Atılmaq... - Qalib Şəfahət - Hekayə

Niyə məni bu dünyada tək-tənha qoyub getdin, ata?.. Sən bizimlə olsaydın onda anamla, qardaşımla birgə olardıq...

Sanki havasızlıqdan boğulacaqdı... Payızın sərinləşməkdə olan ilıq havasını doyunca ciyərlərinə çəkdi. Çoxdandır gözlərinin həsrət qaldığı doğma həyətin bütün künc-bucağına boylandı...

Çox hürkək, dalğın bir görkəm almışdı. Elə bil kimsə bu andaca arxası ilə düşüb onu qovacaqdı. Kənardan baxanda elə bilirdin ya harasa tələsir, ya da qürbət eldən gələn, gəlib çatmaqda olan ən əziz adamının yolunu həsrətlə gözləyir.

Yetimin balası söz bilmirmiş kimi, sakitcə başının üstünü kəsdirib xeyli vaxt idi ki, qıza tamaşa edirdi. Arada içini çəkirdi, sanki qıza nəsə deməkdən çəkinirdi.

Qızın hıçqırtısı onun icini göyüm-göyüm göynədirdi. İçərisindən keçən ağrı elə bilirdi, bu andaca onu qılınc kimi ikiyə böləcəkdi. "Bu nə halətdi mən düşdüm?" - deyib dərindən ofuldandı. - Of, uf-la elə bil icindəki ağrı-acını özündən bir an da olsa uzaqlaşdırmağa çalışırdı.

Qız sifətini ovcuna tutub için-için ağlayırdı. Sanki göz yaşını ovcunda gizlətməyə çalışırdı.

Elə bil içi kilidlənmişdi adamın. Özündə cəsarət toplayıb qızdan nəsə soruşmağa çalışırdı. Nəhayət, handan-hana dilləndi:

- Niyə ağlayırsan, qızım? - adam soruşdu. - Yad adam kimi, danışığında bir kövrəklik, məsumluq hiss olunurdu.

Qız göz yaşını gizlədirmiş kimi əynindəki nimdaş koftanın sol qolu ilə gözünün yaşını sildi. Sonra burnunu çəkdi. Başını bir az qaldırıb gözünün ucuyla oğrun-oğrun, çəpərki adamın üzünə baxdı. Bir az da hikkə ilə dilləndi:

- İtirilmiş uşaqlığımı ağlayıram. Başqa nəyi ağlayasıyam ki? - Qız kinayə ilə dedi.

Adam başını yerə dikdi, lal adam kimi, danışmağa cəhd etmək istəmirdi. Xeyli tərəddüddən sonra qız yenidən sözünə davam etdi.

- Bilirəm, heç kəs onu tapıb mənə gətirmək qüdrətində deyil. İllərin yığılıb saxlanc kimi saxladığı dərd yükü həmişəlik mənim çiynimdədir. Mən də indidən bu dərdi çəkmək üçün çox körpəyəm. Bax, ona görə ağlayıram.

Adam yenə dərindən ofuldandı. Havası çatışmayan adam kimi dərindən nəfəs aldı. Elə bil nitqi qurumuşdu. Danışa bilmirdi. Çox kövrəlib məsum bir görkəm almışdı. Bu görkəmini heç kimin görməsini istəməyən adam kimi xeyli sağa, sola nəzər yetirdi. Ətrafda qızdan savayı heç kimin gözə dəymədiyini əmin olmuş kimi boğazını artlayıb, udqundu. Diqqətini özündə cəmləşdirib dilləndi:

- Ağlama, qızım! - dedi. - Onsuz da bu dünya sənin göz yaşına dəyməz, ağlama. Sən körpəsən! Çox körpəsən! - dərindən köks ötürüb sözünə davam etdi. - Ehh, həyat  səni də indidən imtahana çəkdi.

Qız başını qaldırıb gah qarşısındakı adama matdım-matdım baxır, gah da gözlərini yerə dikirdi. Dodağının altından mızıldana-mızıldana dedi:

- Hələ bir deyirsən də?

Adam dillənmədi. Ortada dərin bir sükut hökm sürürdü. Uşağın bir az kövrək, bir az da kinayəli səsi onu dərin xəyaldan ayırdı:

- Sən niyə belə etdin axı?

Diqqətlə uşağı süzürdü. Yenə dinmədi. Elə bil səsi qırılıb içinə tökülmüşdü. Səssizlik içində boğulurdu. Arada vəziyyətdən çıxmaq üçün yenə ofuldanırdı.

Qız onu diqqətlə süzüb, hikkə ilə:

- Mənə bir şeyi anladacaqsan, yoxsa yox? - dedi.

- Bir az səbr elə, qızım. Hər şeydən hali olacaqsan! - dedi adam.

- Axı, qızım deməyə necə dilin gəldi?

- Nə deyirsənsə, düz deyirsən, mənim balam, sən haqlısan!

- Niyə məni gözü yaşlı, qəlbi sınıq qoyub getdin? Niyə? Niyə? Nəydi mənim günahım?

Adam yenə udqundu:

- Eh, ay qızım, - dedi. - Onsuz da hamı mənim üstümə çox gəlirdi. Hamı mənimlə dirəşirdi. Daha yorulmuşdum. Sən isə bir az səbr elə. Sən safsan, hələ sənin qəlbin çirklənməyib. Qəlbi təmiz adam adamı düzgün başa düşür. Səninlə rahat danışmaq olar.

- Demək, mənim uşaqlığımdan, saflığımdan istifadə edib məni tərk etdin, eləmi?! Bəs mənim uşaqlığıma necə qıya bildin?

Adam günahkar kimi başını yerə dikib dayanmışdı. Qızın baxışları diqqətlə onu süzürdü. O, adamı diqqətlə süzə-süzə sözünə davam etdi.

- Bəlkə də belə danışmaq rahatdı. Amma mən həyatda rahat yaşaya bilmirəm, rahat ola bilmirəm. Mən hər gün öz günümü, saatımı ağlayıram. Hətta özümdən kiçik qardaşıma belə nifrət edirəm. Bilirsən niyə?

- Niyə, qızım?

- Ona görə ki, onun atası var, niyə o, belə əzizlənir, mən əzizlənmirəm?! Axı mən də uşağam! Mən də öz uşaqlığımı yaşamalıyam, ya yox? Əksinə, hamı mənə başqa cür baxır. Qulağım eşidə-eşidə, "bu özgə atanın qızıdı" - deyirlər,  Bu sözdən heç xoşum gəlmir, onda elə bilirəm məni söyürlər. Hətta, anam da, "oxşamış getdi fərsiz atasına oxşadı". - deyir. - Axı, bu təhqirləri mən necə götürüm? Amma sənin haqqında yaxşı fikirləşənlər də, xoş sözlər deyənlər də var. Özün yaxşı bilirsən həyatda insana birtərəfli yanaşmırlar. Hərənin öz baxış bucağı var. Hərə öz baxış bucağından baxır, olmuşlara, keçmişlərə öz baxış bucağından qiymət verir.

- Hər şeyi düz deyirsən, mənim ağıllı balam. Sən hər şeyə öz düşüncəndən baxıb görsən yaxşıdır.

- Axı mənim düşüncəm, mənim baxışım çox körpədi, həyatın keşməkeşinə tab gətirə bilmir. Mühit adamı sıradan tez çıxarır.

Qız danışdıqca adam diqqətlə onu süzürdü. Hər hərəkətinə, hər duruşuna diqqət yetirirdi.

Qız sözünə davam etdi:

- Əvvlcə heç nədən xəbərim yox idi, hər bir şeydən, elə səndən də xəbərsiz idim. Fikirləşirdim, "axı, mənə niyə belə deyirlər, mən nə günah işlətmişəm". Sonra-sonra bilmişəm ki, məsələ nə yerdədir. Ondan sonra hər şeyə kənardan seyr etməyə başladım. Günahsız olmaya-olmaya özümü günahkar kimi hiss edirdim. Səsimi içimdə boğmağa çalışdım. Başqa bir əlacım yoxdu ki, onsuz da kimdi mənim səsimi eşidən. Kənardan kimsə məni ya acılayacaq, ya da bir atmaca atıb gedəcək.

- Qızım, demək belə; - anan əvvəlcə səni məndən aldı, sonra da, səni özündən uzaqlaşdırdı. Sən indi nə mənimsən, nə də ki, onun!

- Eh, daha mən özümdən başqa heç kəsin deyiləm, daha mənim heç kəsim yoxdu. Özüm öz tək və tənhalığımı yaşayıram. Çünki mən hamı üçün yadam. Mənim bu dünyada doğmam yoxdu ki...

Qız arxasıyca dərindən ofuldanıb sözünü davam etdi:

- Biləndə ki, ata dediyim öz doğma atam deyil, atalığımdır, mənim yox, qardaşımın atasıdır, o ancaq onun üçün doğmadır, bax ondan sonra anladım ki, daha anam da mənə bir köynək yaddır. Bunu onun hərəkətlərində də görürdüm.

Adam diqqətlə qızı dinləyirdi. Qızın söhbətinə müdaxilə etmirdi.

Qız:

- Bilirsən nəyə görə belə deyirəm? Mənim qayğıya ehtiyacım olduğu halda, kiminsə qayğısını çəkirəm. Mənim oyuncaqlarla oynayan vaxtımdı, amma mən oyuncaq əvəzi qardaşımı oynadıram, qardaşımı saxlayıram. Anam öz doğduğunu üstümə atır, arxayın harasa gedib-gəlir. Vay o günə ki, uşaq bir balaca narahat ola, onda başım qapazlı olur, üzüm tənəli, günümü göy əsgiyə bükür. Səsimi də çıxara bilmirəm, ağzını açanda məni də sənin gözünə qatıb təhqir edir...

Bircə sənin vaxtı ilə mənə dediyin xoş sözlərinin, nəvazişinin həsrəti ilə yaşayıram. Arada fikirləşirəm, "Demək mən də nə vaxtsa xoşbəxt olmuşam, mən də xoşbəxtliyin dadını dadmışam" - düşünürəm.

Adam yenə dərindən ofuldanıb, ah çəkdi.

- Hə, görürsən, ofuldanırsan, danışa bilmirsən. Danışsana? - qız hirslə dedi.

- Eh, qızım, heç kəsin qarşısında yox, təkcə sənin qarşında günahkaram, ona görə danışa bilmirəm.

- De, de, niyə məni tərk etdin, səbəb nə idi?

- Bilirsən, qızım? - dedi. - Elə olur ki, hamının qarşısından qaçmaq olmur. Qaçanda da elə bilirdilər günahkar olduğuna görə qaçırsan. Hamının yerinə günahkar sənsən. Bəlkə də zamanın nəbzini düz tuta bilməmişdim. Ona görə günahkar idim? Bilmirəm! Gördülər mən qaçmıram hamı məndən qaçırdı. Qaçmayanı da məcburən qaçırdırdılar. Heç bilirsən necə oldu?

- Mən hardan bilim!

- Sən dünyaya gəlməmişdən əvvəl həyat eşqi üzümə gülürdü. Həm sənətimə görə, həm şəxsiyyətimə görə hamı mənə hörmətlə yanaşırdı. Elə bil qəflətən çarxım döndü. Döndü deyəndə dönmədi, kiminsə fikri ilə razılaşmadım, kiminsə xoşuna gəlmədim. Arxamca vedrə bağladılar. Adıma hər söz çıxardılar. Gah xatalı adam, gah da müxalif dedilər adıma. Mən bilməmişəm, düzgünlük xatalı adam, müxalif olmaq imiş onların gözündə. Bəlkə də mən heç nəyi düzgün görməmişəm. Axı mənim çaşlığım var idi.

- Niyə çaş idin? - qızın tərəddüdlə söruşması adamı çaşdırdı.

Xeyli tərəddüddən sonra adam sözünü davam etdi.

- Hə, qızım, bilirsən necə oldu? Atam sərxoş olanda anamın zəifliyindən istifadə edib onu həmişə əzişdirərdi. Zəifliyi qəbul edə bilmirdim, anama qahmar çıxırdım. Atam onda başımdan vurdu. Ondan xeyli sonra çaş görməyə başladım.

Saf idim, bilmirdim kimi - anamın, yoxsa atamın tərəfində olum. Axı zəif də, sərxoş da mənim doğmalarım idi. Bilmirəm ona görəmi, yoxsa atam başıma vurduğuna görə çaş qaldım. Orasını bilə də bilmədim. Amma onu bilirəm ki, həqiqət zəifin yanında olanda, güclü yalanını sübut etmək üçün həqiqətin başından vurub əyrini düz göstərməyə çalışır. Bax, o gündən bu günə kimi çaş qalmışam.

Qız diqqətlə adamın üzünə baxırdı. Adam danışdıqca sözlərində məsumluq, kövrəklik hiss olunurdu.

Adam sözünə davam etdi.

- Hə, həmişə düzlüyə can atmışam. Sən demə, düzlük adamı düzdə qoyurmuş. Düz olursan, əvvəlcə hamının xoşuna gəlirsən. İnsanın hamıya xoş gələn vaxtları da olur. Birdən də elə olur ki, kimsə səni əyməyə çalışır, sən də əyilə bilmirsən, axı özünü düz durmağa öyrətmisən, əyilmək istəyəndə belindən ağrılar tutur. Ağrı qoymur ki, sən əyiləsən. Ağrının af-ufundan hamı səndən uzaq olmağa çalışır. Bax onda təklənirsən.

Onda hamı ömrün birinci mərtəbəsində idi, mən isə dünyanın yeddinci mərtəbəsinə qalxmışdım.

- Bəs yanında heç kəs yox idi? - qız təəccüblə soruşdu.

Adam dərindən köks ötürüb:

- Yoox, heç kim yox idi. Tək-tənha qalxmışdım, - dedi. - Cəmiyyətin eybəcərlikləri anana da sirayət etmişdi. Cəmiyyət məni necə qəbul etmişdisə, o da elə qəbul edirdi. Anan məndən çox uzaqlarda idi.

Dost-doğma anam da məni özünə çəkə bilmədi. Düzdü, atam onu çox əzirdi, amma anam atamı çox sevdiyindən bircə baxışına, elə qımışmağına hər şeyi dəyişirdi. Heyif, atam ona qarşı dəyişə bilmədi. Çünki atam saxta idi, anam onun düşkünü.

Anamın yalvarışları, məzlumluğu, göz yaşı tökməsi məni daha usandırmışdı. Artıq bu göz yaşları öz təsirini çoxdan itirmişdi. O, ancaq hər şeyi göz yaşı ilə həll etmək istəyirdi.

Sən də ki, onda öz aləmində idin. Heç bir səs-sorağa cavab vermək gücündə deyildin. Qaranlıq içində qalmışdım. Qaranlıqda boğulurdum. İşıqlığa can atırdım. İşıqlığa doğru addımladıqca hər tərəfim daha da qaranlıqlaşırdı. Qaranlıqdan qaçmağa çalışırdım. Heç bir səs-soraq yox idi, təkcə qulağıma uğultu səsləri gəlirdi. O uğultudan vahimələnirdim, o uğultudan atılmaq istəyirdim.

Atılmağı görmüşdüm. Kimi istı qucağa atılır, kimi qucaqdan atılır. Amma necə atılmığı bilmirdim.

Mən isə təkliyimdən, tənhalığımdan atıldım. Qəfildən dünya ayağımın altından qaçdı. Onu hiss edirdim ki, göydə uçuram. Orasını anlaya bilmirdim, göyə tərəf uçuram, yoxsa yerə...

Rahat yerə düşmədim. Daş qayanın üzərinə düşdüm. Sən demə, atılanda rahat yerə düşməyənin adını intihar qoyurmuşlar. Mən də sonradan bildim. Biləndə çox gec idi...

- Hər şeydən atıldın, amma məndən atıla bilmədin, - qız kinayə ilə dedi.

Sanki adamın üzünə dərin bir kədər qondu, dərindən köks ötürüb dedi:

- Mən səndən atılmadım, qızım, məni səndən atdılar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!