Toylardan, cavan qızlardan, dəliqanlılardan danışırdılar. Eminin üzündə köz salmış bir odunun işığı bərq vururdu. Yuxuya getdim.

Oyadıldığım zaman dan yeri ağarırdı.

Qəsəbəyə, atamın rahat, zəngin evinə doğru yol alarkən təzə manda südünün isti buxarı kimi səhər mehi üzümə qonmuş halda, hələ yaşlı qadının dodaqları alnımda, qardaşım Eminin  qalın barmaqları əllərimin içində idi.

Bu hissi uzun müddət fotoqrafların tələm-tələsik çıxartdığı şəkillər kimi qoruyub saxladım. Sonra saraldılar, soldular.

Kraliça

Kim özü-özündən "Gözəllik nədir?" sorsa, qafasında hazır cavabı vardır. "Gözəllik-gənclikdir!" deyənin qarşısına elə nəcib, elə sevimli, elə şirindil, elə təpərli və istiqanlı xanım-xatın birisi çıxar, düşünər ki, yox dili dolaşıb. Gözəllik boy-buxundur, gen sinədir, baldırdır, deyəsən, çaşmısan.

"Bu Fatma nə gözəl qızdır. O nə qaş-göz, o nə yeriş?" deyincə başqası dillənir:

- Amma çox soyuqdur.

Dərhal gözəldə  qaş-göz, boy-buxunla bərabər, ehtirasın da lazım olduğu yadına düşür. Bir də görərsən, alababat bir nazənin elə işvə-naz satar, elə qılığına girər, deyərsən bəs cəmi gözəllər bunun yanında yalandır. O zaman "Könül sevən göyçək olar!" pıçıldarsan.

Yenə də yanılmısan. Sərxoşluq ağlını başdan alıb. Ayılırsan ki, cilvəli dilbərin nazı-qəmzəsi uçub gedib, boyası pozulub, ehtirası sönüb. "Bu idimi hayıl-mayıl olduğum gözəlçə? Aman, ya Rəbbim!" deyib durursan.

Nə deyirsiniz, deyin gözəllik məchul bir şey də deyil, həqiqətdir. Gənclikdən, boy-buxundan, qaşdan, gözdən, coşqudan, qaynar qandan pay alıb insanı sevgiyə, həyata çağıran bir möcüzədir.

On yeddisindən on yeddisi də gözəl seçilən qızlardan birinə otuz kişi "Sən gözəlsən!" deyincə, artıq İnci xanımın gözəlliyi haqqında danışmağa bizə söz qalmaz. Amma ağzımıza su almalıyıqmı? Çox da bu müşkül məsələdir. Keçmişdə hazır təşbehlər vardı: qoşa badam sığmayan darağızlı, qələmqaşlı, ceyrangözlü, sərvboylu, incidişli. Sədəf dırnaqlar, alma yanaqlar, topuğa düşən saçlar da öz yerində...

Şeiri oxuyan heyran olurmuş: "Əsl gözəlmiş!".

Bu gün gözlərimizlə sözlərimiz təsbehlərdən qaçır, amma yenə onların təsvirindən qurtulmamışıq. Gözlərin rəngi (onu sonra söyləyəcəyəm) şəffaf bədən, saçlarının biçimindən uzun görünən yuvarlaq, bəyaz üz, gur, sarıya çalan qumral saçlar, təmiz, parlaq alın və boyun, zərif sinə, uzun, pambıq kimi ağ ayaqlar, içindən bir yaz günü Boğaziçi axırmış kimi incə, damarlı, oynaq, şıltaq əllər... Güləndə gözəldir, acıqlananda da gözəl görünər sanıram İnci xanım. Nəyə qızar bilmirəm, ağlıma nə sual gəlsə, ona verəcəyəm.

Doğramacı Şakir küçəsi Tarlabaşındadır. Səssiz, baxımsız bir yerdir.  Axşamdan yağan, bu gün də kəsməyən yağış Doğramacı Şakir küçəsinin arnavut1 səkilərinin toz-torpağını palçığa döndərib.

İnci xanımın oturduğu ev dördqatlı bir apartmandır. Onun otağının yerində adam pambıq kimi ağa çalan incilər arayır. Əlbəttə, inci tapmazsan. Kiçik bacısının kuklalarını, meynununu, maşınını görərsən. Bir də piano, şkaf, güzgü, iki kilim və yarım adamlıq dar balkon gözünə dəyər. Balkonda reyhan dibçəkləri qoyulub, güzgünün və pianonun üstündə şəkillər asılıb.

Bu kiçik, mehriban ailənin gözəl qızının xəyalları varmış. Səhnəyə çıxıb şərqi oxumaq arzusu çin olub. Hansı qadın gözəl olmaq istəməz? Gözəllik kimi bir özəlliyi var. "Ah, mən də bir ulduz olsam!" deyirmiş. Ulduz olmağına az qalıb.  Kim bilir, İstanbulun hər məhəlləsində nə qədər qızlar var ki, belə taleyi qısqanıb gecələr yuxularını qaçırırlar. Yenə də qızlar vardır ki, kinoulduz olmaq həvəsi onları kino dəlisinə çevirib.

Hə! Tale quşu belədir! Bir də gördün göydə uçarkən  küçəyə nə üçün bir Doğramacı Şakir adının verildiyini bilmədən enib İnci xanımın evinin damına qonar. Tale quşu da gözəlləri sevir. Bax, beləcə İnci xanım da adlı-sanlı şərqiçilərin arasında gəncliyi və gözəlliyi şöhrət tapıncaya qədər neçə illərdir gözləməkdə, səsini qoruyaraq bir məslək uğrunda çarpışmaqdadır. Hər tərəfdən filmə çəkilmək üçün dəvətlər alır. Onun cazibəsi, məlahəti, boyu-buxunu, gözü-qaşı, ağlı, səsinin zərif tonu, bacarığı, rejissoru kömək edərsə, kino ulduzu olmasına imkan verir. Tərifləmək, reportaj yazmaq da bizdən! Avand olsun!

Gölməçələrlə dolu Doğramacı Şakir küçəsinə girərkən dəftərçəmə suallar yazmaqdayam. Aşağı-yuxarı Mükərrəm Kamil Su1  ilə Kərimə Nadirin romanlarını sevən bir kraliça ilə qarşılaşacağımı güman edirəm. Bəlkə də suallarımdan biri olan "Hansı romanları sevirsiniz?" deyər-deməz, Hüseyn Rəhmini, Osman Camalı, Orxan Kamalı deyəcəyini də düşünmüşdüm.

- Roman oxumağı sevirsinizmi, İnci xanım?

- Çox sevirəm.

- Hansı romanları?

- Vallah, adlarını xatırlamıram. Tərcümə əsərlərini sevmirəm. Məsələn, Kərimə Nadirin romanlarını, Mükərrəm Kamil Sunun romanlarını.

Doğrudan da gözəl gözləri var. İçində tək bir rəng yox gözlərinin. Yaşıl var, mor var, mavi var, qəhvəyi var, şabalıdı var, Günəş işıqları var... Parıltıdan və rənglərdən payını almış gözlər, gözəl deyilmi? Əlvan rəngli daşları həvəngdəstəkdə döyün. İçində mis də, qızıl da, dəmir də,  gümüş də, platin də, qranit də, zəbərcət də, zümrüd də, inci də, qum da olsun. Bunların üstünə Günəş işığı düşsün, sonra Ay işığı. İnci xanımın gözlərini təsəvvür etdinizmi?

- Siz acıqlı olanda da gözəl görünürsünüz.  

- Qonşuda bir xanım vardı, o da elə deyirdi.

Nə şirin danışır. İnsan ürəyində "Danış, gözəlim, danış!", - deyir.

- Artıq səhnədə oxumaq istəmirəm. Heç olmasa bir qədər istirahət edəcəyəm.

Sonra var gücümlə filmdə çəkiləcəyəm.

- Ərə getmək istəyirsinizmi?

- İstəmərəmmi?

- O bəxtəvər necə birisi olmalıdır?

- Gözəl olmasa da olar.

- Çirkinmi olsun?

- Yox, çirkin də istəmirəm.

- İşi nə olsun?

- Nə işə baxır, baxsın.

- Yenə də.

- Həkim olsun,  vəkil olsun.

Geyiminə görə üzr istədi:

- Qiyafəmi üzrlü sayın... özüm tikmişəm.

- Biz evə girərkən nə bişirirdiniz?

- Tort bişirirdim.

- Əlinizdə bıçaq vardı. Soğan soyurdunuzmu?

- Soğan da soyuram. Ancaq  bayaq şaftalı doğrayırdım.

- Hansı yeməkləri sevirsiniz?

- Siz Allah, yemək adı çəkməyin!

- İlk dəfə haçan, harda, hansı şərqini oxudunuz?

- İlk öncə İzmirdə, Çamlıq Senar kazinosunda oxudum. On dörd yaşım tamam olmamışdı. Kazino sahibi məni oxutmaq üçün nələr etmədi? Mənə "Sənin xətrinə səhnənin hər tərəfini bayraqlarla və şəkillərlə dolduracağam" dedi. Səhnəyə çıxanda gördüm nə bayraq var, nə şəkil. Mən də dodaqlarımı büzə-büzə "Ey türk gənci, qanadlan!"ı oxudum.

- Neçə kilosunuz, İnci xanım? Necə incəsiniz.

- Əlli dörd kilo.

- Az deyilmi?

- Yeyirəm ki?..

- Köklükdənmi qorxursunuz?

- Yox, vallah, yeyimcil deyiləm.

- Nəyi sevirsiniz?

- Yeməkdən başqa hər şey.

- Məsələn, hansı quşu?

Otağındakı tutuquşunun adını çəkəcəyini düşündüm. Tovuzquşunun da adını çəkə bilərdi. Utancaq İnci xanım pıçıldadı:

- Sərçəni.

- Bəs çiçəklərdən?

Qızılgülü, nərgizi, yasəməni bəyəndiyini sanırdım. O isə:

- Reyhan - dedi.

Reyhanı mən də sevirəm. Çiçək olmasa da, gözəl qoxuyur. Yaşasın reyhan! Yaşasın sərçə! Yaşasın İnci xanım!

Türkiyə türkcəsindən uyğunlaşdıran: Əjdər OL

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!