Dəli Güldəstə - HƏCƏR - Hekayə

Siyasətdən, müharibədən, qarşıdurma və cinayətlərdən - ağır mövzulardan yorulmuş, yüklənmiş oxucu. Bir rahat nəfəs al, yüngülləş! Gülümsəmək istərsənmi?!

 

Güldəstə məhlənin gülü idi. Güldən əsər-əlamət olmasa da, hamı ona belə deyirdi. Qara və qaşsız sifəti, kirpiksiz qıyıq gözləri, arıq, uzun boyu, ərsinə oxşar əlləri və at qoluna bənzər ayaqları ilə onu daha çox oyuğa bənzədərdin. Danışanda heç vaxt fırça görüb yuyulmasa da, qara sifəti ilə təzad təşkil edən ağappaq, inci kimi dişləri görünürdü. Və bu dişlər ömrünün sonunacan onun ağzında mirvari kimi düzülü qaldı, yəni biri də düşmədi. Arada qəbiristanlıq olduğu üçün şəhərdən bir az aralı düşmüş və alçaq təpəliklərə sığınmış yüz-yüz əlli evlik bu "avtonom" məhlədə onu tanımayan yoxdu. Bir məclis onsuz keçmir, hər toy-nişanda Güldəstənin bəzəmələri, "komediya"ları olmasa, o məclisin dadı-duzu olmurdı. Bu "komediya"ların baş qəhrəmanı çox zaman özü olurdu. Camaatın və özünün başına gələnləri elə bəzəyir, danışıb gülürdi ki, hamı bütün qayğılarını unudub ona qoşulur, uğunub gedirdi...

Beş-altı yaşı olanda anası ölmüş, Güldəstəni atası və məhlə adamları saxlayıb böyütmüşdü. On doqquz yaşı tamam olanda isə atası vəfat edən qız başımız üstündəki göy qübbəsi kimi, üstündə gəzdiyimiz yer, batan Ay, doğan günəş kimi tamam tək qalmışdı. Onun bütün uşaqlığı o məhlədə keçmiş, yəni ömründə ordan kənara çıxmamış, yalnız hərdən şəhərə baş çəkmişdi.

Güldəstənin "ilk sevgilisi" məktəb direktoru Hüseyn olmuşdu. Ailəsi və dörd uşağı olan Hüseyn göyçək simalı, boy-buxunlu bir kişi idi. Onun otuz yeddi, Güldəstənin isə on üç-on dörd yaşı ancaq olardı. Qızın ona vurulmasından Hüseynin xəbəri yoxdu və sevdiyi adamı görmək üçün Güldəstə bir iclasdan qalmır, hamıdan tez gedib lap qabaqda oturur, gözünü Hüseynə dikib durur, onun və ya başqa danışanların nə dediyini anlamırdı. O vaxtı təsərrüfatla bağlı iclasları da məktəbin zalında keçirirdilər və buna görə də məktəbdə yığıncaqlar tez-tez olurdu. İclasa geyinib getmək üçün bir əməlli paltarı olmasa da, Güldəstə geyimi hər vasitə ilə əldə etməyi bacarırdı. Adətən evə, darvazaya qıfıl vurulmayan məhlədə bir də görürdün, Xanım arvad camaata hay saldı:

- Ay qızlar, mənim paltarım şəritdən yox olub, görən olmayub ki, kim götürüb?

Bu vaxt Tamara da ordan qayıdırdı:

- Aaa, mənim də yaylığım oğurlanıb şəritdən.

Hamı bilərdi ki, şətəl Güldəstədən keçib. Soraqlaşıb öyrənirdilər ki, axşam iclas varmış, Güldəstə şəritlərdən xoşuna gələn paltarları oğurlayır, gen, uzun olanları sancaqla, iplə büzüb birtəhər əyninə oturdur, iclasa qaçırdı. Daim bitlə dolu olduğu üçün qızın saçını atası tez-tez dibdən qırxırdı. Hüseynə vurulandan sonra dədəsinə yalvarıb başının qabaq hissəsində bir az tük saxlamasını istəmiş, atası da onun xahişini nəzərə almışdı. Güldəstənin yaylığı bir az arxaya sürüşəndə qabaqda bir topa tükü olan, arxası isə keçəl başı çox gülməli görünürdi. Ayaqqabısı olmadığı üçün çox zaman ayaqyalın gəzir, olanda da vərdiş etmədiyindən geyinmirdi:

- Ürəyim sıxılır, elə bil məni qəfəsə salırlar ayaqqabı geyəndə, - deyirdi

Qışda, hətta yaxın qonşulara gedəndə ayaqyalın qaçır, qarın üstə onun aralı barmaqlı pəncələrinin izi qalırdı. O izdən Güldəstənin kimin evində olduğunu bilirdilər. Güldəstənin ana nənəsi qaraçı olmuşdu və həm görkəmcə, həm də xasiyyətcə ulu nənəsinə çox oxşayan Güldəstənin qaraçılardan fərqi bu idi ki, oğurluq etməzdi. Şəritlərdən xəlvətcə apardığı paltarları da iclasdan sonra gətirib yiyələrinə verirdi.

Güldəstənin atasının Qazaxda dayısı uşaqları vardı. Onlar da çox gec-gec, ayda-sayanda bir gəlir, qızın da qonaq qarşılayıb yola salmağa nə pulu, nə də qabiliyyəti olardı. Məhlə adamları onun qonaqlarının yeməyini bişirir, qonaq aparır, birtəhər ötüşdürürdülər. O məhlədə Güldəstənin özünə yaxın bildiyi, arxalandığı iki bacının evi vardı: Minayə və Nərminə. Minayə onu evinə çağırıb dilə tutur, işlərini gördürür:

- Get kömürü daşı, gətir, tök əl damına. Sənə bir yaxşı sehr öyrədəcəm. Onu eliyərsən, Hüseyn səni alacaq, - deyirdi.

Hüseynin eşqindən qanadlanıb uçan qızın əl-ayağını görmək olmazdı, iki-üç saata daş kömürü daşıyıb qurtarır:

- De görüm tədbirini, - deyə kömürlü əlləri ilə onsuz da qara olan sifətinin tərini silib Minayənin yaxasından asılırdı.

Çox zaman onu birtəhər başından eləyən Minayə bəzən eşidilməmiş, fantaziyasının məhsulu olan yollar deyirdi:

- Get, bir qurbağa tap, qoy qabın içinə, apar mömin və dindar, təmiz bir adamın başının altına qoy. O yatsın, yuxusunda görsə ki, Hüseyn səni alır, deməli, alacaq. Sonra da qurbağanı apar, evdə şirin suyun içində saxla. O qurbağa nə qədər ki, sizdədi, bax o vaxta qədər sən Hüseynə şirin görünəcəksən, gəlib səni alacaq.

Payızın soyuğunda arxa girib daşları qaldıraraq çox çətinliklə böyük bir ana qurbağa tapan Güldəstə onu əzik alüminium parçın içinə soxub güllə kimi Zübeydə arvadın evinə qaçır:

- Zübeydə nənə, dur, tez ol, yat, yuxuda gör, Hüseyn məni alacaq, ya yox? - deyirdi.

Ondan yaxa qurtarmağın müşkül olduğunu bilən Zübeydə arvad naəlac qalıb parça kipləşmiş qurbağanı balıncın altına qoyaraq "yuxuya gedir", "ayılanda" da üzbəsurət oturub əllərini üzünə söykəyərək gözlərini ona zilləyən Güldəstəyə:

- Həə, gördüm, ay ağbaxt olasan, Hüseyn səni alacaq. Gördüm ki, toy eliyirsiniz, - deyirdi.

Sevindiyindən quş kimi uçan qız qurbağanı götürərkən onun öldüyünü görəndə ağlayıb özünü öldürür:

- Oyyy, qurbağam ölüb, bunu şirin suda saxlıyacaqdım. Hüseyn məni almayacaq, yalan deyirsən, - deyirdi.

Bir neçə gün sonra yenə "tilsimli" qurbağanın axtarışına çıxırdı.

Minayənin "tədbir"ləri bəzən lap həddini aşırdı:

- Gedirəm Səltənətgilə, lavaş yaymağa kömək eliyəm. Uşağı bu gün saxla, gəlib sənə genə bir yaxşı sehr öyrədəcəm. Bu, o birilərin tayı deyil, çox təsirlidir, - deyib qızı şirnikdirirdi.

Minayə gələndə onun tədbirini dinləyən Güldəstəni yeni bir "sınaq" gözləyirdi:

- Get, yarım stəkan duz, iki stəkan da un tök, xamır qat, çörək bişir. Axşam ye, yat. Gecə su içmə, əgər Hüseyn yuxuda sənə su versə, deməli, səninlə evlənəcək.

"Sehrli" çörəyi yeyib yatan Güldəstə gecə yarısınacan birtəhər dözür, sonra qalxıb susundan ciyəri yana-yana başını vedrəyə soxaraq at kimi suyu içə-içə elə başı vedrənin içindəcə Hüseynin yeddi arxa dönənini söyürdü:

- İt oğlu it, canın çıxardı, mənə bir qab su versən? Mən sənə belə eliyərdim heç? Vallah, bulağı döndərərdim sizə sarı. Anan itnən yatsın, oğraş oğlu. Cəhənnəm olsun sənin sevgin də, sən də. Faşist köpəyoğlu.

Az qala yarım vedrə suyu qarnına dolduran qız səhəri dirigözlü açırdı.

"Sehr" və "cadu"ları bir-bir sınaqdan keçirən Güldəstə Minayənin yaxasından asılıb yeni tədbirlər istəyir:

- Taa nə bilirsən? De, noolar, genə bir şey öyrət, axı heç o birilərin gücü, təsiri olmadı. Hüseyn heç mənim üzümə də baxmır, - deyə yalvarırdı.

Belə məqamlarda "ilham pərisi" köməyinə çatmayan Minayə onun "falına" baxmaqla qızın başını birtəhər aldadır, həm də işini gördürürdü. Qarşısında diziüstə oturub başını aşağı salan Güldəstənin başına bir örpək atıb əllərini əlinə alır, baxa-baxa deyirdi:

- Falın fal olsun, bala. Fərmanın Allah olsun. Sən quru çaylardan keçəndə, sünbülsüz tarladan taxıl biçəndə, susuz çeşmədən əyilib su içəndə alt yolun yel çəkibdi. Bu xətt İsaya gedər, bu biri xətt Musaya gedər. Bax bu üçüncü xətt də Hüseynə gedəəər. Özü də çox qısa xətdiii. Bu o deməkdi ki, lap qısa vaxtda Hüseyn səni alacaaaq!

Sevindiyindən quş kimi uçan qız evdə oturub gözləyər, gah iclaslara qaçıb gözünü Hüseynə zilləyərək bir xoş nəzər, söz umar, yenə ümidləri puça çıxardı.

Beləcə illəri yola verən Güldəstə böyüyüb ağlı kəsəndən sonra Hüseynə olan sevgisini də yavaş-yavaş unutdu. İyirmi yaşına çatanda onu qonşuda yaşayan və atası müharibədə həlak olan Səttar qaçırdı. Səttarın anası Güllü arvad daş atıb başını tutdu:

- Dəli mənə qalmıyıb ki, - deyə oğlunun baş-beynini yedi.

İki ilə qədər Güllü arvadın deyintiləri və tənələri altında zülm çəkən qız bezikərək boşanıb dədəsi evinə qayıtdı. Aradan üç-dörd il keçmiş kolxozun fermasında çoban işləyən Abbasəli onunla evləndi. "Evləndi" deyəndə ki, Güldəstə kimi xalis yetim olan Abbasəlinin heç evi də yoxdu və o, Güldəstənin iki gözdən ibarət daxmasına girib elan elədi ki, səninlə evlənirəm. Özünə gülməxmər don, qırmızı tufli alan Güldəstə geyinib özündən üç yaş kiçik Abbasəlinin yanınca şəhərə, toya-vaya gedəndə elə bil dünyaları ona verirdilər. İlk ərindən övladı olmayan Güldəstənin bir-birinin ardınca beş övladı dünyaya gəldi. Abbasəli ciddi və ailəsinə bağlı bir adamdı. Uşaqlarının qayğısını arvadından çox özü çəkirdi. İşi-gücü qaraçı ulu nənəsi kimi qonşuları gəzmək, orda-burda gün keçirmək olan Güldəstənin ev işlərinə marağı və həvəsi o qədər də yox idi. Buna görə də ev-eşiyi çox vaxt zir-zibilin içində itib batır, bəzən Abbasəlinin danlaq və təhdidlərindən sonra hərdən evə əl gəzdirirdi. Güldəstənin qara günləri Abbasəli həbsxanaya düşəndən sonra başladı. Kolxozun mallarını satıb sovan ferma müdiri və kolxoz sədri akt bağlayıb sənədlərə Abbasəlinin imzasını qoydurmuş və işin üstü açılanda onu məhkəməyə vermişdilər. Məhkəmədə şahid kimi dindirilən Güldəstə:

- Abbasəli, saa qurban olum. Boynuna al, səni buraxsınlar. O malın hamısını sən yeməyibsən ki. Kəsirdilər, hərdən sənin də payını verirdilər, - deyib işi lap qəlizləşdirdi.

Sudan quru çıxan ferma müdiri və kolxoz sədri bütün günahları onun boynuna yıxdılar və Abbasəliyə altı il iş hökmü oxundu. Onu birbaşa paytaxta həbsxanaya apardılar. Bundan sonra Güldəstə özünü tamam itirdi. Beş uşaqla işsiz-gücsüz, pulsuz-parasız damın altında tək-tənha qalan qadın gecələri sübhə dirigözlü açdı. Ancaq Tanrının işini bilmək olmaz, bəndəsini darda qoymur, yazısında varsa, qismət gəlib tapacaq. Minayə və Nərminənin yaxın qohumu, tikinti trestinin rəisi Mikayıl onu milis idarəsində xadimə kimi işə düzəltdi. Bundan sonra Güldəstənin növrağı döndü, nə döndü. Həm maaş alır, həm də idarədə onun ərinin həbs olunduğunu bilən milislər o vaxtı fəaliyyəti qadağan olan alverçilərin mallarını müsadirə edəndə çox zaman ona verir:

- Sat, uşaqlarını dolandır, - deyirdilər.

Bunlar kəsilmiş paltarlıq parçalar, xına, kisədə günəbaxan tumu, yemişan, əvəlik, ələyiz hörükləri, xırda-xuruş mallar olurdı.

Güldəstənin adının əvvəlinə "dəli" ləqəbini də məhlə adamları yapışdırmışdılar. O, həqiqətən, xasiyyətcə çox əsəbi idi. Ancaq üryiyumşaq və qayğıkeşdi. İdarədə təzə işə düzələndə Nərminə ona iş görməyin hər tövrünü, yönünü başa salmış, rəislə, işçilərlə necə davranmağı anlatmışdı. Güldəstə də Nərminəni çox istəyir, onun dar günündə kömək əlini uzadan, evinin isti bucağında yer verən, yemək-içməyini bölüşən Nərminənin və bacısı Minayənin çətin günündə haylarına yetirdi.

O vaxtı daş alıb ev tikmək müşkül məsələ idi. Gərək bunun üçün milis idarəsindən, daha haralardan sənəd alaydın. Yəni azərbaycanlılara gürcülər, ermənilər kimi qəşəng ev tikib, yaxşı yaşamaq qadağan idi. Nərminənin əri bir maşın sənədsiz daşı gecə ikən gətirib həyətinə tökmüş, səhəri gün isə hər tində bir güdükçü-agent qoyan hökumət xəbər tutub milisləri ora tökmüş, akt bağlamışdılar. Bundan xəbər tutan Güldəstə özünü yetirib aktı ərklə milisin əlindən alaraq:

- Boooy, Piriyev, sən gör kimin qapısına gəlmisən? Mənim xalam qızının daşına akt yazırsan? Ayıb döyül heç? - deyib aktı cırmışdı.

Minayənin qəssab əri Abdulla xasiyyətcə elə Güldəstə kimi cinni və cırtqozun biri idi. Tez-tez alıcılarla dalaşar, söz götürməz, camaatla rəftar etməyi bacarmazdı. Buna görə arada işi milisə düşər, milislər də ona cəza olaraq ağır çəki çəkmək üçün istifadə olunan qapan tərəzisini müsadirə edib idarəyə aparardılar. Səhəri gün milislərə dil töküb tərəzini alan Güldəstə o ağırlıqda şeyi çiynində məhləyə gətirər, Abdullaya yalvarardı:

- Aban (məhlədə hamı ona Aban deyirdi), sən Allah, məni zülmə salma. Alıcılarla mərfətnən dolan. Bu ağırlıqda tərəzini idarədən bura heç bir kişi qələt eliyib gətirə bilməz. Minayənin xətrinə eliyirəm. Ona dua elə, - deyirdi.

Aradan bir-iki ay keçməmiş hadisələr təkrar olurdu: yenə Abdullanın tərəzisi müsadirə olunur, özü 15 günlük həbs cəzası alır, Güldəstə də tərəzini çiynində nümayişkaranə şəkildə məhləyə gətirir, camaat da tamaşaya çıxırdı .

Güldəstə əsəbi, fövri olduğu üçün məhlədə tez-tez qonşularla davaya çıxır, səsini başına atıb görünməmiş kişi, qadın söyüşlərini qarşı tərəfə yağdırır, qaxılaşırdı. Ancaq bir gün keçməmiş yumurtası tərs gələn toyuq kimi vurnuxur, həmin adamla barışmaq üçün əldən-ayaqdan gedirdi. Güldəstəni buna çox zaman Nərminə vadar edir:

- Hamını özünə düşmən eləmiyəcəksən ki? Get, üzr istə, birtəhər barış, camaatla işin yoxdu, - deyirdi.   

Abdullanın böyük oğlunun toyunda Güldəstənin oğlu şuluqluq salıb camaatı çox incitdiyi üçün Minayənin ikinci oğlu İman Nadiri döyüb toydan qovdu. Bunu görən Güldəstə İmanla bərk dalaşdı. İnciyib ağlaya-ağlaya toydan getdi. Gələndən sonra da evin ortasında o tərəf-bu tərəfə var-gəl edir, İmanı söyür, toydan kənarda qaldığı üçün az qala çatlayırdı. Bunu eşidən Abdulla oğluna acıqlanıb musiqiçiləri və toya yığışanları Güldəstənin qapısına tökdü. Evdə hələ də hirsi soyumayan və toydan kənarda qaldığı üçün bərk əsəbiləşən Güldəstə həyətində musiqi səsi eşidib bayıra çıxdı. Nağara, qarmon və zurnanın səsi aləmi başına götürmüş, camaat gülə-gülə bir-birinə qarışıb oynayırdı. Abdulla ona:

- Ay qız, bizim toyumuzun da, vayımızın da yaraşığı sənsən. Sənsiz toy olarmı? Dur gəl, İman qələt eliyir, - dedi.

Kövrəlib gözündən gildir-gildir yaş tökən Güldəstə oynayanlara qoşulub:

- Bir Tanzara yallısı çalın! - deyib musiqiçilərə bağırdı.

Dəstəbaşı tutub yallı getməyə başlayan Güldəstə elə həvəslə, şövqlə, elə ürəklə oynadı ki, onun hələ belə yallı getməsini görən olmamışdı. Onun həyətindən adamlar az qala bir saatdan çox oynadıqdan sonra toy evinə axışdılar.

Güldəstənin məhlədə heç vaxt barışmadığı bir adam vardı: həyətinin aşağı tərəfində divar qonşusu Brilyant Güldəstənin gözünün düşməni idi. Gözəl görünüşlü, astagəl yerişli, əri yüksək vəzifədə işləyən Brilyantın haqqında məhlə arasında dedi-qodular yayılmağa başlayan gündən Güldəstə onu gözümçıxdıya saldı. Küçə-bacaya çıxanda məhlə kişilərinin gözünün işığını fanara döndərən, incəbelli, alyanaqlı Brilyant yanlarını əsdirə-əsdirə elə yeriyirdi, elə bil ayağının altına yumurta döşəyiblər. Güldəstəni görəndə nazını daha çox artırır, ədalı hərəkətləri ilə onu qıcıqlandırır, qonşusunun atmacalarına çox vaxt cavab vermir, hərdən də:

- Ay qız, get süpürgəçiliyini elə, mən sənin tayın deyiləm, - deyib onu cin atına mindirirdi.

- Nəəə, mənəm süpürgəçi?! Ay sənin özün öləsən. Ay qız, mən süpürgəçi niyə oluram? Bax belə atlas pərdəli, qırmızı xalçalı idarədə "otliçni" oğlanların telefonunun tozunu alıram eey, - deyə Güldəstə hirsindən atılıb-düşürdi.

- Sən Allah, sən o iki ərivin canı, məndən əl çək, nə veribsən, ala bilmirsən? - deyən Brilyanta:

- Aaaz, bəri baax, iki ərə getmişəm, ikisi də belə "sveji", qəşəng, məndən də cavan oğlanlar. Bax belə qanunuynan, qaydasıynan. Taa sənin kimi, bax hıh, hih... - deyə əlləri ilə biədəb işarələr edər, - yanımda ər ola-ola sülənməmişəm it kimi, - deyə Güldəstə cavab verirdi..

Əri həbsxanada olanda əvvəllər çox korluq çəkən Güldəstə hər şeyi uşaqlarına cirə ilə verir, iki kiloqram qəndi iki günə ciblərinə doldurub küçədə yeyən uşaqlardan qəndi qorumaq üçün torbaya doldurub tavandakı tirə çaldığı mismardan asırdı. Böyük oğlu Qüdrət də şişi bərk qızdırıb stola çıxır, qənd doldurulan torbanı altından yandırıb deşir, yerə tökülənləri yığışdırıb qaçırdı. Bunun üstündə il uzunu xəstə yatan oğlunu danlayır, döyürdi. Qüdrətin xəstəliyi şiddətlənəndə isə qənd torbasını oğlunun başının üstünə qoyub:

- Hamısı saa qurbandı, təki sağal, - deyib ağlayırdı.

Oğlunun xəstəliyi ikinci sinfə gedənə qədər çəkdi. Arada yüngülləşsə də, yenə tam sağalmır, azar acı bağırsaq kimi uzanırdı. Bir gün başılovlu Nərminənin üstünə qaçan Güldəstə:

- Ay Nərminə, bu gecə yuxuda Şura nənəmi (qaraçı nənəsi) görmüşəm, - dedi, - mənə deyir ki, Qüdrətin adını dəyiş, uşaq sağalsın. Qalmışam belə.

Nərminə təəccüblə:

- Ad dəyişməklə uşaq sağalarmı? Sənin də ağlına batır hər şey, - dedi.

Güldəstə isə:

- Yoox, dəyişəcəm, uşaq sağalmır, nənəm halbahalın mənim yuxuma girməz, - deyə yaxasından iki qarış aşağı donunu ikiəlli qamarlayaraq hərləyib bədənini qaşıdı və getdi. Nərminə bilirdi ki, Güldəstə ki sözünü deyəndən sonra bədənini belə qaşıdı, deməli, dediyini eliyəcək.

Bir neçə gün sonra məhlə adamları Güldəstənin oğlunun adını dəyişib Nadir qoyduğunu eşitdilər. Çox təəccüblü bu oldu ki, uzun müddətdi zarıncı qalan, xəstəlikdən sağalmayan uşaq sürətlə yaxşılaşıb ayağa qalxdı və məhləni qatım-qatım eləyən şuluqçu bir oğlan oldu.

Güldəstənin işlədiyi idarədə milislər arasında hörməti çox idi. Çünki səmimi, düzünü deyən, cəsarətli, namuslu və haqqı müdafiə edən idi. Ürəyi yuxa idi Güldəstənin. Bəzən tutulub gətirilən cinayətkarlardan sirr almaq, və ya cinayətini boynuna qoymaq üçün cəza otağına salıb döyür, bu vaxt idarədə olan Güldəstə əlində süpürgə oraya qaçıb ağlaya-ağlaya qapını döyür, yalvarırdı:

- Şirinov, Şirinov, sən Allah, o adamla işin olmasın, qoy mən gəlim, dilə tutub hər şeyi öyrənəcəm, döyüb öldürmə xalxın uşağını, şikəst eliyərsən. Onun da balası var, anası var, - deyirdi.

Güldəstə həm də bütün məhlənin təəssübünü çəkirdi. Bəzən qəbiristanlığın o biri üzündə olan Xıncov məhləsinin uşaqları ilə onun məhləsinin cavanları arasında dava düşər, bir-birini döyüb şil-küt edərdilər. Bu zaman onun məhləsinin lideri Fukonun döyüldüyünü eşidən Güldəstə cavanları başına yığıb:

- Ayəə, vurreey, tez olun haa, yığışın, gedək, onlar kimdi ki, bizim məhlənin adamını döyürlər?! - deyə dəstəbaşı olub Xıncov məhləsinə hücum çəkmək istəyirdi.

Bundan xəbər tutan Nərminə qaçaraq onu bir tərəfə çəkib:

- A başın batmasın, sənin kişiləri başına yığıb məhlə davasına çıxan vaxtındı? Arvadsan, otur arvad yerində. Ərin türmədə eşidər, o dəqiqə səni boşayar, - deyirdi.

Onun köpü həmən anda yatır, qıyıq bəbəkləri oyuğunda tez-tez hərlənir, ağlından keçənləri eşitdikləri ilə müqayisə edir və Nərminənin dedikləri ağlına batırdı. Darvazasının ağzına yığdığı və hay-küy salan məhlə cavanlarının arasından sakitcə sivişib həyətinə girir, qapının rəzəsini arxadan bağlayırdı.

Məhlə adamları suya olan tələbatlarını qazılan quyuların və uzaqda olan kəhriz bulağının hesabına ödəyirdilər. Bu sular içmək üçün o qədər də yararlı deyildi. Sonra xəbər çıxdı ki, məhləyə şirin su xətti çəkəcəklər. Onun krantının hara qoyulması üstə qonşular arasında mübahisə başladı. Orta məhlə, yuxarı və aşağı məhlənin adamları krantın onların ərazisində olmasını istəyirdilər. Orta məhlədə yaşayan Güldəstə camaatı başına yığıb krantın onlar tərəfdə olması fikrini, axır ki, qəbul etdirdi. Qərar çıxan günü ona xəbər göndərdilər ki, krant sizin məhlədə olacaq. Bunu eşidən Güldəstə iş yerindən gətirdiyu köhnə qırmızı stol örtüyünü yabanın başına keçirib məhləyə çıxdı. O, öz "bayrağını" yuxarı qaldıraraq yelləməyə, o tərəf-bu tərəfə qaçmağa başladı:

- Ay camaat, heeey, hurreeey, hurreeey, hurreeeyy!! Krant bizim məhlədə qoyulacaaq! Biz qalib gəldiiiik! Eşidiin, biliin, heeyy!  - deyə müharibədə qalib gəlmiş əsgərsayağı sevinə-sevinə öz "qələbə bayrağı"nı başı üzərinə qaldırdı.

Güldəstəyə irsən qaraçı nənəsindən keçən genlər ömrü uzunu onu nənəsi kimi düşünüb hərəkət etməyə məcbur edirdi. Demək olar ki, hər həftə fala baxdırmaq üçün iş yerinin yaxınlığındakı binada yaşayan Ninanın yanına gedirdi. Bəzən milis idarəsinə işi düşənləri də xəlvətləyib Ninanın yanına qaçırırdı. Ninaya yeni-yeni "kliyent"lər tapdığı üçün Nina da onun falına çox vaxt ödənişsiz baxır, pul almırdı. Adi bir işin çözümünü fala baxdırmaqda görən Güldəstə bir gün qayğılı halda Nərminənin yanına gələrək:

- Ay Nərminə, bu inək süd vermir axı. İstiyirəm, gedəm, karta baxdıram, görüm, bəlkə, bu inəyə göz dəyib? - deyə dərdini bildirdi.

Nərminə isə:

- Ay qız, kart inəyə neyliyəcək? Sən bütün günü qapıları gəzirsən, inəyə baxmırsan, yemini-suyunu vaxtında vermirsən. Yazıq inək necə süd versin? - dedi.

İki-üç gün sonra sevincək halda Nərminənin yanına gələn Güldəstə:

- Aaz, səni verənə qurban olum, inək əməlli-başlı süd verir daha. Kül mənim başıma, mən niyə özümü belə unutmuşam? - deyib razılığını bildirdi.

Güldəstəni Nərminənin evində sevməyən təkcə onun qızı Leyla idi. Ev-eşiyi çiçək kimi saxlayan qız çirkli və cırıq qaloşları ilə evə girərək xalçaya çatanda çıxaran Güldəstəyə hirslənər:

- O qızıldan qiymətli qaloşlarını çöldə çıxar daa, noolar? Mən hər dəfə sənin çirkli ayaqlarının izini silməkdən yoruluram, - deyirdi.

Güldəstə isə gülüb heç nə deməz, vərdiş etdiyi kimi böyrü üstə xalçanın üzərində uzanıb bir əlinə dirsəklənər və Leylaya:

- Səni alacam Nadirə, susundan ölürəm, sən Allah, maa bir stəkan su, ya da çay ver, -  deyə qıza sataşıb cırnadır, sonra da, - O bəysumat istidi, deyəsən, oun arasına bir az kotletdən-zaddan qoy, ver yeyim, acam. Xamır qatmışam. Bir azdan durub gedəcəm, lavaşdan-dəstanadan-zaddan bişirim, görüm neyliyirəm, - deyə ciddiləşirdi.

Leyla isə çımxırıb:

- Xamır qatmısan, dur, get xamırını kündələ, bişir. Bayaq qonşular əlində oxlov sizə lavaş yaymağa gedirdilər. Sən burda yayxanıb şellənirsən. Dünya-aləm vecinə deyil, - deyə onunla öcəşir, tələsik bir dürmək düzəldib verərək Güldəstəni zorla işinin ardınca göndərirdi.

Gedib ərini həbsxanada görmək üçün Güldəstənin işlədiyi yerdə ona sənəd düzəltdilər və işçilər üç-beş manatdan pul yığıb Bakıya getmək xərcini də verdilər. Həmin puldan on və on iki yaşında olan oğlanlarına göy qədəhdən şalvar-köynək, şapka tikdirdi. Özünə təzə ayaqqabı və don aldı, qonşu qadınlar ona ipək köynək və ömründə geymədiyi lifçik verdilər ki, donu əynində babat görünsün:

- Ay qız, ayıbdı, o boyda şəhərə əmcəklərin tullana-tullana getməyəcəksən ki, - dedilər.

Əri üçün bir çamadan dolusu kartof-soğan alan Güldəstə səfər "tədarükünü tamamladı". Ömründə yaşadığı məhlədən kənara çıxmayan qadına bu səfərdə bələdçi lazım oldu . Bu vaxt Nərminə tikinti trestinin rəisi işləyən xalası oğlu Mikayılın Bakıya gedəcəyini eşidib Güldəstəni zorla ona qoşdu:

- Mikayıl, sən Allah, yazıqdı, Allaha da xoş gedər. Elə apar o türmənin həyətinə çatdır, gerisi ilə işin yoxdur, - dedi.

Göyçək siması və nüfuzu ilə bütün şəhərdə tanınan, fərqlənən Mikayıl çar-naçar razılaşıb Güldəstə və onun iki oğlu ilə qatara mindi. Səhəri gün Bakıya - vağzala çatan kimi uşaqlar qatardan yerə atılıb ora-bura qaçmağa başladılar. Hərəsi bir səmtə qaçan uşaqları gözdən itirən Güldəstə özünə əl qatıb:

- Oyy, ay camaat, kömək eliyin, balalarım itəcək! - deyə var gücü ilə bağırdı.

Ona yaxınlaşan milisioner:

- Bacı, noolub, niyə qışqırırsan? - deyə soruşanda, doğma libası görən Güldəstə ürəklənib:

- Ay qardaş, saa qurban olum, mən də sizlərdənəm! Mənə kömək elə, uşaqlarım itdi, tutub aparıb sabun qayıracaqlar! - deyə hövllənmiş kimi ağlamağa başladı.

Milisioner təəccüblə:

- Vətəndaş, hökumətin sabununa nə gəlib ki, sənin uşaqlarından sabun düzəltsinlər? Narahat olma, bu dəqiqə taparıq, - deyərək cəld uşaqları axtarmağa getdi.

Bir azdan oğlanların əlindən tutub zorla sürüyə-sürüyə yaxınlaşan milisioneri görəndə irəli cumub uşaqlarını duz kimi yalayan Güldəstə:

- Əgər məni qoyub uzağa getsəniz, ikinizi də tutub sabun bişirəcəklər, bura böyük şəhərdi, ağlınız öz yerimizə getməsin, - deyərək onları qorxutdu.

Onu təəccüblə süzən milisioner uzaqlaşıb gedəndə bütün bunları sütunun arxasından seyr edən Mikayıl gizləndiyi yerdən çıxıb onları taksi dayanacağına apardı. O, həbsxanaya gələrək Abbasəlinin tikintidə işlədiyini öyrənib ünvanı aldı, maşını birbaşa ora sürdürdü.

- Mikayıl, ürəyim saa qurban, noolar, qoy Abbasəlini görüm, onun əlini əlimə ver, sonra hara istəyirsən, get, - deyə Güldəstə yalvardı.

Tikinti meydançasına çatanda o, əlini qulağının ardına verib üzüyuxarı hündürmərtəbəli binaya doğru qışqırmağa başladı:

- Ay Abbasəliii, ay Abbasəlii, heeey!

Tikintisi başa çatmayan binanın pəncərələrinin birindən Abbasəlinin başı göründü. Arvadını görəndə çox təəccüblənərək:

- Ay qız, sən bura necə gəlmisən, kimnən gəlmisən? - deyə soruşdu.

Maşınların səsindən onu yaxşı eşitməyən Güldəstə:

- Əəə, kartooof, soğaaan, hər şey gətirmişəm. Bir düş aşağı dana, noolar, - deyə cavab verdi.

Abbasəlinin başı o dəqiqə pəncərədən yox oldu. İki dəqiqə keçməmiş aşağı düşdü. Mikayıla minnətdarlıq edərək yola saldı, icazə sənədlərini götürüb arvadı və uşaqları ilə birlikdə ailəli məhbuslar üçün ayrılmış yerə getdi.

Həmin günün axşamını Güldəstə məhlə qadınlarını başına yığıb nağıl edirdi:

- Aaaz, burdan gedəndə maa zornan lifçik geyindirdiniz. A sizi qarabaxt olmayın, elə bil bədənimi çarmıxa çəkmişdilər. Gecə düşən kimi soyunmaq istədim, qollarının ipi keçdi boğazıma, dəli oldum, dedim, indi boğulacam. Qışqırtıma Abbasəli gəldi. Ooy, ona qurban olum, oğlan ərim, birtəhər düymələrini açdı, məni qurtardı. İnanın haa, o Əsli-Kərəm məsəlinə dönmüşdü. Bu nədi, aaz, bu andırı siz hər gün necə geyinirsiz?

Dörd ildən sonra milis idarəsinin işçiləri çalışıb Abbasəlini aministiyaya saldırdılar. O, evə əsl usta kimi qayıtdı, həbsxanada çox şey öyrənmişdi və gələn kimi tikintidə işləməyə başladı. Güldəstə ilə əl-ələ verib evlərini təmir etdilər, ev üçün avadanlıq aldılar. Güldəstənin qanadları yox idi uçmağa. Ancaq vərdiş və xasiyyət elə həminki idi. Yenə gündə üç-dörd evə baş çəkməsə, duruş gətirə bilməzdi.

Bir dəfə yayda bir neçə qonşunun evini "obxod" edib gecə evə qayıdanda Güldəstə görür ki, uşaqlar həyətdəki stolun üstündə qarpız kəsib yemiş, zir-zibili də stolun üstünə, yerə tökmüşlər. Qabları, stəkan-nəlbəkiləri eləcə sərili, çirkli qoyaraq məhlədəki kluba hind filminə baxmağa gediblər. Bunu görəndə Güldəstə bərk qəzəblənir. Abbasəli də evdə yox imiş. O, uşaqların dərsini vermək üçün kluba cumur. Hind filminin lap maraqlı yeri, baş qəhrəmanların sevgi dueti göstərilirmiş. Niyə gəldiyini unudan qadın ordaca oturub filmə baxmağa başlayır. Güldəstənin evinin yanından keçən və Nərminənin yaxın qohumu olan iki qayınarvadı darvazanın taybatay açıq olduğunu görüb həyətə girirlər. Həyət-bacanı, evi zibilin içində görən və görünməmiş zarafatları ilə məşhur olan qayınarvadları qollarını çırmayıb qabları yuyur, stolun üstünü silib təmiz süfrə salır, həyəti sulayıb süpürür, evi səliqəyə salır, yatağı da düzəldir, darvazanı örtərək gülə-gülə çıxıb gedirlər. Evə qayıdanda Güldəstə və uşaqların matı-qutu quruyur. Səhəri günü Güldəstə qonşuları başına yığıb:

- Ay qızlar, o qədər əməlisaleh adamam ki, bu gecə biz evdə olmayanda mələklər gəlib ev-eşiyimi silib-süpürüb, qablarımı yuyublar, - deyir.

"Mələklər" isə bundan bir-iki gün sonra xəbər tutdular və özlərini açığa çıxaranda Güldəstənin "komediya"larına yeni səhnələr əlavə olundu.

Güldəstənin ən çox qorxduğu və qəbul edə bilmədiyi şey qadının ərindən boşanması və ya kişinin arvadını boşaması idi. Məhlədə eşitsəydi ki, kimsə arvadını boşayır, həmin evi su yoluna döndərərdi. Gah özündən uyduraraq fala baxdırdığını və boşansalar, başlarına fəlakət gələcəyini deyir, gah da ər və arvadın ağsaqqal və ağbirçəklərini qızışdırıb onların üstünə salır, barışdırmaq üçün əldən-ayaqdan gedirdi. Boşanmaq istəyənləri barışdırmamış əl çəkmirdi. 

Beləcə illər keçdi, onun övladları böyüdü. Böyük qızını ərə verdi, oğlanlarının üçünü də evləndirdi. Kiçik qızının isə bəxti gətirmədi. Əvvəllər qızını istəyənlərə razılıq verməsə də, sonradan onun ailə qurmaması Güldəstəyə ağır dərd oldu. O, qadının ən böyük bədbəxtliyini ərinin olmamasında görürdü. Ali məktəbi birtəhər qiyabi bitirən qızını Güldəstə işlədiyi idarədə şöbələrin birinə müdir kimi işə qoydura bildi. Qızının ardınca hər gün xidməti maşın gələr, bədəncə çox kök qızı maşına minəndə "Villis"in bir tərəfi yana əyilərdi. Maşının ardınca baxan Güldəstə:

- Dünyalara dəyən qızım, mayor qızım, general olasan, inşallah. Bunları verən Allah sənə niyə bir bəxt, tale yazmadı? - deyib ağlardı.

Bir neçə il sonra isə Güldəstənin böyük oğlu qəfildən pis azara tutuldu. Sürətlə yayılan şiş Nadiri tez apardı. Övladlarından başqa heç kimi olmayan, dünyanı onlarsız təsəvvür edə bilməyən Güldəstə qüssədən qabığına yığılıb yumağa döndü və bir gün dünyadan köçdü. Bundan sonra o məhlə çox sönük, səssiz-küysüz, şənliksiz qaldı. Lakin Güldəstənin sözü-söhbəti, ədalı danışıqları məhlə adamları arasında uzun illər danışıldı, bitmədi, unudulmadı. Onun məclislərdə sağ əlini qulağının dibinə qoyub pəsdən, məxməri səslə oxuduğu muğamlar, segahlar həmişə yaşıdlarının, görənlərin qulaqlarında səsləndi. O, gözəl deyildi. Qarışıq qanda olan qaraçı geni dominantlıq edərək özünü daha çox büruzə vermişdi. Ancaq Güldəstə bir məhlənin toyu, konserti, məclislərin bəzəyi, evlərin çağırılmamış və icazəsiz yuxarı başa keçən qonağı idi. Onun toylarda kişilərə dəstəbaşı olub yallı getməsi, milisə işi düşənlərin işini aşırması, ərə getməyən qızları birtəhər kiməsə calaması və bunu savab bilməyi, boşanmaq istəyənlərin əl-ayağına düşüb barışdırması, dalaşanda dediyi xoruz səsi eşitməyən söyüş kəlmələri (indi də öz aralarında danışıb pıqqıldaşarlar), sinəsindən bir az aşağı donunu ikiəlli qamarlayıb hərləyərək paltarı ilə bədənini qaşıması, bayraq yelləyib "qələbə" xəbəri verməsi - çox şeylər o məhlənin adamlarının xatirində Güldəstəni yaşatdı. Səssiz, izsiz bu dünyadan gedənləri heç kim xatırlamır. İnsan dünyadan köçəndən sonra onun sözləri, əməlləri danışılır, bu zaman üzlərdə təbəssüm yaranırsa, demək, o adamın yaşamasına dəyərmiş...

...Güldəstənin kiçik oğlu Həşim atasının müharibədə həlak olan dayısına bənzəyirdi. Ucaboy, ağbəniz, qəşəng bir oğlandı. Ağıllı və fərasətli Həşimin əli gətirdi. Atasından qalma köhnə daxmaları sökdürüb yerində ikimərtəbəli, yaraşıqlı evlər tikdirdi. Anası sağ ikən Həşim məhlənin ən gözəl qızını - Ruhiyyəni qaçırdı. Toydan sonra qızın anası hərdən:

- Uşaqların Güldəstəyə oxşasa, neyliyəcəksən? - deyib qızını acılayardı.

Ruhiyyənin özünə və Həşimə bənzəyən iki qəşəng oğlu oldu. Kiçik oğlu doqquz yaşına keçəndə gəlinin ürəyi qız övladı istədi. Xəstəxanada tibb bacısı qundağı onun qucağına verəndə Ruhiyyə körpənin üzünü açıb baxdı və təəccübdən iri açılmış göyçək gözlərini uşağa zilləyib udqundu: qaraca, Güldəstəyə bənzəyən qız mışıl-mışıl yatırdı.

31 may 2019-cu il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!