Dialektlərdəki, tarixi abidələrdəki türk kökənli sözlərə ikinci həyat verməliyik - Tural Turan - esse

Sərbəst baxış

 

Çox zaman eşidirik ki, dilimizdəki sözlərin bir qismi ərəb və fars kökənlidir. Etirazım yoxdur. Din, ticarət, yaxın qonşuluq faktorları, eləcə də istilalar nəticəsində dilimiz yabançı sözlərin təsirinə, təzyiqinə məruz qalıb. Müəyyən ifadələr, birləşmələr bu təsirlər vasitəsilə sıradan çıxıb. Yerinə başqa dillərdəki alternativləri qəbul olunub.

Düşünürəm ki, indi həmin sözləri öz yerinə qaytarmağın zamanıdır. Artıq dilimizin zənginləşdirilməsi istiqamətində işlər aparılmalıdır.

Əvvəla onu deyim ki, bu proses birdən-birə aparılmamalıdır. Arınma prosesi zamanla gerçəkləşdirilməlidir. Bunun üçün vaxtilə sıxışdırılıb çıxarılan türk kökənli sözlər çağaşırı (vaxtaşırı - T.T.) yazılı və onlayn medianın, eləcə də romanların, esselərin, şeirlərin, qoşquların vasitəsilə kütləyə və ictimaiyyətə təqdim olunmalıdır.

Sual verə bilərsiniz ki, bəs həmin sözləri haradan tapacağıq? Cavabı olduqca sadədir. Hazırda ölkəmizin müxtəlif bölgələrinin dialekt və şivələrində həmin sözlərin, ifadələrin çoxu qorunub saxlanıb. Hətta frazeoloji birləşmələrin də tərkibində daşlaşıb qalan türk kökənli sözlərimiz mövcuddur. Sadəcə olaraq yazarlarımız, dilçilərimiz, carçılarımız (jurnalistlərimiz - T.T.) çağaşırı olaraq bu sözləri seçib-seçmələyib oxucularına təqdim etməlidirlər. Uzun müddət ümumxalq istifadəsindən kənarda qalan sözlərin öz yerinə oturuşması prosesi müəyyən müddət vaxt alacaq. Amma uzun illərin ədalətsizliyini bərpa etmiş olacağıq. Çünki həmin sözlər bizə ata-babalarımızdan əmanətdir.

Bundan başqa, Orxon-Yenisey abidələri, "Divanü-Lüğət-it-Türk", "Qutadqu-Bilik", "Dədə Qorqud kitabı"ndakı öz kökənli sözlərimizi də üzə çıxarmalıyıq. Məsələn, "rəssam" sözü dilimizə ərəbcədən keçib. Mənim doğulduğum kənddə isə bu sözün qarşılığı "bədiz"dir. Çoxmənalı sözdür. İlməçi, ilmə vuran sözünün qarşılığı kimi də işlənir. "Orxon-Yenisey" abidələrində də daşlaşıb qalıb. Düşünürəm ki, "bədiz" daha diləyatımlıdır. Rəssam sözü də qalsın. Amma hər iki söz atbaşı işlənsin. Atbaşı demişkən, bu söz Mahmud Qaşqarlının "Divanü-Lüğət-it-Türk"ündə də "paralel" sözünün qarşılığı olaraq göstərilir. "Atbaşı" daha avazlı səslənmirmi? Həm də diləyatımlıdır. Mənim baxışıma görə, ata-babalarımızdan əmanət qalan bu sözlərə ikinci həyat verməliyik.

Bunun üçün şair və yazarlarımız, xüsusən də gənc qələm əhli aktiv olmalıdırlar. Onlar öz bədii yaradıcılıq nümunələrində bu sözləri yavaş-yavaş oxucularının yaddaşlarına hopdurmalıdırlar. Bir daha təkrarlayıram, bu proses təbii axarla getməlidir. Əks halda effekti mənfi fəsadlar da yarada bilər.

25 sentyabr 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!