Mərdəkan esseləri - Qərib MEHDİ

 

Bu ilin mart ayında Mərdəkan qəsəbəsində yerləşən Əmək Veteranları xəstəxanasında müalicə olunarkən aşağıdakı esseləri qələmə aldım...Müəllif

1. Dərman... Dəyirman...

Mərdəkanda Əmək Veteranları Xəstəxanasında müalicə olunuram. Qarşı-qarşıya duran tərəflər qulluğumdadırlar. Həkim dərmanı, Fələk isə dəyirmanı ilə. Həkim dərmanı ilə xəstəliyimi dəf etməyə, ömrümü uzatmağa çalışır. Fələk isə dəyirmanı ilə ömrümü üyüdüb qurtarmaq inadından əl çəkmir. Görək, dərman dəyirmanın qarşısında nə qədər tab gətirə biləcək?!.

21 mart 2019-cu il

2. Telefon nömrəsi: 254-35-52

Qeydiyyat otağında gülərüzlü, sərvboylu Fəridə xanım yeni gələnləri bir-bir qeydiyyatdan keçirir. Mənim də növbəm çatır. Onlardan soruşduqlarını məndən də soruşur:

- Zəhmət olmasa, telefonunuzu deyin.

Mən üstümdə götürdüyüm cib telefonumun nömrəsini deyirəm. O, mənalı şəkildə üzümə baxıb sözümə düzəliş verir:

- Bizə ev telefonunuz lazımdır.

Düzəlişin nəyə xidmət etdiyini anlayıram. Əlacım nədir, sorğusunu cavablandırıram:

- 254-35-52.

Niyə məhz ev telefonu?.. Başa düşüləndir. Hər ehtimala qarşı. Birdən... Evə xəbər vermək məcburiyyətində qalarlar.

12 mart 2019-cu il

3. Xəyal

21 mart - Novruz bayramı axşamı. Mərdəkan xəstəxanasında özümə məxsus palatada tək oturmuşam. Bayram axşamında şənlənmək, deyib-gülmək, yeyib-içmək üçün, icazəli-icazəsiz - xəstələrin hamısı evlərinə gedib. Danışmaq üçün bir adam tapmıram.

Yeməkxana xidmətçiləri mənim üçün kasıbyana bayram süfrəsi bəzəyiblər. Nemətlər mənə baxır, mən də onlara. Qəlbimi bir qüssə dumanı bürüyüb. Tək olanın yükü ağır olur - çək görüm, necə çəkirsən?! Tanrının təamını belə, tək yemək olmur. Hazır atalar sözünün (meşədə aslan da tək olmasın) qatqarına öz möhürümü vurdum: meşədə aslan, xəstəxanada xəstə də tək olmasın. Görəsən, bu nə taledir mən yaşayıram?.. Bu təkliyin qalasını uçuran bir möcüzə arzulayıram.

Birdən Xəyal məni çaşdırır. Bərk həyəcanlanıram. Ürəyim şiddətlə döyünür. ...Gördüyüm gerçəkdir, yoxsa Xəyal? Qeybdən süfrəmə məni təklikdən qurtaran nurlu bir əl uzanır. Heyrət içində pıçıldayıram: Bu, Sənsənmi, İlahi?! Yoxsa məsləhət bildiyin başqa birisinin əli?!

Bu möcüzəli mənzərə nə qədər çəkəcək? Deyəsən, reallıq qəlbimin qapısını döyür.

Çəkilmə, Xəyal!..

21 mart 2019-cu il

4. Günəş məndən küsüb?..

Xəstəxana həyatı darıxdırıcı olur. Xüsusilə havaların üzü dönəndə. Mən səhər-səhər günəşli havada gəzməyə öyrəncəliyəm. Amma neçə gündür təmiz hava almaqdan, günəşin parlaq nurunu içməkdən məhrumam. Deyəsən, günəş məndən küsüb... Bəlkə də, araya girən var.

Neçə gündür dəli küləklər ağacların saçını yolub zorla rəqsə dəvət edirlər. Ağaclar zora müqavimət göstərə bilmirlər. Bir tərəfdən də qara bulud qara çadra kimi günəşin üzünü örtüb. Araya girən üçlüyün biri də yağışdır. O da aramsız olaraq çiləyir. Məqsədim günəşi görmək, onun şəfəqinə bələnməkdir. Bu arzuya qarşı duranlar məni ev (palata) dustağı ediblər.

...Bu səhər gözlərimi açanda hər tərəfim parlaq işığa qərq olduğunu gördüm. Dəli külək də, qara bulud da, çılğın yağış da təpintiyə dözməyib aradan çıxmışdılar. Günəş pəncərədən mənə baxıb gülümsəyirdi. Sevindim. Deməli, günəş məndən küsməyibmiş. Axı böyüklər kiçiklərdən küsmürlər...

21 mart 2019-cu il

5. Gül, yoxsa dua?..

Bu yazım bağban, rəhmətlik Məşədi Əli Ələsgəroğlu haqqındadır. Ancaq mövzuya keçməzdən əvvəl bir neçə insanı xatırlamağa, onların da haqqında söz deməyə ehtiyac duydum.

Mərdəkan qəsəbəsində yerləşən Əmək Veteranları Xəstəxanasına davamlı gəlişimdən istifadə edib ziyarətlərdə də bulunmuşam. Onlardan biri yazıçı Seyran Səxavət və şair Xosrov Natillə Xəzər dənizinin görüşünə getməyimdir.

Seçilən insanlardan olan, sınaqlı seyid Mir Möhsün Ağanın möhtəşəm məqbərəsini elə birinci gəlişimdə ziyarət etmişəm. Nəzir paylayıb, problemli səhhətim üçün ruhundan, cəddindən şəfa diləmişəm. Məqbərəsinin tikilib başa çatmasında dövlətlə birgə xalq da maddi köməyini əsirgəməyib.

Sonrakı yayda məşhur Azərbaycan milyonçusu, mesenat, öz pulu ilə Avropa arxitekturası ilə ayaqlaşan binalar tikdirən; maarif, mədəniyyət və neft sənayemizin inkişafında müstəsna rol oynayan Hacı Zeynalabdin Tağıyevin sadə məzarını ziyarət etməkdə palata yoldaşlarım mənə şərait yaratmışdılar.

Düzünü deyim ki, Hacının uyuduğu məkana, simicliklə qurulan sinə və baş daşlarına baxanda bərk təəssüfləndim. O, təmənnasız əməllərinə, ehtiyacı olanların harayına yetməsinə, özü ziyalı olmasa da, milli ziyalılara dayaq durmasına görə "Millət Atası" titulu qazanmışdı. Bərəkətli yeraltı sərvətinin "bir qaşıq" neftindən qazanc götürən Alfred Nobelin adına təsis olunan mükafat dünyanın ən yüksək çoxsahəli mükafatı sayılır. O neftin sahibinin adına isə dünyanı əhatə edən belə bir ödül - "Hacı Zeynalabdin adına mükafat" indiyədək təsis olunmayıb. Halbuki, o buna layiqdir. Əvəzində Sovet sistemi çörək verən Millət Atamızın Sara adlı qızını dilənçiliyə düçar edib bir tikə çörəyə möhtac qoydu. Dünyanın gərdişidir də...

Hacı Əlinin məzarı...

Bu geniş, yarlı-yaraşıqlı bağda bircə məzar var. Kiçik başdaşına adı, soyadı və ömür tarixi yazılıb: Məşədi Əli Ələsgər oğlu, 1857-1944. səksən yeddi il ömür sürüb. Görəsən, kimdir bu adam ki, ümumi məzarlıqda deyil, tək-tənha sanatoriya tipli xəstəxananın geniş bağında, hüzurunda dayanan şam ağacları arasında dəfn olunub. Bağban. Tərcümeyi-halını gərəyincə bilmirəm. Eşitdiklərimdən onu öyrəndim ki, bu geniş bağı - meşəyə bərabər bir bağı o salıb, onları böyüdüb ərsəyə yetirib, o, ağacların dibini belləyib, yumşaldıb, qurumuş budaqlarından o təmizləyib. Günəşi göydən gəlsə də, suyunu o verib sevimli ağaclarının. Bağın kölgəsini, təmiz havasını təmənnasız paylayıb adamlara.

Bağbanla bağ arasında qəribə bir ünsiyyət, sevgi yaranıb. Elə bunun hesabına öləndə bağbanı yetirmələrindən - ağaclardan ayırmayıblar. Qoca bağbanı insan-ağac kimi tapşırıblar torpağa, tapşırıblar ağaclara...

Kimlərsə bu məzarı tez-tez ziyarət edir, üstünə təzə-tər gül dəstələri qoyur. Mən də rəhmətliyin ziyarətinə gəlmişəm. Ancaq gülsüz, çiçəksiz. Əvəzində ruhuna dua oxuyub, salavat çevirirəm. Onun ruhunu gül məmnun edərdi, yoxsa dua? Bildiyim qədər müsəlmançılıqda duaya üstünlük verirlər. Allah rəhmət eləsin!.. Ruhu şad olsun!

23 mart 2019-cu il

6. Küləklər... ağaclar...

Küləklər həm aşağıya - yer üzünə, həm də yuxarıya - göyə bağlıdır.

Ağacların isə əlləri göyə sarı olsa da, kökləri yerə dayanıqlıdır.

Küləklər sərhədsiz ixtiyar sahibləridir, bütün dünyanı dolaşıb öz güclərini nümayiş etdirməyin vurğunudurlar.

Ağaclar isə ancaq tapındıqları torpağa sadiqdirlər, bir addım kənara belə çıxmağı ağıllarına gətirməzlər.

Küləklər güclü olmaqları ilə kifayətlənməyib, həm də gözəgörünməzlik sehrinə yiyələniblər.

Ağaclar hiylədən, məkrdən uzaqdırlar. Ona görə də olduqları kimi görünürlər.

Küləklər tez-tez Ağaclarla vuruşa çıxırlar. Bu qarşıdurma heç də insan cəmiyyətində baş verənlərdən fərqlənmir.

Birisi güclüdür, o birisi zəif. Birisi qəzəbli, dağıdıcıdır, o birisi mülayim. Birisi hücum edəndir, o birisi müdafiə olunan. Birisinin hökmranlığı, ağalığı o birisinin məhkumluğu üzərində bərqərar olub.

Çarə yoxdur. Küləklər hansı havanı çalsalar, yaşam xatirinə Ağaclar o havanı oynamağa məhkumdurlar...

24 mart 2019-cu il

7. Yazmaq əzabı

Yaradıcılıq otağımda - palatamda masa arxasında oturub fikirlərimi qələmə alıram. İndi məni düşündürən bir başqa səbəb var. Burada mən yazmaq işinin əzabını çəkirəm, yoxsa nəşəsini duyuram? Mənim cavabım o qədər də yetərli olmaz. Görək, bu barədə nəhənglər (iki nümunədə) nə deyirlər.

Adı dünyanın ən möhtəşəm 10 yazıçısı sırasında yer alan, yaradıcılıq məhsulları 90 dildə əhatələnən böyük rus yazıçısı, Lev Nikolayeviç Tolstoy yazı işini "cəhənnəm əzabı" adlandırıb. Kəskin və birbaşa deyimdir. Gerçəyi daha dürüst ifadə etmək üçün mübahisəyə, fərqləndirməyə yer varmı? Var.

Ucalığı ilə buludlarla döyüşən Göyçə dağlarının bir insanı - dağ qardaşı da göz qabağındadır. Bu, ağzı dürr saçan, adı ellərdə məşhur olan Aşıq Ələsgərdir. Dədə Qorqudun XIX yüzillikdəki varisi Dədə Ələsgər yazmaq, yaratmaq işini xeyli fərqliliyi ilə nəzərə çatdırır: "Zəhmətdə zəhri həlayıl (ən kəskin zəhər), ləzzətdə baldı yüküm".

Acılı-şirinli yazı prosesinə Dədə Ələsgər daha düzgün qiymət verib. Tolstoy onun bu fikri ilə tanış olsaydı, məncə, böyüklüyündən enməyərək özünün birtərəfli qənaətinə məmnuniyyətlə düzəliş verərdi.

25 mart 2019-cu il

8. Kədər... Ümid...

Bu da son gün. Müalicə müddətim başa çatırdı. Yola düşmək üçün yır-yığış etdim. Evə - nəvələrimə qovuşmaq istəyim qəlbimi çırpındırırdı. Sözümlə, nəzərlərimlə hər kəslə, hər şeylə - əziyyətimi çəkənlərlə, qulluğumda duranlarla vidalaşırdım.

Müalicə müddəti haqqında arayış və xəstəliyimin tibbi tarixçəsi - epiqriz almaq üçün diqqətli və qayğıkeş həkimim Gülnarə xanımın qəbulunda oldum. (Otaq yoldaşı, həmkarı Saleh həkimi də salamlayıram). Həkimim lazım olan sənədlərimi verib gülümsündü:

- Sizi qoca kişi kimi qəbul edib, cavan oğlan kimi yola salırıq!.. Narazı deyilsiniz ki?

Hələ vaxtilə məşhur çarəçi - loğman İbn Sina həkimin hikməti, müalicə üsulları barədə demişdi: "Xəstəni mərəzdən xilas etmək üçün cərrah üç vasitədən istifadə etməlidir - neştərdən, dərmandan və sözdən". Gülnarə həkim fikrini çatdırmaqda sözü önə çəkmişdi. Təşəkkürümün dərinliyini və səmimiliyini çatdırmaq üçün Allahı da özümə qoşdum:

- Şəfalı əlləriniz var olsun, həkim! Allah sizdən razı qalsın!

Budur, Gəncəyə - məni doğma ocağa doğru aparan avtobusda oturmuşam. Yolumu intizarla gözləyənlər sevinəcəklər. Gəncədən gələndə yüküm kədər idi. Gəncəyə dönürəm, yüküm işıqlı ümiddir!..

26 mart 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!